Pərviz Bülbülənin yeni klipi niyə düşüklük sayılır? – “Şəbədə”

Pərviz Bülbülənin yeni klipi niyə düşüklük sayılır? – “Şəbədə”
4 may 2020
# 13:42

Meyxanaçı Pərviz Bülbülə “Şəbədə” adlı mahnısına klip çəkdirib. Sosial şəbəkəyə yerləşdirildiyi ilk gündən reaksiyalar alması klipin müəyyən bir müstəvidə uğurlu olduğundan xəbər verir. Amma hansı?

Baxmayanlar üçün onu deyim ki... Ümumiyyətlə, deməyəcəm, zəhmət çəkin, baxın. Elə bir dönəmdə yaşayırıq ki, baxmayanlara əlavə şərh vermək artıq zaman xərcidir. Sosial şəbəkədən sizi bircə “buton” ayırır. Zəhmət olmasa, baxın, sonra gəlib yazının davamını oxuyarsınız.

Ətrafımdakı hər kəs bu klipə “düşüklükdür" dedi. Hətta dost meyxanaçılar da aşağı-yuxarı eyni reaksiyanı verdi. Paylaşımlarda da, şərhlərdə də eyni reaksiya! “Gözləmirdim”, “Yaraşmadı”, “Səviyyəsizlik” və s.

Görəsən, lağ hədəfinə çevrilən “Şəbədə” klipinin müəlliflərindən tamaşaçılar nə gözləyirdi?
Pərvizin hazırda addımladığı yolun axırında ayaq döyənlərə ən yaxşı halda “Xalq artisti” titulu verilir, yəni incəsənət sahəsində çalışanlar artistdirlər, qəbahət onlardan ictimai proselərdə, sənətində “kabadayı”lıq, “vor”luq gözləyənlərdədir. Düşünürəm ki, meyxana həvəskarlarını bu klipdə ilk qıcıqlandıran nəsnə estetika fərqidir. Son illər “musiqili meyxana” janrına şaxələnmiş meyxana sənəti uzun illərdir ayrı estetikada sərgilənib. İndi isə biz meyxana kultunun bu günün insanına, smartfon işlədən bir gəncin zövqünə hesablandığını görürük; dinamika, məzə, musiqi, effektlər və s. Etiraf edək ki, son illər meyxananı populyarlaşdıran simalardan olan Pərviz Bülbülə bu işi daha çox “musiqili meyxana” reformasının hesabına bacardı. İlk vaxtlar Pərviz Bülbülənin “Şinanay” mahnısının üzərində meyxana deməsi də pislənirdi, indi alqışlanır. Məncə bu klip də, bunun ardınca yaranacaq bu tip nümunələr də tezliklə alqışlanacaq. Məncə bu klipdə düşüklük, əksər tamaşaçıların dediyi kimi, Pərvizin bığında, imicində, dinamikada deyil. Tamam ayrı yerdədir, qeyri peşəkarlıqda. Bu barədə danışmaq lazımdı...

Demək, bu yaxınlıarda dostum həqiqi ruhanilərdən birini ziyarət etdi. Deyir, stolunun üstündəki kitablarına diqqət etdim ki, görüm nə oxuyur, hansı mərtəbədədir! Masanın üstündə “Azərbaycan dilinin qrammatikası” kitabı var idi. Kitabın diqqətimi çəkdiyini görüb dedi:

“Feysbukda nəsə yazanda, vergülləri bəzən səhv yerə qoyuram, yaxud qoymuram. Sonra səhvimi görəndə çox utanıram. Bu kitabı təkrar oxuyuram ki, fikrimi səliqəli yazım, utanmayım”.

Bu ibrət hər kəsə aiddir. Bəzən hansısa sahədə mütəxəssisləşən şəxslər başqa bir sahənin elementar pillələrində büdrəyirlər. Bu isə əsl peşəkarlıq deyil.

Klipin əvvəlindəki titr təqdimat həqiqətən düşüklükdür; “radiotexnika sahasəindəki ixtiraçı”... Barı, ifadəni düzgün yazın da!

Əminəm ki, klipin ideyasını təklif edən şəxs “şəbədə” sözünü “şəbəkə” ilə səhv salıb. Zarafat eləmirəm, əks halda gedişata qəti dəxli olmayan elektrik şəbəkəsini, texnikanı iynə ucu boyda da göndərmə, eyham olmadan klipə niyə dürtsünlər!? Diqqətlə baxın, siz də əmin olacaqsınız.

Klipdə, daha doğrusu, mahnıda sonrakı bağışlanmaz məqam mətnlə bağlıdır. Pərviz uzun illərdir, bu sahədə boğaz yırtır. Düzdür, onun ağır söz sənətində imzası sanballanmayıb. Məsələn, Pünhan Əzimlinin (Alatava), Vüqar Biləcərinin dediyi çoxhecalı vəznlərdə Pərvizin bacarığı yoxdur. Amma onu səri bəhrində, yəni hər gün eşitdiyimiz ənənəvi 11 hecalıq meyxanada yetərincə bacarıqlı, analitik düşüncəsi olan, çevik, məzəli meyxanaçı kimi tanıyırıq. Onu da bilirik ki, bədahətən deyilən bəndlərin yardımçı misralarında məna yükünə, dəqiqliyinə çox önəm verilməsə də, ev tapşırıqlarında, mahnılarda meyxananın hər bir misrasına diqqət yetirilir. Belə bəndlərdə mənasız, boş sözlərdən istifadə peşəkarlığa əksdir və bu hal Pərvizə qəti yaraşmır. Məsələn, Azərbaycan meyxanasının bəlasına çevrilən, dəxlsiz “həmxanə”, “qəmxanə” sözləri bu mahnının ilk bəndində var. “Meyxana” sözü ilə qafiyələndirilmək üçün düşünülmüş “qəmxana”, “həmxana” sözlərini meyxanaçıya yalnız bədahətən dediyi zaman bağışlamaq olar, onu da həvəskar meyxanaçıya! Mahnının digər sözləri də elə "həmxanə" ilə həmxanadır.

Bunlarla yanaşı sənətdə yeniliklərin inkişafa apardığını düşünən şəxslərin adından Pərviz və klipin yaradıcı komandasına təşəkkür edirəm. Pərvizin klipdəki imici, aktyorluq qabiliyyəti, klipin aranjemanı, rejissor, operator işi yetərincə rəngarəng və diqqətəlayiqdir.

Pərviz öz sahəsində bərkiyib, qalstukunda boğulan şəxslərdən deyil, yeniliklədən qorxmur. Bu isə hər məşhura xas keyfiyyət deyil. Bu cəsarətə görə Pərvizə bir daha təşəkkür düşür.

Sözümün əvvəlinə qayıdıram! Bugünkü sənət nümunəsinin uğurlu olub olmamasını bildirən “qaranquş göstərici” elə şəbədədir. Məhsula şəbədə qoşan varsa, müəllif sosial şəbəkədə söyülürsə, demək, əməyi boşa getməyib.

# 11905 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #