Elgiz nəyin qurbanı oldu? - Sərdar Amin yazır...

Elgiz nəyin qurbanı oldu? - Sərdar Amin yazır...
22 aprel 2020
# 15:01

İki gün əvvəl Azərbaycan teleməkanında daha bir “nümunəvi” ifadə öyrəndik. Afaq Bəşirqızının dilindən milyonlarla tamaşaçıya xitab edən səhnədə bu paradoksal söyüşü eşitmək çox sərt yenilik idi.

Bu ifadə ilə Afaq xanım az əvvəl qəzəbləndirdiyi cəmiyyəti bir daha özündən çıxardı; toplum, demək olar ki, birmənalı şəkildə Afaq Bəşirqızını səbəbkar gördü.

Amma məsələnin görünən tərəfindən yola çıxsaq, problemin təqsirkarının birbaşa Elgiz Əkbər və çalışdığı qurum olduğu aydın görünür:

  1. Canlı efirə mobil telefonla çıxmaq.
  2. Şəxsi telefonuna gələn zəngi canlı yayım zamanı açmaq.

Efirə tanımadığımız sadə vətəndaş - məsələn, Elgizin olmayan əsgər yoldaşı - zəng edib eyni ifadəni işlətsəydi, heç kəs o adamın kimliyi ilə maraqlanmayacaqdı, bu qələtə görə birmənalı Elgizi təqsirkar biləcəkdi. Baş verən hadisədə danlamağa daha yüksəkdə duran biri tapıldı deyə, yuxarıdakına tənqid ünvanlayanda səsimiz daha çox yuxarı qalxır deyə, onun üstünə düşdük.

Düzdür, Afaq Bəşirqızının dilindən bu ifadəni eşitmək sadə vətəndaşların gözündəki “Afaq Bəşirqızı” obrazının çiliklənməsi deməkdir. Amma soyuq başla yaxınlaşanda bu zəngin fərdi münasibət olduğunu görürük. Afaq efirə yox, Elgizə zəng etmişdi, onların arasında pornoqrafik müstəvidə “şakalaşma” ola bilər, bizim bu fərdi münasibətə irad bildirmək haqqımız yoxdur. Üzdəniraq zarafatlaşmanın milyonlarla tamaşaçının zilləndiyi televiziyaya sıçramasında aparıcı fonunda televiziyanın böyük bir səhlənkarlığı yolverilməzdir.

Fikir verin, televiziyada adətən belə biabırçı səhvlər edən aparıcılar özlərini “efir müstəntiqi” sayanlardır. Onlar tamaşaçı-televiziya kontaktının asanlaşmasından yararlanaraq, izləyicilərin “rəhbəri vəzifəsinə yüksəliblər”. Dünyagörüşü bəsit, küçə jarqonuyla danışan, bazalarında olan 120-170 sözü hər efir saatında 80 dəfə təkrar edən Elgiz kimi “aparıcı”lar onlara həvalə olunan mövzu ətrafında qonaqlara sual verməklə yetinmir, üstəlik tribunadan sui-istifadə edib camaata əxlaq dərsi keçir, hüquqlarını “müdafiə edir”, cəmiyyətin qınaq obyektlərini müəyyənləşdirir, trendləri işarə verir. Bir sözlə, 10 milyonluq əhalini “öz balaca dünya”larına həbs etməyə cəsarət tapırlar.

Elgizkimilər Azərbaycanda ona görə qəhrəmana çevrilir ki, onların xitab etdiyi toplum, bir əsrdən artıqdır vəsf edilmir. Əvvəllər həmin tamaşaçılar efirdə zövqlərindən bir pillə yüksək məhsullarla qarşı-qarşıya qalıb və məcbur olublar, oxusunlar, dinləsinlər ki, efirə baxanda digərləri kimi bir şey anlasınlar – gülə bilsinlər, ağlaya bilsinlər. Bu üzdən efir müxtəlif verilişləri ilə müxtəlif kəsim tamaşaçılar üçün həmişə mayak obrazını oynayıb. Efirdə heç kim keçilmiş, tapdanmaqdan dabaq olmuş məlumatlar dinləməyib, hər kəs ekrandan yeni, özəl informasiya seli ilə üz-üzə qalıb.

Özlərini efir müstəntiqi kimi aparan bu şəxslər başa düşmürlər ki, aparıcı efirdə subyektiv fikir bildirməməli, əgər bildirirsə, tamaşaçılar arasında olan alimi, professoru nəzərə almalıdır. Düşünməlidir ki, bu fikri dinləyənlər arasında ustadlar var. Həmin fikir onlar üçün gülünc görünəcəksə, demək, televiziya asta-asta elit kütlənin gözündən düşəcək. Bu üzdən dünyaca məşhur televiziyalarda aparıcı seçiminə çox ciddi fikir verilir, xüsusən də “talk-show”ların, debatların moderatorları olduqca peşəkar, sanballı görüşlərə vaqif, bir neçə sahədə təməl biliklərə malik şəxslər olur.

Az əvvəl qeyd etdiyim kimi, Elgiz bu günədək ona görə qəhrəmana çevrilib ki, uzun illərdir xitab olunmayan bir kütlənin adamıdır – sözüylə, söhbətiylə, diksiyasıyla, dünyagörüşüylə, savadıyla “xala qeybəti” müstəvisində “peşəkarlaşan” qövmün adamıdır. Təəssüf ki, ölkəmizdə bu qövmün yetərincə nümayəndəsi var və qəhrəmanları efirə çıxıb onların sözünü deyəndə, onların diksiyasında danışanda, onların zövqünü vəsf edəndə bu adamların ürəyinə su səpilir, artıq tamamlanmış zövqə malik olduqlarını düşünür, kitab, kino, jurnal, teatr və digər insanı formalaşdıran vasitələrlə özlərinə əziyyət vermirlər.

Efirin onlara verdiyi əminliklə evdə yaxınlarına, küçədə azyaşlılara dərs verməyə başlayırlar. Tanış olun: onların əksər nümayəndələri özlərini yaşadığı bina evlərinin həyətə kölgə saldığı saatlarda ən son xalatlarını geyinib və bu xalatların kenquri kisəsindən çox da balaca olmayan ciblərini "semiçka” ilə doldurub ərlərini gözlədiyi saatlarda tapırlar; siçovula "mışovul”, "spiçka”ya "ibişkə” deyirlər.

Toplumun bu nümayəndələri hər zaman olub, onların arasında bizim analarımız, bibilərimiz var və bu şəxslərin dünyagörüşü, öz aralarındakı söhbəti bizim lağ obyektimiz deyil. Ancaq heç vaxt onlara “vəkillik” edən bir düşüncə sahibinə saatlarla efir verilməyib. Ümumilikdə cəmiyyət bu tip “başbilən”lərin mənəvi hökmlərinin öhdəsinə buraxılmayıb.

Senzuranın ləğvindən sonra cəmiyyətin formalaşmasında xüsusi rolunu nəzərə alaraq KİV-in fəaliyyəti təkcə rəhbərlərinin öhdəsinə buraxılmadı. Savadı, dünyagörüşü kəsir olanların qarşısındakı şəxslərə baxıb üzərində işləməsi üçün intellektual kəsimin daha yüksək dəyərləndirilməsi lazım gəlirdi; bu və ya digər funksiyaları yerinə yetirməsi, qanunlara riayət etməsi üçün kütləvi informasiya vasitələrinin işini müşahidə edən orqanlar yaradıldı. Bunlardan biri Milli Televiziya və Radio Şurasıdır – hansı ki, senzuranın ləğvindən sonra yarana biləcək xaosun, yuxarıda göstərilən sayaq problemlərin qarşısının alınmasında məsuliyyət daşıyır.

Təəssüf, bu orqanın uzun illərdir ölkədə fəaliyyəti gözə dəymirdi. Rəhbər dəyişikliyindən qısa müddət sonra ARB kanalına verilən cəza və aparıcının efirdən kənarlaşdırılması yetərincə önəmli və simvolik addımdır. Məsələnin simvolik səthinə gəlincə, bildiyimiz kimi, MTRŞ-nın yeni sədri İsmət Səttarov uzun illərdir ARB-yə rəhbərlik edib. Onun ilk cəzanı sabiq kanalına verməsi, digər televiziyalara ciddi mesaj olmalıdır: “Yenicə ayrıldığım kanala bunu edirəmsə, ardını siz düşünün...”

Elgiz və onun kimi aparıcılar isə həm də bizə “cahil cəsarəti” mövzusunda söz açmaq üçün nümunədir. Ağır mətləblərdən anlayışı olmayan insanlar dünyanın elə öz balaca dünyaları ilə sərhədləndiyinə o qədər əmindirlər ki, istənilən məsələdə hökm verməkdən çəkinmirlər. Çünki onlar bələd olduqları dünyanın “öz balaca dünya”ları olduğundan xəbərsizdir.

Düşünürlər ki, qarşılarındakı əşyalara, nemətlərə, mənəvi dəyərlərə münasibətləri şablondur, hər kəs bu problemlərə ən yaxşı halda onların bucağından baxa bilər. Bu qənaət cahil cəsarətidir ki, bunu da cəmiyyətə ən çox yoluxduran şəxlər elə aparıcılar və onların verilişlərinə dəvət alan “ekspert”lərdir.

Elgiz Əkbər işindən uzaqlaşdırıldı. Əslində, nə qədər qəddar səslənsə də, şəxsən mən elgizgili özümə həmkar saymıram. Uzun illərdir heç bir kriteriyaya məhəl qoymadan, mənəvi dəyərlərə hörmət etmədən, tənbəlliyin daşını atıb üzərlərində işləmədən tamaşaçını cəhalətə sürükləyən belə aparıcıların televiziyadan uzaqlaşdırılması gözəl təşəbbüsdür. Elgiz başqa sahədə bacarıqlı bir mütəxəssis ola bilərdi, bəlkə, hələ də gec deyil. Bu üzdən onun işindən uzaqlaşdırılmasında acınacaqlı nüans görünmür.

Acınacaqlı məsələ o ola bilər ki, Elgiz sabah başqa bir televiziyadan pırtlayıb çıxa! Əminəm ki, Elgizin və onun sinfindən olan aparıcıların küllən efirdən yığışdırılmasında bərəkət var. Yasəmənlər solana qədər, “bahar budaqlardan çəkilən”ə qədər bu islahatlar davam etsə, yay daha xoşqədəm olar.

Əminəm ki, efirə uyğun olmayan ifadələr işlətdiyinə görə öz verilişində hər gün səsi kəsilən Zaur, proqramda əvvəl barmağını “rajok” əvəzi istifadə edib, sonra reklam etdiyi xamaya salıb dadan başqa bir Zaur, onların gülməşəkər verilişləri də eyni cəzanı alacaq.

Tələsmə, Zaur!

# 25620 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #