Müğənnilərimizin İnstagram rəzaləti - Foto

Müğənnilərimizin İnstagram rəzaləti - Foto
20 aprel 2020
# 12:41

Son on ildə həyatımıza girən sosial şəbəkələr sayəsində hardasa hamımız siyasətçiyə, sosial-iqtisadi ekspertə, psixoloqa çevirildik. Facebooka, Tvitterə “qız tutmaq” məqsədiylə təşrif buyuranların hamısı demək olar ki, bu gün “millət vəkili” olma mərhələsinə gəlib çatıb.

Virtualın həqiqət, həqiqətin virtual olduğunun fərqinə varanda depressiyalar başlayır. Bax elə tam bu nöqtədə İnstaqram imdadımıza yetişir. Acılı və ağrılı gündəmin əlindən qaçıb özümüzü ora atdıq. Orda vəziyyət başqadır.

Dili söz tutmayan, beyni ancaq “rakıdı-çıkıdı”ya fokuslanan müğənnilər və onlardan heç də üstün zəkaya sahib olmayan izləyicilər qısa müddətdə İnstaqramı işğal etdi.

İnsanların həyatının gözəl tərəflərini müşahidə edə-edə, məşhurların paylaşımlarının altındakı şərhləri oxumaq vərdişi yarandı məndə. Bir də baxırsan, müğənni çox xoşbəxt anlarının fotosunu paylaşıb, altında toplaşıb qeybət edirlər. Biri yazır “Yekə arvadsan, yaşından başından utanmırsan? Bu nə geyimdir geyinmisən? Cəhənnəmdə yanacaqsan” Başqa biri tez müğənnini imdadına yetişir: “Yox, nə danışırsan? Kasıb ailələrə etdiyi yardımlara görə cənnətə düşəcək!”

Şərhləri izlədikcə elə bil “Samanyolu” seriallarına baxıram.

Məşhurların şəxsi həyatlarını üzünə qarşı müzakirə edəcək qədər həddi aşan izləyicilər zaman-zaman bıçağın sümüyə dirənən yerinə qədər irəliləyirlər. Adam ikinci dəfə ailə qurduğu qadınla foto paylaşır, hardansa qaça-qaça gələn bir qadın təngnəfəs yazır: “Sənin kişi boynu yerə soxum! Birincinin əli bala batmışdı, bununku yağa batacaq.” Yaxud, müğənninin makiyajsız fotosunun altına incə-mincə bir xanım belə yazır: “Çox çirkinsiniz! Nə gündəsiniz?!” Sanki bunu yazmasa, bağrı çatlayar.

Bizim sənət adamları da bəzən cavab atəşini gecikdirmirlər. Sənətçi var, ərinmədən yazılan 200 şərhin altında girib bir-bir hamıya cavab yazır. Təhqir, söyüş də öz yerində!

Məşhurlarımız sosial mediada necə davranmaq qaydalarını hələ tam məniməsəməyiblər. Çünki az oxuyurlar, dil bilmirlər (istisnalar var), dünya mediasını, ulduzlarını izləmirlər. Bir müğənni vardı sual verdim ki, Rihannanı tanıyırsan, izləyirsən sosial mediada? Dedi, o, məni tanıyır, mən niyə onu izləməliyəm? Bu darısqal təfəkkürün, mahiyyətsiz eqonun üstünə öyrənməmək israrı, savadsızlıq də gələndə ortaya Manaf Ağayev, Şəbnəm Tovuzlu, Vasif Məhərrəmli, Xatirə İslam çıxır. Mən hələ onların yazılarındakı eybəcər səhvlərdən danışmıram.

Dünyanın hər yerində sosial şəbəkələrdə sənətçiləri qıcıqlandıran şərhlər yazılır. Çox uzağa getməyəcəm. Türkiyədə sənət adamlarına İnstaqramda yazılmayan təhqir qalmır. Allah üçün, bizim cəmiyyət onlara baxanda daha insaflıdır. Məsələn, Türkiyənin məşhur aktrisası Bergüzar Korelə izləyicilərindən biri çox biabırçı, etikadan kənar bir şərh yazmışdı. O nə etmişdi? İzləyicinin həmin şərhini çox etik şərhlə paylaşaraq, “Mən çox təəssüf edirəm” yazmışdı.

Adını unutduğum bir başqa sənətçiyə izləyici yazmışdı ki, bir gecəyə min dollar verirəm sənə! Qadın gülərək, cavab yazmışdı ki, onun serialını çəkmişik, əfəndim!

Bəs bizimkilər nə edir?

Məsələn, bu günlərdə Nadir Qafarzadə demişdi ki, fahişələrin 60 faizi “İnstaqram”dadır. Bir sənət adamının milyonların izlədiyi səhifəsində fikrini bu səviyyədə ifadə etməsi cahillik nümunəsidir.

Hələ bir neçə il əvvəl Əməkdar artist Vasif Məhərrəmli ona çox etik tərzdə yazılan bir irada "Kəmər "Stefano Ricci"dir ay "çuşka". 1000 dollar qiyməti var" deməsi unudulmamışdı ki, dünən müğənni daha bir xanım izləyicisini vulqar sözlərlə təhqir etdi. Etikadan çox kənar olduğu üçün mən o sözləri burda yaza bilmirəm.

Afət Fərmanqızı da izləyicilərinin tənqidinə təhqirlə cavab verən müğənnilərdəndir. Özünü Azərbaycanın seks simvolu hesab edən xanım müğənninin izləyicisinə yazdığı şərhlərdən biri: "Bəzi itə oxşayan xanımlar və bəzi arvadsifət bəylər, nəsli- kökü daxil yığışsa belə topuğumun gözəlliyi sifətlərində olmayan, itə bənzər məxluqlar mənə irad bildiriblər. Buradan onlara səslənirəm. Sizi dəvət edirəm. Gəlin mənimlə yarışın. Əgər topuğumun gözəlliyi sizin sifətinizdə olsa, 1000 manat həmin şəxsə bağışlayacam!”.

Xatirə İslam da qonşudan dala qalmayan məşhurlardandır: “Mənə maraqlıdır, heç bir sənət sahibinin gəzməyi, kefi sizi qıcıqlandırmır, yalnız müğənnilər daş olub düşüb bəzi murdarların başına. Elə ortadan belə çatlayın. Allah bilir kimə nə verir.” Başqa bir şərhində isə izləyicini “çuşka” adlandırmışdı.

Təbii ki, mən heç bir sənətçinin təhqir edilməsinin tərəfdarı deyiləm. Amma belə məqamlarda məşhurlar soyuqqanlılıqlarını qorumalıdır. Ən əsası bu adamların sosial media meneceri olmalıdır. Müğənni oturub hamını bir-bir təhqir etməklə medianın manşeti olmamalıdır. Bütün bunlar bizim sənətçilərin sosial mediadan istifadə qaydalarında naşı olduğunun bariz sübutudur.

Əgər bir sənətçi milyonların izlədiyi sosial şəbəkəyə qədəm qoyursa, bilməlidir ki, hər zaman alqış eşitməyəcək. Sənətçi bahalı villasında, yüz minlik avtomobilində, bahalı restoranlarda, fərqli ölkələrdə çəkdirdiyi fotoları və bütün naməhrəm məqamları izləyicilərlə bölüşürsə, zəhmət çəkib insanların reaksiyalarına da dözüm nümayiş etdirməldir. Yox, həzm etmirsə, əlçatmazlığını qoruyub yalnız radio və televiziyada görünməklə, ayda bir dəfə müsahibə verməklə kifayətlənməlidir.

Belə bir deyim var cəmiyyət nədirsə, sənətçisi də odur. Bu ifadə bizim mövcud vəziyyətimizin güzgüsüdür.

# 9749 dəfə oxunub

Oxşar xəbərlər

Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
# # #