news-inner
clock01:01 calendar-gray 17 Aprel 2020 view-gray1366 dəfə oxunub
view-gray1366 dəfə oxunub

“Titanik”in son nəfəsi – Fərid Hüseyndən yeni şeir

Kulis.az Fərid Hüseynin “Titanik”in son nəfəsi” uzun şeirini təqdim edir.

Batan gəmilərə ithaf olunur…

Əksər uğursuzluqlar
səhvlərin bir-birini
ələ verməsindən başlayır.
Əvvəlcə bir sap çözülür –
ardıyca uralanır çox şey
və gəmi
az əvvəl üzərində dayandığında batır, –
sulara qərq olur.

Əlüstü xəyanətkarlar çıxırlar göyərtəyə,
yaşam həyasızlığı çökür üzlərinə,
qırmızı-qırmızı yalanlar püskürürlər:
“Biz bu gəminin batacağını bilirdik”,
“bu qara günü lap çoxdan xəbər vermişdik”.
Bu gün ən ucadan qışqıranlar,
dünən öz səsindən diksinənlərdi,
gəmisə var qüvvəsiylə çırpınır sularda,
tilovdakı balıq sayaq, –
yenə də ölümdən üstündür yaşamaq.

Günəşsə eyni işi görməkdən usanmır:
suların üzünə doğaraq çıxır,
dağların arxasına keçərək batır
və bu vərdişlə aləm
“dünya belə gəlib, belə də gedəcək”
nəğməsini oxuyur.

Suyun dibindəki dirəyə bağlanmış zəncir
Gəmini özünə sarı çəkir
bircə gəmi bilir bu həqiqəti,
bircə gəmi bilir niyə ki, batır,
sularsa Allahın gözləridi
olanlara öz içindən baxır.

Ölüm yaxınlaşanda
üzə çıxır hər kəsin bir ömür hekayəti,
yaşadıqcasa heç kəs
öz nağılına inanmır.
İnsan əbədiyyət övladıdır deyə
yaşamaqdan usanmır.

Buzlar kürəyini
şərin soyuq üzünə söykəyib,
suların gümüşü şilləsindən
gəminin qəlbi göyərib.
Bəxt yatanda
dörd yanında
baltalı əllər çoxalır
gəmi bir əcəl ağacdı
sularda budanır.

Sular günahları yuyacaqlar deyə
qurudan çoxdurlar.
Tanrının rəhminə arxayındı hər şey.
Mən indi son yuxumu görürəm,
ömrümün nəticəsinə
uzun hesablamalardan sonra
“tənhalıq” deyirəm.
Həyat sonuncu süfrəsini salıb
axır anımın təəssüfünü yeyirəm.

Çox adamın ömründə bir yaralı at dövrü olur,
sahibin sinəsinə sıxır tüfəngini –
sonra dişinin aralarına dolur atəş səsi.
Bəlkə də, ölümlərin ən betəri
gözünü yumub dünyadan əl çəkməkdi,
gəminin dəmir barmaqlıqları arasından
necə batmasını görməkdi.

Burda ümidlərdən ən axıra qalanı sevgidi,
kapitanın gicgahına sıxdığı güllə sevgidi,
sahibiylə birgə batan yadigar sevgidi,
bu gecə gözə dəyməyən ay sevgidi,
yapma saçların suda üzməsi sevgidi,
geyilməmiş paltarların islanması sevgidi.
Eşidilməyən siqnal səsi belə sevgidi,
hamını öz sonu çatdıran,
əlini aqibətinin əlinə yetirən
hər nə varsa sevgidi.

Ölüm qoxuyuram, ey göylər,
mənə təbiəti öyən mahnılar oxuma,
demə dünya necə gözəldi,
güllərin rəngindən,
otların yaşıllığından dəm vurma,
mən indi dünya mənzilimin sonuncu pilləsindəyəm,
torpağa bərkidilmiş addımlarla evimdən ayrılıram,
bir yasaq nəğməyəm, – oxuna bilmirəm,
yaşamaq bir kaktusdur indi – toxuna bilmirəm.

Səsin hardan gəlməsini bilməyən bir narahatın
dünyanı dinşəməsidi sevgisizlik,
tənhalıq isti ürəkləri duztək yalayır.
amma qundaqdakı uşaq
batan gəmidəki hay-küydən arxayın
ana bətnindəki əbədiyyətin
xəyali rəngləri ilə “oynayır”.

Duzlu suyu şirindən öz əməli ayırır,
gəmi indi gözlərini yumub
barmaqlarını toxundurmaqla
ona belə bağlayanları tanıyır.
Ümidsiz bir dərzi
gecənin qara parçasını
hər kəsin boyuna görə arşınlayır.

Susun,
qara qışqırıq salmayın,
qaçanda bir-birinizi vurub yıxmayın,
şeytanı həyat eşqinizlə yemləməyin,
indi mənzil başına çatmayan bir gəmi
dəli edir hər kəsi,
dor ağacından asıb özünü
həyatın kölgəsi.

Zülmət əllərini göyə açıb
işıq qollarını yerə uzadıb
aradakı boşluqda həsrət uğuldayır,
sahibsiz görünən külək
çarəsizliyin başını sığallayır.
Ay suyun üzündən dördəlli yapışıb,
batır gəmi,
batır,
iki yerə parçalanır,
özünün özündən ayrılığı öldürür onu,
bir film kimi bitir
bu gəminin sonu.

news-inner-user

19967 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı
13:49 20 Sentyabr 2021
Tanınmış şairin Cıdır düzündə yazdığı şeir – Mətn
13:25 20 Sentyabr 2021
Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi - Tolstoyun qohumu olan azərbaycanlı
12:28 20 Sentyabr 2021
Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub
11:27 20 Sentyabr 2021
Qəbrinin üstündə kitab rəfi yaradılan Nərminin hekayəsi
11:00 20 Sentyabr 2021
Çinarənin mahnısı qalmaqal yaratdı - Oğru kimdir?
10:31 20 Sentyabr 2021
Güllü Muradova: “Məni efirdə görüb, deyib, bu qızı alacam” – Müsahibə
09:00 20 Sentyabr 2021
Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021
Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? – Vilayət Quliyev yazır
09:01 18 Sentyabr 2021
1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021