Ayxan Ayvaz: “Yazıçı “mundar” adam olmalıdır” – Müsahibə

Ayxan Ayvaz: “Yazıçı “mundar” adam olmalıdır” – Müsahibə
1 aprel 2020
# 16:39

Kulis.az “Səni deyirlər” layihəsindən saytımızın əməkdaşı, yazıçı Ayxan Ayvazla müsahibəni təqdim edir.

- Bu gün doğum günündür. Karantində ad günü olur?

- Ad gününə münasibətim həmişə belə olub: Keçirsələr, keçirdərəm. Keçirməsələr, küskün-küskün bir qıraqda oturaram. Uşaqlıqdan beləyəm. Heç vaxt özüm qabağa düşüb nəsə etmək istəmirəm. Deyirəm, qoy biri yada salsın, təklif eləsin (gülür). İndi kənddə qalıram deyə karantini elə də hiss etmirəm. Düzü, bu ad günümə belə girmək istəməzdim: bütün dünyanın karantində olduğu vaxt. Hər gün Allaha dua edirəm ki, bu bəladan qurtulaq. Bütün dünya əhli üçün narahatam.

- Qeyd edəcəksənmi?

- Yoldaşım bir xoruz bişirəcək. Bir də sürprizi olacaqmış. Keçən həftə kənddəki Mariya adında bir qarı gətirmişdi o xoruzu, mənə pay eləmişdi. Baba dedi, apar kəs. Mən də köhnə vegeterian. Bıçağı, xoruzu görüb titrəmə keçirdim. Baba güldü, dedi, yekə oğlansan, bir xoruzu kəsə bilmirsən, gedək öyrədim kəs. Razılaşmadım. İstəmədim o xoruz mənim əlimlə dünyadan köçsün. Baba gördü məndən bir şey çıxmaz, özü düşdü həyətə və iki dəqiqəyə xoruzu soyundurub gətirdi. İndi o xoruz bu ad günümün qismətiymiş. Yəqin məni bağışlayar, onun kəsilməsini istəməmişdim.

- Özü də uşaqlıqda xoruz sənə hücum eləmişdi, qorxundan özündən getmişdin...

- Hə, dəhşət gün idi. Bibim qoruyurdu məni. Tualet uzaqdaydı. Bu xoruz da evdən çıxmağını gözləyirdi elə, maqazin jurnalistləri kimi cumurdu üstünə. Hər dəfə qapıdan çıxan kimi xoruzun qorxusundan bağrım yarılırdı. Bibim ətrafımda sədd çəkə-çəkə məni tualetə ötürürdü. Amma axırıncı səfər... Bibimin nəyəsə başı qarışmışdı, gördüm xoruz yoxdu həyətdə. Sən demə, pusqudaymış, həyətə düşən kimi haqladı məni. Heç nə eləyə bilmədim. Çünki özümdən getmişdim. Gözümü açanda gördüm bibim xoruzun tükünü yolub axşam üçün tədarük görür. O xoruz bilmədi ki, mənə sataşmağın axırı yaxşı olmur.

- Zarafat günündə doğulmağın hansı müsbət və mənfi tərəfləri var?

- Mənfisini deyim. Hamı səninlə düşük zarafatlar etmək məcburiyyəti hiss edir özündə. Mən 1 apreldə doğulmuşamsa, gərək bu da mütləq yumor hissini işə sala, nəsə zarafat eləyə. Hər ad günümdə məni panikaya salan, faciə xəbəri verən və bunu yumor adına sırıyan o qədər adam olub ki... Gələk, müsbət tərəfinə. Ən birincisi, yadda qalan gündür; unutmaq olmur. Və bəlkə də ən əsası: mart getdi, dərd bitdi. Bəlkə də buna görə ad günümün gəlməsi məni sevindirir. Çünki həyatımda mənə ən pis şeylər yaşadan mart ayından canım qurtulur.

- Deyirlər, Ayxanın yarısı yerin altındadır. Görünməyən nələrin var?

- Çox bilmişliyim var. Ta uşaqlıqdan üzü bəri (gülür). Həmişə özümdən yaşca böyüklərlə oturmuşam. Bəlkə də səhv idi bu, bilmirəm. Amma həyatı o qocalardan öyrənmişəm. İndi də həyatımda bir qoca var, ondan da çox şey öyrənirəm. Mən bunu deyəsən bir dəfə demişdim: öyrənə-öyrənə hamıdan güclü robota çevriləcəm. Görünməyən tərəflərimi açıb-ağartmaq istəmirəm. Adı üstündə: görünməyən tərəf. Onu faş etsəm, daha maraqlı heç nəyim qalmaz.

- Reportajlarına görə səndən inciyənlər vardı. Səncə niyə?

- Düzünü yazırdım, ona görə. Oynamırdım. Yalan demirdim. Saxtalıq eləmirdim. Adamlar səndən bunları gözləyirlər. Heç kim düzü yazmağını istəmir. Reportaja gedəndə AYB-dəkilər mənə düşmən kimi baxırdılar. Görəsən, gedib indi nə yazacaq? Mən gördüyümü yazmışdım həmişə. Yazıma bir azca yumor qatırdım, vəssalam. Sadəcə kamera rolunu ifa edirdim. İnciyənlər deyirsiniz, amma bir məqam deyim sizə. Tanınmış şairlərdən biri mənə zəng etmişdi ki, kitabımın təqdimatıdır, istəyirəm, sən reportaj yazasan. Dedim ki, bəs müəllim, inciyəcəksiniz, xoşunuza gəlməyəcək, dolayacam sizi (gülür). Dedi, yox e, elə buna görə zəng etmişəm sənə. Ürəyin necə istəyir məzələn mənimlə. Araya bir az qayğılar girdi, sonra da korona, alınmadı. Mənim reportajlarımın hamısı hadisə olurdu. Həvəsim birə-beş artırdı onda. Düzü, inciyən olmayanda öz-özümə düşünürdüm: deyəsən, bunu yaxşı yazmamışam.

- Kim idi o şair?

- Adını çəkməsəm yaxşıdır. Özü bəlkə də bu hadisənin işıqlanmasını istəməz. Bircə onu deyim, yaxşı məbləğ də təklif etmişdi. Amma onu da soruşmayın (gülür).

- Çox işlətdiyin “mundar” sözü haqda əhatəli nə deyə bilərsən? Məncə “mundar” sözü səndə istedadın sinonimi kimi işlədilir. Belə çıxır ki, özün də xeyli “mundar” adamsan.

- Mövludla ortaq işlətdiyimiz söz idi. Hətta Mövlud bu "mundar" sözünün dərəcəsini yüksəldib "murmundar" eləmişdi. İstedadlı adamlara deyirdik, təbii ki. Onlardan gözləmədiyimiz bir hərəkət olanda bu söz işə düşürdü. İstedadlı adamların hamısında var bu "mundar"lıq. Amma "murmundar"lar azdır, barmaqla sayılacaq qədərdir. Bu işin zarafat tərəfi də var, təbii. Həqiqəti isə budur: içini kirlətməsən adamları tanıya bilməzsən və buna görə də yazı alınmaz səndə. Çünki tək paklıqla yazı yazmaq mümkünsüzdü. Bir az da mundar olmalısan.

- Əyalətə getməyində Tolstoy havası axtaranlar oldu. Anladın ki, getməklə deyil, məsələ Tolstoy ola bilməkdir.

- Hiss etdim ki, Şərifin atmacasıdır (gülür). Qəti Tolstoy olmaq iddiasında olmamışam. Tolstoy olmaq gərəksizdir. Tolstoy var və dünya nəsrinin ən uca zirvəsində durub bizə baxır. Mən sadəcə yazmaq istədim. Necə olacağını, nə cür alınacağını bilmədən. Sadəcə yazmaq. Ədəbi mühitdən doymuşdum. Adam nə qədər yazıçı-şairlərlə oturub-durar? Yorulmuşdum təkrar-təkrar etdiyimiz ədəbiyyat söhbətlərindən. İndi kənddə sadə adamlarla dostluq edirəm. Calaqçı, bağban, traktorçu. Söhbətimiz də ağaclardan, nə bilim maşınlardan, dolanışıqdan, armaturdan, kubikdən filan. Başqa bir həyat yaşayıram burda. Sizə bir həqiqəti də deyim: kənd səndəki eqonu aşağı endirir. Nə qədər balaca olduğunun fərqinə varırsan. Mən içimdə xəstəlik kimi qalan və heç cür məndən yaxa qurtarmayan yazmaq hissini ata bilmədim. Deyəsən, elə Şərif demişdi ki, bir Aqşin, bir də Ayxan yazmaqdan başqa heç nə edə bilməzlər, yazı onlara tale kimi verilib.

- Facebook-dakı aktivliyin göstərir ki, qaçmağa çalışdığın sosial mühitdən çox da təcrid olunmamısan.

- Faceobook dincimi almaq, bir də nəbzi tutmaq üçün mənə lazım olur. Elə bir zamanda yaşayırıq ki, Kafkalıq eləmək olmur, gərək özünü göstərəsən, yoxsa heç kimin vecinə olmazsan. Bəlkə də nə vaxtsa facebook da həyatımdan çıxacaq. Bilmək olmaz.

- Deyirlər, roman yazırsan. Alınırmı?

- Hə, istəyirdim bunu gizlədim, amma tay açılmışkən deyim. Yazıram. Kəndə gələndən dayanmıram. Alınacaq deyəsən. Hələ ki, işlər yaxşı gedir.

- Mövzusu nədir?

- Əslində iki roman üzərində işləyirəm. Biri intihar etmək istəyən tələbənin tez-tez dəyişən, cilddən-cildə düşən həyatıdır. O biri Tiflisdə yaşayan azərbaycanlı ailədir. Uşaq baxışı ilə yazmışam bu romanı. Görək. Tolstoy ola bilməsəm də, çalışıram Ayxan olum. (gülür)

- Ailə həyatı necə gedir? Yazıçı ilə müəlliməninki tuturmu?

- Hələ ki yaxşıdır. Tay sonrasını bilmirəm (gülür). O gün APA-dakı SMM Turan xanıma bir işim düşmüşdü, facebookla bağlı. İzah edə bilmədi. Axırı dedi, parolunu göndər. Mən də atdım: evli kişinin dramı. Turan xanım mötərizələrin köməyi ilə bir xeyli güldü. Halbuki bu parolu evlənəndə qoymamışdım, çoxdankı parol idi. O vaxt profilimdə problem olmuşdu, bərpa edəndə yeni parol istəmişdi, o sırada da Taleh Yüzbəyovun "Evli kişinin dramı" videosu gündəmdəydi. Mən də niyəsə onu qoydum (gülür). Nəysə... Gələk evliliyə. Hərdən yazı masasının üstündə davalarımız olur. Həmişə də o qazanır, mən noutbuku götürüb təslim olmuş görkəmdə ordan uzaqlaşıram. Məncə, müəllimlik də yaradıcılıqdır. Nərminin dərs dediyi uşaqlarla tanışam. O, uşaqlara öz balası kimi yanaşır. Hamısının xasiyyətinə bələddir, güclü və zəif tərəflərini yaxşı bilir. Onun də hər dərsi bir hekayə kimidir. Neçə dəfə dərsində oturmuşam. Eynən yaradıcı adamlar kimi yanaşır işinə. Öz işini dəhşətli dərəcədə sevir. Mənim yazmağıma da həmişə möcüzə kimi baxır. Yazdıqlarımı ilk ona oxuyuram və onun reaksiyasına tamaşa etməkdən zövq alıram.

- Deyirlər, Hikmət Nazimlə küsüşmənizi piar üçün uydurmusunuz.

- Heç arvada o qədər yalvarmamışdım, Hikmətə yalvarmaqdan birtəhər olmuşdum (gülür). Hikmət Mövludun yadigarıdır. Onun küsülü qalmasını istəmirdim. Bilirdim ki, barışacaq. Sadəcə əylənmək üçün və həm də ona öz sevgimi göstərmək üçün Hikməti piar etdim. Bəlkə də heç kim onu bu qədər piar etməmişdi (gülür).

- Bu gün Vilayət Hacıyevin, Aqil Abbasın, Zamin Hacının da ad günüdür. Bütün bunları keçib səni yada salmaq tərəfkeşlik deyil ki? Sən özün olsan bu adamların hansından müsahibə götürərdin?

- Vilayət Hacıyevdən. Çox sevirəm o kişini. Korona həyatımızda olmasaydı, hətta qucaqlayıb öpərdim onu. Əjdaha adamdı. Kənddən gəl və alman dilini mükəmməl öyrən, Kafkanı bizim dilə gətir. Aqil Abbas da maraqlı həmsöhbətdir. Onunla işlədiyimiz vaxtlar xatirəyə çevriləcək çox hadisə baş vermişdi. İndi müsahibəyə getsəm, bir yüzlük qoyardı cibimə (gülür). Zamin Hacını da çox istəyirəm. 13 yaşımda onunla tanış olanda çox həyəcanlanmışdım. Qəzetdə oxuduğum adamla tanış olmaq mənə qəribə gəlmişdi.

- Özün həm də jurnalistsən. Sonda özün özünə hansı sualı verib cavablandırarsan?

- Burası çətin oldu. Özü özünə sual verən, səhv eləmirəmsə, Pənah Hüseyn olmuşdu. Jurnalistin səriştəsizliyindən bezib diktafonu əlinə almış və özünə suallar vermişdi. Burda isə anoloji vəziyyət yoxdur. Suallar qəşəng idi. (gülür)

# 3757 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #