Məsmə üçün dua - Şərif Ağayardan yeni hekayə

Məsmə üçün dua - Şərif Ağayardan yeni hekayə
11 mart 2020
# 12:07

Kulis.az Şərif Ağayarın "Məsmə üçün dua" adlı yeni hekayəsini təqdim edir

“Bismillahi rəhmani rəhim...”

Məsmənin ölüm xəbəri fin qəsəbəsinə həyəcan siqnalı kimi yayıldı. Hamı on dörd nömrəli evin həyətinə yığışdı. Cənazəni çəpərin küncündə quraşdırılmış yuyat çadırından çıxarıb üzü qibləyə çevirəndə molla əllərini göyə açıb oxumağa başladı.

Fin qəsəbəsində adamları yaşadığı evin nömrəsi ilə tanıyırdılar. Məsmə on dörd nömrəli evdə təkcə qalırdı. Əlli-əlli beş yaşlarında olan bu qadında yaşına yaraşmayan bir lətafət vardı. Səliqəli geyinir, asta yeriyir, heç vaxt başını qaldırıb adamların üzünə baxmırdı. Gülmək bir yana, gülümsədiyini də görən olmamışdı.

“Əlhəmdülillahi rəbbil aləmin...”

Məsmə müharibədən qaçıb sığındığımız qəsəbənin ilk sakinlərindəndi. O, buralara hardasa qırx il əvvəl gəlmişdi. Bu gəlişin ürək parçalayan tarixçəsi vardı.

Mən Məsmənin başına gələn əhvalatı böyüklərdən çox eşitmişdim və bütün detallarınacan yadımda saxlamışdım. Məsmədən söz düşəndə qadınlar burnunu silərək ağlayır, kişilər başını aşağı salıb peşman-peşman nəsə düşünürdülər.

“Ərrəhmanirrəhim...”

Məsmənin babası və nənəsi bizim kəndə qaçıb gəlibmiş. Nənəsi çox gözəl olduğundan bir bəy ona tamah salır, arvadının əldən gedəcəyini görən kişi gecəylə öz ev-eşiyindən çıxıb, üzü dağlara qaçır. Deyirlər, qadın üz-gözünə palçıq sürtüb, kirli-kürüş paltarlar geyinibmiş ki, eybəcər görünsün, yolda-izdə qabaqlarına çıxan kişilərin diqqətini çəkməsin.

Onda Məsmənin anası körpə uşaqmış. Böyüyüb kənddə yetim, amma qoçaq, yaraşıqlı bir oğlana ərə gedir. Az keçməmiş müharibə başlayır, təzə bəyi cəbhəyə aparırlar. Stalinqrad vuruşmasından xoş xəbərlər gələn vaxt Məsmə gəlir dünyaya. Onun doğulmasına anası çox sevinir. İnşallah əri faşistlərə qalib gələr, hətta Berlinəcən gedib Hitleri öz əlləri ilə cəhənnəmə vasil edər, kəndə qəhrəman kimi dönər, bu almayanaq qız da ona ən gözəl hədiyyə olar.

“Maliki yəvmiddin...”

Düzünə qalsa, kənddə qız uşağını o qədər də sevmirdilər. Oğlu olmayan kişilərə üstdən aşağı baxır, onları sonsuz, zürriyyətsiz sayırdılar. Yaxınları camaatın tənə yerinə çevrilən bu kişilərə Allahdan “şirin pay” arzulayırdılar. Belə çıxırdı ki, qız Tanrının acı payıdır. Acı da olmasa, hər halda şirin deyil, nəsə dadsız-tamsız bir şeydir.

Məsmə başqa qızlara oxşamırdı, doğrudan da şirin idi. Nədənsə anası inanırdı ki, hamı onunla mərhəmətli davranacaq, qız olduğuna görə ikinci dərəcəli məxluq kimi baxmayacaqlar. İllah da Hitleri gəbərdib müharibədən qəhrəman kimi qayıdan bir əsgərin qızına hamı hörmətlə yanaşacaq.

“İyyakə nəbudu və iyyakə nəstəin...”

Radio bar-bar bağırır: “Stalinqradda alman qoşunları darmadağın edilərək geri oturdulmuşdur.”

Kənd başbilənlərinin fikrincə müharibənin taleyi həll olunmuşdu.

Məsmənin anası bu qəliz sözlərin mənasını anlamasa da ümumi sevincdən ona da pay düşdü. O da kənd arvadlarına qoşulub saçlarına xına qoydu. Elə bildi, əri Hitleri öldürüb, müharibə başa çatıb.

Müharibəsə uzandıqca uzanırdı. Taa o vaxtacan ki, Stalinqrad vuruşması yaddan çıxdı, Məsmənin atası Hitleri öldürməmiş öz qara kağızı gəldi.

Bir müddət sonra Hitler də öldü, müharibə də qurtardı, amma bu sevincdən Məsməgilin ocağına pay düşmədi.

Məsmənin anası o boyda dünyaya öz balaca daxmasının pəncərəsindən baxırdı və bu pəncərədən yalnız qüssə görünürdü. Məsmə gözünü açandan anasını balaca daxmanın bir küncünə çəkilib ağlayan görmüşdü. Sakit-sakit və həzin-həzin.

“İhdinassiratəl müstəqim...”

Stalin öləndə Məsmənin anası kəndin ağsaqqallarına qoşulub əməlli-başlı vay-şivən salır:

“Hardasan, ay Qasım əmi, qardaşın öldü! Hardasan?!”

Ətrafdakıların ürəkdən hönkürtü vurduğunu görəndə daha da qızışır:

“Bəxtəvər başına, Qasım əmi, vaxtında öldün, bu ağır günləri görmədin!”

Qasım kişi sosializm quruculuğunda yaxından iştirak etdiyinə görə, ona Sosialist Əməyi Qəhrəmanı adı verilibmiş. Yaxında-uzaqda Geroy Qasım kimi tanınırmış. O, Stalindən bir-iki ay əvvəl dünyasını dəyişmişdi.

Geroy Qaşımdan az sonra yaxın dostu, onun qızıl ulduzlu ordeninin vəsiqəsinə öz əli ilə imza atan yoldaş Stalinin vəfatı kənd üçün ikiqat faciəyə çevrilir. Dağ-daş qan ağlayır.

O ağır günlər balaca Məsmənin yaddaşına əbədi həkk olunur. Ancaq az keçməmiş başına gələnlər anasının göz yaşlarını da, üzünü görmədiyi atasını da, Geroy Qasımı da, Stalini də unutdurur.

“Siratəlləzinə ənəmtə əleyhim...”

Nə olursa, bir göz qırpımında olur. Bir göz qırpımında Məsmənin həyatının altı üstünə çevrilir.

Anası xəstələnibmiş. On beş-on altı yaşlı Məsmə evdə olan-qalan 10 kilo buğdanı götürüb kəndin aşağısındakı dəyirmana yollanır. Dəyirmançı yaşlı və yaxşı bir adammış.

Məsmənin tərlan vaxtlarıymış. Nağıllarda deyilən kimi, ayı-günü utandırırmış. Dəyirmançı yaşlı və yaxşı adam olmasa, öldürsən evdən tək çıxmazmış.

“Ğəyrilməğzubi əleyhim vələzzallin...”

Məsmə dəyirmana çatır, dəyirmançını səsləyir, içəridən hənir gəlmir, dəyirmanın ağır qapısını cırıltıyla açıb içəri keçir; heç kəs yoxdur! O tərəf-bu tərəfə boylanıb dəyirmançını axtarır. Bu vaxt bayırdan at fınxırtısı eşidilir. Diksinir. Atla gələn Geroy Qasımın nəvəsidir. Atı harasa bağlayıb ildırım sürəti ilə içəri keçir və Məsmənin üstünə cumur. Məsmə taxıl çuvalını yerə qoymamış köhnə çit donunun yaxası cırıq-cırıq olur. Qışqırmaq istəyir, səsi çıxmır. Qolları boşalır, çuval belindən yerə düşür və o, arxası üstə çuvalın üstünə yıxılır.

“Birmillahi rəhmani rəhim...”

Məsmənin anası qızının qolundan tutub kənd ağsaqqalının evinə aparır, başına gələnləri olduğu kimi danışır. Ağsaqqal məsləhət görür ki, səs-küy salmasın, işə birtəhər əncam çəkiləcək. Əncamsa budur: oğlan Məsməylə evlənməlidir!

Ana-bala gözlərini balaca daxmalarının qapısına zilləyib elçi gözləyən vaxt kənd yazıq, yetim, miskin Məsmə və onun xəstə anası üzərində qələbəsini qeyd edirmiş.

Aradan aylar keçir, Məsmənin anası hər şeyi anlayır: arxası-dayağı güclü olan o “nadürüst” Məsməni almayacaq! Hökumətə şikayət etməyin də mənası yoxdur. Əvvəla, Məsmənin anası qayda-qanunu bilmir, “hökumətin oturduğu yeri” tanımır. İkinci, kimdir bu soxasoxda iki-üç ay əvvəl ucqar dağ kəndində baş verən zorlama hadisəsini araşdıra, ağsaqqallar demiş, yetim bir qızın paçasının arasını yoxlamağa gələ. Şikayət verib səs-küy salmaq bilməyənləri də işdən halı edəcək, Məsmənin adına daha çox ləkə gətirəcək.

Uzun-uzun və qara-qara düşüncələrdən sonra Məsmənin anası onları bircə gün də xoşbəxt etməyən bu kənddən çıxıb getmək qərarı verir.

“Qulhuvallahu əhəd...”

Məsmənin anası kəndi tərk eləməzdən əvvəl qızını da götürüb Geroy Qasımın qəbrinin üstünə gedir, baş verənləri ağlaya-ağlaya qəbir daşına danışır. Deyir, Qasım əmi, əgər sən ölməsəydin bizim başımıza bu qəziyyə gəlməzdi. Müharibənin ağır illərində bu boyda kənddə neçə dul gəlin vardı, kim kimə sataşırdı, kim kimi zorlayırdı? İndi dərəbəylikdi. İt yiyəsini tanımır. Artıq buralarda duruş gətirmək olmaz.”

Burnunu silib boğuq səslə bunları da söyləyir: “Qasım əmi, bilirəm, sən yaxşı adamsan, nadürüst iş tutanı bağışlamazsan! Səni and verirəm, mıxı mismara döndərən Allaha, ağ atını minib fağır-füğəranın köməyinə çatan Xızır İlyasa denən, mənim hayıfımı qızımı bədbəxt edənlərdə qoymasın!”

Deyir və qızının əlindən tutub dərə yenişə axan çayın qırağı ilə çıxıb gedir. Kəndin bütün evləri Məsmə ilə anası iki qara nöqtəyə çevrilib yox olanacan şüşə gözlərini onlardan çəkmir. Balaca daxma isə balaca pəncərəsiylə baxıb ağlayır.

“Allahu səməd...”

Ana-bala Aran kəndlərində pambıq yığmaqla dolanırlar. İncəvara, hansısa kənddən dul bir kişi talib olur Məsməyə. Kişi varlı-hallı imiş. Anası qızına ərə getməyi məsləhət görür: “Qızım, mən xəstə adamam, bir ayağım burda, o biri gorda, bu gün-sabah ölüb gedəcəm, gözəl-göyçək qız bu yad eldə təkbaşına neyləyəcəksən? Get ərə, ev-uşaq sahibi ol.”

Məsmə dul kişiylə ailə qurur, ancaq övladları olmur.

Kişi rəhmətə gedəndən sonra ögey övladları dolandırmırlar Məsməni. Rəsmi nikahı olmadığından bütün gəncliyini həsr etdiyi evdən bir tük də vermirlər. Yalnız yerli hökumətin tövsiyəsi ilə Məsməyə fin qəsəbəsindən iki otaqlı ev verilir.

“Ləm yəlid və ləm yuləd...”

Kəndimiz dağılanda hamı Məsmənin yaşadığı fin qəsəbəsinə üz tutdu. Çünki orda boş evlər vardı. Məsmənin qəsəbədə yaşadığını öyrənən yaşlı kişilərdən biri barmağını dişlədi. Onun dediyi sözlər indi də qulaqlarımda cingildəyir: “Mən Allaha inanmıram, ancaq başımıza gələnlərdə mütləq bir hikmət var!”

On dörd nömrəli Məsmə isə bu haqda düşünmürdü heç, fin qəsəbəsinin yanıyla axan kanalın üstündəki körpüdə dayanıb gələnlərə tərəf ağlayırdı.

Molla duasının son kəlmələrini söyləyəndən sonra bütün cənazə namazlarında olduğu kimi hamı xorla “Allah rəhmət eləsin! Allah o dünyasını versin!” söyləyəcəkdi. Amma hələ ona bir neçə saniyə vardı, molla son kəlmələrini indi söyləyirdi.

“Və ləm yəkun ləhu kufuvən əhəd!”

# 7172 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #