Azad sevişmək haqqı - Sevinc Elsevərdən yeni şeirlər

Azad sevişmək haqqı - Sevinc Elsevərdən yeni şeirlər
6 mart 2020
# 17:40

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

İnanmaq istəyirəm

inanmaq istəyirəm adamlara
bəlkə mininci dəfə
“quşa bax, quşa!” sözünə göyə boylanan
boğazının altı qıdıqlanan uşaq kimi

hər dəfə sevgiyə aldanan
tərk edilən
yenidən ümidlənən
bir də
bir də sevən
qızcığaz kimi inamlı olmaq istəyirəm

sinoptiklərin hava proqnozlarına inanıb
əynimi nazik geyinmək
qəfil yağışa, qara tutulmaq istəyirəm
axşamları islanmış cücə kimi büzüşərək evə qayıtmaq

on səkkiz yaşlı tələbənin
seçki hüququ qazanar-qazanmaz
kilometrlərcə yolu qət edib
səsverməyə getdiyi kimi
uzaq yola çıxmaq istəyirəm
arzularımın dalınca...

Nazim Hikmətin şeirlərindəki işığa
Quranın cənnətinə
ölkədəki islahat vədlərinə
inanmaq istəyirəm bütün qəlbimlə
cümə günləri çimib təmizlənsə
ruhunun da paklanacağına
cənnətə gedəcəyinə inanan nənəm kimi
cekpot udacağına inanıb
hər dəfə uduzmağına rəğmən
lotereya alan qocalar kimi
küçənin tinində
başını sığalladığımız
ümidləndirib dalımızca saldığımız küçük kimi
inamlı olmaq istəyirəm...

buxağımı
“a qıdı, qıdı” deyib qıdıqlayan
əmilər, dayılar
xalalar, bibilər
hər dəfəsində inamımdan bir çimdik
götürürlərmiş...

Meymun olmaq

nədi fərqləri heyvanxanadakı heyvanlardan
bizim ev dustağımız deyillərmi
dörd divar arasında saxladığımız
boyunlarına xalta vurduğumuz
pişiklər
itlər
meymunlar
ən azı azad sevişmək haqlarını
əllərindən almamışıqmı?!

onları qısırlaşdırır,
yaxud partnyorlarını belə biz seçmirikmi?
ancaq tanıdığımız adamların
heyvanları ilə cütləşdirmirikmi onları
mühafizəkar ana-ataların öz oğullarını-qızlarını
tanıdıqları adamların
qohum-əqrəbalarının uşaqları ilə evləndirdiyi kimi...

onları əsirlərimiz kimi sevirik
uşaqlarımızı da əsirlərimiz tək sevdiyimiz kimi

kafedə balaca bir meymunla şəkil çəkdirməkçün
sıraya düzülən adamlar
qorxutdular meymuncığazı
o da qəzəbindən yanındakı uşağın
qırmızı şarını partlatdı
mən də olsam partladardım
özü də diksindi,
uşaq da qorxub ağladı
sahibi təpindi meymuna
qorxmayın dedi adamlara
yaxın durun
şəkil çəkdirin
“telefonla üç manata, fotoaparatla beş manata”

ulduzudur meymuncığaz bu gecənin
amma nəyinə lazımdır ulduz olmaq?
nəyinə lazımdır meymun olmaq
özü kimi məməlilərin əlində?!

***

batmaqda olan gəmidə
uşaqları başı üstünə qaldırıb
xilasedici qayıqlara minməyə can atan
saman çöpündən yapışan adamları xatırladır mənə indi
sosial şəbəkələrdə
uşaqlarla şəkillərini paylaşan adamlar
o adamların
o uşaqlardan başqa
heç bir ümidi yoxdur
o adamlar o uşaqları da özləriylə batırmasalar yaxşıdı...

***

küçədə əlində
böyük bir oyuncaq aparan kişiyə
uşaqlardan çox
böyüklər qibtəylə baxır
bir uşağın o oyuncaq böyüklüyündə sevinci
o kişini gözləyir deyə...

***

manatlıq taksinin arxa oturacağında
anasının qucağına sığmayan
darısqallıqdan sıxılan balaca
ana qarnında darıxırmış kimi əl-qol atır
təpiyi ilə basır böyrümü-başımı
anası mane olmaq istəyir ona
təpinir elə hey
mənəsə xoşdu
körpənin bədənimə məsafəli təması
onu bətnimdəymiş kimi hiss edirəm
qəribədir...
bətnimdə can daşıdığım zamanları
xatırladır mənə
xoş hisslər keçirirəm
anasına “dəymə, uşaqdı, oynasın” deyirəm.

***

seçici siyahısında
çıxdı adın qarşıma
təsadüfənmi deyim?
yox, təsadüf deyil...
öz adımı gəzərkən
hardan hara gəlib çıxmışdım
virtual dünyanın içindəki köhnə ünvana
o köhnə küçəyə aparıb çıxartmışdı barmaqlarım məni...
ayaqlarım gedə bilməz
barmaqlarımın asanlıqla gəzdiyi yerlərə
o küçədə, o evin tinində görünmək olmaz ki...
sosial şəbəkələrdə belə tapa bilməmişkən səni
sevindim...
sevindim ki,
sağ və salamatsan
yenə həmin ünvandasan
sən məni axtarsan
çətin tapasan
indi başqa bir məntəqədə
başqa bir evdə
başqa bir soyadla yaşayıram.

***

getdiyi toydan kədərli qayıtdı gənc adam
yeni evlənən dostunun toyunda
“bəy-gəlin”lə çəkdirdiyi şəkli qoydu
köhnə albomunun arasına
dostunun daha əvvəlki toyunda
çəkilən şəkilin yanına
hər iki toyda
çox xoşbəxt görünürdü dostu
gəlinlik donundakı qızlar da xoşbəxt idi
başına yığışan dostlar da...
qəribə hisslər keçirtdi adam
bir ömür boyu birlikdə olmalarını
diləmişdi cütlüyə
o toyda da
bu toyda da
baxdı ki,
heç dəyişməyib dostu
elə ondakı kimi gülür...
yəqin elə sevəndə də
əvvəlki kimi sevir...

Əsgər anası

əsgərlikdəki oğlunun
göyərçinlərini yemləyən ana
bir-bir yeyib doymalarına göz qoyurdu quşların
sanki udduqları hər buğda dənəsi
oğlunun mədəsinə gedirdi
oğlunu doyururdu

ana baxmaqdan gözlərini yorurdu
yeyib-doyub gözdən itincəyədək
uzaqlara uçan
gah görünən, gah gözdən qaçan
quşların dalınca

gecələri başını atanda balınca
yuxu getmirdi gözünə
qalxıb çiyninə şal atır
bayıra çıxır
quş damının qapısını-bacasını yoxlayırdı
əvvəllər oğlunun üstünü açıb-açmadığını yoxladığı kimi

quşların əhvalı xoş
qarınları tox
canları sağ olduqca
ana arxayın olurdu oğlundan

quşların boyunu sevir
qanadlarını oxşayır
dimdiklərindən öpürdü

yuxularını qarışdıranda
qaçıb quşlara danışırdı
quşların əhvalından bilirdi
oğlunun necə olduğunu

bir axşam
bir axşam göylərə pərvazlanan quşlardan biri
geriyə qayıtmadı
o gecə, o gecə sabahadək yatmadı
dilində dualar
gözlərində yaş
ürəyində dağdan ağır daş.

Image result for Sevinc elsevər

# 4331 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #