Abzas.net

Abzas.net
27 oktyabr 2012
# 08:00

Səhv etmirəmsə, 2009-cu illərin əvvəli idi. Turalla o çayxana sənin, bu çayxana mənim avara-avara gəzirdik. İçki məclisləri, gəzintilər... Səhərə qədər yatmır, siqaret çəkə-çəkə söhbətlər edirdik. Mən tələbə idim, Tural isə “Azadlıq” qəzetində yazırdı.

O qədər avara idik ki, avaraçılıqdan öləcəyimizi düşünürdüm. Ancaq ölmədik. Dayandığımız yerdə ağlımıza gəldi ki, sayt işlədək. Təsadüfə bax ki, bizim dəyərli şairimiz Rasim Qaracanın həmin vaxt adyazar.az adlı saytı fəaliyyət göstərirdi. Rasim müəllim bizə təklif etdi ki, saytı işlətməkdə ona kömək edək.

Beləliklə, biz adyazar.az saytını işlətməyə başladıq. İlk təcrübəmiz idi. Saytı hər gün yeniləyirdik. Əsasən gecələr – hərə öz evindən işləyirdi. Çox keçmədi ki, bu sayt yazarlar və ədəbiyyatla maraqlanan insanlarda maraq oyatdı. Onlar hər yerdə “Adyazar”dan danışırdılar. Hələ onda heç kim özünə xəbər saytı açmırdı. Heç Facebookda populyar deyildi. Yazıları e-maille yaydığım vaxtlar idi.

Sonra hərbi xidmətə yollandım. Saytın fəaliyyəti zəiflədi. Qayıtdıqdan sonra Turalla yenidən cəhd etdik. Ancaq nədənsə alınmadı. Belə qərara gəldik ki, yeni bir sayt açaq. Birinci ad üzərində müzakirələr apardıq və tapdıq: “Abzas”!

Rahat olmadı. Saytın üzərində iki aya yaxın işlədik. Bunun üçün bizə cəmi 200 manat pul lazım idi. Tural pulu tapdı. Dostumuz Elşad Qocayev saytı yığmağa başladı. 2010-cu ilin oktyabr ayında sayt hazır oldu. Turalgilin evində, gecə səhərə qədər işlədik: Elşad, Tural və mən. 5-6 qutu siqaret çəkdik. 3 çaynik çay içdik. Yuxumuz qaçsın deyə Turalın türk kofesi dəmləməyi də indiki kimi yadımdadır. Nəhayət sayt hazır oldu. Həmin gün detalları ilə yadımda qalıb. Günorta yuxudan durduq. Gedib yayma xəngəl yeyib, işə başladıq.

Çox az bir zamanda abzas.net internet istifadəçiləri, xüsusilə aktivistlər arasında populyarlıq qazandı. Biz “Abzas”ı ədəbiyyat – mədəniyyət saytı kimi düşünmüşdük. Ancaq mövzu dairəsini genişləndirmək məcburiyyətində qaldıq. Hamını dərc edirdik. Hamıya yer verirdik. Müstəqil Azərbaycan mediasında bu dərəcədə müstəqil fəaliyyət göstərən sayt olmamlşdı.

Üç nəfər idik. Pulumuz və köməyimiz də yox idi. Bizim saytın hesabına özünü reklam edənlər çox oldu. “Abzas” həm də mediaya yeni imzalar qazandırdı.

Müstəqil olsaq da, bəzi məhdudiyyətlər tətbiq edirdik. Məsələn, insanların dini hislərinə toxunan materiallar dərc etməzdik. Hətta mən bir dəfə “Ateist xurafatçılığı” adlı yazı da yazmışdım. Bu yazıya görə ateistlər mənə hücum edirdilər.

“Azadlıq”da işləyirdim. Əslində çox az vaxtımız olurdu. Axşam evə yorğun gəlib, saytı yeniləyirdik.

Sonra Kulis.az yaradıldı və bizi ora dəvət etdilər. Saytımızda yer verdiyimiz insanlar bir dəfə də olsun bizə sağ ol deməmişdilər. Ancaq “Abzas”ı bağlamağa məcbur olduqdan sonra ən ağır ifadələrlə bizi ittiham etdilər.

Həmişə belə olur. Yaxşı olanda “sağ ol” demirlər, pis olan kimi adamın üzərinə yeriyirlər. Kütlə istəyir ki, sən onun uğrunda daima qəhrəmanlıq edib, acından öləsən.

İlin günün bu çağında niyə bunları xatırladım?! Bu günlərdə Qan Turalının publisistik yazılarından ibarət “Polis qorxusuyla öpüşmək” adlı yeni kitabını çap olunub. Kitabın əvvəlində də qeyd olunub ki, burdakı yazıların bir qismi abzas.net-də dərc olunub. Kitabı vərəqlədikcə mən o günləri bir daha xatırladım.

Üstəlik, bu gün saytların peşəkarlığı müzakirə mövzusudur. Əslində “Abzas”ı indiki müzakirələrdə nümunə kimi göstərmək də olar. Heç bir maddi, texniki bazası olmadan sayt yaradırsan və tez bir zamanda sevilirsən. Hətta normal oxucu sayı qazanırsan. Sirrimiz bunda idi: biz işimizi sevirdik, işimizə və özümüzə hörmət edirdik, özümüzə rəva bilmədiyimiz mətləbləri başqaları haqqında yazmırdıq.

“Dolu” filmi haqda

“Dolu” filmini ötən gün yenidən izlədim. Film tənqidçisi – kinoşünas deyiləm. Adi, sıradan tamaşaçıyam.


“Dolu” əsərini oxumamışam. Ancaq vaxtilə oxuyan dostlardan bəziləri romanın pafoslu olduğunu yazmışdılar. Ona görə də filmə baxan zaman “Dolu”nun yaxşı film olacağından bədgüman idim. Baxdım və gördüm ki, yox, heç də düşündüyüm kimi deyilmiş.

“Dolu” Qarabağ müharibəsi haqda “Fəryad” filmindən sonra baxdığım ən yaxşı filmdir.

Digər tərəfdən film texniki baxımdan da uğurlu alınıb. Müharibə effektləri inandırıcıdır. Mənim kimi müharibənin dəhşətlərini görməyən gənclərin gözündə müharibəni real şəkildə canlandırırlar.

Filmə ikinci dəfə baxanda xüsusi zövq aldığım operator işi idi. Filmin operatoru Nadir Mehdiyevin əməyi alqışa layiqdir.

Fuad Poladov, Məmməd Səfa, Şamil Süleymanov kimi peşəkarlar rollarının öhdəsindən layiqincə gəliblər. “Drakon” obrazını canlandıran Rza Rzayev peşəkar aktyor olmasa da yaddaqalan obraz yaradıb.

Nə isə, söhbəti çox uzatmadan sizlərə bu filmi izləməyi məsləhət görürəm.

Qurban bayramı

Yeniyetmə olduğum zamanlar islam dinini tənqid etməkdən, dindarları qıcıqlandırmaqdan zövq alırdım. Qurban bayramında isə dindarların əsəbləri ilə oynamaq üçün yaxşı fürsət yaranırdı.

Yeniyetmələrin dindarları bu cür qıcıqlandırmaqdan zövq almasını indi də müşahidə edirəm. Müəyyən yaş dövrü var, keçib gedəcək. Hər şeyə normal, rasional yanaşacaqlar.

Mənim dini inancım yoxdur. Qurban bayramı müsəlmanların bayramıdır. Onların bayramına hörmətlə yanaşmağa çalışıram.

Ancaq biz bəzən ağsaqqal, ağbirçək yaşına çatmış “marjinallar”ın Qurban bayramında qoyun sevər çıxdıqlarının şahidi oluruq.

Yazırlar ki, niyə qoyunları kəsirlər? Niyə qoyunların soyqırımını həyata keçirirlər?

Ətsiz yaşamaq çətindir. Hər gün ət yeməyə məcburuq. Dönərdə, lahmacun, çox sevdiyimiz kabab ətdən hazırlanmır? Yoxsa torpaqdan hazırlanır? Bunun üçün qoyunları, inəkləri kəsirlər. Belə heyvan sevərsinizsə, buyurun vegetarian olun. Yoxsa, hər Qurban bayramında heyvansevərlik etməyin!

# 4568 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #