news-inner
clock17:02 calendar-gray 22 Fevral 2020 view-gray1430 dəfə oxunub
view-gray1430 dəfə oxunub

İvanın uşaqlığı - Yeni hekayə

Kulis.az Məlik Rzanın "İvanın uşaqlığı" hekayəsini təqdim edir.


Mənim yetkin yaddaşım bütün yetkin yaddaşlar kimi yalnız öz uşaqlıq dönəmini xatırlamır. Uşaqlıq çağlarımdakı əzabların paradında İvanın ağrıları mənim ağrılarımla yanaşı addımlayır. Həm özümün, həm də İvanın uşaqlığını xatırlamağa məhkum edildiyim gündən digərlərinin məişət qayğılarından yaranan bezdirici çətinliklərə keyləşdirici iynə kimi sancdığı günəşli uşaqlıq xatirələri yaddaşımda yoxdur. Çünki İvan yetkinləşməmiş öldü. Yetkinləşməmiş ölən bütün uşaqların xatirələri başqa yaddaşlara köçürüldüyü kimi onun xatirələri mənim yaddaşıma köçürülüb digər bulanıq mənzərələrə qarışdı.

İvanın saman sarısı saçları küləklə ləpələndikdə bütün məhəllə qızlarının gözləri onun bəyaz çöhrəsinə zillənirdi. Kobud, tüklü, tünd xasiyyətli Qafqaz uşaqlarının qaranlıq dünyasına günəştək doğmuş İvanın istiliyini canına çəkməkçün yarışan qızların qısqanc aşiqləri məhəllə uşaqlarını yığıb onu gözəgörünməz künclərdə döyər, üz-gözünün xəşilini çıxarardılar. Mən isə kənardan kirimiş baxardım. Qorxardım ki, onun önünə özümü sipərləyib uşaqlara yumruq sallasam, məni də it kökünə salıb bədənimi göyərdərlər, bütün oyunlardan kənar düşüb qara, tüklü bədənimlə məhəllə uşaqlarının gözündə ikinci İvana çevrilərəm.

İvanın ailə tarixçəsini atam mənə yuxuya getmədiyim gecələrin birində nağıl əvəzi danışmışdı. Öyrənmişdim ki, İvanın babası şəhərimizi tikən zəhmətkeşlərdən, rus torpaqlarından Qafqazın ucqarlarına ilk gələn nəsillərin birindənmiş. O zamanlar şəhərimizin hündür binalarının yerində sonsuz heçlik, çöllü-biyabanlıq göz yetdikcə uzanırmış. Hətta susuzluqdan boğazları göynəyən zəhmetkəşlərin gözünə bulanlıq ilğımlar - yaşıl ağacların qucaqladığı göllər, Məcnunun özü, çarəsiz çöhrəsi görünürmüş. Yeməyin, suyun günlərlə gecikdirilməsi ucbatından sağlamlığını itirmiş zəhmətkeşlər ilğımların ardından yüyürüb çöllükdə itkin düşdükdən günlər sonra onların didilib-dağıdılmış cəsədləri ayaqdəyməz uzaq nöqtələrdən tapılırmış. Mərkəz diplomatik tonda deyibmiş ki, çöllükdə aclıqdan ulayan yırtıcılar ət parçası gəzir yoldaşlar, ehtiyatı əldən verməyin! Həmin gündən biyabanlıqda heyvan və insan nəslinin toxluq savaşı başlayırmış. Yırtıcılar insanları, insanlar yırtıcıları gördüyü yerdəcə dişinə çəkirmiş.

Allahın günləri bitib tükənməz. Bir gün İvanın sısqa, ucaboy babası həmin ilğımların birinə aldanıb yüyürdükdə hamının gözünə kəsdirdiyi rus qızı onun boynuna kəndir keçirib ağaca bağlayıbmış. Gözünü rus qızına dikən İvanın babasının alacalanmış gözləri aydınlanıbmış, elə bilibmiş ki, ilğıma yetişib hövzədən doyunca su içib. Atamın boğazını təmizləyib üstündən keçdiyi bu yerdə İvanın babası dodaqlarını rus qızının dodaqlarına möhkəmcə sancırmış. Bədəninə sızıltı düşmüş, öz torpaqlarına yad rəngli qaraşın rus gözəli gözlərini yumub İvanın kir-pas içindəki üfunətli babasını xəyalında istədiyi görkəmə uyğunlaşdırıb soyunubmuş. Həmin gün susuzluqdan qurumuş ağacın kölgəsində sürətlə toqquşub sarmaşan bədənlər bir daha ayrılmamış, torpağa kök salan ağaclar təkin biri-birində kök salıbmış.

Tezliklə hökümət İvanın babasının qabarlı əllərini iki otaqlı mənzillə mükafatlandırır. Gənc ailə toz-torpaqlı biyabanlıq üzərində qurulmuş yeni şəhərə köçür. Bir müddət sonra İvanın atası səliqəli sovet xəstəxanasında gözünü tavana açdıqda məlum olur ki, o, yeni tikilmiş şəhərdə doğulan ilk uşaqdır. Xəstəxanın divarlarından gülümsəyən, Stalinin qəddar dövrünü arxivə köçürmüş şişman, qırmızı sifət Xruşşovun şərəfinə adını Nikita qoyurlar. Nikita o qədər şişman doğulur ki, həkimlərin əlləri anasına tikiş qoymaqdan yorulur. Bir gün qar kim bəyaz Nikitanı uzun qış gecəsi yenicə yatızdırmış cütlük yorğun baxışlarla nöyüt lampasıyla işıqlanmış tavandakı kölgələrini izləməkdəykən göz qapaqlarının ardına-çəhrayıya boyanmış şirin gecə yuxusuna köçürlər. Bir an sonra İvanın babasının barmaqları arasında tüstülənən papiros çuxurundan sıyrılıb yuxulu əlin yatağa aşırtdığı nöyüt lampasına qoşularaq əvvəlcə yorğan-döşəyi, sonra bütün otağı alovlandırdıqda biri-birinə sarılmış cütlüyü heç Nikitanın zırıltıları da ölüm yuxusundan ayıra bilmir.

Uşaq evində dilinə söyüşlər yamayıb xarakterini pisliklərlə yetişdirən Nikita nizamli Sovet cəmiyyətindən kənar düşüb ata evində məskunlaşır. Damağındakı siqareti aramla tüstülətdiyi içki məclisində yoldaşlarından birini bıçaqlayıb həbsə düşür, on yeddi il iş kəsirlər. Həbsxanada öz sinfindən adamlarla vaxt keçirir, bədənini döymələrlə damğalayır, bir tərəfdən də hər həftə azad sovet cəmiyyətindəki qadınların birindən – uşaq evindəki ilk sevgilisinin əlindən göndərilmiş məktubları oxuyur. İllər keçir. azadlığa çıxmış dustağı həbsxananın kandarında ilk sevgilisi-ona yazılmış məktubların müəllifi qarşılayır. Tezliklə evlənirlər. Atam bu yerdə pıçıldayır ki, ömründə İvanın anasından bəyaz, işıqlı qadın görməmişdir. Lakin nə ailə həyatı, nə də sovet cəmiyyəti Nikitanın əl-ayağını yığa bilmir. Bu müti qadın imperiyanın dağıldığı, vətəndaşların çaşqınlıqla küçələrdə vurnuxduğu gün İvanı doğub təhqirlərdən, zərbələrdən bezmiş bədənini aeroporta sürüyürək məmləkətinə - bitib-tükənməyən rus torpaqlarına qaçır.

İvanın atasının yarımçıq hekayətini, İvanın özünü danışmaq mənim öhdəmə düşür. İvanın atasını qaraqabaq, içki düşkünü kimi xatırlayıram. O, balıqçı idi. Hər gecə torunu götürüb dənizə düşər, torbasını balıqlarla doldurub geri qayıdardı. Tutulmuş balıqların yarısını qonşulara satar, yarısını özləri yeyərdilər. İvanın üstündən, ağzından, saçlarından daim balıq qoxusu gələrdi. Atası pis həyat tərzi keçirir, hər həftə İvana yeni ana quraşdırırdı. Qonşular onun əlindən bezmişdilər. Ancaq qonşularının həyat tərzinə qarışmayan rusa irad bildirmək cürəti məhəllə kişilərinin heç birində tapılmırdı. O isə eyvana çıxıb radiosundan musiqi dinləyə-dinləyə ayaqlarının məhəccərdən aşağı sallayıb yavaş-yavaş içkisini içər, qürub etməkdə olan günəşi izləyər, heç kimə dəyib-dolaşmazdı.

Bəzən İvanın ağrılarını özümünkülərlə qarışdırıram, bəlkə də əsl İvanı özümü saxlayıb gizlədirəm və bu yaz içərisinə düşdüyüm həssaslıq böhranlarından qurtulmaq, emosional bütövlüyümü təmin etməkçün üz tutduğum ucuz vasitədir. Lakin İvanın təhqir edilmiş, alçaldılmış süd rəngli sısqa bədəninin çarəsizliyini, dərisini dəlib üzə çıxmağa hazırlaşan sümüklərinin sızıltısını indi də yaddaşımda duyuram. Cırıqlanmış şalvarını yuxarı çəkə-çəkə sakitcə yaddaşımın bir küncündə ayaq saxlayır, gülümsəyib orada özünün yorğun, məsum görkəmiylə heykəl kimi əbədiyyən donub qalır.
İvandan qurtulmaq mümkünsüzdür. Özünün incə, uzunsov barmaqlarıyla yaxamdan yapışıb. Onun uşaqlığını yaddaşımın süzgəcindən keçirib yetkinləşdirmək istədikcə İvan yaxamdan daha bərk yapışıb bloklarda gizlin, təkcənə öz xəyali oyunlarını davam etdirir. Onu bir dəfə öz blokumuzda əllərini silah kimi önünə tuşlayıb xəyali düşmənlərini qırıb-çatarkən yaxalamışdım. Gözlərini yumub ağzından güllə səsləri çıxararaq müharibə meydanında süzürdü. Yəqin ki, xəyalında öz düşmənlərini divara dirəyib güllələyir, onların boş başlarını ətəyinə yapışdırıb yalvartdırır, qarşısında diz çökdürürdü. Gülümsədikcə anlayırdım ki, xəyalından sərxoşdur. Sonra bir an dayandı İvan, silah görkəmi verdiyi əllərini yanına saldı, xəyalındakı kim idisə, ona güllə çaxmağa qıymadı. Gözlərini açdı, məni görcək diksinib pilləkənlərlə yuxarı qaçdı. O an hiss etdim ki, onun öz dünyasında qıymadığı, yaşatmaq istədiyi, silahının lüləsini alnından yan çevirdiyi adam mənəm.

İvan ağacın qalın budaqlarından birində oturub yerə çatmayan ayaqlarını yelləyirdi, biz futbol oynayırdıq. Məni qapıçı qoymuşdular. Qonşu həyətin uşaqlarıyla hər həftə oynanan futbol oyunu gərgin keçirdi, bəhsə düşmüşdük. Gözlərim tez-tez İvanın üzünə qaçdıqca qollar buraxır, məhəllə uşaqlarının tüpürcəkli söyüşlərini qulaqlarıma qonaq edirdim. Nə vaxt ki, İvan quş kimi budağa qonurdu, biz uduzurduq. Oyundan sonra uşaqlar İvana tərəf götürülüb ağacın nazik gövdəsindən yapışır, onu qəzəblə yellədib uğursuz quşu uçmamış tutmaq istəyirdilər. Asfalta tirtap uzanmış İvan döyülürdü. Bütün uğursuzluqların, buraxılan qolların baiskarı elan edilmiş günahsız uşaq qana bulaşmış burnunu çəkə-çəkə evə yollananda vicdanım hələ öz yatağında yenicə gərnəşir, təzə- təzə oyanmağa başlayırdı.

İvanın arxasınca yüyürmüşdüm. Onu tutub saxlamaq, ətəklərindən yapışıb yalvarmaq, üzr istəmək istəyirdim. O isə, sanki qoltuqları altda bir cüt qanad çıxarıb uçmuş, ovulub toza çevrilmişdi. Kor-peşman ayaqlarımı pilləkanlara çırpa-çırpa evə qalxanda İvanı qapılarının ağzında tapdım. Çöməlmiş, küçə itlərinin əyilmiş qulaqları kimi sallanmış başını sinəsinə endirib dayanmışdı. Dəmir qapını adlaya bilməyən diskoteka musiqisinin boğuq səsi bloka yayılırdı. Biz o vaxtlar bu əhvalatlardan xəbərdar idik. Belə musiqilər yataqda oynaşanların ah-uflarını əridib yox etməkdən ötrü səslənərdi ki, qonşular eşitməsin. İndi İvan kilidlənmiş qapı önündə musiqinin səsinin kəsilməsini gözləyirdi. Gözündən axan yaş üzündə ilişib qalmış, sanki buz tutmuşdu. Yəqin ki, anasını düşünürdü. Onun yanından sakitcə keçib yuxarı qalxanda musiqi kəsildi, İvan dikəlib aşağı şütüdü. Evimizin eyvanından baxdım. Dişləri xəzəl kimi sapsarı bir qadın onun başına sığal çəkib döngədən burularaq gözdən itdi.

İkinci mərtəbəyə köçmüş yeni ailənin kirpikləri kəpənək qanadı kimi titrək ortancıl qızına aşiq olmuşdum, özü də tək mən yox. İvan qız bloka köçən gündən saçını səliqəli darayır, ayaqqabılarının üzünü silir, üst-başını balıq qoxusundan təmizləməkçün odekalon vururdu. Qız haradaydısa, İvan mənlə bərabər orda bitirdi. Qızı İvana qısqanmırdım, əksinə, məni İvanla yaxınlaşdıran bu möcüzəyə qəlbimdə təşəkkür nitqi deyirdim. Həm də ki, onsuz qız heç birimizə üz vermədi, yaşca bizdən böyük idi. Bir neçə ay sonra kirayə qaldıqları evdən ailəsi ilə birlikdə köçüb getdi. Biz həmin vaxt gözlərimizlə dərdləşdik, hətta köç maşınının öz ardından qaldırdığı toz buludunda biri-birimizin çöhrəsinə məsumca baxıb gülümsədik də.

***

Sonralar İvan məhəllədə gec-gec görünməyə başladı. Uşaqlar daha onu məsxərəyə qoymurdular, özlərinə yeni əyləncələr tapmışdılar. Sərçə vururdular, gizlincə siqaret çəkirdilər, şəhərin küçələrinə dəstə-dəstə düşüb veyillənirdilər. İvan halsızlaşmışdı, tez-tez əsnəyirdi, sanki gecələri yuxu yatmırdı. Onu ancaq mağazaya düşüb ovuclarında bərk-bərk sıxdığı araqla geri qayıdarkən görürdüm. Gözlərinin altını qırış tutmuş, sütül bədənindəki dərisi sümüyünə yapışmış, beli əyilmişdi.

Dəmir qapının ardından diskoteka musiqisinin sədası gəlirdi. İvan evdə idi, atası evdə idi, başqa heç kəs... Həmin gün o qapıdan dişləri xəzəl kimi sapsarı heç bir qadın çıxmadı, tindən burulub gözdən itmədi...
Bir neçə gün sonra İvanın sısqa bədəni məhəllədə göründü. Skamyada oturmuşdum, uşaqlar futbol oynayırdılar. Birdən uşaqlardan biri topa zərblə vurub qarajların arxasına tulladı, səsdən diksindim. Ruh kimi gəzinən İvan yerində donmuşdu, məhəllə uşaqları onun üzünə baxıb qımışırdılar. Biri önə çıxıb İvana tərəf yeridi, şəhadət barmağını qarajların arxasına tuşlayıb onu topun ardınca göndərdi. İvan səndələyə-səndələyə qarajların arxasında gözdən itdi. Uşaqlar da işıq görmüş yarasalar kimi onun ardınca qaranlıq məkana şığıdılar. Mən yerimdən götürüldüm, ora çatıb hər şeyi gördüm. Elə bil, ürəyim yerindən qopdu.

İvan şalvarını çəkə-çəkə ensiz məhəllə yolunun ortasında dayandı. Hər şeyi gördü, hər şeyi eşitdi, yavaş-yavaş eyvanlarına tərəf yeridi, atasının zəhmindən hürküb yola qayıtdı, məhəllə uşaqlarının vəhşilikdən əyilmiş üzlərinə baxıb nə edəcəyini bilmədi... Özü də hiss etmədən cırıqlanmış şalvarını, tumanını əynindən çıxarıb yaş asfalta uzandı və... Öldü.

İvanın cəsədini çöhrəsiylə həmrəng mələfəyə büküb şəhər kənarındakı qəbiristanlıqda basdırdılar.

İllər keçdi.

Atası içkidə əndazəni aşıb səhərisi evində huşsuz tapıldı.

Qaraj arxasındakı hadisənin iştirakçılarının hamısı kişiliyini itirdilər.

Atam bir gecə yuxusundan oyanıb havalandı. İlğımlar görməyə, qərib sözlər sayıqlamağa başladı.

Mənim yetkin yaddaşım İvanın kütləşmiş xatirələrini daima diriltməyə məhkum edildi.

Özümü itirdim.

***

İvanı yaxşı xatırlayıram. Amma həmin qara, tüklü, bütün bu hadisələri yaddaşıma yazmış uşaq heç cür yadıma düşmür. İvanın ölümündən günlər sonra güzgü qarşısına keçdikdə də yaddaşımın təhkiyəçisi qarşımda yox idi. Güzgüdən bəyaz, saçları sarı, sısqa bir uşaq gülümsəyirdi. Heç vaxt bilmədim. Bilmədim ki, mən öz əksimə baxdım, yoxsa İvan güzgünün içində görüşümə gəlmişdi. Bircə onu xatırlayıram ki, saçımdan, güzgünün şəffaf səthindən balıq qoxusu gəlirdi...

news-inner-user

14781 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Meyxanaçılar xalqa meyxana ilə müraciət etdi - Video
21:13 04 Aprel 2020
Şkafın komendantı, ağıçı müxbir, başdaşına “dahi” yazılan redaktor – Kulisdən reportaj...
17:43 04 Aprel 2020
Teatrımızın çağırışına dünya teatrları qoşuldu
16:48 04 Aprel 2020
Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı
16:32 04 Aprel 2020
Alim Qasımovdan 94 yaşlı kişiyə jest - Video
15:27 04 Aprel 2020
Məşhur müğənni vəfat etdi
15:00 04 Aprel 2020
Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Nazirliyin sənədi olmadan küçəyə çıxa bilmirik” – Müsahibə
13:47 04 Aprel 2020
Bugünkü yazarların xəyanəti - Tənqidçi yazır...
12:22 04 Aprel 2020
Özümdə qəribə hallar müşahidə edirəm – Seymur Baycan yazır...
11:30 04 Aprel 2020
Kventin Tarantino povest yazacaq
10:50 04 Aprel 2020
“Kulis”in 9 yaşı tamam olur
09:59 04 Aprel 2020
Sevdiyi qadının alçaltmasından zövq alan kişinin dramı
09:01 04 Aprel 2020
Ayın alnında səcdəgah izləri – Kazım Kazımoviçdən şeirlər
18:44 03 Aprel 2020
Azərbaycanlı yazıçıya ağır itki üz verdi
18:03 03 Aprel 2020
"Ədəbiyyat müəlliməsinə toxunanda keçirdiyi hisslər..." - "Azğın" haqqında
17:59 03 Aprel 2020
Rasim Balayev: “Övladlarımı evə buraxmıram”
17:16 03 Aprel 2020
“Kağız ev” serialının 4-cü mövsümünün nümayişi başladı
16:27 03 Aprel 2020
Gənc şairə ağır itki üz verdi
15:38 03 Aprel 2020
Məktəbə 12 yaşında getdi, qardaşını ermənilər öldürdü, Stalinin təqibinə görə damarlarını kəsdi - Azərbaycanlı filosofun dəhşətli həyatı
15:02 03 Aprel 2020
Harri Potter onlayn təqdim edildi
14:15 03 Aprel 2020