Yeni sevgilisi ilə yataq otağımda görüşdülər – "Azğın" romanından parça 18+

Yeni sevgilisi ilə yataq otağımda görüşdülər – "Azğın" romanından parça 18+
18 fevral 2020
# 18:12

Kulis.az Cəlil Cavanşirin bir müddət əvvəl nəşr olunan "Azğın" romanından parça təqdim edir.

Qapı döyüldü. Açmadım. Tək yaşayırdım və qapımı sadəcə onun döyəcəyini bilirdim. Qapının açarı da yalnız ondaydı. Qapı bir daha döyüldü. Açmadım. Sonra özü qapını açıb içəri girdi. Qucaqlaşdıq. Bu gəlişin sonuncu olduğunu hiss edirdim. Bunu anlamaq o qədər də çətin deyildi. Günlərdir mənə əzab verən münasibətimizlə bağlı beynimdəki bütün sual işarələrini bitirəcəkdi. Bir şüşə pivə almışdı. Açdım. Bu gün yataqdan qalxar-qalxmaz içməyə başlamışdım. Davam etmək üçün pivə pis seçim deyildi. Bişirdiyim yeməkləri masaya düzdüm. Son dəfə birlikdə yemək yeyəcəkdik. Mən həvəssizcə boşqabımdakı yeməklə oynayıram.

O, özünü iştahalı göstərir. Hətta yeməyi tərifləyir. Məndən iyrəndiyini bəlli etməməyə cəhd edir. Adətən belə olur. Həyatımızda başqası peyda olanda köhnə sevgilimizdən iyrənirik. Bütün hərəkətləri əsəblərimizə toxunur. O da məndən iyrənir. Hiss edirəm. Bunu normal hesab edirəm. Sanki saatlarla yataqdan çıxmadan sevişdiyim qadın deyilmiş kimi davranır.

– Artıq gəlməyəcəm yanına. Sən bizə gələrsən. Hər dəfə bu istidə gəlmək məni yorur, – səsindəki istehzanı hiss edə bilirəm.

– Anan da onu deyir. Oturub həvəslə mənim gəlişimi gözləyir, – zarafat etməyə çalışdım.
Gülmür. Masanı toplayıb siqaret yandırdım. Kompüterin arxasına keçib feysbuk hesabımı araşdırmağa başladı. Tezliklə məni tərk edəcəyini bildiyim üçün etdiklərinə ciddi yanaşmıram. “Nə olur olsun, gedəcək, imkan ver sonuncu oyununu oynasın, qancıq” – bunu ürəyimdə düşündüm.

– Keçmiş sevgilinin şəkillərinə baxmısan.
– Hə.
– Mənim səhifəmi də gecə-gündüz izləyirsən.
– Elədir.
– Mənə niyə elə baxırsan?
– Heç.
– Müalicəm sabah bitir.
– Bilirəm.
– Bu gün şam qoymuşam, sevişə bilməyəcəyik.
– Fərqi yoxdur.
– Musiqi dinləyək?
– Olar.


Sezen Aksunun səsi məni iyrəndirir. Hüznlü notlar əsəblərimi tarıma çəkib. Musiqini dəyişirəm. “Paul McCartney – My Valentine”. Rəqsə dəvət edirəm. Həvəssizcə qalxır. Musiqi yarıya çatmamış əlimdən xilas olub, keçib kresloda oturur. Davam etməyin mənası yoxdur. İkimiz də çox gözəl anlayırıq ki, bu, sonuncu görüşümüzdür. Divanı açıb uzanıram. Səssizcə gəlib yanımda özünə yer edir. Baxışlarımız anidən toqquşanda özünü itirdi:


– Nə məsələdi?
– Məni bilirsən, sən toxunan kimi...
– Sürtüşək? (Sürtüşmək bizim sevişmək şəklimizdir. Çox iyrənc prosesdir.)
– Fərqi yoxdur.
– Soyunaq.
– Gözlə mahnını dəyişim.


Saksofon musiqisi açıram. Onun gecikən orqazmı məni bezdirir və bu, əsəblərimə toxunur. Doqquz gündür sevişmirik. Bu proses, yəni sürtüşmək nə qədər iyrənc olsa da, davam edirəm. Sürtüşməyimiz uzun çəkmir. Nəhayət ki, heç bir zövq almadığım proses bitir. Düz gözlərinin içinə baxıram. Bədəni toxunuşlarıma reaksiya vermir. Əslində son vaxtlar belə olub. Özünü təcrübəsiz, utancaq qız kimi aparıb yataqda. Amma yox, bəzən yataqdakı oyunları ilə məni heyrətləndirməyi də bacarıb. Bu qadın əsl şeytandır. Ya da əsl fahişədir. Hə, lap fahişələr kimi astaca inildəyir. Bu prosesin onun üçün də xoşbəxt sonluqla bitməsini istəyirəm. Nəfəs alıb-verməsi sürətlənir. Titrəyir və sakitləşir. Üzündə sırtıq bir təbəssümlə gözlərimin içinə baxır. Başımı göbəyinin üstünə qoyub gözlərimi yumuram.


– Yuyunmalıyam.
– Yaxşı.


Qollarımın arasında uzanıb. Fikirləri başqa yerdədir.
Sakitcə saçlarını tumarlayıram.


– Tez getməliyəm.
– Olsun.
– Anam bu gün sevgilisi ilə görüşəcək.
– Bəs atan?
– Atam çoxdan ölüb.
– Hmm. Darıxırsan onun üçün?
– Yox. Torpağın üzü soyuqdur.
– Sənin də əllərin...
– ....
– Susursan...
– Bilirsən, əslində sən mənim zövqümcə deyilsən e... Sənin kimi kişiləri heç sevməmişəm. Çox tüklüsən. Gərək yayda özümə yeni sevgili tapam. Sən qış üçün yaxşısan, – iyrənc zarafat etdiyinin fərqindədir, amma davam edir. – Sənin sadəcə adına görə sevgili olduq yəqin. Başqası olsaydı, yox deyərdim. Yəni tanınmış adam olmasan, yəqin ki, səninlə birlikdə olmazdım, – məntiqsiz izahatlarını davam etdirdikcə canım sıxılır.
– Bilirəm.
– Stress, müalicə, buraxılış imtahanları, işə qəbul imtahanı... Bütün bunlar bitsəydi rahatlayardım.
– Nə gözəl xəyallarımız, planlarımız vardı. Anan içinə pox qoydu. İndi isə arzusuz, ümidsiz və olduqca mənasız münasibət yaşayırıq. Sən isə bacardıqca çox giclik edirsən.
– Belə daha yaxşıdır. Heç nə gözləmədən, heç bir plan qurmadan sevişirik.
– Bəlkə də...
– Getməliyəm. Gecdir.
– Yaxşı.


Qapının kandarında son dəfə boynuma sarılıb dodaqlarımdan öpür. Beynimdə nə qədər saxta, nə qədər iyrənc olduğunu düşünürəm. Ürəyimdə söyürəm: “S...ir get, Rapunzel. S...ir get, sevgilim. Həyatımın 6-7 ayını da sənə xərclədim. Saçlarını da topla, s...ir get!”


Qayıdıb divanda uzanıram. Bütün bədənim keyiyib. Gərginəm. Olacaqlar sürətlə baş verib, bitsəydi və dadını çıxararaq intihar edə bilsəydim kaş ki...


Səhər açılar-açılmaz “Günaydın” SMS-i yazıb. Sulu və iyrənc romantika! Özümü tanıya bilmirəm. Bu, altı aydır davam edən ritualdır. İlahi, necə saxtakar qadın imiş! Hələ mən! Necə də meymuna çevirib məni. Kül mənim kişi başıma! Etdiklərindən, yaşadıqlarından, xəyanətindən xəbərim olduğunu bilir. Oyunlarını anladığımdan əmindir. Amma davam edir. Davam edirəm. Davam edirik. İyrəncdir. Çox iyrəncdir.


Narsis. Bütün gecəni oyaq olduğunu, başqasıyla yazışdığını bilirəm. Zatən son günlər məni qısqandırmaq üçün özünü lap axırıncı yola qoyub. Münasibətimiz onun üçün çox maraqlı macəra idi və bu sevgi oyunu bitib. Özünü məcbur edir. Kaş ki, s...rib getsə və mən intihar edə bilsəm.


Zatən məndən soyuyub. Onun üçün heç nə ifadə etmirəm. “Ayrılaq” deyib çıxıb getməyini gözləyirəm mən də. Bu gün “ayrılaq” desə, yox deməyəcəm. Artıq yetər. Artıq dəlicəsinə aşiq olduğum qadından və körpə qoxusunu xatırladan ətrinə alışdığım bədənindən iyrənirəm. Saçlarından yapışıb sürümək, başını divara çırpıb parçalamaq istəyirəm. Onu öldürmək istəyirəm. Üstəlik soyuqqanlılıqla danışdığı yalanlar, uydurduğu hekayələr, məndən alçaqcasına istifadə etməsi... Bir sözlə, bu münasibəti xilas edəcək gücdə deyiləm. Si...sin getsin! Rapunzel də si...sin, Narsis də. Polyanna onsuz da fahişə çıxdı. Bütün gecəni ərəblərin qucağından düşmür. Göyçək Fatimə AİDS-ə yoluxub. Güzgülərdə özünü bir p...x hesab edən Narsis. S...dir get, sevgilim, bu qədər saxtalıq sənə çox yaraşır. Qocalanda qırışmış sifətinlə və sallaq döşlərinlə çox iyrənc görünəcəksən.


...Uzun-uzadı yazışırıq. Mən lap qırsaqqız olub yapışmışam. Ayrılmaq istəmirəm. Yalvarıram. Ağlayıram. Amma bitdi. Hər şey bitdi. Havanın isti olmasına baxmayaraq, evdən çıxıb dəli kimi küçələrdə dolaşıram. Toz-torpaqlı küçələrdə, toz basmış ağacların arasındakı ucuz kafeyə girib bir parç pivə, 200 qram vodka sifariş verirəm. Vodka və pivənin qarışığı çox tez sərxoş edir. Sərxoşam. Hər şey qaydasındadır. Dünya məhvərindən oynayıb. Bundan zövq almaq lazımdır. Dünya dağılacaq. Onun gedişiylə bütün dünya dağılacaq.


...Üç gündür öküz kimi içirəm. Heç yuxum gəlmir. Hədsiz kökəlmişəm. Bədənimdən iyrənirəm. Lap donuz kimiyəm. Gözlərimi iki sutkadır yummuram. Onun yuxudan qalxıb işə getməyinə dörd saat var. Bütün gecəni yazmışam. Ona yazmışam. Ona yazdığım məktubları göndərəcəyəm və sonra... Üzümə su vurub evdən çıxıram.


...Taksi sürücüləri termosdan süzdükləri çayı sabahın bürküsünə baxmayaraq, hörtüldədə-hörtüldədə içirlər. Onlara yaxınlaşıb siqaret istəyirəm. Əlimdəki viski şüşəsini yarılamışam. Təklif edirəm sürücülərə. Heç biri istəmir. Ağzıaçıq şüşəni başıma çəkirəm:


– Qardaşlar! Üç-dörd saata mən cansız cəsəd olacağam. Bəli, mələk cildinə girmiş adi bir fahişəyə görə damarlarımı kəsmək üçün adam tutmuşam. Bəlkə başımı divara çırpıb partlatdım. Ya da düz ağzımın içinə soxacam “TT”-nin lüləyini. Soyuq dəmir və dəmir dadında qan... O, məni tərk edibsə, intihar ən yaxşı çıxış yolu ola bilər. Yaşlı sürücü cibindən siqaret çıxarıb yandırır və tüstünü acgözlüklə ciyərlərinə çəkir:


– Qardaşoğlu, nə gözləyirsən ki? Qadınlar belədir. Bilirsən bu binalarda nə qədər fahişə yaşayır? Hamısı da gözəl-göyçək. İnsanlar çox dəyişib. Hədsiz iyrəncləşib insanlar. İçində p...x olan varlıqdan nə gözləyirsən ki? Üstəlik qadındırsa, demək şeytanın yer üzündəki rəqibidir. Başını burax.
Taksi sürücülərindən ən cavan görünəni başını bulayır:


– Qadına görə özünə zərər vermə, qardaş, ayıbdır.
Yaxşı oğlan qadına görə öz canına qıymaz. Bu qadınlar hamısı eyni zibildir. Biri gedir, başqası gəlir.
– Yox, bu, başqa cür zibildir. Sevirəm bu qancığı. Həm də çox sevirəm. Başqasını yox ha, ancaq onu sevirəm...
– S...ir get burdan! – yaşlı taksi sürücüsü fəlsəfi söhbətini mükəmməl bir cümləylə yekunlaşdırıb yerə tüpürür.
– Sən təmiz gij...lağ olmusan.
...Evə gəlib atama zəng elədim. Yarıyuxulu səsiylə məni yola verməyə çalışdı. Ağlamağa başladım. Məcbur olub danışmağa davam elədi:
– Nə olub oğlum, niyə ağlayırsan?
– Narsis məni tərk etdi.
– Narsis kimdir?


...Saatlar keçib. Hər şey getdikcə gözümdən düşür. Hər şeyə nifrət edirəm. İyrənirəm. Yuxusuzam. İçirəm. Beynimdəki səs-küyü sakitləşdirmək üçün durmadan şərab içib, Tanrıya dua edirəm. Eyni qadınla iki dəfə evlənib, 3 dəfə ayrılıb yenidən birlikdə yaşlanmağa başlayan adamam. Həyatda qalmaq üçün çox şeyə ehtiyacım yoxdur. İçirəm, çəkirəm, yazıram. Onu çox sevirəm. Çox sevirəm! Hər gün daha da kökəlirəm. Qaraciyərim çöküb. Böyrəklərimdə daş var. Əsəblərim pozulub. Bu planetə aid deyiləm. Güzgülərlə aram pozulub. Hər halda valideynlərim məni bir günah sonrası başqa planetdə dünyaya gətirib və sonra yer kürəsinə atıb qaçıblar. Gerçək dünya çox narahatdır. Əzablarımı, iztirablarımı azaltmaq üçün qətiyyən ayıq gəzmirəm. Çünki sərxoşluq qırılmış qəlbimə çox yaxşı təsir etdiyini düşündüyüm ibtidai müalicə formasıdır. Saqqalım uzanıb. Saçlarımı sıfıra vurdurmuşam. Primatlar kimi dolaşıram küçələrdə. İyrənc görünürəm. Beynimdəki səs-küyü ətrafımdakılar eşitməsin deyə, əllərimlə başımı bərk-bərk sıxıram. Başımı bir ilan dəliyinə soxub gizlətmək istəyirəm. Ağırlaşmış bədənimi küçədən evə, evdən küçəyə az qala sürüyürəm.
Hansısa kitabda oxumuşdum ki, qatil gec-tez cinayət törətdiyi yerə geri dönür. Düz 35 saat keçib və mənim qatilimdən xəbər yoxdur. Bütün inandıqlarımı və oxuduqlarımı son addımı ilə alt-üst edib. İnana bilmirəm. Qəbul edə bilmirəm. Biləklərimdəki qəhvəyi çapıqlar səyrişir. Və bütün çapıqları xəyali xətlərlə birləşdirəndə onun üzü canlanır gözümün önündə. Bu çapıqların bir neçəsi onun saxtakar sifətinə çox gözəl yaraşardı. “Q..bə şramı”. Ömür boyu üzündə daşıyacağı və hansı günahının cəzası olduğunu xatırladacaq bir neçə mükəmməl çapıq. Necə gözəl görünərdi onun gözlərindən çənəsinə qədər uzanan möhtəşəm çapıqlar. Amma bunu etmək üçün hələ vaxtım var. Ona sonuncu hədiyyəsini vermək üçün zəng edib son dəfə görüşə çağırıram.


– Gələ bilmərəm. Yeni sevgilimə qarşı hörmətsizlik olar.
– Yeni sevgilinin anasını...
– .....
– Çox əclaf qadınsan. Şərəfsiz! Qancıq! Q...bə!
– ....
– Cavab ver də, niyə susursan!
– Rədd ol həyatımdan!
Qarışıq küçələri bir-bir keçib əlimdəki kağıza qeyd etdiyim və unutmamaq üçün tez-tez baxdığım ünvana çatıram. Tində mişar daşlarının üstündə 4-5 yeniyetmə oturub.
Salamlaşıram.


– Məni dostum göndərib.
– Nə istəyirsən?
– “Ot”. 2-3 kibrit qutusu. Bir də evdə mənim biləklərimi kəsib, sonra pulunu alıb s..dirib gedəcək bir könüllü.
– Düzələr, – bir-birilərinə göz vurub gülüşürlər.


Cəmi 100 dollara biləklərimin ikisini də səliqə ilə kəsir.
Damarımdan fışqıran qana fikir vermədən, tələsmədən, səliqə ilə işini görür. Mən siqaretə doldurduğum otu ləzzətlə ciyərimə çəkirəm. Uzun müddətdir belə həzz yaşamamışam.
– Planşet lazım olmayacaqsa, götürüm. Bir də viskini.
– Planşeti götür, viski qalsın.
– Telefon?
– Lazımdır. Zəng gözləyirəm.
– Uzağı yarım saata öləcəksən.
– Ölməyəcəm.


...Tavana baxa-baxa “Clair de Lune” bəstəsini dinləyirəm. Claude Debussy yeni kəşfimdir. Ölməmişdən əvvəl bu klassik bəstəkarı təsadüf nəticəsində kəşf etmişdim. Burada hər şey mükəmməldir. Şübhəsiz ki, cəhənnəmdəyəm. Narsis də, Edip də, Afrodita da, Eros da buradadır. İnanmayacaqsınız, amma həqiqətən də, Narsis buradadır. Cəhənnəmin qapısından girəndən bütün günü şərab içib, musiqi dinləyirəm. Anamı düşünürəm. Burada zəbanilər məni danışdırmır. Hərdən qır qazanından çıxarıb, o tərəf-bu tərəfimə baxıb, yenidən qazana atırlar. Bədənim bütün yaşadıqlarıma tərcüman olmağa kifayət edir. İstidir. Çox istidir.


İçdiyim içkilər ürəyimi bulandırır. Bir az öncə evin düz ortasına, xalının üstünə qusdum. Qan qusuram. Spirt qusuram. Nifrət qusuram. Kimsə qapını döydü. Qapı döyüldü. Açmadım. Tək yaşayırdım və qapımı sadəcə onun döyəcəyini bilirdim. Qapının açarı da sadəcə onda vardı. Bir daha döydü. Açmadım. Sonra özü qapını açıb içəri girdi. Yeni sevgilisiylə deyə-gülə yataq otağına keçdilər. Onun ayağı qana batdı. Əlləri də qan içindədir. Sonra barmağını biləyimdəki yaraya soxub, gülə-gülə qanlı barmağını yeni sevgilisinin alnına sürtdü.

# 16126 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #