Cəbrayılla Sayalını NKVD məcburi evləndiribmiş – “Tütək səsi”nə çəkilməyənlər

Cəbrayılla Sayalını NKVD məcburi evləndiribmiş – “Tütək səsi”nə çəkilməyənlər
1 fevral 2020
# 09:00

Kulis.az Rasim Ocaqovun “Tütək səsi” filminin təhlilini təqdim edir.

1976-cı ildə premyerası baş tutan “Tütək səsi” İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin əsasında ekranlaşdırılıb. “Saz” iki oğlu müharibəyə gedən, gəlinləri və nəvələri ilə yaşayan İsfəndiyar kişinin xiffəti, qorxuları, tərəddüdləri haqdadır. Qara xəbər verən məktubları sahiblərindən gizlədən Milli obrazı da bu povestdə yer alıb. Kənd sovetinin sədri Qılınc Qurban “Saz”da mərkəzi fiqurlardan biridirsə, “Tütək səsi”ində ikinci plana keçir. O, əsgər ailələrinin namusunu qoruması adıyla insanları manipulyasiya edir, onların şəxsi həyatına soxulur, ürəklərinə şübhə toxumu salır və sərt, repressiv moralizmi ilə sovet avtoritarlığını simvolizə edir. Filmdə də Qılınc Qurban (Yusif Vəliyev) demək olar ki, eyni rakursdan göstərilib. O, Cəbrayılla Sayalıya məhkəmə qurur, ictimai qınağı onlara yönəldir. Rejissor onun mövqeyinə - “əsgər namusuna sataşmağın” müharibə şəraitində tendensiyaya cevrilməsinin baş verə biləcəyi ilə haqq qazandırır.

Gallery

Filmdən fərqli olaraq, “Tütək səsi” povestində kolxoz sədri Cəbrayıl və Söylü (filmdə Sayalı) NKVD tərəfindən şərə salınaraq məcburi evlənirlər. Cəbrayılın adamlıqdan çıxması NKVD-in alçaltma aktından sonra başlayır. Psixoanalitik rakursdan baxsaq, sistemin vurduğu psixoloji, mənəvi travma (bunun üstünə bir də camaatın Cəbrayılı linçləməsini gələk) nəticəsində Cəbrayıl qəddarlaşır. Hərçənd, Cəbrayılın davranışında özünə olan qəzəb, sanki özündən qisas alma daha çox duyulur. Hətta əsərdən Cəbrayılın sistemin qurban olmasını göstərən bir passajı diqqətinizə çatdırım: “Məsələnin məğzini öyrənib bilməmiş daşa tutduq Cəbrayılı, Əzrayıl etdik”. Və yazıçı Cəbrayılın müharibədə ölkənin qələbə çalması naminə çarpışdığını da gözardı eləmir.

Gallery

R. Ocaqovun yozumundakı Cəbrayılın (Mixail Volontir) xarakterində isə daha çox ikinci amil-öz işinə vicdanlı yanaşması, zəhmətkeşliyi önə çəkilir. Onun sərtliyi prinsipiallığından, bir az da camaatın Sayalıya (Liya Eliava) olan sevgisindən dolayı göstərdiyi basqıdan qaynaqlanır. Kinoəhvalatda Cəbrayılla Sayalının evlənməsi təsadüfi, sistemin tələsi kimi göstərilmir. İsfəndiyar kinoobrazının dil ilə desək, hadisə “ürək-könül məsələsiydi” və münasibətlər keçmişə söykənirdi. Bütün hallarda rejissorun mövqeyində Cəbrayıla - əsgər arvadı ilə evlənməsinə münasibətdə qınaq hiss olunur. Yəqin rejissorun belə mövqeyi təsadüfi deyildi. Kinostudiyada ssenari təsdiq olunanda rəhbərlik müahfizəkar mövqedən yanaşaraq həmin epizoda etiraz eləmişdi. Hətta əsərin müəllifi İsa Hüseynova deyilib ki, ssenaridən bu hissə çıxarılsın. Müəllif isə razılaşmayıb və onun bədii təxəyyülün məhsulu olduğunu deyib.

Gallery

“Azərbaycan kinosunda qadın obrazı” adlı araşdırmamda qeyd etdiyim səhnə haqda detallı yazmışam: “Cəbhədə əri ölən Sayalının kolxoz sədri Cəbrayılla ailə qurduğunu biləndə bütün kənd ayağa qalxır. Kənd əhli onların hələ gəncliyində bir-birini sevdiyini nəzərə almır, izdivacın könüllülüyünü heç cür qəbul etmir. Camaatın düşüncəsinə görə, kolxoz sədri əsgər namusuna sataşıb, əsgər arvadı isə namussuzluq edərək ərə gedib. Hətta Cəbrayılın dürüst, qayğıkeş kolxoz sədri olmasını belə kənd əhli gözardı edir, çünki qadın namusu dürüstlükdən vacibdir. Maraqlısı rejissor Rasim Ocaqovun bu məqamlara neytrallığının sezilməməsidir. Filmin təkcə iki epizodu onun kişimərkəzçiliyini üzə çıxarır. Birinci epizod kəndlilərin yeni evlənənlərin yaşadığı evin qarşısına yığışaraq izahat tələb etməsidir. Müəllif əri cəbhədə ölən İsməti (nominalistik yanaşsaq, ismət namus, həya deməkdir) Sayalı ilə qarşı-qarşı qoyur. Sayalının doğru davranmadığını, “Qara kağız alan tək sən deyilsən. İndi biz neyləyək? Deyirsən sənin kimi eləyək?!” ittihamını irəli sürən İsmətin oyunu təmkinli, müqəddəslərə xas əzablı, məsum ifadə ilə yüklənir. Sayalı isə əsəbi və ötəri bir ehtirasının köləsi olan qadın kimi təsvir olunur. Beləliklə də, müəllif İsməti simpatikləşdirərək Sayalını ona uduzdurur. İkinci epizod Sayalı və Cəbrayılın yataq səhnəsində güzgünün qəfil sınmasıdır. İnanc mədəniyyətimizdə güzgünün sınması bədbəxtlik kimi yozulur. Güzgü sınması kadrından öncə Sayalı ərinə “camaat bizə xeyir-dua verməyibsə, xoşbəxtlik yoxdur” deyəndə onun üzündə peşmançılıq duyulur və həmin anda güzgünün sınması – metaforik yanaşma ilə izdivacın doğru olmaması fikrinə müəllif tərəf olur”.

Bundan başqa kadrarxası əhvalatı danışan Nurunun (Ötkəm İsgəndərov) intonasiyasında da Cəbrayıla rəğbət duyulmur, o, Sayalının əri Muxtarı simpatikləşdirir. Burada təhkiyəçi həm də rejissorun mövqeyini ifadə edir. Çünki filmə kadrarxası səs sahibinin gözüylə baxırıq.

Gallery

“Tütək səsi” filmi povestdə olduğu kimi birinci şəxsin dilindən Tahir müəllimin oğlu tərəfindən danışılır. Ayrı-ayrı yan süjetlər, müharibə şəraitində çətin yaşayış, Cəbrayılla Sayalının sevgisinin sorğulanması əsasən insanların arxa cəbhədə fədakarlığı xəttinin ətrafında bütünləşir. Cəbrayıl-Sayalı münasibəti əhvalata melodram janrının elementlərini qatır. Ancaq dediyim kimi arxa cəbhədəki fədakarlığın əsas olması, üstəlik, onların sevgisinin ictimai qatda işlənərək mübahisələndirilməsi dram janrının statusunu gücləndirir.

Natura çəkilişləri (Qusarın Xuray, Əniğ, Urva və digər kəndlərində çəkilib), kütləvi səhnələrdə kənd əhalisinin (500 nəfərə yaxın kənd sakini) iştirakı, real portret planlar əhvalata dokumental ton gətirir.

Gallery

Filmin ən üstün cəhətlərindən biri rejissorun musiqi ilə (bəstəkar Aqşin Əlizadə) işləmək bacarığıdır. Dəfələrlə filmlərimizdə izafi və mövzuya adekvat olmayan musiqinin səslənməsinə, onu təsviri sıxdığına, süjetlə həmahəng olmadığından yazmışam. Rasim Ocaqov naturada səslənən (İsfəndiyarın “Ruhani” çalması) və kadrarxası musiqidən istifadə edir. Aqşin Əlizadənin minimal musiqisinin uyğun yerləşdirilməsi nəticəsində təsvirlər sıxılmır, görünməz qalmır. Əksinə musiqi təsvirlərin ritmi ilə ayaqlaşaraq onun zəruri həlqəsi ola bilir. İsfəndiyarın (Məmmədrza Şeyxzamanov ) gözünə görünən əsgəri təqibi səhnəsində həyəcanı, əndişəni ifadə edən musiqi personajın ovqatı, səhnənin ritmi ilə uyuşur. Yaxud İsfəndiyarın qulağına saz səsi gəlir, o, “Ruhani”nin müşayiəti ilə həyəcanla evə qaçır (zənn edir ki, oğlu müharibədən qayıdıb, sazı çalan da odur) və otağa girib sazın divardan asıldığını görəndə musiqinin qəfil kəsməsi səhnənin emosional təsirini gücləndirir. Ümumiyyətlə, filmdə səslə də yaxşı işlənilib. Yuxarıda dediyim səhnədə musiqinin qəfildən kəsilərək meşədəki qurd-quşun səsiylə əvəzləməsi psxiloji trillerə xas naməlumluq, qeyri müəyyənlik effektini verir. Və ya Cəbrayıl Sayalının evinə gələndə onun yaddaşındakı xatirə-səslə (Muxtarla evlənən Sayalıya, Cəbrayılın onu toy günü qaçırmaq istədiyini deməsi ) həllini tapır və bunun da öz növbəsində dramaturji təyinatı var. Yəni biz xatirə-səslə onların sevgisinin bir tarixçəsinin olduğunu öyrənirik.

Gallery

Kənd sakinlərinin tarlada çalışmasının iri planlarla, müxtəlif baxış nöqtələri ilə fraqmentləşdirilməsi müharibə dövrünün gərgin tempini çatdıra bilir.

“Tütək səsi” Rasim Ocaqovun “Qatır Məmməd”dən sonra ikinci tammetrajlı bədii filmidir. O, Cəbrayıl rolunda Qatır Məmməd obrazına çəkdiyi Şahmar Ələkbərovu görmək istəyirdi. Çəkilişlər başlananda Şahmar Ələkbərov ağır xəstələnir. Ona görə rejissor moldavan aktyoru Mixail Volontiri dəvət edir. Onun personajını isə Şahmar Ələkbərov səsləndirib.

Gallery

Tapdıq rolunun ifaçısı Akif Əli uzun müddət Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib.

Cəbrayılla Sayalının evinin qarşısındakı səhnə milis maşınlarının nəzarəti altında çəkilib. Kənd camaatına elə gəlib ki, aktyor doğrudan da əsgər namusuna sataşıb. Ona görə Volontiri döymək istəyiblər.

Şeyxzamanovun “Ruhani” çaldığı kadrı doqquz dubla çəkilib.

Moskvada Bədii Şura filmi ilk baxışdan qəbul etməyib. Onların fikrincə, Cəbrayılın işləmək istəməyən gənclərlə sərt rəftarı sovet vətəndaşına yaraşmayan hərəkət idi. Ona görə rejissor həmin səhnəni yenidən lentə alır.

# 32233 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #