Ağabəy Sultanov

 Ağabəy Sultanov
19 oktyabr 2012
# 09:31

Biz yeniyetmə olanda adətən “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir” sitatı ilə başlayan veriliş vardı “Ailələr və talelər” adında.

Ailə institutunun problemlərindən bəhs edən verilişdə münaqişəli ailələrdən gələn məktublar əsasında müzakirələr aparılırdı.

Verilişin iki daimi qonağı vardı: biri mühafizəkar kəsimi təmsil edən, qoyulan məsələlərə adətən dini-milli dünyagörüşü prizmasından yanaşan Təvəkkül Səlimov, digəri isə Ağabəy Sultanov.

Bu verilişlərdə o, ikinci tərəf idi. Qərb tərəf. Müasirliyin tərəfdarı. Elmin tərəfdarı. Bir az ekstarvaqant, parlaq geyimi ilə seçilən Ağabəy müəllim həlim səsi ilə tamaşaçıların qəlbinə işləməyi bacarırdı.

Qoyulan məsələlərə elmi yanaşmalarla toxunur, məsələnin kökünü, psixiatrik tərəflərini axtarmaqla yanaşı müasir ailə modelindən danışır, onun problemlərinə toxunurdu.

Qadınların xələt geyməsi təzə dəbə minmişdi. Bütün qadınlar ev paltarı kimi allı-güllü xələtlərdən geyinirdi. Bir dəfə Ağabəy müəllim dedi ki, bu xələtlər ev üçündür, bununla bayıra çıxmaq, mağazaya getmək yaramaz. Bilmirəm, onun məsləhətini sırğa edən oldumu? Amma o hər cür incə məsələlərə toxunmağı bacarırdı.

Sonralar bu cür verilişlər əksər televiziyalarda yayıldı. Bunların da bir çoxunda Ağabəy müəllim iştirak edirdi. Ailə münaqişələri müzakirə olunanda birinci tərəf adət-ənənələrdən, gəlin-qaynana münasibətlərində ənənəviçilikdən, elçilikdə qədim adətlərdən, mentalitetdən danışırdısa, Ağabəy müəllim tamam başqa prizmadan yanaşırdı. ”Bizim qədimdən gələn adətlərimiz var, milli dəyərlərimiz var ” demirdi.

Ağabəy müəllim televiziya məkanında sırf ailə institutu ilə bağlı məsələlərdə avtoritet idi. Onun yanaşmasına heç kəs qarşı çıxa bilməzdi. Çünki elm adamı idi, təbiətən də müasir idi. Qərbdə müasir ailə modelləri haqqındakı yeni tezislərdən xəbərdardı. Sən onunla razılaşmaya bilərdin. Amma onun fikirlərinə hörmət etməliydin.

O, tərəzinin ikinci gözü idi. Tarazlıq idi. Onun varlığı uzun müddət bu tarazlığı qorumuşdu. Əgər yenilənən dünyada, kapitalizmin, yeni formasiyanın gətirdiyi deformasiyalara əksəriyyət mühafizəkar baxış sərgiləyirdisə, Ağabəy müəllimin sayəsində ikinci tərəf yeni yanaşmalarla tanış olurdu. Hətta istəmədən müasirləşməyə məcbur olan ailələr belə ona qulaq asanda toxtaqlıq tapırdılar.

Ağabəy müəllimin vəfatından sonra bu məsələlərlə bağlı nəhəng boşluq yarandı. Onun yerini dolduran olmadı. Onun söhbətləri tarazlığın qorunmasına xidmət edirdi. Onun söhbətləri cəmiyyətin mühafizəkarlaşmasına imkan vermirdi. Balansı qoruyurdu. Çağdaşlaşmaq istəyənlərin də tutacaqları bir yer olurdu.

Bu çox vacib idi. Onun yerinin doldurulması hava-su kimi vacibdir. O, labirintdən çıxış yolu idi. Mayak idi.

Əgər bir nəfər hər hansı bir ailə münaqişəsi ilə bağlı qədim adətləri misal gətirirsə, “bizim adətlərimiz vardı”, “ata belə olar”, “ana belə olar”, “oğul, qız, gəlin, qaynana belə olar”, “mentalitetimiz var”, “bizim ailə adət-ənənələrimizdən dünyanın heç bir xalqında yoxdur” deyirsə, həmin adamın qarşısına çıxıb “dünya təcrübəsində bu var, bu elmi yanaşmalar var” deyən yoxdur artıq. Buna görə də bu verilişlər problemin həllinə, yeni yanaşmaların tapılmasına xidmət etmir, sadəcə qeybət xarakteri daşıyır.

Dünən türk kanallarından birində “Kapitalizm və yalnızlıq” mövzusunda bir verilişə baxdım. İki sosioloqun fikirlərini, onların yanaşmalarını dinlədim. Kapitalizmin yeni mərhələsində türk ailələrindəki dəyişikliklərdən, istehlakçı cəmiyyətin ənənəvi türk ailəsinə gətirdiyi yeniliklərdən danışdılar.

Əlbəttə elmi əsaslarla, əyani sübutlarla, artıq bu mərhələni keçmiş qərb cəmiyyətindən praktiki misallar gətirməklə, bu dəyişikliklərin əks olunduğu filmləri, bədii əsərləri nümunə göstərməklə.

Və mən bir anlıq Ağabəy Sultanovu xatırladım . Tərəzinin boş qalmış gözünü.

# 3882 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #