Bir xatirə - İsi Məlikzadənin hekayəsi

Bir xatirə - İsi Məlikzadənin hekayəsi
7 yanvar 2020
# 08:58

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Bir xatirə”dir.

Təzə paltarın mübarək!

Bunu mənə çox adam deyir. Ağımtıl zolaqlı, maviyə çalan, son dəbdə tikilmiş kostyumu bu gün birinci dəfədir ki, geyirəm. Kostyum təzədir, lap təzə. Yaxşıca ütülənmiş şalvar əynimdə şax dayanıb. Qollarımı çox tərpətmirəm ki, pencək əzilər. Sevinirəm. Elə bu an ürəyim sıxılır, özümü narahat hiss edirəm. Uşaqlıqdan beynimdə iz salmış acı bir xatirə bu sevincimi alt-üst edir. Mən həmişə təzə paltar geyəndə belə oluram. Hələ üstünə ləkə düşməmiş, ütüsü pozulmamış şalvar mənə həmişə Əzizi xatırladır, ağır günlərin qonşusu Güllü xalanı xatırladır. Hardasan, Əziz? Güllü xala sağdırmı? Niyə səni unuda bilmirəm? Çox əhvalatlar yadımdan çıxıb, çox hadisələri unutmuşam. Lakin sənin göz yaşlarını unuda bilməmişəm. Ömrümdə bircə dəfə gördüyüm göz yaşlarını...

***

Atam müharibəyə getdi. Anamla ikimiz qaldıq. O zaman mən üçüncü sinifdə oxuyurdum.

Bir səhər yuxudan oyanıb gözlərimi ovuşdura-ovuşdura bayıra çıxdım. Çəpərin o tərəfində, çiy kərpicdən tikilmiş kürsülü evin eyvanında özüm boyda bir oğlan gördüm. Gözləri iri, bənizi solğun, boğazı nazik uşağı tanımadım. Anam diqqətlə baxdığımı görüb dilləndi:

- Dağ yerindən köçüb gəliblər. Bir anadır, bir bala. Onun da atasını əsgər aparıblar.

“O da mənim kimidir. Onun da atası yanında yoxdur” – deyə düşündüm.

Axşam ana-bala bizə gəldilər. Anam pencərdən sıxma bişirmişdi. İkisinə balaca boşqabda yemək çəkdi. Oğlan əvvəl anasına, sonra mənə baxdı. Gözləri gözlərimə sataşanda başını aşağı dikdi. Yeddilik lampanın zəif işığında uşağın sifəti daha solğun görünürdü. Şirələnmiş divarda onun əyri, qara kölgəsi titrəyirdi. Anası oğlunu dümsükləyib, əlini yeməyə uzatdı. Elə bil oğlan buna bənd imiş. Sümükləri çıxmış nazik barmaqları ilə pencəri qamarlayıb ovcunun içində ağzına apardı. Mənə elə gəldi ki, o, yumruğunu ağzına qoydu. İki-üç dəfə çənəsini endirib qaldırdı. Deyəsən, sıxmanı çeynəmədən, uddu. Ana əlini ləng tərpədir, tez-tez köksünü ötürürdü. Oğlan üçüncü dəfə əlini boşqaba uzatdı, yemək qurtardı. Mən doymadım, yəqin ki, anam da doymamışdı. Ürəyimdə anamı məzəmmətlədim:

“Niyə onlara da verdi? Hamısını özümüz yesəydik, ac qalmazdıq”.

Qonşu arvad anamdan xahiş etdi ki, onun oğlunu özümlə məktəbə aparım. Axırda dedi:

- Mənim bircəm də üçüncüdə oxuyur. Burada heç kimi tanımır. Həm də utancaqdı... Bir-birlərinə həyan olarlar.

- Arxayın ol, Güllü bacı, – deyə anam cavab verdi. – Bizim Həmzə ağıllı uşaqdı, Əzizi tək buraxmaz.

Güllü xala dil-ağız elədi, oğlunun əlindən tutub getdi. Anam yer saldı. Uzandım. Qara çitdən üz çəkilmiş uzun nazik yorğanı boğazıma qədər dartdım. Anam da soyunub mənim yanıma girdi.

- Eh, yazıqlar, – deyib yanıqlı-yanıqlı köks ötürdü.

- Kim, ay ana?

- Onları deyirəm.

Yorğanın altında büzüşdüm. “Yazıqlar. Niyə yazıq olurlar? Yazıq bizik ki, gəlib çörəyimizi yedilər, doymadıq”.

***

Məktəbə gedirdim. Darvazanın qabağında Əzizə rast gəldim. O, məni gözləyirdi. Dinməz-söyləməz yanından keçdim. Ardımca gəldi. Deyirlər, uşaqlar bir-birilə tez ünsiyyət bağlayırlar, ancaq mənə elə gəlir ki, bu söz bizə, qanlı-qadalı illərin min-bir ehtiyacını görmüş uşaqlara aid deyil. Biz də o zaman böyüklər kimi az gülürdük, az yeyirdik. Bizim də gözlərimizə kədər kölgəsi çökmüşdü...

Əziz mənə yaxınlaşmağa can atır, məktəbdə böyrümdən əl çəkmirdi. Evə qayıdanda yolboyu danışmırdı. Mən isə, nədənsə, bu qərib oğlanın yanında özümü dartırdım. Biz bir-birimizə çox gec isinişdik.

Əzizin anası hansı idarədəsə süpürgəçi işləyirdi, gündüzlər evdə olmurdu. Əziz pəncərənin qabağından çəkilmirdi, elə bil həyətə çıxmaqdan qorxurdu. Bir axşamüstü onlara getdim. Əziz bardaş qurub oturmuşdu. Əlində bir stəkan süd vardı. Məni görcək gözləri sevinclə parıldadı. Gah anasına, gah əlində tutduğu stəkana baxdı. Güllü xala ağır-ağır ayağa qalxdı. Mənə bir fincan süd gətirdi.

- İç, bala.

Duruxdum. Əziz yerindən durub, qabağımda dayandı.

- İç, Həmzə, – dedi və stəkanını yuxarı qaldırdı.

Zərli fincanın yarısından olan südü başıma çəkdim. Dodaqlarımı yaladım. Qaynar, yağlı süd... Bunu hardan alıblar? Onların ki heyvanları yoxdur.

...Havalar soyudu. Pencər də qurtardı, tut da qurtardı, böyürtkən də. Qar gəldi, tufan gəldi. Dərdlərin üstünə bir dərd də artdı: isti paltar olmasa bu soyuqda, bu qiyamətdə evdən çıxmaq olarmı?

Biz oxumaqdan qalmadıq. Əziz də, mən də qalın qarı ayaqlaya-ayaqlaya məktəbə getdik.

Axırıncı dərs qurtaranda sevinirdik. Evimizə, isti sobanın qırağında kürəyimizi qızdırmağa tələsirdik.

Əziz başına bağladığı yun örtüyün uclarını çənəsinin altında düyünləyirdi. Onun üstündən günlüyü əzilmiş köhnə şapqasını qoyurdu. Dolaq sarıdığı ayaqlarını nazik çusta güclə pərçim edirdi. Anasının qalın corablarını geyib boy yerinə qədər çəkirdi. Yaydan bəri əynindən çıxarmadığı bozarmış şalvarın cırığından corabın sapları görünürdü. Soyuğun şiddətindən Əzizin sifəti göyərmişdi. O, mənimlə daban-dabana gedərdi. Mən qarı yarardım, Əziz ayaqlarını mənim izimə qoyardı. Heç olmasa mənim əynimdə qalın pencək vardı. Çəkmələrim su buraxsa da, yenə Əzizinki kimi çust deyildi.

Qış girəndə atamın şalvarının balaqlarını, yanlarını anam kəsib düzəltmişdi, belini büzmələmişdi.

- Əynindəki cırılanda bunu geyərsən, – deyə onu büküb qara çamadanımıza qoymuşdu.

Elə sevinirdim ki. Şalvarın ütüsüz olduğu, yöndəmsiz tikildiyi gözlərimə görünmürdü. Bircə onu bilirdim ki, şalvarım var, vəssalam.

Səbirsizliklə gözlədiyimiz istirahət günü gəlib çatmışdı. Bu gün dörd divarın arasında tir-tir əsməyəcəkdim. Bu gün Əziz partada bardaş qurub ayaqlarını altında qızdırmayacaqdı.

Axşama yaxın idi. Bir boşqab əriştə içib uzanmışdım. Əzizlə anası içəri girdilər. Özlərini sobaya yaxın verib qızındılar. Anamın bir gözü Əzizin cırıq şalvarında idi. Arvad gah başını bulayır, gah köks ötürür, gah dodaqaltı deyinirdi. Anam nə fikirləşdisə, tez ayağa qalxıb meşin dəstəli qara çamadanı açdı. Mənə düzəltdiyi şalvarı götürüb, Güllü xalaya uzatdı.

- Ver, Əziz geyinsin, Həmzəninki hələ isbatlıdı.

Dünya gözlərimdə qaraldı. Qulaqlarım elə qapandı ki, Güllü xalanın dil-ağız elədiyini də eşitmədim.

Mənim şalvarımı apardılar, geyəcəyim günü həsrətlə gözlədiyim şalvarımı. Otaqda dayana bilmirdim. Gah qapını açıb, küləklə qarın süpürülməsinə baxırdım, gah sobanın yanına gəlirdim, gah da pəncərənin qabağına. “Gör anam neylədi. Şalvarımı özgəyə niyə verdi? Bəs özüm nə geyəcəm? Əynimdəki şalvarı da cıracam, görək anam mənə nə tapıb verəcək”. Ağlamaqdan özümü güclə saxlayırdım. Hirsimdən əllərim əsirdi. Anamın gözlərindən yayınıb bayıra çıxdım. Çəkmələrimi axtardım. Yadıma düşdü ki, içəridə qalıb. Ayaqyalın, başıaçıq Əzizgilə qaçdım. Zərblə qapını itələdim, qapı taybatay açıldı. Şalvar Əzizin əynində idi. Sevincdən onun rəngi dəyişmişdi. Gözlərindəki kədər yox olub getmişdi. O, gülə-gülə mənə tərəf gəldi. Məni isə qəhər boğurdu.

- Çıxart şalvarımı! – deyə qışqırdım.

Elə bil Əzizi ilan vurdu. Yerinə mıxlandı. Dodaqları səyirdi. Mən bir də bağırdım:

- Tez ol, şalvarımı ver!

Əziz udqundu. Nazik boğazındakı göy damarlar da tərpəndi. Məyus-məyus anasına baxdı. Arvad da tutulmuşdu. Əzizin imdad diləyən gözləri yenidən mənə dikildi. Boğazımda düyünlənib qalmış qəhəri güclə boğub dedim:

- Çıxart.

- Çıxart, bala, – deyə Güllü xala səsləndi.

Əzizin uzun kirpikləri bir-birinə dəydi. O, əvvəl içini çəkdi, sonra hönkürdü. Anasına qısıldı. Ağladı, bərkdən, yana-yana ağladı.

Şalvar qollarımın üstündə idi. Evdən çıxdım. Qapını örtməyi də unutmuşdum. İçəridə Güllü xalanın səsi Əzizin hönkürtüsünə qarışmışdı:

- Allah, nemesin çərxini döndər! Balam yamaqlı şalvara həsrət qalıb!

...Artırmaya qalxdım. Anam heykəl kimi qabağımda dayanmışdı. Sifətimə dəyən şillə gözlərimdən od çıxartdı. Başım gicəlləndi. Şalvar əlimdən düşdü. Anam peşman olubmuş kimi məni bağrına basdı, üzünü üzümə sürtüb ağladı...

Şalvarı Əzizə qaytara bilmədim. Xəcalətimdən onun gözlərinə görünmürdüm. Ondan qabaq çıxıb məktəbə qaçırdım. Dönüb geri baxırdım. Əziz gəlirdi, ayaqlarını mənim izimə qoya-qoya gəlirdi.

***

Ağır günlərimin yol yoldaşı. Köçüb getdin, bilmirəm haradasan. Bilmirəm, evlisən, ya subaysan. Yəqin ki, evlisən. Axı, biz yaşıdıq. Mənim iki uşağım var. Harada olursan ol, Əziz, sənə bircə sözüm var: elə çalış ki, balaların yamaqlı şalvara həsrət qalmasın. Elə çalış ki, Güllü xala – əgər sağdırsa – əllərini göyə qaldırıb fələyə qarğış yağdırmasın. Çalış, qardaş. Mən də çalışıram. Birlikdə çalışaq. Hamımız çalışaq, qoy o günlər geri qayıtmasın.

1962

# 4070 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #