Bakıda pul paylayan “səxavətli” aparatlar

Bakıda pul paylayan “səxavətli” aparatlar
22 noyabr 2019
# 14:30

Bakıda yeni aparatlar quraşdırılıb; yaxınlaşıb pul istəyirsən, o da verir. Beləcə də deyirlər, “pul paylayır”. Amma məsələni bir az da incələyəndə bəlli olur ki, aparatlar pul paylamır, kredit verir. Şəxsiyyət vəsiqəni və barmaq izini təqdim edirsən, “səxavətli aparat” sənə əvvəlcə 20 manat verir. Bu pulu xərcləyirsən, 5 gündən sonra 21 manat qaytarırsan. Hə, sən əgər bir manata görə aparata atmasan, borcunu qaytarsan, bu “centlmen dəmir parçası” səni daha böyük məbləğli borcla - 40 manatla “mükafatlandırır”. Bu borc, beləcə, sənin dürüstlüyünə uyğun olaraq, 1000 manata qədər qalxa bilir.

Yaman tələdir! Təsəvvür edin, “havayı pulu” çox şirin görən gözəl həmvətənlilərim yəqin ki, bir neçə ay - yəni ən böyük məbləğli borcu alana qədər dürüstlüyünü qoruyub saxlayacaq. Həmin vaxta qədər də qaytardığı faizlərlə aparatlar qazanacaq. İnanmırsınızsa, həmin məkanlara baxın. Elə ilk gündən aparatların qarşısı adamla doludur; lap 90-cı illərdə çörək mağazalarının qabağı kimi.

Nə kəramətdirsə, bizim adamlar kreditə “havayı pul” kimi baxır. Halbuki belə “havayı pul”a nail olanlar bir neçə gündən sonra cibindən itirir, aldığı pulun üstünə bir az da qoyub qaytarır. Bəs bunun nəyi havayı oldu?

Aparatların qabağına toplaşan adamlara baxın, hamısı işsiz. Çoxu da etiraf edir ki, pulu qaytarmayacaq. Amma daha çox pul götürmək üçün aldıqlarını qaytaracaqlar - bəllidir. Bu gün onların üzünə baxanda isə hər şey aydın görünür; inanın, qınayan olmasa, aparatı şələləyib evinə aparar. Qardaşının, atasının etimadını itirən, 20 manat pula ehtiyacı olanda bu gözəlim ölkədə borcverən tapmayanda bu dəmir parçasından ümid umar. O adamlar ki orada durublar, onlar yaxınında olan hər kəsin şəxsiyyət vəsiqələrini toplayar, barmaq izinə görə xəlvətcə - yuxuda, metroda, parkda insanların barmaqlarını da qoparar.

Mən isə bu aparatlara bir “sosial test" kimi baxıram. Görəsən, sözügedən sistem Azərbaycanda işləyə biləcəkmi?

Bilirsinizmi, bu qurğular nə zaman səxavətli olardı, nə zaman onların verdiyi pul havayı sayılardı?

O zaman ki, yaxınlaşaydın aparata, dinləmə düyməsini basaydın, öz faciəni, hekayətini aparata danışaydın. Niyə 20 manata görə bir dəmir parçasına ümid bağladığını sentimental notlarla aparata deyəydin. Aparat səni dinləyəydi, durumuna, hekayət danışmaq qabiliyyətinə qiymət verəydi, sonra ekranda yaşıl yazılar yazılardı: “Sizin durumunuz, hekayətiniz və qabiliyyətiniz bir soyuq dəmir parçasını riqqətə gətirdi. Vəziyyətdən çıxmaq üçün sizə 50 manat pul təklif edirik. Gözəl günlərdə görüşək”.

Danışdığın hekayət zəif olduqda isə aparatdan kobud siqnal gələydi və qırmızı hərflərlə yazılaydı: “Yaşantınız sizə pul qazandırmır. Zəhmət olmasa, bir az da əziyyət çəkin”.

# 8419 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #