writer1

Ayxan Ayvaz

Məqalə sayı

421
clock11:20 calendar-gray 20 Noyabr 2019 view-gray1459 dəfə oxunub
view-gray1459 dəfə oxunub

Adam da bu qədər qız sevərmi?

Kulis.az Ayxan Ayvazın hazırda həqiqi hərbi xidmətdə olan dostu yazar Orxan Həsəniyə yazdığı məktubu təqdim edir

Salam, Həsəni! Məktuba giriş vermək romana başlamaqdan çətinmiş. Roman demişkən, eşitdim əsgərlikdə roman yazmağa başlamısan, üstəlik evə də ismarış yollamısan ki, qalın-qalın dəftərlər göndərsinlər.

Qoy bir zarafat eləyim, keçək növbəti abzasa: mülkidə yaman yazırdın, bir də əsgərlik çıxdı başımıza.

Zarafat bir qırağa... Mənə öz əsgərliyimi xatırlatmışdın onda, Həsəni.

Darıxırdım hər qalx komandasında.

Bizim kimi adamların yeri deyil axı əsgərlik.

Bir yer var idi, hamıdan gizlənmək üçün qaçıb gedirdim ora.

Həyəcan verilirdi diviziona.

Bütün əsgərlər qan-tər içində məni axtarırdılar. Tapanda da söyürdülər. Gülüş işarəsinin yeri məlum.

Çətin idi mənə, Həsəni!

O yerə də ona görə gedirdim ki, özümlə danışım.

Danışacaq heç kim yox idi.

Borxesi, Kereti, Pamuku qoydum qırağa, Allahın Səməd Vurğunundan xəbərləri yoxdu.

O yeri özümlə danışmaq üçün tapmışdım.

Amma əsgərlikdə hər şeyin üstü tez açılır. Yəqin bilərsən.

Komandir məni otağında danladı.

Dedi, bura xidmətə gəlibsən, əsgər, ağıllı ol.

Sən demə, Həsəni, bizim o Səməd Vurğundan da xəbərsiz əsgər yoldaşlarım söhbəti hardansa eşitmişdilər.

Gecə yat komandasından əvvəl bölüyün “starşi”si düzdü bizi.

- Qoca, - mənə belə deyirdilər, aralarında ən yaşlısı mən idim, - sənə “kaptyorka”da yer ayırmışıq. Boş vaxtlarında gəlib yaza bilərsən.

Qulaqlarıma inana bilməmişdim, Həsəni.

Yazmaq nə amansız şey imiş.

Düzdü, bədii nəsə yaza bilmədim. Amma maraqlı xeyli qeydlər götürdüm. 100 vərəqli dəftərim dolmuşdu. Heyf! Onu da yoxlamadan gələn polkovnik əlimdən aldı.

- Əsgər, bu sənə gərək deyil. – dedi və ondan sonra heç nə yazmadım.

Sənin yazmaq eşqini, ədəbiyyat sevgini bilirəm.

Atan ki deyəndə gecə durub telefonun işığıyla kitab oxuyur, Şəriflə göz-gözə gəldik: bu dəliliyin başlanğıcıydı.

Bizi soruşası olsan, yaxşıyıq, yenə görüş yerlərimiz 28 May, kafe "Delikates". Hər gün də sən yada düşürsən. Yəni bu tərəflərdə səni unudan yoxdu. Sevdiyin qızlarla da rastlaşırıq. Əclaf, bu şəhərdə nə qədər qız sənin yolunu gözləyir. Adam da bu qədər sevərmi? Biz birini güclə sevərkən...

Zarafat edirəm, təbii.

Eşitdim Salam Sarvandan şeirlər oxuyursan əsgərlərə.

Aqşini də mən tanıtmışdım bizimkilərə. Yeniseyi deyirəm...

Sonra Nazim Hikmətə keçdim. Gör e... Aqşindən dirək Nazimə...

İntiharların əsgər kazarmalarında dolaşdığı vaxt idi özü də.

Bir səhər oyananda yanımda biləkləri kəsilmiş əsgər gördüm, Həsəni. Qanım dondu.

O gündən daha çox şeirlərə sarıldı o biri əsgərlər.

Hələ dəftərlərinə də yazdılar e.

Necə qorxmuşdularsa.

O qədər intihar gördüm ki, orda.

Hər səhər qışqırıq səsinə oyanırdım.

Evdəkilər bundan xəbərsizdi. Onlarla elə danışırdım ki, kefdəyəm sanırdılar.

Qanını qaraltmayım ən yaxşısı.

Yadıma səhərə qədər gəzdiyimiz gün düşür, Həsəni.

Nə gözəl gün idi o gün.

Sən mənə köhnə ədəbi nəsli soruşmuşdun. Mənim lap balaca vaxtımdan yekə-yekə yazıçı-şairlərlə oturub-durmağım sənə maraqlı gəlirdi həmişə...

Mən də danışdım.

"Delikates"ə çatıb gecə növbətçisi kişiyə mürgülü-mürgülü “çay” deməyimiz yadımdadır.

Çay gələndə də içməyə taqətimiz çatmadı. Yuxulu-yuxulu kişiyə soruşduq:

- Olar, yataq?

O boyda ağır söhbətlər eləmişdik axı.

Füzuli, Pamuk, Kalvino, zad.

Göz qapaqlarımız dözə bilməmişdi bu kulturoloji söhbətlərə.

Qucaqlaşıb yatmışdıq.

O gün həyatımın ən gözəl yuxusunu yatdım...

Həsəni, səni çox istəyirəm də, bilirsən...

O gün Şəriflə səndən danışırıq.

Deyir, Həsəni əsgərlikdən qayıdır, gəlib görür ədəbi mühit yox, hərəmiz bir işin qulpundan yapışmışıq.

Şərifi bilirsən də. Yumor hissini.

Dəhşətdir.

Amma mən kövrəldim nədənsə.

Səndəki o eşqin sönməsindən bərk qorxdum.

Dedim, Orxan buna dözə bilməz.

Hələ sənin qədər ədəbiyyat sevgisiylə yaşayan bir həmkarımızı görməmişəm.

Sənin əlindən yazmağı almağın nə qədər dəhşətli olduğunu, hətta əsgər yoldaşların da indidən anlayıb.

Qoca! Sənə də belə deyirlər?

Sən əsgər getmədən əvvəl hey danışırdıq.

Gah dedim, getmə əsgərliyə.

Gah da dedim, get.

Amma oraları görmək lazımıymış.

Onda hislər bərkiyir, daha çox tanıyırsan həyatı. Kitablardan daha dəhşətli həqiqətlərlə üz-üzə qalırsan.

Yadımdadır, gecənin bir vaxtı inboksumda sənin narahatlığının yaşıl işığı yandı:

- Qaqa, bilirsən nolub?

Düzü, onda çox həyəcanlandım. Dedim, görən nolub. Sənin cavabın məni nə qədər güldürmüşdü.

- Edqar Kereti yuxuda görmüşəm.

Bizim İsraildən olan dostumuzu.

Görəsən, bir xarici yazıçını yuxuda görüb bu qədər sevinən başqa azərbaycanlı varmı?

Həsəni, çox dəhşət uşaqsan, adam sənə çox tez isinişir. Heç bilməzdim ki, səndən ötrü bu qədər darıxaram.

Bu şəhərdə balaca bir kafedə hər gün ədəbiyyatdan danışan üç gənc gözümün qabağına gəlir.

Sən, mən, Rəvan.

Necə sevgiylə danışırdıq.

İndi bir sən yoxsan bu söhbətlərdə.

Hərdən də bu sadəlövhlüyümüzə gülürəm.

Hə, əclaf, yadımdan çıxmamış, Rəvanla danışırsan, qızlarla da, bəs mənə niyə zəng eləmirsən?

Nömrəm yadından çıxıb deyəsən.

Bizim Mövludun nömrə yaddaşı əlaydı. Birdən yadıma düşdü.

Nə başını ağrıdım e, hər yer ədəbiyyatla doludur, amma heç kimin vecinə deyil.

Sən gəl çıx, az qalıb onsuz. Bir oturaq, söhbətləşək.

Danışarsan necə darıxdığını...

Öpürəm!

Qəti ağlama ha!!

Yuxunda qızları gör, Kereti yox! – bu da xırda bir zarafat...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Silvestr Stallone tanınmaz halda - Foto
13:12 20 Fevral 2020
Qızı ona görə özünü öldürdü - Tanınmış şairdən maraqlı faktlar
12:27 20 Fevral 2020
Qadın başı kəsən Manaf Ağayev
12:02 20 Fevral 2020
AYB-dən cavab gəldi: "Qurultayın vaxtı payızda təyin olunacaq"
11:20 20 Fevral 2020
Azərbaycanlı aktyorun rol aldığı "Tomris" filmi nümayiş olunacaq
10:47 20 Fevral 2020
Gənc yazar Anarı sərt tənqid etdi: “Qanun tanımırsız!”
10:22 20 Fevral 2020
Azər Paşa Nemətov böyüklüyün nümunəsidir – Cavid Zeynallı yazır...
10:01 20 Fevral 2020
Dünya şedevrinin baş qəhrəmanı Azərbaycan filmində
08:59 20 Fevral 2020
Umberto Eko nəyə nifrət edirdi? - Həyat hekayəti
21:01 19 Fevral 2020
“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
18:35 19 Fevral 2020
Bu seksual qadınlar sizə gülməli görünəcək - Fotolar
17:51 19 Fevral 2020
Türkiyəli “Robinzon”un filmi çəkildi
17:09 19 Fevral 2020
Bakıda İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcək
16:31 19 Fevral 2020
Qusarda turistlər üçün ingiliscə tamaşa nümayiş olunacaq
15:52 19 Fevral 2020
Tanınmış aktyor: "Miri Yusifdən də dəhşətli “bozbaş”lar var" - Müsahibə
15:08 19 Fevral 2020
Opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək
14:29 19 Fevral 2020
"Mövsüm sonu" filmi nümayiş olunacaq
13:45 19 Fevral 2020
Tanınmış bəstəkara vəzifə verildi
12:59 19 Fevral 2020
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
12:42 19 Fevral 2020
Azər Paşa Nemətovun çökdürdüyü milli teatrımız
12:03 19 Fevral 2020