news-inner
clock17:43 calendar-gray 19 Noyabr 2019 view-gray2898 dəfə oxunub
view-gray2898 dəfə oxunub

Yağışda gələn qız – Rasim Qaracadan hekayə

Orta Statistik İnsana – Cəmşid Rzaquliyevə ithaf olunur

Səni küçədən tapmamışam ki, deyirdim ona, halbuki elə küçədən tapmışdım. Keçən ilin yağışlı bir noyabr günündə küçədə, avtobus dayanacağında tanış oldum onunla.

Çox gərgin günlər yaşayırdım o zaman. Bütün düşüncələrimin sonu intihara gətirirdi. Həyatı çox sevirdim, heç də kitabların təsiriylə yaranmış romantik bir intihar düşüncəsi deyildi bu. Sadəcə olaraq, bu gözəl həyatı mənə dar edənlər vardı. Yaşamağım, həyatda qalmağım gün-gündən çətinləşirdi. Sağlamlığım yerində deyildi, bundan daha pisi, pulum yox və qarnım ac idi. Əvvəlindən sonunadək Qarabağ müharibəsində vuruşmuşdum, lakin veteran kimi qeydiyyata düşə bilmirdim, qeydiyyat üçün rüşvət verməliydim. Xəstə idim, amma təqaüd ala bilmirdim, üstəlik işə də götürmürdülər. Bəs necə ayaq üstə qala bilirdim? Bilmirəm, aradabir dostlarım yardım edirdi və o dostlar da yavaş-yavaş azalırdı. Çünki dostluğa yararlı birisi deyildim. Özüm də bilirəm, tez-tez yalan danışıram, onlardan yemək adıyla aldığım pulu içkiyə verirəm, içib xəstələnirəm, xəstəxanaya düşürəm, palatada yatmaq üçün hər gününə 20 manat verməliyəm, verə bilmirəm, bəzən həkimləri dilə tutub müharibə veteranı olduğumu başa salıram, içlərindən anlayış göstərəni olur, amma bir yerə qədər, belə olanda mən tərs üzümü çevirirəm, səsimi qaldırıram, söyüş söyürəm, mən vuruşmasaydım indi siz burada keyflə işləməzdiniz deyirəm bütün xəstəxana personalına, lakin təhdidlərimin də faydası olmur, uzaq başı üç gün daha artıq saxlayırlar, o xəstəxanaya geri qayıtmağım bir daha mümkün olmur, bir ay sürünüb yenidən başqa bir xəstəxana axtarıram, xeyirxah bir insan tapılıb yardım edərsə bəxtim açılır, müalicə almağa başlayıram və xəstəxananın havayı yeməklərindən yeyib özümə gəlirəm.

Günlər keçdikcə həm gücüm, həm də imkanlarım tükənir, yaşadığım binada heç kimdən hörmət və sevgi görmürəm, günlərcə danışmağa bir insan tapa bilmirəm. Təkcə uşaqlar qaçmır məndən, o da ata-anası görüncəyə qədər, hər kəs yoluxucu bir xəstəlikdən qaçar kimi qaçır məndən. Ən ağır olanı da elə budur, xəstəlik aradabir sakitləşir, pulsuzluğun da, ac qalmanın da öhdəsindən nə cürsə gəlmək olur, lakin insanların səndən qaçması dözülməzdir. Ətrafdakı nifrət dolu baxışların deşici oxları, savaş meydanındakı güllələrdən daha betər yaralayır adamı. Təkcə bir şeyi düşünürsən, bu əzablardan xilas olmanın təkcə bir çarəsi var, ölmək və qurtulmaq...

İnsanlardan qaçmaq üçün gündüzlər yatıb gecələr dolaşmağa başlamışdım. Daha doğrusu, gündüzlər yıxılana qədər içirdim, yatıb yuxuya qalır, ayılanda baxırdım ki, qaranlıq çoxdan düşüb. Ayağa qalxıb özümü küçəyə atırdım. Qaranlıq ruhuma daha yaxın idi, taleyim kor olduğu üçün qaranlıq ona daha çox yaraşırdı.

Bu cür qaranlıq gecələrin birində onu tapdım. Yağış yağırdı. Avtobus dayanacağına sığınmışdım. İki addım aralıda bir qız gəlib keçən maşınlara əl edirdi. Saat 12-ni keçirdi, biz olduğumuz küçədə demək olar ki, kimsə gözə dəymirdi, aradabir maşınlar keçirdi.

O gün, o axşam, o gecə. Sən demə onun da həyatının ən ağır vaxtlarıymış. Oğlunu keçmiş ərinin ailəsindən oğurlamışdı. Tez-tez ətrafa boylanırdı, təqib olunacağından qorxurdu. Tamamən kimsəsiz, ümidsiz haldaydı. O yağışlı gecədə, cibində bir qəpiyi olmayanda, uşağı acından ağlayanda özünü küçəyə atmışdı, kim olursa olsun, qarşısına kim çıxarsa çıxsın, 10 manat qarşılığında da olsa onunla yatacaqdı, təki körpəsinə bir qarın yemək ala bilsin – bunları sonra mənə danışacaqdı. Bir-iki maşına əl etdi, saxlayan olmadı, ilk dəfəydi belə bir iş tuturdu, nəyisə düzgün etmirdi, maşınlar yanından keçir, ancaq saxlayan olmurdu. Gözəl olmağına gözəl idi, geyimi... hə, ola bilsin geyimi bir az açıq deyildi. Saçlarını açıb plaşının üstünə buraxdı, üzünə təbəssümlü ifadə verdi. Yağış təpəsindən tökülür, ayaqqabısı mövsümə görə deyildi, su içindəydi və üzündə də təbəssüm vardı. Nəhayət, bir maşın saxladı. Polis maşınıydı. “Gəl otur” dedilər. Bu anda önə çıxdım, görkəmimə bir az da xəstəhallıq verib dedim:

- Rəis, problemim var, xəstəxanaya getməliyik…

Sanki polislə aramızdakı gizli parolu söyləmişdim, heç bir söz demədən sürüb getdilər. Hərəkətim özümə də qəribə göründü. Nə üçün belə etdim? Etiraf edim ki, əclaflığımdan. Qız haqqında pis şeylər düşünməyə başlamışdım. Bayaqdan onu müşahidə edirdim, kim olduğunu, təcrübəsizliyini, nə üçün yola çıxdığını oxumuşdum. Onu ovlamaq keçirdi xəyalımdan, başqasına deyil, mənə qismət olmasını istəyirdim...

İstəyimə çatmışdım. Polislər geri dönmədən tezcə buradan uzaqlaşmalıyıq dedim ona. Birlikdə yeriməyə başladıq. “P-pul” dedi “l-lazımdı”. Əvvəlcə soyuqdan kəkələdiyini düşündüm. Ancaq belə deyildi. Qızın dilində qüsur vardı. Az qala hər sözü demədən öncə baş hərfini söyləyir, sanki ağır bir daşı qaldırmaqdan ötrü təkan verirdi.

- A, adın nədir?

Çaşdım, az qaldım deyəm – N, Nicat, amma Nicat dedim sadəcə.

- Bəs sənin?

- A-Aygün, dedi.

Beləcə tanış olduq.

Yanıma düşüb evimə qədər gəldi. Qəribə hisslər yaşayırdım. Hər kəs məndən qaçdığı halda, qızın gözləri sanki kor idi, qarşısındakı insanın necə düşkün birisi olduğunun fərqində deyildi. Son dəfə nə zaman çimdiyimi xatırlamırdım, üstümdən rəsmən sidik iyi gəlirdi, saqqalım uzanmış, gözlərim çuxura düşmüşdü, açığı, güzgüdə özümə baxmağa qorxurdum.

Aygünə pul lazım idi. Çətinliklə də olsa başa sala bilirdi. Bu gün böyük həyəcan yaşamışdı. Pulu olmadığına görə piyada yol gəlmişdi, çox uzun bir yol. Soyuqlamışdı, burnu axırdı. Beş yaşında oğluna yemək almalıydı. Pul istəyəcəyi bir adamı yox idi. Şəhəri yaxşı tanımırdı. Kənddə atası, analığı vardı, ora qayıda bilməzdi. Sabahdan özünə iş axtaracaqdı, təkcə bu gün ona heç olmasa 10 manat pul lazım idi.

Sanki cibimi oxumuşdu. Cəmi 10 manatım vardı. Lakin bu pulu ona verə bilməzdim, bu pul mənim sabahkı araq pulum idi. Araqsız qala bilməzdim. İçməmək dəhşətli əzab idi mənim üçün. Bu əzaba qatlana biləcəyimdən əmin deyildim. Başımı əllərim arasına alıb düşünməyə başladım. Daxilimdə bir az mərhəmət hissi axtarırdım. Yox idi məndə mərhəmət. Nifrət edirdim insanlara. Çətinliklə tapdığım bu pulu ona verə bilməzdim. Mərhəmətin m hərfini belə görməmişdim kimsədən.

-M-m-m...

Başımı qaldırdım

- M-mən gedim...

Pulun özünü deyil, hətta adını eşidəndə bütün əzablarım qövr edirdi, pul mənim üçün hər şey idi, toxunulmaz müqəddəs idi, yanımda adını tutmaq olmazdı. İstədim var gücümlə bağırıb deyəm, rədd ol, hara gedirsənsə get. Bir anlıq qapı ağzındakı məzlum duruşuna baxdım. Bozarmış qapının, kir qusan divarların önündə dayanmışdı, bu mənzərədə məzlumluğu daha çox sezilirdi... Birdən-birə gözlərim yaşla doldu, bu otağa, daha doğrusu bu it yuvasına sonuncu dəfə nə vaxt qadın ayağı dəydiyini xatırlamağa çalışdım. Yox, mənim sərxoş beynimdə belə bir yaddaş yox idi. Onun burada olması o demək idi ki, Tanrının nəzəri üzərimdən əskik deyildi, demək ki, həyatımda möcüzələr baş verə bilərdi. Aygünü boş qaytara bilməyəcəyimi anladım. Sabah araqsız qalıb öləcəyəmsə, qoy mən elə belə bir ölümə layiq olum. Ayağa qalxıb ona yaxınlaşdım, şalvarımın, pencəyimin ciblərini bir xeyli axtarandan sonra əzilmiş 10 manatı tapıb ona uzatdım. Ancaq bu necə uzatmaq idi, pulu tutan əlim sanki qarnıma yapışmışdı, ilahi qırılma nöqtəsinə gəlmişdi sağ əlim, əsim-əsim əsirdi. Aygün getdi, yaxşı ki, pulu ona verə bilmişdim, xeyirxahlığın dözülməz yüngüllüyü içərisində divara söykənib bir müddət beləcə qaldım.

Sonrakı günlərdə yalnız onu düşündüm. Telefonunu almamışdım, ünvanını bilmirdim. Onu tapdığım avtobus dayanacağına yollandım neçə dəfə, saatlarca dolaşdım o tərəflərdə. Necə oldu mənimlə birlikdə evə gəldi? Bəlkə bu, bir yuxuydu? Ancaq məndə qalan bir izi onun gerçəkdən olduğunu söyləyirdi – onun kimi kəkələməyə başlamışdın. Köşkə yaxınlaşıb, mənə bir s, siqaret ver deyirdim. Dükandan ç, çörək istəyirdim. Söz vermişdim özümə, Aygün geri qayıtsaydı a, arağı tərgidəcəkdim.

Geri gəlmədi. Çox gözlədim, çox axtardım, sözün əsl mənasında, gözüm yollarda qaldı.

Onsuz da yaşamaq istəmirdim. Aygünü itirməyim son nöqtəni qoydu. Əvvəllər bir neçə dəfə intihara cəhd etmişdim. Boynuma alıram, arada yalançı intiharlarım da olub. Mən ölsəm tükü tərpənən, halıma yanan neçə nəfərin olduğunu yoxlamaq istəmişəm. Bəzən də pulsuzluğun son həddinə çatanda intihar xəbərini buraxmışam. Dostlar deyil, daha çox tanımadığım insanlar yardım edib. Sonrakı “intiharlarımda” yardım edənlərin sayı get-gedə azalıb, aldığım yardım o qədər azalıb ki, müalicəyə deyil, yalnız içkiyə çatıb. Lakin bu təcrübələr məni gerçək intihara yaxınlaşdırıb. Artıq heç kəsə söyləmədən canıma qəsd etmək istəmişəm. Bir dəfə yuxarı dozada yuxu dərmanı atıb üstündən də bir şüşə araq içmişəm. Beləcə, səssiz ölüb getmək istəmişəm. Ancaq ölməmişəm. Bu vay olası canım sindirib o qədər dərmanı, bir müddət sonra ayılmışam. Bildiyiniz normal ayılma deyildi bu, baş ağrısı, ürək bulanması içində şüursuz bir ayılma, gözlərini həyata deyil, yenidən xəstəliklərə, səfalətə, dünyanın bütün pisliklərinə açmaq idi. Təsvir edilməsi çətin olan rəzalət bir haldı. Çoxdan olmuşdu bu, get-gedə normal hala qayıtdım, normal alkoqolik halına demək istədim...

Aygündən günlər sonra ikinci dəfə cəhd etmişdim. İntiharın başqa növləri də vardı, lakin mən ağrısız ölmək istəyirdim. Təxmin edirdim, əvvəlki dozanı bir az artırsam artıq cəhənnəmin yolu qarşımda açılardı. Elə də etdim. Son anımda anamın şəklini qarşıma qoyub xeyli baxdım, onunla danışdım, oxşadım, yanına gəlmək istədiyimi söylədim. Anam qucağımda ölmüşdü, burada, qaçqınların yaşadığı elə bu yataqxanada. Dünyada ədalət deyilən şey yox idi, günahsız bir insan idi, yeganə arzusu kəndə qayıtmaq toyuq-cücəsini başına yığmaqdı anamın. Şəhər mühiti, yataqxana həyatı ona görə deyildi. Qaçaqaç düşəndə geri qayıdıb, toyuqlara dən səpib, sonra çıxıb. Ölənə qədər də dilindən düşmədi, toyuqlarım yiyəsiz qaldı, görəsən başlarına nə gəldi, dedi. Əziz, fağır, günahsız qadın. Son nəfəsimdə onu duydum, əzablarını hiss etdim, halına yandım. Necə ki, o məni duyar, halıma yanardı, mən də elə. Şəklini sinəmə basdım, indi mən də onun qucağında ölmək istəyirdim, ən miskin halımda da məni sevəcək olan o insanın. Dünyada başqa sevənim olmadı, olmayacaqdı.

Nə qədər zaman keçdiyini bilmirəm. Gözümü açanda Aygünü başımın üstündə gördüm. Daha doğrusu, kim olduğunu anlamadım. Elə bildim, anamdır, ağzımı açıb ana dedim, ancaq səsim çıxmadı.

- S, su iç - dedi, nəlbəkini ağzıma yaxınlaşdırdı.

Yağışlı bir gün idi.

news-inner-user

15713 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəhram Bağırzadədən xoş xəbər
12:48 02 İyul 2020
“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist
12:10 02 İyul 2020
Tələbə qız məşhur Azərbaycan romanından yazdı
11:49 02 İyul 2020
“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:15 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım – Sevda Sultanova yazır...
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020
Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar
12:10 01 İyul 2020
Nazim Hikmətin yeni şeirləri tapıldı - Fotolar
11:34 01 İyul 2020