“Zindan” kitabı təqdim olundu

“Zindan” kitabı təqdim olundu
30 oktyabr 2019
# 09:41

Əbülhəsən Ələkbərzadənin ailəsində dünyaya göz açan, ədəbiyyata “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” kimi maraqlı nəsr əsərləri ilə gələn, durğunluq dövrü haqqında həqiqətləri dediyinə görə 49 yaşında həbsxana barmaqlıqları arasına salınan istedadlı yazıçı, ssenarist Çingiz Ələkbərzadə... Yalançı şahidlərin ifadələri əsasında ömrünün iki il yarımını zindanda keçirən yazıçı azadlığa çıxandan sonra həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb.

Oktyabrın 29-da Bakı Kitab Mərkəzində Çingiz Ələkbərzadənin yenidən nəşr olunan “Zindan” kitabının təqdimat mərasimində mərhum yazıçı-jurnalistin keçdiyi acılı-şirinli ömür yolu, üzləşdiyi haqsızlıqlar, yaşadığı məhrumiyyətlər bir daha xatırlanıb.

Təqdimat mərasimini Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açaraq 30 min nüsxə tirajla çap olunan kitabın bu dəfə yazıçının qızlarının təşəbbüsü ilə nəşr olunduğunu və böyük maraq doğurduğunu diqqətə çatdırıb.

Xalq yazıçısı Anar onunla eyni ədəbi nəslə mənsub, eyni zamanda, yaxın qonşu, dost olduğu Çingiz Ələkbərzadəni müasirləri arasında orijinallığı ilə seçilən, güclü yumor hissinə malik, bəlkə də müəyyən qüsurları olan qələm sahibi kimi xarakterizə edib. O, “Zindan”ın ilk nəşrini çoxdan oxuduğu üçün yeni nəşri təzədən oxuyacağını və kitabın gənc nəslə çoxlu ibrətamiz dəyərlər aşılayacağına əmin olduğunu bildirib.

Xalq şairi Ramiz Rövşən ondan 10 yaş böyük olan qələm dostunu ən səmimi duyğularla xatırlayaraq deyib: “O, atasından tam fərqli idi. Əbülhəsən müəllim nə qədər ehtiyatlı, “suyu üfürə-üfürə içən” idisə, Çingiz o qədər buxovsuz və azad idi. Zahirən elə görünürdü ki, o, ölümdən ən uzaq adamlardan biridir. İçi yumor hissi ilə dolu idi, ən adi şeylərə qəribə bir yumor və lağlağı ilə yanaşırdı. Onun “Alman şərabı” adlı gözəl bir ssenarisi var idi. Tale elə gətirdi ki, biz onunla bir müddət aralandıq və bir də 1988-ci ildə görüşdük. Həbsxana həyatından sonra o, tamamilə başqa bir adama çevrilmişdi. O vaxt yazdığı “Zindan” əsərinə ssenari yazmağı və onun əsasında film çəkilməsini təklif etdim. Çingiz ssenarini yazdı, amma təəssüf, zaman, hadisələr elə dəyişdi ki, həmin ssenari filmə çevrilmədi...”.

Əməkdar artist Gülşən Əkbərova Çingiz Ələkbərzadəni ötən əsrin 60-cı illərində ədəbiyyata gələn nəslin ən istedadlı nümayəndələrindən biri kimi dəyərləndirərək deyib: “Onun çox şirin və gözəl qələmi var idi, əsl xalq dilində yazırdı. Lahıc kəndi, orada yaşayan sənətkarlar haqqında birinci süjeti ilk dəfə məhz Çingiz hazırlayıb. Həmin verilişlər az qala bir mini-film təsiri bağışlayırdı. Lakin onun haqsızlıqla üzləşməsi hamımızı sarsıtdı və belə bir istedad sahibinin həyatını tamamilə başqa səmtə dəyişdi...”.

“ASAN Radio”nun direktoru Emin Musəvi müəllifin “Zindan” kitabına yazdığı proloqu oxuduqdan sonra yazıçının ailə arxivindən videoçarx nümayiş olunub.

Xalq artisti Mehriban Zəki Çingiz Ələkbərzadənin ifasında “Aman şöhrət” və “Darıxıram” şeirlərini səsləndirib.

Mərhum yazıçının qızları Elmira və Sevda Ələkbərzadə atalarının xatirəsinə musiqi nömrələri ifa edib, nəvəsi Səidənin babasının ruhuna həsr etdiyi şeir iştirakçılarda kövrək hisslər oyadıb.

Təqdimat mərasimi Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Bəhruz Əhmədlinin təqdim etdiyi monotamaşa ilə başa çatıb.

Hazırki əsas şəkil

# 7290 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər