Sara Oğuzun acı taleyi hekayəyə çevrildi - "Ölümlə üz-üzə"

Sara Oğuzun acı taleyi hekayəyə çevrildi - "Ölümlə üz-üzə"
26 oktyabr 2019
# 16:45

Kulis.az yazıçı Mənzər Niyarlının yazıçı, sənətşünas Sara Oğuzun xatirəsinə həsr etdiyi “Ölümlə üz-üzə” hekayəsini təqdim edir.

Rəfiqəm, istedadlı yazıçı, sənətşünas Sara xanıma

Gecə ölüm xofuyla yerinə uzandı. Yuxuda da ölüm ondan əl çəkmirdi;lap nağıllardakı yeddibaşlı divə oxşayırdı. Əynində də cəllad paltarı; başdan-ayağa qırmızı geyinmişdi. Onun yatdığı yerə – düz üstünə gəlirdi. Kötüyə oxşar qollarını uzadıb, iti dırnaqlarını boğazına keçirib boğmaq istəyir, osa boğula-boğula onu özündən kənar etməyə çalışırdı. Ölüm əl çəkmirdi. Sonra əlini qadının boğazından çəkib döşünə sarı sürüşdürdü. O, daha da vahimələndi, əlləriylə qız döşü kimi yumru, ağappaq döşlərinin qabağını kəsdi. – Toxunma döşümə. Öldür məni, ancaq toxunma mənə.

Ölüm dişlərini qıcadı:

- Qorxma, döşlərinə toxunan yoxdu, şişi yoxlamaq istəyirəm. Görüm nə vaxta çəkər. Hm. Az qalıb.

-Az qalıb? Nə az qalıb?

- Hələ bir soruşursan da.

Qan-tər içində yuxudan ayılıb çaşqın-çaşqın qurumuş dodaqlarını yaladı. Sonra əlini döşündə gəzdirdi. Ölüm şişi təzədən yadına saldı.

Həkimin yanından çıxandan başılovlu ora-bura qaçırdı. Əvvəl-əvvəl bilmirdi kimin üstünə getsin, kimə ağız açsın. Ölüm xofu canına yayıldıqca saatbasaat, dəqiqəbədəqiqə əriyirdi: ümidini itirmiş adamlar kimi nəyi götürüb, nəyi qoyduğunu da dərk eləmirdi... İnsan hər şeyə alışdığı halda, ölüm xofuna alışa bilmir. O da alışa bilmirdi bu xofa. Elə xoflu-xoflu da təzədən başqa həkimin yanına getdi. Bu həkim də ona baxan həkimin dediyini təsdiq elədi, sonra bir qiymət oxudu ki, gözü az qaldı kəlləsinə çıxsın.

- Özünüz bilin. – Həkim laqeyd-laqeyd baxışlarını qadının sağ döşündə gəzdirdi. – Həyatınız bir tükdən asılıdır. Təcili əməliyyat olunmasa… – həkim sözlərini ara verdi. – Bilirsiniz də əməliyyatın qiymətini?..

Həkimin istədiyi məbləğ də qeybə çəkilmişdi. Üzvü olduğu təşkilatın fond müdirinə xəstəliyi ilə əlaqədar ağız açsa da bir şey çıxmadı. Müdir iki əlini geniş açıb: - Yoxdu pul, yoxdu, - deyib onu başından eləmək istədi. Osa: - Başa düşün, - dedi, - mən xəstəyəm. Mən təcili əməliyyat olunmalıyam. Əgər gecikdirsəm... – İlk dəfəydi ki, yad kişinin qabağında kövrəlirdi.

- Əməliyyat? Nə əməliyyat? Sizi başa düşürəm. Özümü pul eləməyəcəyəm ki. Olsa nə vardı ki, - Həmidənin – rəssam qadının göz yaşları deyəsən müdirin ürəyini az da olsa yumşaltdı.

- Vallah, nə deyim sizə, Həmidə xanım. Bir şey olsa... Yox, yox bizə ümid etməyin. Hər halda ev telefonuzu qoyun.

- Əgər siz kömək etsəydiniz, maaşımdan yavaş-yavaş çıxılardı...

- Yox, yox, mümkün deyil. – Müdir ayağa qalxdı. Yəni gedə bilərsiniz. Ordan çıxıb imkanlı, uzaq tanışlarına (xəstəliyini gizlədərək) pul sarıdan eşitdirsə də bir şey çıxmadı. Dünənsə onunla müqavilə bağlayan reklam rəhbərinin qəbuluna düşdü. Reklam rəhbəri işlərinin çox ləng getdiyindən şikayətlənib indi fondda pul olmadığını, gələcəkdə əgər pul yığılarsa, onu da nəzərdə tutacaqlarını əsnəyə-əsnəyə dedikcə ürəyi sıxılırdı. Ordan çıxanda başa düşdü ki, reklam rəhbərinin dedikləri nisyə söhbətdi. Onu ağlamaq tutdu. Qəribədir, bəs bu göz yaşları nə idi? Axı o, ağlamağı xoşlamırdı. İndi küçədə, yol getdiyi yerdə tanış üzləri, tanış simaları görəndə kövrəlir, ancaq dilinə gətirmək istədiyi sözləri ürəyindən qovurdu. Bir tərəfdən də bu iki-üç gündə Allah elə bil qəsdən onu sevən, ürəyinə yatan sənət dostlarıyla görüşdürürdü. Bəlkə o, son vida günlərini yaşayır? Tanışları, dostları rəssam qadının həyatındakı təhlü kəni hiss etmədən uzaqdan əl edir, ya yaxınlaşıb, üzlərində bir aləm sevinc, pamadalı dodaqlarıyla onu öpub:

- Mənim əzizim, krasavitsa, uğurlar olsun.

Və yaxud: - Necəsən? İşlərin necə gedir? - deyib harasa tələsirdilər. Osa gözləri dola-dola onların ardınca baxırdı. «Mənə xeyirli işlər arzulayan xeyirxahlarım, axı siz hardan biləsiniz ki... mən nə haldayam».

Bu gün yenə də gedə-gedə, səssiz-səssiz ağlayaraq aranı dağa qatırdı, dağı arana. – Ay Allah, yenə ağlayıram. – əlinin arxasıyla gözünün yaşını sildi. Nədənsə dünyalarını dəyişən əzizlərini yadına saldı. Əvvəlcə atasını, sonra anasını, qarda- şını. Qardaşı cavan rəhmətə getmişdi. Onun ölümü faciəli oldu. Həmin itkinin ağrısını uzun müddət ürəyində gəzdirmişdi. İlk məhəbbətinin – heykəltəraşın isə məzarını tez-tez yuxuda görürdü. Yaşa dolandan sonra əvvəlki yorucu, yeknəsəq günlərini yaşamağa başlayanda, hamı kimi o da faciələrlə dolu hadisələrlə üzləşdi. Ermənilərin vəhşilikləri, torpaqların işğalı, sütül cavanlarımızın ölümü anbaan içini yeyirdi, ürəyini üzürdü. Hər faciəli xəbərdən sonra bir müddət özünə gələ bilmirdi. Bəlkə elə tibb aləminə hələ də nədən törəndiyi bilinməyən bu şoğərib xəstəlik o sarsıntıların nəticəsi idi. Kaş, indiki halı gerçəkdə yox, hər gün gördüyü yuxularında olaydı. Reklam üçün hər şey hazırlayardı. Lap qəpik-quruş versələr də, reklamdakı işini qurtarandan sonra hündürdaban ayaqqabılarıyla taqqatuq sala-sala, qaça-qaça yorulub əldən düşənəcən (yaş öz işini görsə də) sifarişçilərin sifarişlərini qəbul edəydi. Sonra vaxt tapan kimi rəfiqəsinin emalatxanasında işləyəydi və səhər yenə də əvvəlki yorucu işlərinin ardınca gedəydi. Gecələrsə şəhərin ucqarında yerləşən evinin satdığı pulla Bakıdan qaçmaq istəyən bir erməni qadınından ikiqat bahasına aldığı quş damına oxşar (guya mərkəzdə yerləşdiyi üçün qiyməti də baha idi) darısqal otağında dincini alandan, çörəyini yeyəndən sonra fırçasını əlinə alıb bir neçə saat qəlbinə yaxın insanları kətana köçürəydi.

Bu andıra qalmış şiş hardan peyda oldu axı? Doğrudanmı, həyatımın son günlərini yaşayıram? Yox, axı, həkim ona başqa söz də dedi: «Əlac var, əzizim, tələsmək lazımdır. Pul keçirməlisən». «Pul? Nə pul?» Əvvəlcə dövlətə pul keçirməlisən. Yüz dollar! Onunsa on dörd «şirvan» pulu var. Yüz qırx min. Yüz mini evdə, qırx mini çantasında. Məvacibinin yarısını təzəlikcə almışdı. Hə, əməliyyatın qiyməti isə. Əməliyyatın qiyməti – həkim, assistent, dava-dərman da içində – beş yüz dollar! Heç yuxusunda da bu qədər pulu olmayıb. Yox, bu mümkün deyil! Demək, onun ölümlə barışmaqdan savayı heç nəyə gümanı gəlmir.

Ölüm! Ölüm neçə gündür onun qabağında at oynadır. Sonra yaxınlaşıb irişə-irişə üzünə gülümsəyir, salam verir. Ürəyi əsə-əsə ölümün salamını alır.

- Necəsən?

- Çox pis. Vəziyyətim yaxşı deyil.

- Bilirəm pisdir vəziyyətin. Elə ona görə də gəlmişəm deyəm ki...

-Demə. Heç nə demə. Bir az mənə möhlət ver. Yarımçıq işlərimi görüb qurtarım...

- Nə yarımçıqbazlıqdır, hazırlaş...

- Görmürsən, bu on ildə başımıza nələr gəlib? Bu faciələri çəkmək lazımdır axı.

- Çəkənlər tapılar. Bunu əvvəllər fikirləşəydin. Dar gününü də fikirləşəydin. Qayğını çəkən bir adam olsaydı, səni mənim əlimdən xilas edərdi. Səni istəyənlərə ağız büzdün. İndi otur, çək cəzanı. Nəyə arxalanırdın? Elə bilirdin öz gücünə, çiyinlərinin üstündə yaşaya biləcəksən? Bəs bilmirdin ki, insanın ağır günləri ola bilər? Elə bilirdin ömrün həmişə beləcə, axar su kimi davam edəcək? İndi bu ağır dəqiqələrdə, sənin başının üstünü kəsdirdiyim vaxtda həyatının xilası üçün bir insan bəndəsi tapılacaqmı? Sənə axırıncı dəfə xəbərdarlıq edirəm. Son günlərindir. Fikirləş!

- Elə bir adam yoxdur axı ona ağız açım. Yoxdur, yoxdur!

- Niyə yoxdur? İstəsəydin, olardı. Başıboş, ağılsız qadın. Ərə getmirdin, getmirdin... İmkan yaradaydın dərdindən ölənlərdən biri saxlayaydı səni. Lap elə məşuqə kimi.

- Elə söz demə! Dilinə gətirmə o sözü!

- İndi belə şeylər dəbdədir. Bax, yaxşı-yaxşı bax. Mənim caynağımdan qurtara bilməyəcəksən, ay yazıq. Məndən yaxanı qurtara bilmək üçün beş yüz dolları hardan tapacaqsan? Bax bir yanına-yönünə... Sən ki ayıq, həssas qadınsan. Sən də «gözəlçələr» kimi yolunun səmtini dəyişməliydin. Onda sənə o qədər pul verənlər tapılardı ki... Eh, indi üzünü narın qırışlar örtüb, saçlarına da dən düşüb. Yaş gözəlliyini alıb əlindən. Axı əvvəllər sən gözəl idin, ağappaq dərin, məxmər kimi bədənin işım-işım işıldayardı. Çox adamın ağlını başından alan o mərmər bədənindən, gözəl üzündən nə üçün istifadə etmirdin, ay dikbaş qadın?

- Düz deyirsən... Mən doğrudan da, dikbaş idim. Kimi gəldi, acılayırdım.

- Yadındadı? Sənin xasiyyətindəki sərtlik, çılğınlıq da sonradan yarandı. Səni gözü götürməyənlər, ərə getməyə can atan bəzi iş yoldaşların səni sanca-sanca gəzirdilər. O yalançı «məcnunlar» da ağzı ətə çatmayan pişik kimi səni pusurdular. Onların da böhtanlarından təngə gəlirdin. Yadındadır, bir ara yaman sarsılmışdın. Başını götürüb Azərbaycandan getmək istəyirdin... həmişəlik.

- Yadımdadır. Getsəydim, bəlkə də indi əməliyyat üçün pul tapardım.

- Gedə bilmədin. Ayağın gedirdi, ürəyin yox. Tək özüm üçün yaşamaq istəmirəm deyirdin, vətəni atmaq hər adamın işi deyil.

-Etiraf edirəm... Vətənimi, mənliyimi hər şeydən üstün tutmuşam.

-İndi, ay zavallı, vətəni sevənə, mənliyə heç nə vermirlər. Bəs bilmirdin sənin yaşadığın həyat sənin xəyalındakı həyat deyil? İndi hər yerdə pul keçir. Pulla təmin olunan, aşnaları hesabına villalarda yaşayan qadınlardan sənin nəyin əskikdir? İndi həkimə nə üzlə getmək istəyirsən?

Ölüm elə bil məhkəmə kürsüsündən ona hökmdən əvvəl öyüd-nəsihət verirdi.

- Heç olmasa, tənhalığının xətrinə ərə gedəydin. Axı sən tək yaşamaqdan qorxduğun qədər heç nədən qorxmamısan. Yadındadır, heykəltəraşdan sonra səninlə ailə qurmaq istəyənlər çox idi. Nə? Nə dedin?

-Ürəyimə yatanı yox idi. Sevmədən ərə getmək istəmirdim.

- Lap elə heykəltəraşın özü olsun. Onu ki sevirdin, ona ki gedə bilərdin. O ki sevirdi səni.

- Anası mane oldu. Bildi ki, mən tək böyrəklə uşağa qala bilmərəm.

- Düz deyirsən. Əvvəlcə razı deyildi. O da acizlik elədi, anasının sözündən çıxmaq istəmədi, şəhərdən çıxıb getdi. Bəs sonra? Sonra nə oldu? O qayıtdı axı. Sənə çox yalvardı ki, ona ərə gedəsən. Sənin qabağında diz çökdü ki, onu bağışlayasan. Sənsə onu rədd elədin. Özündən uzaqlaşdırdın. Sən demə, o heykəltəraş öz yarısını səndə görübmüş. Eh, nə deyim sənə, ay zavallı, onu da bədbəxt elədin, özünü də. Nə? Qürurun yol vermədi? Sevgi olan yerdə nə qürurbazlıqdı?

Ölüm köksünü ötürdü və sözü təzədən pulun üstünə gətirdi.

Səsindəki sərtlik o saat hiss olundu.

- Hə, indi pul tapmalısan. Həkimin istədiyi məbləğdə pul tapmasan, caynağımdan qurtara bilməyəcəksən. Get axtar. Mən hələ gözləyirəm. Yaxşı-yaxşı fikirləş. Əlvida demirəm. Həlilək! Bildin?

-Bildim. – Yazıq-yazıq inildədi. – Gec-tez gələcəksən.

* * *

Döşündəki şişi bu yaxınlarda hiss eləmişdi. Səhər corabını geyinəndə qolu təsadüfən döşünə toxundu. Sağ döşünün altında – qoltuq tərəfində qoz boyda şişi hiss elədi. Corab ayağının ucunda sallana-sallana qalxdı. Əlini döşündə gəzdirdi. Əməlli- başlı şiş idi. Rəngi ağardı. Necə olub ki, indiyə kimi hiss eləməmişdi. Ancaq axır vaxtlar halsızlıq onu üzürdü. Elə bilirdi ki, yorğunluqdandı. Sən demə, bu ... İndi gəl, bu şişin əlindən qurtar! Ölüm isə başının üstünü kəsdirmişdi.

Nədənsə ölümü tələbə vaxtlarında kirayə tutduğu evin sahibinə oxşadırdı. Arıq, beli donqar, cingöz bir kişi idi. Tez-tez içib qonşuları bir-birinə qatardı. O da ölüm kimi ayın axırına bir həftə qalmış kirayənişinlərinin başının üstünü kəsdirərdi ki, ev kirəsini verməlisinz. Pulunun olmadığı vaxt gecəni cingöz kişini, bax, bu cür, ölümünü gözlədiyi kimi, ümidsiz-ümidsiz gözləyərdi. Bəzən də ev sahiblinin ağır sözlərini götürməmək üçün məvacibini alana qədər hara gedəcəyini, kimdən borc alacağını içində götür-qoy eləyər, səhəri diri gözlü açardı.

Evləri ən ucqar kəndlərin birində idi. Tez-tez evlərinə baş çəkə bilmirdi. Evin ilki olduğu üçün bacısyla qardaşının qayğısı da onun üstündə idi. Ata xəstə, ana evdar qadın. Heç yerdən pul gəlmirdi. Neyləməliydi? Gözəl, zərif qız idi. Buna baxmayaraq, məcbur oldu ki, oxuduğu institutda əyani şöbə- dən axşama keçsin. İş tapmaqsa müşkül idi. Çox çətinliklə ixtisasına uyğun olmayan – karton sexində – az maaşlı bir iş tapdı. İşsə yorucu idi. Kartonlar hazır olan kimi anbarlara daşımalıydı. İşdən sonra vaxt tapan kimi rəfiqəsinin emalatxanasına qaçıb saatlarla rəsmlər çəkərdi. Gündüzlərsə... Gündüzlərsə boş qalan vaxtlarını institutda oxuyan bacısıyla qardaşının yeməyinə, əyin-başlarına sərf edərdi. Günlərin nə vaxt ötdüyünü hiss etməyə-etməyə ora-bura qaçırdı. Bir tərəfdən də gözəlliyi başına bəla idi. Ona vurulanlar çox idi. Osa özü kimi pak, qüsursuz tayını gözləyirdi. İnstitutu qurtarandan sonra yaxşı oxuduğu üçün təyinatını muzeyə verdilər. Gənc rəssam qızın burada istedadı üzə çıxdıqca onun gözəlliyinə, qabiliyyətinə paxıllıq edənlər də tapıldı. Onu gözdən salmaq üçün qıza böhtan atırdılar, adına söz-sov da qoşurdular. Yersiz dedi-qodular xasiyyətini sərtləşdirmişdi. Lap özü demişkən, «vurağan öküzə» dönmüşdü. Ancaq muzey «vurağan» üçün ən əlverişli yer idi. Özünə, yaradıcılığına həsr etmək istədiyi vaxtı ancaq burada tapa bilirdi.

Lap kiçik vaxtlarından tənhalıqdan – tək yaşamaqdan qorxurdu, nə biləydi ki, illər keçəndən sonra tək qalacaq? Bəlkə də həyatı başqa cür olardı – o heykəltəraşla ulduzları barışsaydı. Ona vurulanlar içərisində ürəyini ancaq özündən on yaş böyük olan heykəltəraşa – Ələkbərə bağlamışdı. Bu, o vaxtlar idi ki, yaşı iyirmi birin içində idi. Heykəltəraşın görkəmi pis deyildi. Cins gödəkcədə, cins şalvarda tez-tez onu görmək üçün muzeyə gələrdi. Həmişə də əlində qızılgül. Bilirdi ki, Həmidə qızılgülü çox sevir. Sonra qoşalaşıb rəsmlərə baxardılar, ya da nahar fasiləsini gözləyib sahilə düşərdilər. Heykəltəraşın – Ələkbərin işi başından aşsa da, vaxt tapıb mütləq onu görməli idi. Ələkbər sənət əsərinə – gözəl tabloya baxanlar kimi gözünü ondan çəkməzdi.

Ələkbər ürəyinə girmişdi. Sevirdi onu. Dəlicəsinə sevirdi. Yolunu hər gün gözləyirdi və belə vaxtların birində Ələkbər Moskvaya bir illik ezam olundu. Bir il Həmidə üçün çətin keçdi. Gözü qapıda qalmışdı. Günlərini sayırdı. Ələkbərin gəlişinə beş-on gün qalmış Moskvada Azərbaycan rəssamlarının sərgisi açıldı. Gənc rəssamların əsərlərini nümayiş etdirmək üçün bələdçi kimi o da Moskvaya uçdu. Sevinirdi. Onu görəcəkdi... Görüşdülər. Heykəltəraşın fikri dağınıq idi. Tez-tez heç nədən əsəbiləşirdi. Sən demə, işi müsabiqədən keçməyib. Elə bil düşkünləşmişdi. Həmidəyə də etinasız idi. Ələkbər bir aya kimi xəstəxanada yatmalı oldu. Vətənə bir yerdə qayıtdılar. Yenə də hər gün görüş, yenə də sahil, axşamlar Həmidənin qaldığı evə ötürmələr... Bir dəfə bayramların birində Həmidəni evlərinə apardı. Anasıyla tanış etmək üçün. Anası yaxşı süfrə açmışdı. Evin rahatlığı, xörəklər, tort – hər şey ürəkaçan idi. Hiss olunurdu ki, anasının ürəyi Ələkbərə bağlıdır və ananın sözü də oğul üçün qanundur. Birdən söhbət xəstəlikdən düşdü. Anası öd kisəsindən şikayətlənirdi. Həmidə də orta məktəbdə oxuduğu vaxtlar böyrəyindəki əməliyyatdan söhbət açdı. Ələkbərin anasının rəngi avazıdı.

- Necə, sizin böyrəyinizin birini?..

-Hə əməliyyat... çox yaxşı oldu. – Həmidə gülümsündü. – Narahat olmayın, bu, çoxdan baş verib. İndi hər şey qaydasındadır. – Qadının tutulduğunu hiss eləsə də, ağlına başqa bir şey gəlmədi.

Həmin gündən sonra Ələkbər onunla tez-tez uşaqdan söz salırdı. Anam deyir ki, bizim övladımız olmaya bilər. Bu düzdü? Sən bu haqda nə bilirsən? Ələkbərin muzeyə gəlişi seyrəlirdi, soruşanda da deyirdi ki, işi başından aşır. Axır bir dəfə Həmidə özü dedi ki, istəyirsən gəlmə. O vaxt rəssam qız həyatının ən ağır günlərini yaşayırdı. Hətta əsəb sarsıntısı da keçirtdi və sonra vaxt hər şeyi yoluna qoydu. Çox qəribədir, yavaş-yavaş heykəltəraşı itirməyə alışırdı. Sevgi, görünür, ölüb gedərmiş. Sonra başını işə, oxumağa qatdı. Aspirantura, minimum imtahanlar, çəkdiyi rəsmlər... Gecə-gündüz çalışa-çalışa rəssamlar aləmində tanınmağa başladı.

Heykəltəraşın ailəsini, deyəsən, Həmidənin ahı tutmuşdu. Anası dünyasını tez dəyişdi. Bacısının da ailə həyatı gətirmədi. Çıxıb xaricə getdi. Ələkbərsə, eşitmişdi, evlənib bir polyak qadınla və nəyə görəsə ayrılıblar.

Beş ildən sonra rastlaşdı Ələkbərlə. Yaltada – Qara dənizin sahilində. Ezamiyyətinin qurtarmağına ikicə gün qalmışdı. Evə qayıdacaqdı. Çexovun yaşadığı evin səmtində dənizi, dənizdəki qayanı çəkdiyi yerdə heykəltəraş, şalvarının balağını çırmalamış vəziyyətdə, qumluğu, çınqıl daşları xırçıldada-xırçıldada yanından keçirdi. Bu gözlənilməz görüşdən ikisi də sarsıldı. Həmidə özünü ələ alıb Ələkbərə soyuqluğunu göstərmək üçün bir-iki kəlmə hal-əhvaldan sonra: «Məni bağışla, vaxtım yoxdu, bu eskizi qurtarmalıyam» - deyib fırçasını əlinə aldı.

Ələkbər axşam onu nömrəsində tapdı. Xeyli özündən, başına gələnlərdən, evlənib ayrılmağından danışdı. Həmidə laqeyd-laqeyd qulaq asırdı. Sonra saata baxıb əsnəyə-əsnəyə dedi ki, gecdi, xahiş edirəm, gedin. Mənim yuxum gəlir və bir də gəlməyin. İki günə vaxtım qurtarır, Bakıya uçmalıyam. Ancaq heykəltəraş ikinci gün də gəldi. Dedi ki, görünür, Allahın özü də bizim birləşməyimizi istəyir ki, bizi bu yad yerdə rastlaşdırıb. Gəl evlənək. – Bezmişəm belə həyatdan. Moskvadan da üzlüşəcəyəm. Qayıdacağam Bakıya. Anamın evləri durur. Orada yaşayarıq. Ələkbər uşaq kimi yalvarırdı. Deyirdi, gərək anamın sözünə baxmayaydım, gərək səndən uzaqlaşmayaydım. Elə gün yoxdur ki, səni fikirləşməyim. Arvadımla ayrılmağımın da sevgisiz evlənməyimdən oldu, doğrusu, sənə görə oldu. Səni unuda bilmirdim. O da mənim soyuqluğumu görüb başqasına qoşulub getdi.

* * *

İndi çox qəribədir ki, bu ağır vaxtında ilk məhəbbəti – Ələkbər yadına düşmüşdü. Hətta gecələr yuxusuna da girirdi. Görürdü ki, evlərinin qabağında qızılgül əkiblər və qışda heykəltəraşın öldüyü gün qızılgül açılır və Ələkbər həmin gülləri dərib bir qucaq ona gətirib. Ağ kostyumda, ağ köynəkdə, əlində al qırmızı qızılgüllər, utana-utana ona baxır. Özü də məəttəl qalmışdı. Bu ağır vəziyyətində, çətin anında ölümünə yaxınlaşdıqca Ələkbəri tez-tez xatırlayırdı. Bəlkə Həmidəni yanına aparmaq istəyir?

Özü cavan getdi. Deyilənə görə, axır vaxtlar düşkünləşmişdi, içirdi, adamlardan qaçırdı, indi Bakının ən gözəgəlimli yerində yapdığı heykəldən başqa Ələkbərdən heç bir iz qalmayıb. Heyif. Yaşasaydı, indi tanınmış heykəltəraşlardan biri sayılardı. Gərək, o vaxt Həmidə inadını qıraydı. Ailə qurardılar, çətin anlarında bir-birlərinə həyan olardılar. Övladları olmasa da, tək qalmazdılar. Bəlkə, indi dünyanın ən xoşbəxt adamları idilər.

Ələkbərdən ayrılan vaxt Rəssamlar İttifaqından aldığı tək otaqlı, adamsız evində (onda satmamışdı) tənha yaşayır, nakam məhəbbətinin əzabını çəkə-çəkə heykəltəraşı unutmağa çalışırdı. Vaxt, zaman keçdikcə özünə gəlməyə başladı. Sonra mehrini qazanc dalınca Rusiyaya işləməyə gedən və orda da qəzaya uğrayan qardaşının oğluna saldı. Onun qayğı yükünü öz çiyninə götürdü. Anasıyla rayonda yaşayan qardaşı oğlunun əyin-başı, yeməyi onun üstündə idi. Aylıq məvacibini, ordan-burdan sifarişlə işləyib qazandığı pulları özünə xərcləsəydi nə dərdi. İndi bu dar günündə onun dadına çatacaq heç kəsə gümanı gəlmirdi. Özündən kiçik bacısı şəhərin qırağında – Alatavaların birində yaşayırdı. Ehtiyac onu əsəbi, tündxasiyyət eləmişdi. Əvvəllər də xudpəsəndliyi vardı. İnstitutda oxuya-oxuya tanımadığı, vecsiz bir oğlana ərə getdi. Bacısına bəhanəsi də bu idi ki, gərək Həmidə böyük bacı kimi qardaşı balasına himayədarlıq etdiyi kimi, onun da balalarını nəzərdə tutaydı. İndi gör neçə ay idi ki, bacısını görmürdü, nə də kiçik bacısı onu görməyə cəhd eləmişdi.

Ürəyi sınmışdı bacısından. Bilir ki, tək yaşayıram, heç olmasa, telefonla da zəng vurub xəbər tutmur məndən.

Bu gün səhərdən fikrində tutmuşdu ki, gedib bacısını, uşaqlarını görsün. Kim bilir, bir də görə biləcəkdimi... Yolunun səmtini dəyişdi. Alatavaya getmək üçün iki marşrut dəyişməli idi. Çox yol gedəndə, silkələnəndə sinəsindən ağrılar başlayırdı. Bacısının evinə bir saatdan sonra çatdı. Həyət qapısını bacısı özü açdı. Başına alnına qədər yaylıq bağlamışdı. Əsəbi-əsəbi Həmidəylə öpüşdü.

- Aya-günə dönmüsən. – Həmidəni sancmağından qalmadı.

- Eşitdim Almaniyaya getmisən. Mədəniyyət günləri keçirdirsiz oralarda.

Həmidəni yol yorduğu üçün ağır-ağır nəfəs alaraq, üz-gözünü qırışdıra-qırışdıra evə keçib divanda oturdu.

- Yox, gedə bilmədim. İşim çoxdu. – Daha demədi ki, yuxarıda onun adını silib başqasını salıblar.

- Bəxtəvərsən də. Nə uşaq dərdi çəkirsən, nə də ər tənəsini eşidirsən. Yoxsa mənim kimi. Evdə kişi, uşaqlar dığladır, məktəbdə də şagirdlərim divara dırmaşdırır. – Bacısı orta məktəbdə dərs deyirdi.

«Bəxtəvər ha. Kaş, hamı mənim kimi bəxtəvər olaydı. Sən nə bilirsən mən nə haldayam». Birini bilirsən, Nəriş, o birini yox. Yaman ağrıyıram. – İstədi xəstəliyinin ciddiliyindən, döşündəki şişdən danışsın, bacısı imkan vermədi.

- Eh, söz danışırsan da! Nolub sənə? Səndən də betər mən xəstəyəm. Fikirdən beynim çatlayır. Qızın dərdi məni götürüb. Sabah biri adını çəkib qapımı döysə, bilmirəm nə qoşacağam o tifilə. Allahın yununu ala bilmirəm ki, qıza yorğan-döşək düzəldim. Sən də başlamısan...

Bacısına – anadan da artıq qayğısını çəkdiyi bacısına dərdini danışıb yüngülləşmək istəyirdi. Danışmaqdan vaz keçdi. Yarım saata qədər oturub bacısı uşaqlarının yolunu gözlədi. Bacısı uşaqları institutda oxuyurdular. Onların gəlməyinə xeyli vardı. Bacısının süzdüyü çaydan candərdi içib ayağa qalxdı. Bacısı çay süfrəsini yığışdırdı, iri boşqabda kartof gətirib soymağa başladı. Şam yeməyinə, Həmidənin gəlişinə kartof qızardacaqdı. Həmidə bacısının qolundan yapışdı.

- Soyma, Nəriş, şam yeməyinə qalmayacağam. Gedirəm. –

-Sumkasından şokalad qutusunu çıxarıb stolun üstünə qoydu.

- Ac gedəcəksən?

- Ac deyiləm, İştahım yoxdu. Sağ ol. – Qalxıb plaşını geyindi. Bacısının üzündən öpdü. Vaxtilə kirayə tutduqları evdə bir yerdə qalırdılar. O, qardaşı və özü. Bacısını qoymazdı tay-tuşlarından geri qalsın. Geyindirərdi, ayaqqabısı cırılardı ayaqqabı alardı, plaşı köhnələrdi, plaş alardı. Bacısı qız vaxtı da əsəbi idi. Deyingən idi. Bütün günü qruplarındakı qızların geyimlərindən danışardı. – Heyif, uşaqları görə bilmədim. Mənim yerimə üzlərindən öpərsən.

Bacısıgildən çıxdı, kələ-kötür, əyrü-üyrü yolu keçəndə dönüb arxaya baxdı. Bacısı darvazanın ağzında dayanıb onun arxasınca baxırdı. Doluxsundu. Bacısının onun xəstəliyi ilə maraqlanmaması Həmidəyə yaman yer eləmişdi. Tələbəlik illərində bacısı ona daha yaxın idi, indi aralarındakı bu soyuqluqdan özü də baş aça bilmirdi. Bu yaşında ürəyi yaxın rəfiqələrinə, ən çox da vaxtilə onunla bir yerdə – muzeydə işləyən, yaşı yetmişi haqlayan Firəngiz xanıma bağlıydı. Bu neçə gündə ürəyində Firəngiz xanımla da dərdləşirdi. Xəstəliyini ondan da gizlədəcəkdi. Xasiyyətinə bələd idi. Bilirdi ki, vəziyyətinin ağırlığını ona desə, halı qarışar. Onsuz da öz dərdi özünə bəsdir.

Şəhərdə avtobusdan düşüb Kitab passajının yanından keçəndə ayaq saxladı. Çoxdandı rəsmlərindən birini satmaq üçün İlqara vermişdi. Ürəyi əsə-əsə bir-bir satdığa qoyulmuş tablolara baxdı. Onun çəkdiyi «Xınalığın qızları» mənzərəsi hələ də sütunların birindən asılmışdı. Bilirdi ki, rəsmi satılsaydı, aldığı pul qəpik-quruş olacaqdı. Ona görə də maraqlanmırdı.

İlqar rəsmlərin yanında bekar-bekar gəzişirdi.

«Yazıq İlqar əvvəllər necə həvəslə işləyirdi. Onunla bir yerdə rayonlara ezam olunardı. İllüstrasiyalar çəkərdi. Beş-on şirvan maaşla ailəsini dolandıra bilmədi. Bağını satıb getdi Türkiyəyə ki, orda başını girləsin. Qazandığını da ev kirayəsinə, işıq puluna, uşağının təhsil haqqına verirdi. Qayıtdı gəldi. Bir neçə ay işsiz dolandı. Sonra başladı rəsm əsərlərini, evlərdən yığdığı antikvar əşyaları satmağa». Heyf,- Həmidənin yolu həmişə burdan düşəndə İlqara heyfslənərdi. Öz işini – rəssamlığını davam elətdirsəydi, sorağı uzaqlardan gələrdi. İlqar özü haqda danışmağı sevməzdi. O dəfə İlqardan söhbət düşəndə kimsə dedi ki, arvadı Səmayə atıb onu, bir əcnəbiyə ərə gedib. Deyilənə görə, kişi Səmayədən iyirmi yaş böyükdü. Kimsə dedi ki, ərə getməyib, kişinin arvad-uşağı var, Səmayəni elə-belə saxlayır. Görən, uşaq kimin yanındadır, özü saxlayır, yoxsa arvadındadır?

İlqar Həmidəni görüb ayaq saxladı.

-Rəssam xanımlara eşq olsun! – Əlini qaldırıb hay-küylə görüşdü. – Niyə belə sınıxmısan?

İlqar ürəyiaçıq oğlandı. Kasıbçılıq, ailəsinin dağılması onu sıxsa da, şux zarafatından qalmır. – Biz çörək tapmırıq, sənə nolub, Həmidə xanım?

- Heç, işim çoxdu.

- Doğrudan? İndi nə çəkirsən? Portret, yoxsa mənzərə?

- Sonra biləcəksən. – Candərdi gülümsədi. – Əvvəldən demək mənə düşmür. «Əzizim, uzaq başı bir aya biləcəksən.

Rəssam rəfiqələrimdən biri burdan – keçəndə səni görüb qəfildən deycək: - «Eşitmisən, Həmidə xanım rəhmətə gedib. – Bilirəm, mənim ölüm xəbərimi eşidəndə əvvəlcə donub qalacaqsan. Sonra: «Necə yəni ölüb! – deyəcəksən. – Bu yaxında gördüm ki, onu… yaxşı idi. Xeyli söhbət də elədik. Yox, deyəsən, bir az sınıxmışdı. Nədən rəhmətə gedib? «Xərçəngdən».

«Yazıq. Dəfni nə vaxtdı? Harda basdıracaqlar?»

Hə, doğrudan ha. Ölsəm məni harda basdıracaqlar? Eh, bu o qədər də çətin deyil, İttifaqın beş-on üzvü gəlib məşvərət aparacaq, götür-qoy edəcəklər. Bakının kəndlərində nə çox yer. Axır bir yer taparlar. Evdə qoyub iylətməyəcəklər ki.

Həmidə baxışlarını rəsminə – «Xınalığın qızları»na çevirdi.

- Satılmır?

- Bizimkilər o qədər də maraqlanmırlar. Maraqlananlar da xaricilərdi. Səninkini bir danimarkalı istəyirdi. Vermədim.

Həmidənin ürəyi döyündü.

- Doğrudan?

- Nə bilim... Qiymətdə razılaşmadıq; otuz dollar verirdi.

Götürmədim. O da acıq eləyib getdi.

- Nahaq. – Həmidənin üzünə qəmginlik çökdü. Əcnəbilər rəsmlərin qiymətini öldürüb alırdılar. Düzdü, rəsmi satılsaydı da pulu yarasını sağaltmayacaqdı, ancaq necə olsa da, karına gələrdi.

Tabloların bir neçəsini evində saxlayırdı.Saxlayırdı deyəndə, evinin divarlarına asmışdı. Sənətşünaslar, jurnalistlər onun fərdi sərgisinin nümayişindən sonra rəsmləriylə maraqlanırdılar. Bəzən bu rəsmlər onunla xarici rəssamlar arasında ünsiyyət, tanışlıq rolunu oynayırdı. Əvvəllər gənc rəssam qızla tanış olanlar, elə vaxt olurdu ki, rəsmlərdən çox, onun özünə vurulurdular. Hətta bir türk rəssamı ona evlənməyi təklif edəndə və rədd cavabını alanda Azərbaycanda həmişəlik qalıb yaşamağa da söz vermişdi. Rəssam qızsa onu sevənləri ustalıqla özündən uzaqlaşdırırdı. Çox vaxt da sevgi münasibətlərini başqa səmtə – dostluğa yönəldirdi. Bu səmimi dostluq, tanışlıq uzun müddət davam edirdi. Həmidə tanış olduğu sənət adamlarından da məktublar alar, ya da telefon vasitəsiylə əlaqə saxlayardı.

İlqardan ayrılıb Kitab passajının tinindən keçdi və evinə sarı buruldu. Bu gün özünü o ki var yormuşdu. Həm halsız idi, həm də ac. Səhər yediyinin üstündəydi. Evə gəlib soyuducunu açdı, iki gün əvvəl aldığı kolbasanı çıxardanda qolu yenə də döşünə toxundu. Ölüm xofu təzədən peyda oldu. İştahı pozuldu. Üzülmüş halda özünü yatağına saldı. Yorulmuşdu. Hər şeydən yorulmuşdu. Qarmaqarışıq fikirlər beynini çatladırdı. Alaqaranlıq otaqda gah gözünü tavana dikirdi, gah da pəncərədən süzülən işıq selinə. Hava get-gedə qaralırdı. Ömründə özünü bu qədər aciz, kimsəsiz hiss etməmişdi. Fikirlərini cəmləyib ayağa qalxdı. Çantasında - yanınca gəzdirdiyi atasının Quranını çıxarıb vərəqlədi. Ərəb dilini atası öyrətmişdi ona. Atası oxumuş, məlumatlı kişi idi. Oxuduğunun çoxu da orta əsrə və dinə aid kitablar. Əksər kitabları əski əlifbaylaydı.

Elə bu dini kitablara görə atasını otuzuncu illərdə işdən, məsul vəzifədən çıxartdılar. Hiss edirdi ki, Quranı oxuyanda yüngülləşir. Bir xeyli Quranı vərəqləyə-vərəqləyə yüz on yeddinci səhifəni açdı, Xud surəsindən ölümə, axirət dünyasına aid yerlərini oxudu, kövrəldi, xeyli hıçqıra-hıçqıra ağladı. Ağlamaq da ağır iş kimi insanı yorur. O da yoruldu və dərin yuxuya getdi.

Yenə də yuxu görürdü. Görürdü ki, hardasa, hansı ölkədəsə sərgisi açılıb. «Qış mənzərəsi», «Yaylaqda», «Dəmir barmaqlıqların arxasındakı qadın», «Xınalığın qızları» rəsmləri divar boyu düzülüb. Tamaşaçılar bir-birlərinin çiyinlərinin üstündən boylana-boylana onun əsərlərinə baxırlar. Sonra sərgiyə gələnlər əllərindəki yaşıl əskinasları onun başına tökürlər. Osa utana-utana tamaşaçılara baxır və ucadan etiraz edib pulları əliylə itələyir.

- Yox, əzizlərim, yox! Mənə bu qədər pul lazım deyil! Mənə ancaq əməliyyatın pulunu verin. Məni xilas edin! Başa düşürsünüzmü?! Məni xilas edin! – Necə qışqırdısa, öz səsinə ayıldı. Yorğanın altında yenə də onu tər basmışdı. Yuxudan kal ayıldığı üçün döyükə-döyükə o tərəf-bu tərəfə baxdı. Hava işıqlansa da, otaq qaranlıq idi. Əlini gecə lampasına uzadıb düyməni basdı, işıqda divarlara göz gəzdirdi. Sağ tərəfdə, divanın söykəncəyinin üstündə «Dəmir barmaqlığın arxasında qadın» rəsmini asmışdı. Bu rəsmi ürək ağrısıyla işləmişdi. Çünki dəmir barmaqlığın arxasındakı qadını yaxşı tanıyırdı, ürəkdən bağlanmışdı Firəngiz xanıma. Düz iyirmi beş il muzeydə bir yerdə işləmişdilər. Firəngiz xanım sakit, qaradinməz, çöhrəsi həmişə qəmgin olan bir qadındı. Hətta güləndə də gözlərindəki kədəri görməmək olmur. Gənclik illərini otuzuncu illərə təsadüf etdiyindən ürək ağrısıyla xatırlayırdı. Xatırlayırdı demək düzgün olmazdı. O vaxt tələbəydi, ata-anasının bircəsiydi. Təzəcə nişanlanmışdı. Sevirdi, sevilirdi və birdən hər şey alt-üst oldu. Firəngiz xanım indi ömrünün son günlərini yaşayır. O çətin illərdən sonra heç kəslə yaxınlıq etmir. Elə-belə, candərdi salamlaşır. Vəssalam. Ancaq ilk gündən mehrini Həmidəyə bağlamışdı. Həyatının faciə dolu hadisələrini də ona danışardı. Həmidə də Firəngiz xanımla tanışlıqdan sonra

«Dəmir barmaqlığın arxasında qadın» rəsmini – Firəngizin gəncliyini çəkdi və bu əsər ərsəyə gələn gündən ona uğur gətirdi. Fərdi sərgilərinin nümayişindən sonra jurnalistlər ən çox bu rəsmdən yazırdı. Tablodakı gənc qadının barmaqlığın arxasından ümidsizmi, heyrətləmi, yoxsa təəccübləmi baxan gözləri Mono Lizanın gözləri kimi təhlil olunar, bəzən də mübahisə mövzusuna çevrilərdi. O rəsmi Həmidə evində saxlayırdı. Qorxurdu ki, rəsm muzeydə it-bata düşər. Firəngiz xanım bəzən ağrıyan ayaqlarını sürüyə-sürüyə ona baş çəkməyə gələndə bir gözü şəklində qalırdı. Həmidə hiss edirdi ki, arvadı bu evə gətirən bu rəsm əsəridir.

İşığı təzədən söndürüb gözünü tavana dikdi. Qatmaqarışıq fikirlər beynini yormuşdu. Yata bilmirdi. Ya oturub ölümünü gözləməliydi, ya da pul tapmalıydı.

Get-gedə hava işıqlaşır, səhər açılırdı. Saata baxdı. İşə getsinmi? Görən, orda kimdən borc ala bilər? Orxandan? Yox, Orxanda o qədər pul nə gəzir. Ancaq olsaydı heç vaxt əsirgəməzdi ondan. Bəlkə Dilşaddan. Yox, heç vaxt. Dilşadın geydiyi paltarlardan, iki min dollarlıq şubasından (özü demişdi qiymətini) hiss olunur ki, kalandır. Ancaq ürəyi sınmışdı bu xudpəsənd qızdan. O dəfə otaqda olmayanda onun haqqında

«Bu qarımış qız da özünü mətah yerinə qoyub» demişdi.

Durdu, həvəssiz-həvəssiz geyinib evdən çıxdı. Hər gün salamlaşdığı, kefini soruşduğu dilənçi yenə də həmin yerində səssiz-səmirsiz dayanıb, əlini gəlib-gedənə açmışdı. Dilənçi qadın onu görməsin deyə, səmtini dəyişdi. Az qalıb, daha bu yerdən keçməyəcək. Tezliklə yaz girəcək, havalar da qızaraq, ağaclar növbənöv çiçək açacaq. Əvvəlcə alça çiçəklənəcək... Dilənçi qadının həyətində onun sevdiyi güllər də qönçələnəcəkdi. Dilənçi qadın bir-iki dəfə ona həyətindən dərdiyi çöl güllərindən gətirmişdi. Hə, bir azdan bir dəstə güllə onun yolunu gözləyəcəkdi (söz vermişdi ki, yaz gələndə sənə bir dəstə gül gətirəcəyəm), güllər solana qədər gözləyəcəkdi və onun həyatı kimi, çiçəklər də solacaqdı, büzüşəcəkdi, iylənəcəkdi. Dilənçi qadın dodağının altında mızıldana-mızıldana, deyinə-deyinə gülləri yanındakı zibil yeşiyinə tullayacaqdı. Əlinə pul düşən kimi dilənçiyə tez-tez çörək pulu verərdi. Keçən il yun jaketini, çoxdan istifadə etmədiyi şarfını da ona bağışlamışdı.

Çiçəkləri yaman sevirdi. Qızılgülün, onun ətrinin dəlisiydi. Özəl işində də dibçəklərdə gül əkmişdi. O, rayonlara ezam olunanda kompüterin arxasında işləyən qızlar günaşırı gülləri sulayırdılar. Adını da qoymuşdular «Həmidə xanımın çiçəkləri».

İçəri keçəndə iş yoldaşlarının bəziləri kompüterin arxasındaydı. Kömpüterin dəyirman uğultusuna oxşar səsi otağın sükutunu pozurdu. Onu görüb işdən ayrılmasalar da başları ilə salamlaşdılar. Keçib onun üçün ayrılmış mizin arxasında oturdu. İstədi bir az başını işlə qatsın, hövsələsi çatmadı. Gülləri sulamaq lazımdı. Pıçıltıyla qonşu mizin arxasında oturan əlində siçan (fari), gözü kompüterin ekranında qalan, cins şalvar geyinmiş Gülərə müraciət etdi: - Güli, çaynik hardadır? Gülləri sulamaq istəyirəm.

Gülər başını döndərmədən:

-Narahat olmayın, Həmidə xanım, - dedi. – Güllər sula- nıb.

- Doğrudan! – Əlləriylə güllərin ləçəklərinə sığal çəkdi. – Güli, mən səndən çox xahiş edirəm. Mən olmasam, gözün bu dibçəklərdə olsun. Sulamağı unutma, yaxşı?

-Necə yəni mən olmasam. – Gülər təəccüblə Həmidəyə tərəf baxdı. – Həmidə xanım, harasa gedirsiniz?

-Hə, hə, ona oxşar bir şeydi. – Gözləri dola-dola gülümsündü.

-Arxayın olun. Nə lazımdır edərik, - dedi.

- Kabinetin qapısı yarıaçıq olduğu üçün içəri görünmürdü.

- Bilmirsən, Natiq müəllim içəridədir?

- Bir az olar gəlib.

Sinəsinin sancısı yenə tutdu. Bu küt sancı onu müdirin yanına keçmək üçün daha da ürəkləndirdi. Üz-gözünü qırışdırıb qapıya sarı getdi. Qapını yavaşca taqqıldatdı:

-Buyurun. – Müdir başını qaldırıb: - Safarovna,- dedi, -

Xeyir ola? – İşçilərin hamısını atasının adı ilə rusca çağırardı.

- Sonra Həmidənin qısa vurulmuş ağlı-qaralı saçlarına, rəngi avazımış üzünə, qəmli gözlərinə baxdı.

- Heç, Natiq müəllim, ola bilsin mən bir həftə işdə olmadım. Xəstəhalam. Bir də. – Gözləri yaşardı. – Mənə pul lazımdı. Təcili. Əgər varsa… Sonra maaşımdan çıxılar.

-Pul? – Natiq müəllim əlini cibinə salıb eşələdi: - Nə qədər?

- Beş yüz dollar.

-Nə? Beş yüz dollar? Vallah, o qədər pulum yoxdu. Ancaq əlli dollar verə bilərəm.

-Cibindən eşələdiyi pullar əlindəydi. İstədi ovcunda gizlətsin. Bacarmadı, öz-özünə mızıldandı. Bu da kompüterin puludur. Şöbəyə kompüter almalıyam. – Pulların arasından əlli dolları çıxarıb Həmidəyə uzatdı. Həmidə istədi pulu götürməyə. Fikirləşdi ki, Natiq müəllim buna başqa mənə verər, ya da inciyər.

- Götürün, Safarovna. – Müdir Həmidəyə ötəri nəzər salıb:

- Özünüzü xəstəlikdən qoruyun. – dedi və başını təzədən kağızlara sarı əydi. İşi çox idi. Yəni demək istəyirdi ki, gedə bilərsiniz? Əlləri əsə-əsə pulu götürdü. İlk dəfə idi kiməsə pul sarıdan ağız açırdı, borc istəyirdi. Ağızucu təşəkkür edib ümumi otağa keçdi və hamının gözündən yayınıb xudahafizləşmədən küçəyə çıxdı. Üzü qızarmışdı. Ehtiyac insanı nəyə desən vadar edər, - fikirləşdi.

Evə getmək istəyirdi, ancaq ayağı onu əvvələr işlədiyi muzeyə – Firəngizin yanına sürüklədi. Gedib onu da görsəydi. Kim bilir… Sonra görə biləcəkdimi? Firəngiz xanım da onun kimi tək yaşayır, onun kimi ailə qurmayıb, qocalıb əldən düşsə də, hələ də muzeydən – işindən ayrıla bilmir. Həyatın ən sərt, amansız üzünü görüb. Atası institutda müəllim işləyirmiş, həm də kafedra müdiri idi. Gözü götürməyənlərdən biri şərləyib işdən çıxartdırır ki, yerinə keçsin. Adını da qoyurlar «Türk casusu». Bir gün gecənin yarısı atasını gəlib aparırlar. Bir ay Bayıl türməsində saxlayandan sonra Qazaxıstana sürgün edirlər. O vaxt Firəngizin on doqquz yaşı vardı. İnstitutda oxuyurdu. Nişanlıydı. Ən xoşbəxt günlərini yaşayırdı. Atası vətəndən sürgün edilən vaxt toya hazırlaşırdılar. Lakin bir anın içərisində hər şeyə son qoyuldu və xoşbəxt ailənin qaraçuxası yatdı. Atasının həbsindən bir az keçmiş Firəngizi institutdan xaric elədilər. Bu azmış kimi, gecələrin birində anayla balanın da dalınca gəldilər. Onları da sürgün gözləyirdi? Ancaq hara? Atasının yanınamı? Yox, əşi, kim bu xoşbəxtliyi bu iki qadına bəxş edər? Firəngiz xanım danışırdı ki, elə bil yatmışam və bu faciələri yuxuda görürəm. Axı toya hazırlaşırdıq. Mənə elə gəlirdi ki, nişanlımla məni ancaq ölüm ayıra bilər. Sən demə, insan hər zülmə tabe olurmuş, ayrılığa da. Əlli il keçib o hadisələrdən, ancaq yadıma düşəndə halbahal oluram. Mənim Ənvərim də özünə yer tapa bilmirdi. Dəli kimi özünü ora-bura vururdu. Bütün günü həbsxananın başına fırlanırdı. Bir-iki dəfə görüş ala bildi, görüşdü. Mənim kimi o da arıqlamışdı. Kostyumu əynindən tökülürdü, üzünü tük basmışdı.- Axırıncı görüşdə əllərimdən tutdu. Buraxmırdı. Bilirəm, - deyirdi. – Öyrənmişəm, sizi harasa sürgün edəcəklər. – Mənim Ənvərlə son görüşüm bizi yük qatarına mindirib Sibirə sürgün edəndə oldu. Atamın yanına – Qazaxıstana sürgün etsəydilər, nə dərdimiz.

Həmidə rəsmi çəkəndə Firəngiz xanımın nişanlısı ilə ancaq bu anını – ayrılıq anını tutmuşdu. Firəngiz yük qatarında dəmir barmaqlığın arxasında dəhşətləmi, ümidsizcəsinəmi nişanlısına baxırdı. Gedəcəkləri yerdə – Sibirdə isə şaxta mənfi qırx, əlli dərəcəyə çatırdı. Düz altı il qərib diyarda Sibirin şaxtasına dözə-dözə yuxarılara yazdıqları yalvarış dolu məktublardan sonra onları atasının yanına göndərdilər. Ailə bir yerə yığışır. O günü onların ən xoşbəxt günü sayılırdı. Dörd il də burda yaşayırlar və on ilin əzabından, iztirablarından sonra vətənə qayıdırlar. Əvvəllər nişanlısı ilə tez-tez məktublaşarmış. Sonralar Ənvərin məktublarının arası seyrəlir və tamam kəsilir.

Həmidə Firəngiz xanımın faciəli taleyini yadına sala-sala onun yanına tələsirdi. Həm də öz-özünə götür-qoy edirdi ki, Firəngiz xanımın yanına getməyinə bir bəhanə tapsın (Çünki iki-üç gün idi ki, görüşmüşdülər). Heç nə deməyəcək, elə-belə onu görüb ürəyində vidalaşacaqdı. Əvvəlcə muzeyin nəzarətçisiylə salamlaşdı və sonra Firəngiz xanımın oturduğu otağın qapısını açdı. Firəngiz xanımı, gözündə eynək, kataloqları qaydaya salırdı. Arvadın axır vaxtlar qəddi əyilmişdi, gözlərinin də işığı azalmışdı. Onu görüb gülümsədi və heyrətini gizlətmədi: «Səndən nə əcəb, Həmidə?» -deyib rəfiqəsinin üzündən öpdü. Həmidə də Firəngiz xanımı qucaqlayıb: «Elə keçirdim burdan. Fikirləşdim ki, buracan gəlmişəm, bir qalxım, görüm səni». Hiss etdi ki, kövrəlir. Danışsa ağlayacaq. – Tələsirəm, Firəngiz xanım, - dedi. – Təzədən Firəngiz xanımın qırışmış, qarabuğdayı üzündən öpdü. – Sonra, sonra gələcəyəm. Oturub söhbət edərik… – Kim bilir, gələcəkdimi? İndi ən əsası budu ki, ürəyinin yaxınıyla vidalaşdı. Küçəyə çıxanda özündə bir yüngüllük hiss edirdi. Külək kəsmişdi. Günəşli bir gün idi. Qışın günəşli, qızılı günü bir nağıla bənzəyir. Yer-göy adamın üzünə gülür. Soyuq da hiss olunmurdu. Hara getsin? Səsli-küylü şəhərdən ayrılmaq istəmirdi. İzdihamlı, gediş-gəlişli küçəni gəzdikcə xəstəliyini, ölümlə təzədən üz-üzə gələcəyini unudurdu. Adət etmişdi, səhərlər işə gedəndə və ya axşamlar işdən qayıdanda gözü evlərin, idarələrin divarlarında, seyf qapılarında qalar, lövhələrin üstündəki yazıları, reklamları oxuyardı; hansı küçə nə adlanır, hansı küçədə hansı şirkət və yaxud nazirlik yerləşir. Ona görə də küçələrin adlarını əzbər bilirdi. Çox vaxt da reklam şöbəsində ona verilən sifarişlərə – özünün çəkdiyi və ya iri şriftlərlə yazdığı elanlara rast gəlirdi. Bax, bunu mən çəkmişəm, bunu mən yazmışam. İndi bir gözü lövhələrin üstündə qalmışdı. Fikri dağılsın deyə, doğma və ya ingilis dilində yazılanlarla başını qatırdı. Birdən gözü dəmir qapıların birinin üstündəki lövhəyə sataşdı. «Lombard». Çoxdan, lap tələbə vaxtından bilirdi ki, burada qiymətli əşya qoyub istədiyin qədər pul götürmək olar. Lombardın indi fəaliyyət göstərdiyini bilmirdi. Deyəsən, ürəyi atdandı. Sevindi də. Həyatını xilas edəcək axırıncı şans bəlkə lombard olacaqdı. Ümidini bura bağlamaq istədi. Onun axı qiymətli portretləri, rəsmləri vardı. Gətirib göstərər. Allah eləməsin, itirməsinlər gözünün işığını, yuxusuz gecələrini əlindən alan tablolarını, sonra, görən, yavaş-yavaş pul düzəldib geri ala biləcəkmi?

Ürəyi quş ürəyi kimi döyünməyə başladı. Addımlarını yeyinlədib sanki qaça-qaça özünü evə çatdırdı. Rəsmlərinin üçünü ağ mələfəyə büküb evdən çıxdı. Ağır olsa da, birtəhər yerə qoya-qoya, nəfəsini dərə-dərə özünü qiymətli əşyaların qəbuluna çatdırdı. Yaxşı ki, iş günü qurtarmamışdı. Qapı açıq idi. Ümidlə, ürəyi döyünə-döyünə içəri girməyi ilə suyu süzülmüş, pərt çıxmağı bir oldu. Lombardın direktoru – üzü qırmızıya çalan kişi rəsmlərə heç baxmaq istəmədi.

- Bu nədir? – dedi. – Bizi dolamısınız?

Həmidə qızardı.

- Bəs nə lazımdır ki?

- Qiymətli əşya.

- Siz qiymətli əşya nəyə deyirsiniz?

- Ancaq qızıl, gümüş, qaş-daş, maşın, ev. Gedə bilərsiniz.

Ümidi rəsmlərinə idi. Bunlar da onun həyatını qoruya bilmədi.

Yorğun-yorğun evinə qayıtdı. Rəsmlərin ağırlığını indi hiss elədi. Qollarından elə bil daş asılmışdı. Bir tərəfdən də ümidsizlikdən az qalırdı ürəyi partlasın. Yenə də hava qaraldı. O isə stulda büzüşüb oturmuşdu. Bir qərara gələ bilmirdi. Gözü ağ mələfənin arasında Firəngizin barmaqlığın arxasından görünən ümidsiz gözlərinə sataşdı. Bu gözlərin dərinliyində nələr yox idi?! O gün Firəngizin nişanlısı ilə son görüşü idi. Sürgündən qayıtdıqdan sonra Ənvərinə qovuşacaqdımı? Hiss etdi ki, evdə otura bilməyəcək. Ayağa qalxıb Firəngizin tablosunu o biri tablolardan ayırdı, təzədən ağ mələfəyə büküb evdən çıxdı. Rəsmi Firəngizə bağışlayacaqdı. Firəngiz xanımın evi Fəxri xiyabanın yanında idi. Marşurut avtobusla tez çatdı, qapını döydü. Rəfiqəsi Həmidəni qapının kandarında görüb təəccüblə:

-Bıy, sənsən, - dedi. – Həmidə? Yanımdan çıxandan səni fikirləşirəm. Nigaran qalmışdım. Sənin qəfildən görünüb yox olmağın məni şübhəyə saldı. Elə tələsik çıxıb getdin ki. Bir şey…

Həmidə əlindəki tablonu dəhlizdə divara söykəyib nəfəsini dərdi. Təngnəfəslik, halsızlıq onu əldən salırdı. Özünü ələ alıb gülümsündü.

-Nə olmalıdır ki, Firəngiz xanım? – dedi, - hər şey qaydasındadır.

-Allaha şükür. Yaxşı, bu nədir gətirmisən, Həmidə?

-Sənin rəsmindi. Gətirdim, sənə bağışlayam. – Qorxdu ki,

Firəngiz xanım hədiyyəni götürməsin. Tələsik:

-Bu yaxınlarda ad günün olmayacaq? Ad günün münasibətiylə…

Firəngiz xanım Həmidəni qabağa salıb otağa keçdi:

-Nolsun olacaq. Yox, götürməyəcəyəm. Bir də ki, mənim ad günümə bir ad günü qalır.

-Yox, Firəngiz xanım, qoy səndə qalsın. Bəlkə mən şəhərdə olmadım. Qapımın da kilidi fərli deyil ki, evdə qoyum. İstəsən, sonra muzeyə təhvil verərsən.

Firəngiz xanım kövrələ-kövrələ rəsmə görə Həmidəyə təşəkkür etdi:

-Şəklimə baxanda o ağır günlərim gözümün qabağından çəkilmir, Həmidəm, - dedi.

Oturub bir yerdə şam etdilər, çay içdilər. Həmidənin iştahı olmasa da, Firəngiz xanımın xətrinə, lobya şorbasından bir- iki tikə ağzına aldı. Yeganə ev idi ki, o burda özünü öz evindəki kimi hiss edirdi. Firəngiz xanım lobyanı qaşıqlaya-qaşıqlaya muzeyin təmirindən, direktorlarının nadir sənət əsərlərinə biganəliyindən, məvaciblərinin vaxtlı-vaxtında verilməməsindən danışırdı və danışdıqca hərdəm də gözü Həmidənin üzünə dikilib qalırdı.

-Sənə nolub, Həmidə, ağrımırsan ki? – soruşur.

-Yox, Firəngiz xanım, narahat olma. – Əvvəldən qət etmişdi, xəstəliyini gizlədəcəkdi ondan. Firəngiz xanımın qanını qaraltmağın nə mənası vardı ki. Pul sarıdan məətəl qaldığını da ondan gizlədəcəkdi. Firəngiz xanımın məvacibi onunku kimi cüzi idi. Yüz əlli min manat maaşı, səksən min də təqaüdü. Firəngiz xanım bu qəpik-quruşun yarısını dərmanlarına verir. Maaşını ayın axırına zorla çatdırır. Bütün günü vaxtını muzeydə keçirsə də, muzeyin ən ağır, yorucu işləri onun üzərinə düşsə də, heç vaxt məvacibindən şikayətlənməzdi.

* * *

Qaranlıq düşdüyü üçün Həmidə rəfiqəsinin təkidiylə gecə onun evində qalmalı oldu. Gecədən xeyli keçmiş yatağa uzandılar. Firəngiz xanımın onsuz da yuxusu yox idi. Gecələr yatmamışdan qabaq yuxu dərmanı içirdi. Həmidənin isə həm fikirdən, həm də sinəsinin ağrısından yuxusu çəkilmişdi. Firəngiz xanım əllərini boynunda daraqlayıb uşaqlıq illərindən, gəncliyindən, atalı-analı günlərindən, rastlaşdığı yaramaz və yaxşı insanlardan danışırdı. Uşaq vaxtı anası ona səməni halvası bişirmişdi. Halvanın dadını, qoxusunu hələ də hiss edir. On yaşındasa ad günü münasibətiylə valideynləri ona ipək parçadan paltar almışdılar. Çox gözəl, sarıya çalan rəngi vardı. Paltar o qədər xoşuna gəlirdi ki, gecələr lampanı yandırıb, işığında paltara baxıb təzədən yatardı. – O paltardan sonra çox paltar tikdirmişəm, ancaq nədənsə onu, onun rəngini, üstündəki mavi gülləri unuda bilmirəm. - Firəngiz xanım bəxtindən də danışırdı. Deyirdi ki, insanın həyatı təsadüflərlə doludur. Adi bir təsadüf nəticəsində insan xoşbəxt də ola bilər, bədbəxt də. Ancaq mən Allahın tale yazısına da inanıram. Alnına nə yazılıbsa, elə də olacaq. Məsələn, mən qarabəxt dünyanın qurtaracağına – insan ayağı dəyməyən yerə gedib çıxmışam. Neçə il orda şaxtalı, çovğunlu qışı keçirmişəm. Mənə bax ey, qışı deyirəm, bəyəm oraların yayı olur ki. Özüm də təəccüb edirəm… indiyə kimi necə olub sağ qalmışam. Eh, gəncliyim gör haralarda keçdi. Anam rəhmətliklə məni sürgün etməsəydilər, nişanlım başqasıyla evlənməzdi, toyum olardı, ailəm olardı. Sürgündən qayıdandan sonra məni istəyənlərdən biriylə ailə qura bilərdim, ancaq Ənvəri ürəyimdən çıxara bil- mirdim. «Bax, həqiqət budur. Ənvərini unuda bilməyib. Bəs mən? Məgər mən Ələkbəri unuda bildim? Həyat o qədər mürəkkəbdir ki, adam baş aça bilmir bu dünyanın fani işlərindən». Firəngiz xanım danışırdı ki, sürgündən qayıdandan sonra nişanlısını ikicə dəfə görüb. Birinci dəfə təzə vaxtlarında Ənvər Firəngizgilin vətənə qayıtma xəbərini eşitcək, Firəngizi tapıb görüşüb, sarsılıblar. İkinci dəfə bu yaxında təsadüfən bulvarda nəvələriylə gəzdiyi yerdə rastlaşıblar. Qocalıb Ənvər. Saç-saqqalı ağarıb. Məni tanımadı. Hardan tanıyacaqdı. İndi gör nə gündəyəm. Qara plaşımı geyinmişdim, başımda da qara beret. Mən tanıdım Ənvəri. Yaxınlaşıb yüyürdüm qabağına dedim: - Tap görüm mən kiməm. – Nişanlı vaxtlarımızda telefonla zəngləşəndə deyərdik bu sözləri bir-birimizə. Zəndlə üzümə baxdı. İkimiz də kövrəldik. Oturduq boş skamyaların birində. Xeyli söhbət elədik. Sonra nəvələrini çağırıb tanış elədi mənimlə: - Bu, - dedi, Firəngizin qızıdır. - Bilirdim; qızlarından birinə mənim adımı qoyub.- Bunlar da oğul nəvələrimdi.

Həmidə qulaq asa-asa heykəltəraşı fikirləşirdi. «Görən, bu gecə yuxuma girəcək? Kaş bu gecə yuxuma gələydi». Firəngiz xanım ürəyini boşaldıb susmuşdu. Bir xeyli keçəndən sonra: - «Deyəsən çox çərənlədim, - dedi, - sən özündən danış, Həmidə. Axır vaxtlar nə çəkirsən?»

Həmidənin də xəyalı uşaqlıq illərində ilişib qalmışdı. Atası işdən çıxarılandan sonra, cibində tütün kisəsi, gününü bostanda keçirərdi, anası isə əsəbi idi. Heç nədən hirslənər, hirsini də ən çox, evin böyüyü olduğu üçün, onun üstünə tökərdi. Həmidə kiçik vaxtlarından, əlində təbaşir, evlərinin divarını, damlarının daşkəsəyini cızmaqaralayardı. Divarlarında ən çox həyətlərinin toyuq-cücələrini, gülünü, çiçəyini, ağaclarını çəkərdi. Bu cızmaqaranın üstündə çoxlu kötək də yemişdi. Anası, əlində yun çubuğu Həmidəni düz çaya qədər qovardı. Əlinə keçməyəndə də çayın qırağında oturub qızını qarğışlayardı:

«Səni görüm əllərin qurusun o ev-eşiyi yaman günə qoyduğun yerdə, səni görüm oddanıb yanasan. Hardan indi tapım bu əhəng sovxanı? Divarların zayını çıxardıb bu zay qızı zay. Səni görüm, əllərin qoltuğunda qalsın.» Görən, ananın qarğışı tutur adamı? Qızını başqa cür görmək istəyirdi anası. Heyif zəhmətindən.

Həmidə həyəcanını gizlədib Firəngiz xanımın sualına laqeyd-laqeyd:

-Eh, Firəngiz xanım, - dedi. – Görüləsi o qədər işlərim var ki. Əgər ömür vəfa eləsə.

Firəngiz xanım: - Mənim rəsmimi çox gözəl çəkmisən. Ona baxanda nişanlı günlərim yadıma düşür.

-«Elə bu rəsmi ona görə gətirmişəm ki, özünə baxıb gənclik illərini yadına salasan, ay mənim başı bəlalı rəfiqəm».

Yarıqaranlıq otaqda gecə lampasının közərtisində ikisi də özünə qapılmışdır. Firəngiz xanımın ona verdiyi sual Həmidəni düşündürürüdü. «Soruşursan, əzizim, nə çəkəcəksən? Ölüm möhlət versəydi, çox şey. Elə sənin, mənim kimi tənha yaşayan qadınlarımızın gözlərini çəkərdim. Son illərimi, günlərimi nə dağa, nə daşa, nə də dənizə həsr edərdim. Ancaq qadınlarımızı, vətənə şəhid verən analarımızın göz yaşlarını çəkərdim. Ermənilərə əsir düşmüş qız-gəlinlərimizin baxışlarını çəkərdim, müharibədə namusunu qorumaqçun özlərini qayadan atan fidan qızlarımızı çəkərdim. İndi həyatımın sonuna az qalıb. Həkimlərin deməyinə görə lap az qalıb. Öləcəyəm. Arzularım ürəyimdə qalacaq. Balaca bir şəklimi tapıb qəzetlərin birinə nekroloqumu verəcəklər. Vəssəlam».

Bilirdi, yəqin bilirdi: onun ölümünə, onun yoxluğuna ən çox ağlayan Firəngiz xanım olacaq. Dostları, yaxın rəfiqələri də kədərlənəcəklər, vaysınacaqlar, xəstəliyini onlardan gizlətdiyi üçün heyrətlənəcəklər də. Qoy belə olsun. Səhər son dəfə muzeyə gedib rəsmlərinə baş çəkəcək, onlara son dəfə əllərini vuracaq, sığal çəkəcək. Son dəfə! Son dəfə gedib dənizlə də vidalaşacaq. Onun yağlı boya ilə çəkdiyi qəhrəmanlarından biri də dəniz olub axı. Sonra evə gəlib ölümünü gözləyəcək.

* * *

Səhər Firəngiz xanımın evinin kandarında onunla sağollaşıb ayrılanda gözləri doldu. Ürəyində bu talesiz qadına «Əlvida» deyib muzeyə sarı üz tutdu. Günün birinici yarısını muzeydə keçirtdi, tablolarına baxıb kövrəldi, sonra dəniz kənarına gəldi. Sahil adamsız idi. Bir xeyli dənizə, dalğalanan sulara, suyun üzərində qalxıb enən qağayılara baxdı. Heç yerə tələsmirdi. Daha heç kəsdən pul istəməyəcəkdi. Həkimə də getməyəcəkdi. Natiq müəllimdən aldığı əlli dolları evdə qoyub, bir kağız parçasına yazacaqdı ki, pulu müdirinə qaytarsınlar.

Sahildən aralanıb mərkəzi küçələrin birindən keçdi, evinə gəldi. Təngnəfəslik təzədən onu haqladı. Firəngiz xanımgildə səhər yediyinin üstündəydi. İştahı yox idi ki, ağzına bir tikə çörək alsın. Artıq dünyadan əlini üzmüşdü. Ölüm xofunun əzabından təngə gələrək ölümünü arzulayırdı. Başında xaos vardı. Divanın bir küncündə oturub fikrə getdi. Yaşamaq get- gedə onun üçün adiləşirdi. Ona elə gəlirdi ki, ölüm artıq onu qorxutmur. Ölümlə barışmaq bu həyatda sürünə-sürünə yaşamaqdan daha yaxşıdı. Kaş elə bu gün gələydi. Lap bu saat. Ölüm də özünü naza qoyub. Gah görünür, gah da itib-batır. Gəl, gəl çıx da, gəl apar məni bu etibarsız, zalım dünyadan, haralarda qalmısan? Bezmişəm axı həyatımdan. Çölü gözəl, içi üfunətli dünya mənim dünyam deyil. Ölümlə dostlaşmışdı. Ölümə dünyadan şikayət etdiyi vaxt nə kövrəlirdi, nə də ağlamaq istəyirdi. Gözünün yaşı qurumuşdu. Onu gecə-gündüz sarsıdan ölüm xofu harasa çəkilib getmişdi. Yarıqaranlıq otağında oturub intizarla gözləyirdi. Sonra nə fikirləşdisə, əlini balışının altına salıb Quranı çıxartdı. Özünə yasin oxudu.

Quranı oxuduqca ona elə gəlirdi ki, qəlbinə xoş hisslər dolur. Bədəni pak halənin əhatəsindədir. Sonra ilk dəfə olaraq duaya oturdu və əllərini göyə qaldırıb pıçıldadı: «İlahi, əgər günahlarım varsa, günahlarımdan keç. Kimin qəlbinə dəymişəmsə, kimə insanlıq borcumu qaytarmamışamsa, qoy məni halal eləsinlər. Mənim kimi ehtiyac içərisində yaşayana çörəyi az görmə. Onların o dünyasını ver. İlahi, məni ölümlə barışdır, dəyiş dünyamı».

Dualarından sonra yenə də ölümü gözünün qabağına gətirdi. Ölüm gözündə o qədər gözəlləşdi ki, sonra elə o cür də yuxuya getdi. Yuxuda ölüm ağappaq əbayla, üzündə təbəssüm, gülər gözləriylə onun başının üstünü kəsdirmişdi. Sevinə-sevinə əllərini ölümə sarı uzatdı.

-Axır ki tapdım səni. – Gülümsəyə-gülümsəyə ölümə baxdı.

-Səhərdən səni gözləyirəm. Niyə gəlib çıxmırsan?

-Nolubki? Canından bezdin?

-Yox, bezməmişəm, ancaq yaşamaq istəmirəm. Dəyiş mənim dünyamı.

-Nə tez? Bir az gözlə, bəlkə… Yaxşı, kimdən, nədən narazısan, axı?

-Bu dünya mənim istədiyim dünya deyilmiş. Sınadım onu. Pislərlə, zalımlarla arası yaman sazdı.

- Sənə vaxt vermişdim… Bir şey çıxmadı? – Ölüm altdan-altdan qımışırdı.

-Yox.

-Bəs lombard?

-Rəsmlərimi götürmədi. Mənə taxta-tuxta, kağız-kuğuz lazım deyil, - dedi. – Qızıl, gümüş, daş-qaş götürürəm.

-Demək istəyirsən sənətə qiymət verən yoxdur? Bir tərəfdən, düz eləyir də o lombard sahibi. Kişini qınama. O da ailə, oğul-uşaq, aşna saxlayır. Onlara maşın, ev, brilyant, qızıl almalıdır, ya yox? Bu idarədə nə qədər adamın, lombardın pulunu qaytara bilmədikləri üçün, qızılı, qiymətli əşyaları batıb. Əsl hədiyyə veriləsi qiymətli əşyalar deyirəm ha.

Bəsdir, sən allah, danışma onlardan… Gəl al canımı. Axşam özüm özümə yasin də oxudum. Bax. Quran da əlimdədir. Səninlə gedirəm. Tut əlimdən. Apar məni özünlə, al canımı, vallah gedirəm. – Sonra canında bir rahatlıq hiss edə-edə ölümə baxırdı. Döşündəki gündən-günə iriləşən şişin ona əzab verən ağrısını da unutmuşdu. Kefi kök idi. Heç nə haqda fikirləşmək istəmirdi. Cansıxıcı, yorucu işini, gündəlik qayğılarını, qardaşı balasının yeməyindən, əyin-başından ötrü özünü oda-közə salmağını, rəfiqəsi Firəngizin acı taleyini, evinin ağzında dayanan dilənçi qadının irəli uzanmış əllərini, cibində siçanlar oynayan, ailəsi dağılmış İlqarın gözündəki kədəri – çox şeyi, çox şeyi yaddaşından uzaqlaşdıraraq ölümün pambıq kimi yumşaq, ağ əllərindən tutdu.

Ölüm ürəyində nə götür-qoy etdisə, Həmidənin əllərini kənara itələdi, sonra ağ əbasının ətəklərini əlinə yığıb geri, geri çəkildi və sabun köpüyü kimi yox oldu.

# 2975 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #