Qulluqçu işləyən qadının inanılmaz həyat hekayəsi

Qulluqçu işləyən qadının inanılmaz həyat hekayəsi
9 sentyabr 2019
# 10:15

Ev təmizliyinə köməyə çağırdığım bir qadın vardı. Qəribə taleli idi. Türkmənistana ərə getmiş, orda oğul-qız böyütmüş, ev-eşik tikmişdi. Sonra nə olmuşdusa, ən balaca qızını götürüb Bakıya gəlmişdi. Məktəbdə xadimə işləyir, evlərə təmizliyə gedir, kirayə otaqlarda qızını böyüdürdü.

Çox ürəyim yanırdı Bakıda bir-birindən başqa kimsəsi olmayan o ana-balaya. Hərdən qızlarımla həyətdə qayğısız-qayğısız oynayan yeddi-səkkiz yaşlı toppuş, sarışın qızı yanıma çağırar, qarşısına keçib başını sığallayar, bax böyüyəndə yaxşı oxu, özünə gün ağla, anana kömək ol - deyərdim. Uşaq mavi gözlərini üzümə dikib məlul-məlul baxardı. Düzü, öz dediklərimə özüm də inanmazdım. Amma qızcığazın susqunluğunda elə bir dərin mənalı kədər vardı ki... Və bu, məni elə ümidləndirirdi ki, beş-altı ildə bu cümlələri ona dəfələrlə dediyimi xatırlayıram.

Ana yanındakı qızından narahat deyildi, necə olsa, gözünün qabağındaydı. Sənədləri qaydasında deyildi deyə, gedib ordakı böyük oğul və qızlarını görə bilmirdi, tez-tez sanki unudacaqmış kimi, öz-özünə hündürdən təkrarlayırdı: “Böyük oğlum əsgərliyə gedəcək bu il, gələndən sonra məni taparmı?... Böyük qızım orta məktəbi bitirir, baldızlarım ərə verməzlər ki? Səncə, gəlib görməzlərmi bizi, mən heç, bacıları üçün darıxmazlarmı? “

Mən bu sualların ağırlığı altında əzildikcə əzilər, boğazımda göynəyən qəhərin göz yaşına dönüb onu ümidsizləşdirməməsi üçün udqunar, mızıldanıb mənasız təsəllilər verərdim. Gücüm bircə ona çatardı ki, qadını dinləyim, o da sidq ürəkdən qulaq asdığımı görüb danışar, bir az rahatlayardı. Mən onun doğma ölkəsinin hansısa kəndindəki ağ hasarlı həyət evini, otaqlardakı, mətbəxdəki səliqəni, həyətdə əkdiyi ağacları gözümlə görürmüş kimi təsəvvür eləyirdim.

Axtarıb yolunu tapmışdım, ən yaxşı ağrıkəsici ona evini xatırlatmaq idi. Tez-tez cavabını əzbər bildiyim suallar verirdim: “Sənin də Türkmənistandakı evin kürsülüdür, hə? Sənin də mətbəxin belə böyükdür, eləmi?” Təsdiqlədikcə üzündə gül açar, uşaq kimi sevinərdi o yaşda qadın. Beləcə, darısqal kirayə otaqların, təmizliyinə getdiyi böyük evlərin travmasına qarşı immunitet yaratdığımı düşünərdim. Axı o məşhur şeirdə deyildiyi kimi: orda bir ev vardı, uzaqda, getməsə də, qalmasa da, o ev onun evi idi...

Qadın mənim ondan gizlətdiyim ümidsiz proqnozlarıma rəğmən, nikbin idi, o biri uşaqlarının həsrətini də sevgiyə çevirib bu qızına yönəldir, uşağı gözündən qırağa qoymur, özüylə təmizliyə getdiyi evlərə aparır, ağzının tikəsini ona yedirirdi. Paralel olaraq ordakı balaları uğrunda mübarizəni də dayandırmırdı. Düz bir il çəkən (və düzünü deyim ki, mənə çox ümidsiz görünən) çabalardan sonra o, həmin kənddəki qonşusunun telefon nömrəsini tapıb balalarının səsini eşitdi. Sonra ardı corab söküyü kimi gəlməyə başladı, uşaqlar onunla əvvəl atalarından gizlin, sonra ona meydan oxuyaraq hər gün danışmağa başladılar. Bir ildən çox çəkən telefon danışıqlarından sonra əsgərlikdən qayıdan oğlu Bakıya gəlib anası və bacısıyla görüşdü. Mən bu hadisədən sonra ananın gözlərində gördüyüm sevinci ifadə etməkdə acizəm.

Sonra gözlənilmədən koordinatlarını itirdim. İşdən çıxmış, qaldıqları evdən köçmüşdülər, telefon zəng qəbul eləmirdi. Narahat idim, çünki qızı ali məktəbə hazırlamaq, bu yolla onlara kömək olmaq istəyirdim. Axtarışlarımsa heç bir nəticə vermirdi.


Neçə il sonra, bu yaxınlarda təsadüfən küçədə rastlaşdıq, görüşdük, gözümə yaxşı dəydi.

Mən cümləmin sual intonasiyasını bitirməmiş Firəngiz danışmağa başladı.

Sənədlərini necə düzəldib, Türkmənistana necə gedib, nə qədər qalıb, qızına necə toy edib, oğluna necə nişan taxıb...


- Balaca qızın necədi? - dedim, indi on birdə oxumalıdır, hə?


Ananın üzündə sevincdən sanki lampa yandı:


- Nə on bir, qızım ən yüksək balla İdarəçilik Akademiyasına daxil oldu..

Sonra soruşuram, o da danışır, ana birtəhər qızını kursa yazdırır, orda uşağın çalışqanlığına və maddi vəziyyətinə görə çox güzəşt edirlər. Daha sonra kursda ondan, ümumiyyətlə, pul almırlar. Arada qızını burda öz müəlliməsinə tapşırıb Türkmənistana gedir, amma onun Bakıda oxumaq arzusuna görə təzədən qayıtmalı olur.

- Axı o burda böyüyüb, beş yaşı vardı gələndə, onu məcbur edə bilmərəm. Gedib bacı-qardaşları ilə görüşüb qayıtdı.

Firəngiz danışdıqca mən bir vaxtlar üzümə zillənən o mavi uşaq gözlərini xatırlayıram və nədənsə kövrəlirəm.


- Oxuda bilirsən, əziyyət çəkmirsən ki?


- Yox, əlaçı təqaüdü alır.

Ürəyimdə Laləni bağrıma basıb, yaddaşımda son görüşümüzdəki kimi qalmış sarışın, toppuş qızcığaza deyirəm: "Afərin, yavrum, sən ən çətinini bacardın...”

# 5667 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #