Bu filmə görə Ərəbistanda qadınlara velosiped sürməyə icazə verdilər

Bu filmə görə Ərəbistanda qadınlara velosiped sürməyə icazə verdilər
7 sentyabr 2019
# 09:00

Kulis.az Sevda Sultanovanın “Əsl kino” layihəsində Hayfa əl-Mənsurun “Vəcidə” və Bertran Tavernyenin “Tələ” filmlərini təqdim edir.

Səudiyyə Ərəbistanından olan rejissor Hayfa əl-Mənsurun 2012-ci ildə ekranlara çıxan “Vəcidə” filmi Oskar mükafatına nominant olub və bir sıra beynəlxalq festivallarda iştirak edib.

Süjet: 10 yaşlı Vəcidə (Vad Mohammad) anası (Rim Abdulla) ilə Ər Riyadda yaşayır. Onun atası (Sultan əl-Assaf) evə az hallarda gəlir. Çünki arvadı oğlan doğmayıb, üstəlik, daha uşağı olmayacaq. Ona görə kişi həm öz istəyi, həm anasının təkidi ilə ikinci arvad almaq niyyətindədir. Vəcidə ölkədə qadınlara qoyulan qadağaları qəbul edə bilmir. O, hicab bağlamır, dinlə maraqlanmır, rok musiqisi dinləyir, yaşıdı Abdulla (Əbdülrəhman əl-Gohani) ilə dostluq edir. Və onun ən böyük arzusu velosiped sürməkdir. Ancaq cəmiyyətdə qadınların velosiped sürməsi yaxşı qarşılanmır. Anası da qızının fikrini dəstəkləmir. Bununla belə qızcığaz istəyində israrlıdır. Velosiped almağa pul tapmayan Vəcidə Quran qiraəti ilə bağlı məktəbdə keçirilən müsabiqəyə qatılır və qalib gəlir. Vəcidənin müsabiqədən qazandığı pulla özünə velosiped almaq istəyini biləndə direktor, onu bu mükafatı xeyriyyə fonduna köçürməyə məcbur edir...

Hayfa əl-Mənsur Səudiyyə Ərəbistanından olan ilk qadın rejissorudur. “Vəcdə” isə ümumiyyətlə ölkənin ilk filmi hesab olunur. Hərçənd, buna kimi “Necəsən” adlı film çəkilib. Ancaq bu film Birləşmiş Ərəb Əmirliklərində lentə alınmış və baş rolu iordaniyalı aktrisa oynamışdı. “Vəcidə” isə məhz Səudiyyə Ərəbistanında istehsal olunub və rolları yerli aktyorlar ifa edib.

“Vəcidə” hər şeydən əvvəl qadınların həyat tərzi, durumu, məişəti baxımından maraqlıdır. Rejissor cəmiyyətdə qadınların özünü realizəsi üçün imkanların məhdudluğunu göstərir, onlara adi şeyləri etmək – dırnaq boyası çəkmək, bərkdən gülmək, maşın sürmək qadağandır. Qadınların özləri də haqları uğrunda mübarizə aparmır, onlara qoyulan qadağaları müqəddəs qanun kimi qəbul edirlər. Qadınlar üçün individual xoşbəxtliyini əldə etmək, arzularını gerçəkləşdirmək çox çətindir. Müəllif qızcığazın istəklərinə can atmasında qadın azadlığının mübarizəsini verir. Velosiped modernliyin, sürətin konsepsiyasıdır, hərəkət azadlığına xiffətdir. Məişət, dərs epizodlarının təkrarlanması isə onların həyatındakı ətalətin əksidir.

Misirdə Amerika universitetində ingilis ədəbiyyatını öyrənən, daha sonra Avstraliyada kino təhsili alan Hayfa əl- Mənsur sənədli filmlərində müsəlman qadınlarının pərdəarxası həyatından danışır. Rejissor “Vəcidə” filmi haqda deyir:

“Filmi çəkəndə çalışdıq ki, ölkənin qanunlarına hörmət edək və yaşam şərtlərindən kənara çıxmayaq. İctimai həyatda qadınlar və kişilər sərt şəkildə ayrıdır. İcazə verilmir ki, qadın kişi ilə əməkdaşlıq etsin. Ona görə də natura çəkilişlərini mikroavtobusdan monitor və ratsiya ilə idarə etdim. Əlbəttə çəkiliş meydançasında ola bilmədiyimə görə kədərləndim. Amma qanunla konfliktimin olmaması vacib idi. Onsuz da filmi çəkməyim artıq ölkədə gərgin diskussiyaya səbəb olmuşdu. Ölkəmdə həyatın gerçəkdə necə olmasını göstərmək üçün filmi orda çəkmişəm. Təbii ki, filmi rədd edən konservativ adamlar var. Yalnız ona görə ki, onu qadın çəkib. Çəkiliş vaxtı bəzən bizi qəsəbələrdən qovurdular. Əksinə, bəzi yerlərdə isə adamlar su və yemək gətirirdilər, üstəlik, statist (səhnədə sözsüz rolları oynayan, kütləvi səhnədə işitrak edən şəxs) kimi iştirak etmək istəyirdilər”.

Qeyd edim ki, Səudiyyə Ərəbistanında qadınların artıq velosiped sürməsinə icazə verilir. Bunda “Vəcidə” filminin də rolu olub.

Fransız rejissoru Bertran Tavernyenin “Tələ” filmi 1995-ci ildə Berlin kinofestivalında Qızıl Ayı mükafatını alıb.

Süjet: Əsərin qəhrəmanlarından biri Natali (Mari Jillen) geyim dükanında satıcı işləyir. Onun arzusu kinoulduz olmaqdır. Bunun üçün o, şou biznes, kino adamlarının yığışdığı barlara, restoranlara gedir, onlarla tanışlığa can atır. Natali sevgilisi Erik (Oliver Sitruk) və onun dostu Bruno (Bruno Putzulu) ilə birlikdə yaşayır. Dostlar pul qazanmaq və Amerikaya gedərək orda biznes qurmaq niyyətindədirlər. Bunun üçün onlar Natalinin barda, restoranda tanış olduqları zəngin adamları hədəfə alırlar. Ancaq qarət sonucda amansız qətllərə çevrilir...

“Tələ” sosial dramdır və fransız yazıçısı Morqan Sportesin eyni adlı romanı əsasında çəkilib. Personajların ən çox izlədiyi və sevdiyi film Brayn de Palmanın “Çapıqlı üz” filmidir. Al Paçinonin baş rol aldığı, cinayətkarlıqdan bəhs edən film gəncləri motivasiya edir. Rejissor qəddar səhnələrin mənfi təsirinə işarə vurur, zorakılğın təbiətini, fərdin zorakılığa vadar edən səbəbləri araşdırır. İlk qətl zamanı gənclər qurbanlarını asan öldürmür, tərəddüd keçirir, əzab çəkir, sonradan isə qətli asan qəbul edirlər.

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #