Atamı əsəbiləşdirən Əlibala Hacızadənin səhvi

Atamı əsəbiləşdirən Əlibala Hacızadənin səhvi
28 avqust 2019
# 12:10

Yadıma maraqlı bir xatirə düşdü. Təzə yazmağa başladığım günlərin birində mənə zəng gəldi ki, bəs gənc yazıçı (Allah saxlasın!) kimi sizi AzTv-yə dəvət edirik.

- Nə məsələdir?

Məlum oldu ki, radio verilişidir və mən telefonla proqrama qoşulmalıyam.

Onda Kiçikbəy imzasıyla yazırdım və açığı bu imzanı daşıdığıma görə bərk utanırdım. Elə bil bu imza məni qəfil tünlüyün qabağına çılpaq çıxarırdı. Təzə tanış olduğum yazara da eləcə özümü Ayxan kimi təqdim edirdim. Bu Kiçikbəy imzası başıma bəla olmuşdu. Yapışmışdı yaxamdan, heç cür qurtula bilmirdim ondan.

Hə, gələk radio verilişinə. Açığı, indi yadıma düşmür, bu proqramın adı nəydi, indi qalıbmı, hələ də davam edirmi. Səhv etmirəmsə, 2008-ci ildə olmuşdu. Qonaq qismində Əlibala Hacızadə dəvət olunmuşdu. Yaşlı yazıçı oydu, gənc yazıçı da mən.

Əlim telefonda gözləyirdim ki, zəng vuralar. Amma deyəsən, zəng vurmadılar. Bu məqamı unutmuşam.

Yadımda isə radio verilişində Əlibala Hacızadənin mənim haqqımda dedikləri qalıb. Tərifi çox sevirəm axı. Ölürdüm kimsə məni tərifləsin. Hələ bu "İtkin gəlin”in müəllifidirsə...

Radioda Eldost Bayramın ifasında mənim hekayəm (adı məndə qalsın) səsləndirildi.

Əlibala Hacızadə ağır, ləngərli səsi ilə nə desə yaxşıdır?

- Mən onun atasını tanıyıram.

Atam da diqqət kəsildi ki, görən "Təyyarə kölgəsi”ni yazan kişi onun haqqında nə deyəcək.

- Eyvaz Borçalını deyirəm. O, şeir yazır. Maraqlı şeirləri var...

Əlimi-əlimə vurub şaqqanaq çəkdim, atamsa mısmırığını salladı.

- Eyvaz Borçalı olmaq necə hisdir? – istədim bir az məzələnim onunla.

- Səsini kəs, "bezdarnı”. – atamın mənim yaradıcılığıma (yekə çıxmasın) verdiyi qiymət buydu. – Görək nə deyir.

Əlibala Hacızadə bu dəfə baltanı lap kökündən vurdu:

- Eyvazla münasibətimiz yaxşıdı, arada görüşürük. Mən sevinirəm ki, onun oğlu da ədəbiyyatla maraqlanır. Həm də atasından fərqli olaraq nəsr yazır.

Hekayəni oxuyan Eldost Bayramın səsi ilə atamı təzədən dolamaq eşqinə düşdüm:

- Sən bu evdə Eyvaz Əlləzoğlu ola bilərsən, amma ayağını qırağa qoyan kimi Eyvaz Borçalı olacaqsan.

Atam gülümsündü. Məni yola verdi də demək olar.

"Ayrılığın sonu yoxmuş”un müəllifi isə indi hekayəm haqqında danışırdı. Radionun səsini qaldırdım:

- Kiçikbəy – lənət olsun, Ayxan desəydi nə olardı. – hiss olunur ki, püxtələşib. Qələmi təzə olsa da, çox şeyə yiyələnib.

Bu yerdə atam sinəsinə döydü:

- Mənim tələbəmdi! – özü də elə dedi ki, elə bil radiodakıların bizi eşitmək ehtimalı böyükdür.

- Hekayəsindəki dil ləngərlidir, axar-baxarlıdır. Üzərində çalışsa...

Qalanını özünüz də bilirsiniz. Qoca nəsihəti. Amma bu sözlər o vaxt hələ bığ yeri təzəcə tərləmiş, ədəbiyyatın "ə”sinə çatmamış bir oğlan üçün ən böyük hədiyyəydi.

Müdrik görünüş alıb atama baxdım:

- Eyvaz Borçalı, necədir işlər?

Atam da geri verən deyil ha:

- Get o adının arxasındakı küçüyü yığışdır hələ.

Söz məni necə tutdusa, o imzadan imtina etdim.

Ayxan adı ilə yazmağa başladığım vaxtlar idi. Radio verilişinin üstündən bir il ötmüşdü. Xəbər tutduq ki, Əlibala Hacızadə rəhmətə gedib. "İtkin gəlin”in müəllifi öləndə bir anlıq ağlımdan keçirdim ki, heyf, o, atamı Eyvaz Borçalı olaraq bildi və dünyadan köçdü. Mənim imzamın dəyişməsindən də xəbəri olmadı. Bəlkə indi hər şeyi bilər. Bunun önəmi yoxdur. Əsas odur ki, Azərbaycanda ən çox tiraja sahib olan qocaman yazıçıyla bir xatirəm var.

Bu xatirənin hesabına bir xeyli yaşamaq olar.

# 5638 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #