Övladlığa götürülmüş oğul - Gi de Mopassanın hekayəsi

Övladlığa götürülmüş oğul - Gi de Mopassanın hekayəsi
5 avqust 2019
# 09:01

Kulis.az Gi de Mopassanın “Övladlığa götürülmüş oğul” hekayəsini təqdim edir.

Dəniz sahilindəki sanatoriyanın yaxınlığındakı təpənin ətəyində iki balaca daxma vardı. Hər daxmada bir ailə yaşayırdı, ailənin başçıları gecə-gündüz işləyib uşaqlarını saxlayırdılar. Hər ailədə 4 uşaq vardı.

Balaca uşaqlar səhərdən axşamacan evlərinin qabağında oynayırdılar. Böyük uşaqların 6 yaşı vardı, balacalar isə bir yaş yarımlıq idi. Hər iki ailənin başçıları eyni vaxtda evlənmiş və uşaqları dünyaya gələndən sonra gəlib burda məskən salmışdılar.

Uşaqların anaları uşaqlarını o biri ailənin uşaqlarından güclə ayıra bilirdi. Uşaqların ataları isə bütün günü dənizdə idi. Hər iki kişinin beyninə 8 uşağın adı həkk olunmuşdu. Həmişə onlar da uşaqları dəyişik salırdılar. Bir uşağı çağırmaq istəyəndə ən azı 3 uşağın adını çəkirdilər ki, çağırdıqları uşağı müəyyən etsinlər.

Dəniz tərəfdən gələndə birinci daxmada Tuvaçelər yaşayırdı. Onların 2 qızı və 2 oğlu vardı. O biri daxmada isə Vallinlər yaşayırdı. Onların bir qızı və 3 oğlu vardı.

Bu aillələr çox çətinliklə dolanırdılar, onlar acından ölməmək üçün sup , kartof yeyir və təmiz hava udurdular. Səhər saat 7-də, sonra günorta və axşamüstü saat 6-da uşqların anası onları evə çağırır, onlara yemək verirdilər, sanki qazotaranlar qazlarını yemləyirdi. Uşaqlar evlərinə girib 50 ildən çox işlənmiş köhnə, taxta stol arxasında yaşlarına uyğun yerdə otururdular. Lap balaca uşaqların ağzı stola güclə çatırdı. Anaları onların qarşısına bir kasa qoyurdu. Soyutma edilmiş kartofların, kələmin və soğanın suyunda islanmış kasaya çörək doğranırdı. Uşaqlar ac olduqlarını unudana qədər bu “supdan” yeyirdilər. Ana ən balaca uşağı özü yedizdirirdi.

Bazar günləri hər iki ailə üçün bayram olardı, çünki həmin gün bir balaca qazanda tərəvəzlə bişmiş ət şorbası yeyirdilər. Uşaqların atası süfrə başında elə hey təkrar edirdi: Kaş biz hər gün ət yeyəydik!

Avqust ayında, bir gün günorta qəflətən bu daxmaların qarşısında bir fayton dayandı. Atları sürən cavan qadın yanında oturan centlemenə dedi:

- Ah, bir o uşaqlara bax, Henri! Gör tozun içində tullanıb-düşən o uşaqlar nə qəşəngdir!

Kişi qadına heç nə demədi, deyəsən qadının uşaqlara belə heyranlıqla baxmasına adət etmişdi. Bir tərəfdən də,qadının sözləri ona əzab verirdi. Cavan qadın isə uşaqlara baxıb sözünə davam etdi:

- Mən o uşaqları qucaqlamaq istəyirəm! Ah, kaş o uşaqlardan biri mənim olaydı! Bir bax , o balaca uşaq kaş mənim olaydı!

Cavan qadın sözünü bitirən kimi faytondan düşdü, uşaqlara tərəf qaçdı, ən balacanı, Tuvaçelərin balaca oğlunu qucağına aldı, onun kirli yanaqlarından, pırtlaşıq saçından və balaca əllərindən öpdü. Uşaq isə qadının qucağından canını qurtarmaq istəyirdi, onun xoş rəftarını xoşlamırdı.

Daha sonra qadın uşağı qucağından yerə qoydu, qayıdıb faytona mindi, onlar yollarına davam etdilər.

Bir həftə sonra cavan qadın yenə gəldi. Ən balaca uşağı qucağına aldı, ona keks yedizdirdi, o biri uşaqların hər birinə şam verdi. Uşaqlarla lap balaca qız kimi oynadı, həmin müddətdə əri səbirsizliklə onu faytonda gözləyirdi.

O biri həftə qadın yenə də gəldi, uşaqların valideynləri ilə tanış oldu. Ondan sonra demək olar ki, qadın hər gün uşaqlara baş çəkir, hər dəfə gələndə yeməli şey gətirir, onlara qəpik verirdi.

Bu cavan qadın madam Henri d’Hubiers idi.

Bir səhər onlar yenə də gəldilər. Bu dəfə qadının əri də faytondan düşdü. Onlar daxmanın qabağında artıq qadənı çox yaxşı tanıyan uşaqların yanında dayanmadılar, daxmalardan birinə girdilər.

Onlar daxmaya girəndə qadın kəndli ər-arvad odun sobasına qoymaq üçün odun doğrayırdılar. Onlar cavan ər-arvadı görən kimi tez ayağa durdular. Sonra cavan qadın titrək səslə danışmağa başladı:

- Mənim əzizlərim, sizinlə söhbət etməyə gəlmişəm. Çünki istəyirəm sizin balaca oğlunuzu özümlə aparam.

Kəndli ər-arvad heç nə demədilər, sanki düşünüb cavab verməyə utanırdılar. Madam Henri d’Hubiers dərindən nəfəs alıb sözünə davam etdi:

- Bizim uşağımız yoxdur. Evdə ərimlə məndən başqa heç kim yoxdur. Biz o uşağı götürüb saxlayarıq. Razısınız?

Nəhayət, kəndli qadın onun fikrini başa düşdü. O üzünü cavan qadına tutub soruşdu:

- Deməli, siz istəyirsiniz ki, Şarlotu götürüb aparasınız? Ah, yox! Olmaz!

Daha sonra mister d’Hubiers söhbətı müdaxilə etdi:

- Arvadım fikrini sizə düz izah etmədi. Biz sizin balaca uşağı övladlığıa götürmək istəyirik. Ancaq arxayın olun, o həmişə gəlib sizinlə görüşəcək. Əgər bu ideyamız alınsa, o uşaq bizim varisimiz olacaq. Əgər onu övladlığa götürəndən sonra özümüzün uşaqlarımız olsa, bizdən qalan miras onlar arasında bərabər şəkildə bölünəcək. Sizin uşaq bizim ona verdiyimizə qane olmasa o müəyyən yaşa çayanda biz onun hesabına 20 min frank depozit qoyacağıq. Vəkil bu sənədi təsdiq edəcək. Sizi də unutmarıq, siz ölənə qədər hər ay sizə 100 frank pensiya ödəməyə razıyıq. Məni başa düşürsünüz?

Kəndli qadın ayağa durdu, o çox qəzəblənmişdi:

–Yoxsa siz istəyirsiniz ki, mən oğlum Şarlotu sizə satım? Ah, yox, anadan belə şey xahiş etməzlər. Ah, yox! Özümə nifrət edərəm!

Kəndli kişi də arvadının dediyi sözü təkrar etdi.

Madam Henri d’Hubiers ağlamağa başladı, məyus halda üzünü ərinə çevirdi, titrək, bu vaxtacan arzuladığı hər şeylə təmin olunmuş uşaq səsi ilə ərinə dedi:

– Henri, onlar uşağı bizə verməyəcək! Onlar uşağı bizə verməyəcək!

Mister d’Hubiers bir də cəhd etdi:

– Dostlar, siz uşağınızın gələcəyini düşünün Onun xoşbəxt həyatını, onun...

Kəndli qadın hirsli-hirsli Henrinin sözünü yarıda kəsdi:

– Mən hər şeyi götür-qoy etmişəm! Fikriniz mənə aydındır! Çıxın mənim evimdən, gözüm bir daha sizi görməsin. Mənim uşağımı əlimdən almaq istəyənləri görmək belə istəmirəm!

Madam Henri d’Hubiers birdən xatırladı ki, yolda oynayan uşaqların arasında iki balaca uşaq vardı. O ağlaya-ağlaya onlara dedi:

– Bəs o biri balaca uşaq sizin deyil?

Şarlotun atası Tuvaçe cavab verdi:

–Yox, o biri balaca uşaq bizim qonşunun uşağıdır. Əgər istəyirsinizsə gedin onlardan da xahiş edin!

Hubierslər o biri daxmaya girəndə Vallinlər stol arxasında oturub çörək yeyirdilər. Stolun üstündəki balaca boşqabda qaxsımış yağ vardı, arabir yağı nazik çörək diliminin üstünə yaxırdılar.

Mister d’Hubiers təklifini onlara izah etdi, bu dəfə daha diqqətli, daha ətraflı danışdı.

Bu kəndli ər-arvad da onların təklifini eşidəndə başlarını buladılar, ancaq biləndə ki, hər ay onlara 100 frank pensiya veriləcək, onlar bir-birinin üzünə baxıb fikrə getdilər, baxışları ilə bir-biri ilə məsləhətləşdilər. Araya dərin sükut çökdü, onlar uzun müddət bir söz deməyə tərəddüd etdilər. Nəhayət, qadın ərindən soruşdu:

– Kişi, nə deyirsən? Bir qərara gəldin?

Kişi başını ağır-ağır qaldırıb dedi:

– Rədd ediləsi təklif deyil.

Madam d’Hubiers həyəcanla onların uşağının gələcəyindən söz açdı, onun xoşbəxtliyindən, ona qalan mirasdan söz açdı.

Kəndli kişi mister d’Hubiersdən soruşdu:

– Hər ay bizə verəcəyiniz 100 franka görə vəkillə müqavilə bağlanacaq?

Mister d’Hubiers cəld cavab verdi:

– Əlbəttə, təklifimizə razı olsanız elə sabah müqavilə bağlayarıq!

Kəndli qadın bir az fikrə gedındən sonra dedi:

– Ayda 100 frank çox azdır. Uşağı apartacaqsınız. Halbuki o uşaq bir neçə il sonra işləyib bizə pul qazanacaqdı. Bizə 120 frank verməyinizi təklif edirəm.

Madam d’Hubiers sevindiyindən ayağını döşəməyə vurub qadının təklifi ilə dərhal razılaşdı. Hətta əlavə 100 frank da verdi, hədiyyə əvəzi.

Madam d’Hubiers balaca uşağı qucağına aldı, sanki mağazadan arzuladığı mal almışdı.

D’Hubierslər qonşu daxmadan çıxanda Tuvaçelər sakitcə durub onlara baxırdılar, çox güman ki, onların təklifini qəbul etmədikləri üçün peşman olmuşdular.

O vaxtdan bəri balaca Jan Vallindən bir xəbər eşitmədilər. Onun valideynləri hər ay vəkil yanına gedib 120 franklarını götürüb gəlirdilər. Onlar bir dəfə qonşu daxmada yaşayanlarla mübahisə etmişdilər, çünki Tuvaçenin arvadı onları təhqir etmişdi, demək olar tez-tez təkrar edirdi ki, insan uşağını satmaz, belə etmək dəhşətdir. Arabir o kiçik oğlu Şarlotu qucağına alır, ona nəsə deyirdi, sanki uşaq onun dediyini başa düşürdü.

– Balaca oğlum, mən səni satmadım! Mən səni satmadım! Biz varlı deyilik, ancaq mən heç vaxt uşaqlarımı satmaram!

Vallinlər ailəsi hər ay aldıqlara müavinətin sayəsində rahat həyat yaşayırdılar. Tuvaçelər onların belə rahat həyatı ilə barışa bilmirdilər, çünki onlar hələ də çox kasıb həyat sürürdülər. Onların böyük oğlu orduda xidmət edirdi. Şarlot evdə idi, qoca atasına işində kömək edir, anasını, iki bacısını saxlayırdı.

Şarlotun 21 yaşı olanda bir səhər daxmaların qabağında qəşəng bir fayton dayandı. Faytondan cavan bir centlemen düşdü, jiletinin cibindən qızıl saat zənciri sallanırdı. O yaşlı, ağsaçlı bir qadının əlindən tutmuşdu. Qoca qadın ona o biri daxmanı işarə edib dedi:

– Mənim oğlum, o biri evdir.

Daha sonra oğlan qoca qadınla birlikdə Vallinlərin evinə girdilər. Sanki oğlan yad yerə yox, öz evinə girirdi.

Onlar Vallinlərin daxmasına girəndə qoca kəndli qadın önlüklərini yuyurdu, arıq, qoca Vallin isə buxarının yanında mürgüləyirdi. Onlar səs eşidib başını qaldırdı, cavan oğlan onlara dedi:

– Sabahın xeyir, ata! Sabahın xeyir, ana!

Oğlan sözünü deyib qurtarmamış qoca ər-arvad dik atıldı, qadının əlindəki yaş önlük yerə düşdü. O dili dolaşa-dolaşa dedi:

– Oğlum, bu sənsən? Mənim oğlum, sənsən?

Oğlan qoca anasını qucaqlayıb dedi:

– Sabahın xeyir, ana!

Qoca kişi isə titrək, sakit səslə dedi:

– Jan, sən evimizə gəlmisən.

Sanki kişi oğlunu cəmi bir neçə ay əvvəl görmüşdü.

Bu qoca ər-arvad oğlanlarını şəhər merinin, həkimin, məktəb direktorunun yanına aparıb oğullarını onlara göstərdilər.

Jan Vallin evlərindən çıxanda Şarlot öz daxmalarının qabağında dayanmışdı. Kənara çəkildi ki, o keçsin. Axşam, şam yeməyində o valideynlərinə dedi:

–Siz o vaxt çox axmaq olmusunuz ki, məni o varlılara verməmisiniz, imkan yaratmısınız ki, onlar Vallinlərin oğlunu övladlığa götürsün.

Şarlotun anası inadkarlıqla dedi:

– Mən heç vaxt uşağımı satmaram!

Şarlotun atası susdu, heç nə demədi. Şarlot sözünə davam etdi:

– Lazımsız yerə tərslik etmək bədbəxtlik gətirər.

Nəhayət, Şarlotun atası oğluna hirsləndi:

– Nədir? Yoxsa o vaxt səni özümüz saxladığımız üçün bizi danlayırsan?

Şarlot çox sərt tonda , kobudcasına dedi:

– Bəli, belə axmaq olduğunuz üçün sizi anlayıram. Sizin kimi valideynlər uşaqlarını bədbəxt edir. Sizi tərk edib gedəcəm, siz buna layiqsiniz.

Şarlotun anası ağlamağa başladı, sup yeyındə supun çoxu üstünə dağıldı. O ağlaya-ağlaya oğluna dedi:

– Uşaqları böyütmək çətindir, valideynlər bütün həyatlarını buna sərf edir.

Oğlan anasına tərs-tərs baxıb dedi:

– Kaş ki, heç sizin ailənizdə doğulmayaydım. Qonşumuzun oğlunu görəndə az qala ürəyim dayana. Ona baxa-baxa öz-özümə dedim: Bir ona bax, bir də özünə!

Oğlan ayağa durub valideynlərinə dedi:

–Yaxşısı budur, evdən çıxıb gedim. Yoxsa səhərdən axşamacan yediyinizi zəhər edəcəm. Məni o vaxt o varlı adamlara vermədiyiniz üçün sizi heç vaxt bağışlamayacam!

Oğlanın ata-anası göz yaşı içində ona baxırdılar. Oğlan sözünə davam etdi:

–Yox, sizi tamam atıb getmək lap pis olardı. Ən yaxşısı gedib başqa yerdə yaşayım.

Oğlan daxmanın qapısını açıb yola çıxanda qonşu evdən səs-küy gəlirdi. Vallinlər ailəsi Janın evə qayıtmağını bayram edirdilər.

İngiliscədən tərcümə: Sevil Gültən

# 1992 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #