Daş imiş qəlbi bunun... - Facebook yarışmasının qalibindən şeirlər

Daş imiş qəlbi bunun... - Facebook yarışmasının qalibindən şeirlər
15 iyul 2019
# 18:40

“525-ci qəzet”in Facebookda keçirdiyi “On misralıq şeir” müsabiqəsinin qalibi, qəzəlxan Xatirə Xatunun lirik qəzəllərini təqdim edirik.

Bilsən nə çəkir indi bu canım qəm əlindən,
Bir az da yubansan çökəcəkdir təməlindən.

Bimarın olub can, elə dərmanı da sənsən,
Ölməzdim əgər alsa idim məlhəm əlindən.

Fikrinlə axar gözlərimin yaşı dəmadəm,
Yatmır gecələr xəlq mənim naləm əlindən.

Zülmət gecədə hər tərəfə nur saçırsan,
Görçək üzünü gizlənəcək kölgəm əlindən.

Gördü yanağın üstə düşən tər nə gözəldi,
Gül üstə izin saxlamadı şəbnəm əlindən.

Xatun, ona bir gör nə qədər vaxtını verdin,
Olmadı könül bircə dəfə xürrəm əlindən .

***

Bu cəhanə bir də, ey dil, belə mahiparə gəlməz,
Bu cürə mələk misali, belə zülfü qarə gəlməz.

Nə olaydı vəslin, afət, ola bir də kaş qismət,
Çox heyif, gedər bu fürsət, qayıdıb dübarə gəlməz.

Nə qədər olar əziyyət, bu cəfavü zülm -zillət?
Bu qədər çəkən müsibət könül ahu-zarə gəlməz ?

Desələr ki, olma acı, sənə vardır ehtiyacı,
Sənə bağlıdır əlacı, - edər istixarə, gəlməz .

Gəhi üz tutar kənarə, gəhi üzr istəyər, xub,
Nədi bu gediş-gəlişlər, niyə bir qərarə gəlməz?

Özüm öz odumda yandım, yenə səbr edib dayandım,
Demə nalədən usandım, axı nalə karə gəlməz!

Hədər olmaz iztirabın,bəli, bu yəqindi, Xatun,
Sənin aləm içrə babın daha ruzigarə gəlməz.

***

Çıxanda seyrə, çalış dağda lalə inciməsin,
Açanda ay üzünü ayda halə inciməsin.

Tökəndə tellərini dəmbədəm o ağ üzünə,
Həzər eylə, gülüm, ol dəm şəlalə inciməsin.

Ləbinin alını görcək sınar xəcalətdən,
Nəzər eylə dolu, gülgün piyalə inciməsin.

Əgər düşərsə üzün üstə tər, çalış, gizlət,
Səhər-səhər gülün üstündə jalə inciməsin.

Öyünməsin bu məlahətlə, çatdırın Xatun,
Gələr gözəlliyi bir gün zəvalə, inciməsin.

***

Dilbər, mənə o əhd ilə peymanını göstər,
Əvvəlki mərifət, ədəb-ərkanını göstər.

Bir busə mənə lütf elə gülgün yanağından,
Bayram günüdü, sən də bir ehsanını göstər.

Bir yol nəzər eylə necə viranədi könlüm,
Gəl, qoy yerinə hər nəyi, səhmanını göstər.

Fəxr eyləmə bunca sənə aşiq belə çoxdur,
Axtar içini, mən kimi heyranını göstər.

Qəvvası mənəm aləmi-eşqin, mənə neylər,
Sevda deyilən qorxulu ümmanını göstər.

Canım gedir əldən, xəbərin yoxdu haçandı,
Fürsət ələ düşmüş ikən imkanını göstər.

“Sadiq belə öz eşqinə kimdi?" - biri sorsa,
Qoy gəlsin, ona Xatunun ünvanını göstər.

15.06.2018

Könül, gördün ki yox meyli, yubatma yarı, qoy getsin,
Uzatma, axırı yoxdu, burax dildarı, qoy getsin.

Çək əl ondan, əgər görsən pozubdu əhdi-peymanı,
Çıxar fikrindən, at, madam seçib əğyarı, qoy getsin.

Kənar eylə özündən ol üzü gülbərgi həmranı,
Nə hacət kim o gül həmta tutubdur xarı, qoy getsin.

Nə qədri çəkdin uğrunda zülümlər, gördün axırda,
Qalıb neynir, nə sud onnan, gedir, sən Tarı, qoy getsin.

Onun ki cəmi fikri eyş-işrət, nazü nemətdir,
Bu qəmbilməzdən olmaz könlünün qəmxarı, qoy getsin.

Dedim, Xatun, əbəs umdun vəfa bu bivəfalərdən,
Xəyanət əhlinin olmaz səninlə karı, qoy getsin.

***

Sevda yolunun qəm dolu səyyahı mən oldum,
Zülmət gecəyə nur çiləyən mahı mən oldum.

Keçməkdədi ömrüm dəlisov fırtınalarda,
Qalib burada gah fələk, gah mən oldum.

Ox atmağın hər kimsəyə ki dərsini keçdim,
Yay tutcaq əli süftə nişangahı mən oldum.

İlqarı dürüst olmayan ilə işim olmaz,
Kim həq yolunu tutdusa həmrahı mən oldum.

Eşq aləminin vəsfini hər kimsə bacarmaz,
Eşqin yenə Xatun kimi məddahı mən oldum!

***

Səni ey şux, verirəm and Xuda xatirinə,

Gül üzündən tökülən nuri-ziya xatirinə.

Gedəcəksən, bilirəm, sən də bulud cərgəsitək,
Bir salam yaz nə olar, indi vida xatirinə.

Mən bu sevdaya düşəndən çox üzüldüm, amma

Səni tərk eyləmədim əhdə vəfa xatirinə.

Birqərar olmaginən, eşqdə sabitqədəm ol,

Ömrü xərc eyləmə gəl, zövqü-səfa xatirinə.

Sən yığıb başına aşiqlərini can aldın,

Mən dözüb səbr elədim, susdum həya xatirinə.

Öz xoşumla özüm öz həbsimə fərman yazdım,

Gözlərin qurduğu o dami-bəla xatirinə.

Məni bir tutma sözündən qaçan aşıqlər ilə,

Salma gözdən, nə olar, mərdi gəda xatirinə.

Bir qəzəldi, bunu Xatun sənə yazdı, oxusan ,

Yarayar bəlkə dedim dərdə dəva xatirinə

***

Ey badi-səba, görsən əgər yarı götür gəl,
Dil verdiyim ol sevgili dildari götür gəl.

Gör bir nə zamandır çəkirəm zülfünə həsrət,
İmkan eləsən bir telin al barı götür gəl.

Məxmur gözü yadə düşəndə qəmim artar,
Ol saqiyi-gülçöhrəni, qəmxari götür gəl.

Bəs etmədimi verdiyi gənc ömrümü badə,
Aramı-dilim, nazlı sitəmkari götür gəl.

İnsaf elə, gəl gör necə viranədi könlüm,
Abad eləməycün get o memarı götür gəl.

Qəm ləşkəri can mülkünü tutmuş, nola, Xatun,
Dərdim ona ərz eylə, o sərdarı götür gəl.

***

Nə dedik, xətrinə dəydi, yenə cananımıza,
Tutulub qaşqabağı, qorxu düşüb canımıza.

Dolanıb başına həm canı da qurban elədik,
Olmadı xeyri, məhəl qoymadı qurbanımıza.

Daş imiş qəlbi bunun sən demə, heç bilməmişik,
Gəlmədi rəhmi bizim naleyi-əfqanımıza.

“Yox inamım ona bir qətrə də, çıxsın getsin"-
Söyləyibdir, çatıb əlbəttə ki ünvanımıza.

Nə xəyanət, nə yalan bizlərə şayəstə deyil,
Yaraşarmı bu əməllər bizim ad-sanımıza?

Gün gələr, köç edərəm, onda bilərsən Xatun,
Tanrının lütfü imiş Azəribaycanımıza!

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #