news-inner
clock09:04 calendar-gray 12 Aprel 2019 view-gray3073 dəfə oxunub
view-gray3073 dəfə oxunub

Nə yaxşı dədəm öldü – Bircənin Romanı

Kulis.azBircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Atam əmimi nənəmin yanında basdırıb ona adına layiq ehsan verdi. Sağlığında Musa əminin gəlinlərdən ağzı yanmışdı; hamısına cah-cəlallı toy eləyib boyun-boğazlarından şələ-şələ qızıl assa da, Mahirdən başqa oğlanlarının hamısına ev tikdirsə də, gəlinlər yenə ondan ağzıburuq dolanırdılar, bir yerə toplaşanda dimdik-dimdiyə durub dilləşirdilər: “Musa sənə çox var-yatır verdi... Ən böyük evi sizə tikdirdi... Sənin ərinə maşın aldı... Səni hamımızdan çox istəyir...”

Belə-belə giley-güzarı eşitdiyinə görə əmim vəsiyətini atama eləmişdi:

- Məni özün dəfn eləyərsən, - demişdi, - kəfənimi də sən alarsan, ehsanımı da sən verərsən. Oğlanlarım yalladıqları qancıqlardan qorxub meyidimi urvatdan salacaqlar, mənim ölümə xərclədikləri pulun davasını çəkəcəklər.

Onun vəsiyyətinə canla-başla əməl eləyən atam yas mərasiminin əvvəlindən sonunacan əmimin doqquz oğlundan heç hansını əlini cibinə salmağa qoymadı...

Əmim oğlanları orda qalsın, əmimin böyük qızı – ilk düşmənim Zümrüddən danışım. Atasının yası boyu əri bu qızı başını evdən eşiyə çıxarmağa qoymadı. Yazıq Zümrüd eləcə o küncə-bu küncə qısılıb gözünün yaşını axıtdı, gələnin üzünə, gedənin arxasınca pərdə dalından baxdı.

Mərhumun üçüylə yeddisi arasındakı günlərin birində öz evimizdə axşam süfrəsinin başına yığıldığımız vaxt Rüfət atama gileyləndi:

- Bir bəhanə tapıb onun ərinin əngini əzəcəm.

Atam Rüfəti danladı:

- Nəyinə lazımdı, xalx arvadını elə saxlayır, heç kimə göstərmir.

Sonbeşik geri durmadı:

- Saxladığı arvad o deyil – üstündə bir çimdik əti də yoxdu.

Söhbətə mən də qarışdım:

- Kaş görəydim onun ərini.

Atam təəccübləndi:

- Bəyəm sən Zümrüdün ərini tanımırsan?

- Hardan tanıyım ey, o, kişilərlə mağarda oturur, mən arvadların arasında. Toyda da bircə dəfə aralıdan görmüşəm.

Atam ürəkdən güldü:

- Darıxma, tanış eləyərəm sizi.

***

Bakıda olan qardaşlarım, onların adına gələn qonaqların çoxu üç veriləndən sonra dağılışdı. Anarın yalvarışlarından yumşalan atam Laləni buraxmadı.

Musa əminin yeddisi günü məclisin qaynar yerində Səhər məni him-cimlə eşiyə çağırdı. Ağlaşmaya yığılmış arvadların arasından birtəhər yol tapıb qapının ağzına çatanda əmiqızı qulağıma pıçıldayıb:

- Əmimin sənə sözü var, - dedi, - aşağıda gözləyir.

Başımı qapıdan çölə çıxarıb sağa-sola baxındım. Saqqal basmış üzü, kədərli sifəti atamı olduğundan xeyli qoca göstərirdi. Onun yanında pambıq kimi ağappaq, toppuş bir oğlan durmuşdu. Aşağı endim. Atam əlimdən tutub məni özünə tərəf çəkdi:

- Gəl tanış ol, Zümrüdün əri bax bu oğlandı.

Bunca qəmin içində gözləri bic-bic gülən kişini baxışımla acıladım. Dillənmək yeri deyildi, kələ-kötür əlimi uzadıb yeznənin yumşaq əlini sıxdım. Atam yenə əl çəkmədi:

- Neçə gündü kirimirdin, dedim, bir sizi tanış eləyim. O biri yeznələrini öpürsən, xeyir ola, mənim yeznəmi öpmədin?

Bunu deyəndə atamın qarnına yüngülcə bir zoxma vurdum. Oğlanın qolundan tutub mənim onu öpməyimi gözləyən kişiyə dişimi qıcayıb, yeznənin dələmə kimi üzündən öpdüm. Ürəyimdə şeytana lənət oxuya-oxuya içəri girəndə dəhlizdə uğunub özündən getmiş Səhərlə toqquşdum. Ayğır kimi kişnəyən əmiqızı:

- Sənə qurban olum, ay əmi, nə yaxşı dədəm öldü, Bircəni Nadirlə tanış elədin, - deyib gözü yaşarınca güldü.

Bilmirdim hirslənim, yoxsa mən də buna qoşulum. Bir gözüm içəridə, bir gözüm çöldə qalmışdı, qorxurdum bunların çıxardığı hoqqadan kimsə duyuq düşə, el içində bizə süpürgə bağlayalar. Səhərin ağzını əlimlə qapayıb bir az da şişirdilmiş həyəcanla pıçıldadım:

- Az, kiri sən Allah, camaatı bizə güldürmə.

Atamın atmacalarına, zarafatlarına ta uşaqlıqdan bələd olan Səhər nəfəs dərib gözlərini sildi, sonra yenidən gülmək tutdu onu:

- Mən bilirəm ey bu lotu niyə onu dartıb gətirdi, - dedi. - Neçə gündü bu gündənqorxan Əhməd xəbərin yoxdu başımıza nə oyun açır.

Anasının dizinin dibindən ayrılmayan, hava qaralanda eşiyə çıxmaqdan qorxan, əlindən bir iş gəlməyən yeznə yas boyu qohum-əqrəbanın canını boğazına yığmışdı. Evin tək oğlu olduğuna görə uşaqlıqdan heç yerə buyurulmamışdı deyə çiyində oturmağa öyrəncəliydi. Rüfət yasda əlinə sini verib mağarda onu o baş-bu başa qovmuşdu, axırda yeznə sinini yerə atıb əllərini yenə cibinə basmışdı:

- Gedin qonağınızı özünüz yola salın, - demişdi.

Dəli-dolu Rüfət havalanıb hamının yanındaca gədəni xırxalamışdı:

- Evinin mardını yediyin kişidi ey ölən, - deyib baş barmağını başala barmağıyla orta barmağının arasından ona göstərmişdi, - indən belə bax bunu yeyərsən.

Amma Səhərin əri bundan tamam seçilirdi – mehriban, yanımcıl, söhbətcil, qoçaq bir oğlan idi...

***

Yeddinci gün günortadan sonra məclis yavaş-yavaş dağılmağa başladı, qaldı yalnız ev adamları. Adətimizə görə, yeddi axşamı mərhumun öldüyü otaqda “axır süfrəsi” açılar.

Yaxın, doğma arvadlar, qızlar, gəlinlər hamılıqca o süfrənin başına yığılıb deyə-gülə yemək yeyirdik. Zümrüd də bir tərəfdə ağlaya-ağlaya xırda torbalara halva, konfet, xurma yığırdı. O yığıb yerə qoyduqca mən götürüb halvanı qazanına, konfeti yeşiyinə, xurmanı qutusuna boşaldırdım. Birdən qız torbaları boş görüb üstümə atıldı:

- Sən mənim sinəmə dağ çəkdin, qoymadın bacısı qardaşını ağlaya, - dedi, - indi mənim yığdıqlarımı niyə boşaldırsan?

- Dədən qoca kişiydi, ölümlü günüydü, - dedim, - bəs mamam ölsə mən necə olaram?

Səkinə bibi qarışıq hamı güldü – Zümrüdlə mənim əzəli-əbədi düşmənliyimdən bütün nəslin xəbəri vardı. Rəhman əminin qızı Şəfaqət loxmasını yerə qoyub dilləndi:

- Ay bacı, mənim də atam öləndə bu qız qoymadı Telli mama ağzını aça. Bayaq da gördüm əmim Nadiri gətirib Bircəylə görüşdürdü, çox sevindim.

Səhər uğunub özündən gedəndə Zümrüd evdəkilərin ona lağ elədiyini başa düşdü, əlindəki torbaları bacısının təpəsinə fırıldadıb mənə cumdu:

- İnşallah sənin də dədən öləndə mən ağlamayacam, heç mamamı da qoymayacam ağlasın.

Yas evi bir anda məzhəkə səhnəsinə döndü. Səkinə bibi Zümrüdə acıqlandı:

- Ağzına qara daşlar, Rəhimin nə yaşı var ölə, - deyib Səhəri çağırdı. - Gəl o torbalara olan-olmazdan doldur, bunu da qoş gündənqorxan Əhmədə, çıxıb getsin evinə.

Mən yenə Zümrüdü cırnatmağa çalışdım:

- Ay bibi, bayaqdan bu qız halvanı-xurmanı doldurur torbaya, mən də boşaldıram. Demə qara qızın dərdi varmış, ərinə pay tuturmuş.

Özü böyüsə də ağlı böyüməyən, bir çimdik yumor hissi olmayan əsəbi Zümrüdü qucaqladım, mənim qara, solğun oxşarım olan əmim qızının yanaqlarından öpüb dedim:

- Dədən sağ olsaydı sənlə yenə yaxşıca söyüşərdik.

Zümrüd qollarımın arasında yumşaldı, başını sinəmə dayayıb ağladı. Onun kövrəldiyini görcək yenə şitəndim:

- Nənəm deməyib yeznə düşməndi? İndi sən dədənin halvasını aparıb bizim düşmənimizə yedirdəcəksən?

Zümrüd kövrəldiyinə peşman oldu:

- Sənin dədən ərinin halvasından yemədi bəyəm?

- Mənim dədəm yemədi ey, sənin dədən yedi mənim ərimin halvasını. Hər şeydən götür, halvadan yox, halvanın haqq-hesabı ağırdı.

Zümrüd uşaqlıqdan halva dəlisiydi. Onun halva nəfsindən qorxan nənəm adi günlərdə də bir istəkan unu yağda qovurub, şirəsini vurub qoyurdu bu yediyini yel aparan qurumuşun qabağına. İndi mən halvanı ondan qorğanmağa başlayanda Səkinə bibi yaşmağını ağzından salıb qəşş elədi:

- Səni verənə qurban olum, ay Bircə, sən Allah onu iylətmə, burax getsin kasıb komasına.

Təhər-töhüründən, dəlisovluğundan ötrü öldüyüm bu qız bu yaşa çatmışdı, üç uşaq anası olmuşdu, ancaq onu nə qədər istədiyimi hələ də anlamamışdı. Balaca vaxtı çəpər dalından söyüşərdik. Onun atası məni, mənim atam da onu qalan qızlardan seçib sevib əzizləyərdi. Elə bil bu məsələdə yarışa girmişdilər – əmim mənə bir bahalı paltar alanda atam Zümrüdə ondan da yaxşısını tapıb alardı. Biz öz aramızda ecəşən kimi atalarımız da bir-biriylə ecəşərdilər...

Olan-qalandan yığıb Zümrüdü yola salanda Lalə əlində yekə bir torba məni yanladı:

- Sən Allah sən dillənmə, Cavidin, Anarın geymədikləri qətəcər pal-paltardan bir az yığmışam, qoy verim aparıb uşaqlarına geyindirsin.

Bacım torbanı açıb mənə göstərəndə pörtdüm – Cavidin çox da geyilməmiş jaketlərini, şalvarlarını da basmışdı torbaya:

- Anam gördü?

Lalə sevincək başını bulayıb yox dedi.

- Bu paltarları Cavidin sinif yoldaşı Eminə veririk axı.

Lalə məni yola gətirmək üçün molla fəndinə əl atdı:

- Bir dəfə də bunlara verək, balalarının əyni lütdü. Quranda da yazılıb ki, adam birinci qohumuna əl tutar.

Məni dəli gülmək tutdu:

- Sən Allah? Elə o cür də yazılıb?

Lalə ciddi-ciddi cavab verdi:

- Vallah.

Zümrüd paltarları görəndə çox sevindi. Gedən ayağında onu yenə qucaqladım, uşaqlıqdakı davalarımızı yadına saldım. Zümrüd mənim atamı söyəndə sakitcə soruşurdum:

- Əmini söyürsən?

O da öz ünvanını hədəfdən yayındırmaq üçün:

- Yox, sənin dədəni söyürəm, - deyirdi.

İndi bunları xatırlayanda özümü saxlayammayıb hönkürdüm:

- Sənin dədən öldü, ay Zümrüd, - dedim, - mənim bu iki evin arasındakı pənahım öldü, arxam-dirəyim yıxıldı, sığınacağım uçdu.

Telli mama mənim ağladığımı görcək üzünü əmimin çarpayısına tutub ağı dedi:

Ay dolana-dolana,

İl dolana-dolana.

Qardaşın ölsün, fələk,

Qal dolana-dolana.

Bibim ağı deyəndə necə ürəkdən, necə yana-yana ağlayırdısa yazıq arvadın yaralı ürəyinin partlayacağından qorxurdum, buna görə də dərdi daşlayıb bibimi onun caynağından salmağa çalışırdım:

- Az, bu qoca kişilərdən ötrü özünü niyə öldürürsən? Şeytan olub dünyanı tutası deyildilər ki, bir gün ölməliydilər də.

Bibim üzümə yazıq-yazıq baxıb deyirdi:

- Ər eldən, oğul beldən, qardaşı hardan taparam? Qardaşın qocası olmur axı, qadan alım, qardaş elə hər yaşda qardaşdı.

Onda hələ dilim-ağzım yanmamışdı, yara məndən bir köynək aralıydı deyə belə havalı danışırmışam. İllər sonra fələk mənə də Telli yarası vurdu, bibimin sinəsinə sapladığı oxla mənim də ürəyimi nişan aldı...

***

Musa əminin qırxı çıxmış-çıxmamış bir gecə yuxumda gördüm əmimin bizlə qonşu Məhər oğlu məni zorlamaq istəyir. Gözü dönmüş əmoğlunun əlindən canımı birtəhər qurtaranda ayıldım.

Lalə də ata evimizdəydi, məktəb tətilə bağlanandan sonra Anarı şəhərdə saxlamaq mümkün olmamışdı, bacım uşaqlarını da götürüb kəndə gəlmişdi. Elə gecəylə yuxumu ona danışdım. Mənim qorxudan, həyəcandan əsdiyimi görən Lalə güldü:

- Ay dəli, yıxıl yat, - dedi, - yuxudu, vecinə alma.

O gündən əmim oğluna qənim kəsildim. Kamillə yaşıd Məhər hər gün heç olmasa iki yol bizim qapımızı açırdı. Evimizin bir sıra məişət qayğıları, elektriklə bağlı problemlər ona baxırdı. Adamayovuşmaz anam belə Məhəri çox istəyirdi.

Onu hər görəndə yuxum yadıma düşürdü, kişini avşar iti kimi qapırdım. Cavid Məhərin güllü bağını yolub yerə qoymuşdu, daş atıb evinin pəncərələrini qırmışdı, yazıq əmoğlu bunlara görə üzümüzə bir dəfə də turş baxmamışdı. İndi mənim ona düşmən kəsildiyimi görüb mat qalmışdı. Bir gün də dözməyib anama dedi:

- Bibi, bilmirəm bu qıza neyləmişəm, məni görən gözü yoxdu. Gah qabağımdan çayı-çörəyi götürür, gah məni söyüb-bulayır. Bu qız məni bu evdən qaçaq salıb.

Anam üzümə acıqlı-acıqlı baxdı:

- Qələt eləyir, onun burda evi var ki, səni də qaçaq sala? Oxşayıb da oxşamışına, sizə demirəmmi tutmalıdı?

Lalə məni mətbəxə çəkib abrımı ətəyimə bükdü:

- Sənin başın deyəsən qaçıb, - dedi. - Ay qız, sən onu yuxuda görmüsən ey, onun sənin yuxundan xəbəri yoxdu. Ayıbdı, özünü yığışdır, kişini hörmətsiz eləmə. Heç olmasa qoynunda-qoltuğunda sənin balana daşıdıqlarından utan, uşağının onun evinə-eşiyinə vurduğu zavaldan utan.

Lalənin şilləsi məni ayıltdı. Doğrudan da başım əməllicə çönmüşdü; yazıq Məhər hardan biləydi mən yatıb yuxumda nə görmüşəm...

ardı var

news-inner-user
Bircə

104 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti