14 yaşlı qızın intiharında kimlər günahkardı?

14 yaşlı qızın intiharında kimlər günahkardı?
8 aprel 2019
# 10:36

14 yaşlı Elina Hacıyevanın məktəb yoldaşlarının təhqirlərinə dözməyərək intihar etməsində mövcud təhsil sistemi ilə yanaşı valideynlər də məsuliyyət daşıyır. Təhqirin, psixoloji basqının, başqa cür desəm, uşaq qəddarlığının səbəbi hər nədirsə, bunda hər birimizin məsuliyyəti var.

Məktəblərdə hər hansı uşağın psixoloji, fiziki təzyiqlərə məruz qalması faktı təsadüfi hal deyil çox güman ki. Bir müddət öncə tanışımın 11 yaşlı qızı sinif yoldaşları tərəfindən döyülmüşdü. Və bunu bilən sinif rəhbəri uşağa susmağı tapşırmışdı. Döyülmə səbəbi paxıllıq olub: qızın istedadı, biliyi ilə şagird yoldaşlarından seçilməsi... Hadisədən sonra məktəbə könülsüz gedən uşaq valideynlərin təkidi ilə başına gələnləri danışır. Valideynlərin müdaxiləsindən sonra məsələ həllini tapır.

Problem isə sistemli şəkildə həllini tapmalıdır. Tutaq ki, məktəbə işə götürülən müəllimlərin, təyin olunan rəhbərliyin məsuliyyət hissi, psixoloji durumu, hazırlığı, emosional dayanıqlığı, təmkini, uşaqlarla ünsiyyətə yararlı olub-olmaması, anlamaq bacarığı kimi keyfiyyətlərə, özəlliklə, önəm verilməlidir. Məktəblərdə sosial işin, zəruri mövzularda effektli, doğru maarifləndirmənin, psixoloq vəzifəsinin funksionallaşdırılması da həmçinin. Ayrıca, bu kimi məsələlər bütün tərəflərin iştirakıyla televiziyada zaman-zaman müzakirəyə çıxarılmalıdır.

Ümumiyyətlə, bunun özü ayrıca, dərin bir araşdırma tələb edir ki, misalçün, Elinanı təhqir edən, zorakılığa meylli yeniyetmələrin davranışlarının kökündə nə dayanır? Onlar necə ailədən çıxıblar? Necə bir mühitdə böyüyür, tərbiyə alırlar? Necə bir həyat tərzi keçirirlər, maraqları, idealları nədir, kumirləri kimdir? Bəlkə zorakılığa meylli uşaqların özü elə sevgisizlik mühitində, problemli ailədə böyüyür? Bəlkə özləri də ailədə zorakılığa məruz qalır, valideyn diqqətindən, anlayışından məhrumdurlar? Və nəticədə aqressiya başqalarına zorakılıq şəklində meydana çıxır?

Yaxud Elinanın özü necə bir mühitdə yetişirdi? Valideynləri ilə ünsiyyətində problem vardımı? Ailədə ona yetərincə anlayış göstərirdilərmi, dayaq olurdularmı? Başqa bir vacib məqam odur ki, əgər müəllimlər, zorakılıq haqda məlumatlı olduqları halda göz yumublarsa, təhsil sistemi kökündən yenilənməlidir. Ümumilikdə isə hər şey bir-birinə zəncirvarı bağlıdır. Maraqlıdır ki, belə uşaqlar yetişdirən valideynlərin özlərinin problemi nədir? Bu ailələr necə, hansı təməl prinsiplərlə qurulur? Araşdırsan onların hər birinin öz dramı var. Suallar çoxdur və bunları rəsmi səviyyədə araşdırmaq məsul olan qurumların borcudur.

...Mixael Haneke “Ağ lent” filmində qəddarlığın kökünü araşdırır. 1913-cü il Almaniyasının bir kəndində zorakı hadisələr baş verir. Amma törədənlər məlum deyil. Ehtimal olunur ki, bunu sərt qaydalar altında böyüyən uşaqlar edir. Çünki uşaqlarda sərt qaydalara etiraz olaraq yalana, zorakılığa meyl yaranır. Gənc kənd müəllimi vəziyyəti araşdıranda, hər kənd sakinin öz gizlini ortaya çıxır. Cinayətkarlar isə tapılmır. Filmin sonunda məlum olur ki, Birinci Dünya Müharibəsi başlanır. Mütəxəssislərə görə, rejissor gənc nəsil arasında zorakılığın doğuluşuna, bunun nəticəsi olaraq faşist diktaturasının qurulmasına eyham edir.

Haneke film barədə deyir: “Məni uşaqlar maraqlandırır, çünki onlar cəmiyyət ierarxiyasının ən aşağı pilləsində yerləşirlər. Onları öyrətmək, tərbiyələndirmək və istədiyin kimi əsarətdə saxlamaq olar. Bu haqda düşünəndə anladım ki, bizim cəmiyyətin dramı nədədir: biz uşaqlara öz prinsiplərimizi öyrədirik, onlar bunu ideallaşdırır və sonda bizi onlara öyrətdiklərimizlə cəzalandırır”.

# 2103 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #