news-inner
clock17:41 calendar-gray 27 Mart 2019 view-gray1420 dəfə oxunub
view-gray1420 dəfə oxunub

Sərxoş kişinin qollarının arasındakı Lalə - Orxan Saffari yazır...

Kulis.az gənc yazar Orxan Saffarinin “Əsirlikdəki qızılgül” hekayəsini təqdim edir.

Kafenin qarşısındakı pensiyaçılardan biri paltosunun düymələrini bağlaya-bağlaya dilucu "hava yaman bürküdür, yəqin səhərə yağar" deyib qəlyanını alışdırdı. Çoxdandır qəlyan çəkən yaşlı adam görmürdüm deyə, üç-dörd saniyə tüstüsünə tamaşa elədim. Özüm də siqaretimdən sonuncu dərin qullabı alıb yan tərəfdəki kondisionerin altına qoyulmuş içi siqaret kötükləri ilə dolu vedrəyə vızıldatdım.

***

Kafeyə girən kimi küncdəki masanı gözaltı edib əyləşdim. Bu masa mənə yaşı səksəni adlamış Mirələm babamı xatırlatdı. İkisinin də hərdənbir əsməcəsi tuturdu.

Çantamdan kompüterimi, qeyd dəftərimi, telefonumu, siqaret və alışqanımı çıxarıb masaya qoydum. Rahatlanandan sonra da üzümü axsaq, ortayaşlı qadına tutub pivə ilə qızardılmış balıq verməyini xahiş etdim. Üzündə gəncliyini kafelərdə keçirmiş bir adamın hekayəsi yazılmışdı. Amma ona qoca da demək olmazdı. Deyəsən, bu kafedə onunla mədəni danışan bircə mən idim. Gözləri inamsızca baxırdı. Elə bil, onunla ilk dəfə xoş danışırdılar...

Kompüteri yandırıb, bir siqaret alışdırdım. Düşündüm ki, burada dünəndən yarımçıq qalmış hekayəmi bitirərəm. Həm də səs-küylü yerlərdə bir qırağa çəkilib yazmaq mənə xüsusi zövq verir. Özümü dahi hesab edirəm. Sanki, nəsə baş verib, yüzlərlə adam bir istiqamətə qaçır, mən isə kimisə axtarırmış kimi həyəcanla insan izdihamının əksinə gedirəm. Hekayələrimin qəhrəmanları bəzən kafenin daimi müştəriləri olur. Onların danışığından qopardığımı obrazlarımın əyninə biçirəm.

***

Üzbəüz masadakı kişilər araq içirdilər. Fikir verdim, kişilərdən birinin qulağı yoxdur. Diqqət çəkməmək üçün başımı aşağı salıb xəlvəti qulağındakı yoxluğa baxırdım və əlimlə öz qulağımı yoxlayırdım. "Görən onu söysəm, məni eşidər?" - deyə içimdə düşünüb gülümsünürdüm. Eşidən qulağı o biri tərəfdə sevgilisindən ayrılmış adam kimi kədərli səsləri qəbul edirdi. Ağlıma Van Qoqun kəsilmiş qulağı gəldi. Bir də nədənsə, bir müddət əvvəl qulağı kəsilən kriminal avtoriteti xatırladım. Qulaqsız yaşamağın necə olduğu haqda öz-özümə müdrikcəsinə düşünürdüm.

Gördüyüm bu mənzərəni - o qulaqsız kişini nə vaxtsa yazmaq üçün qeyd dəftərimə də köçürdüm. Bu dəftərçənin içində müxtəlif insanlar, daha doğrusu obrazlar uyuyur. Zamanla onları dirildir, təzədən can verirəm. İndi qulaqsız kişidən yazacağım hekayənin eskizini qaralayarkən ağlımdan qəribə bir fikir keçdi: qulaqsız yaşamaq dadsız yeməyi mədəyə ötürməkdir. Bu dahiyanə fikrimin gələcəkdə tirajlanacağını düşünüb qeyd dəftərimə yazdım.

***

Pivədən qurtumluya-qurtumlaya hekayəyə göz gəzdirirdim. Sağlıq demək üçün araq stəkanını qaldıran kişi, kafedə işləyən qadını söyə-söyə çağırdı. Qadın gələndə əlini onun belinə dolayıb özünə elə çəkdi ki, elə bil, ilan ağaca sarıldı.

***

Bir yandan hekayəyə davam edir, o bir yandan söhbətə qulaq asırdım. Kiçik kafelərə yığışan işsiz-gücsüz adamların yarısı siyasətdən, yarısı məişətdən danışırdı. Yan masada köynəyinin boğazı ütüsüz bir kişi arvadından ağız dolusu narazılıq edirdi.

Araq içən kişilər araya salıb, mənim də sağlığıma içdilər. Gülümsünüb, “sağ olun” anlamında əlimi sinəmə sıxdım, hörmət əlaməti olaraq başımı ehmalca aşağı əydim.

***

Sıxılmağa başlasam da, durub getmək fikrim yox idi. İçib bir-birini tərifləyən, ölkədə, dünyada baş verənləri ciddi-ciddi müzakirə edən adamlar bir az da doğma gəlirdi mənə. Kompüteri açıq saxlayıb ayaqyoluna çıxdım. İçəri siqaretlə girsəm də, əlimə ala bilmək imkanım olmadığı üçün tüstü gözümə qaçdı, gözümü yumanda karıxdım, siqaret harasa toxunub unitaza düşdü.

Kəmərimi bağlayanda dünən gecə oxuduğum "Yağmursuz havalar" hekayəsini xatırladım. Hekayə bu cür başlayır: “Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşirdi ki, bəlkə özünü öldürsün."

Amma mən özümü öldürməyi yox, yarımçıq hekayəmi bitirməyi düşünürdüm.

***

İçəri girəndə kafeni işlədən qadını o kişinin qolları arasında gördüm. Nədənsə, o kişinin arvadını təsəvvür elədim. Allah bilir, necə əzab verir ona bu ilana oxşayan məxluq.

Əyləşib, qeyd dəftərimdəki cızma-qaralara göz gəzdirdim. Yarım qalmış pivəmi başıma çəkib, yenisini sifariş verdim. Ayaqyolunda intihar etmiş siqaretimi unutmaq və içimdəki boşluğunu doldurmaq üçün bir siqaret yandırdım.

***

Erməni əsirliyində olan bir qızdan hekayə yazırdım dünəndən. Hekayədə həm atamın müharibə vaxtı gördüyü dəhşətli hadisələri, həm də əsirlikdə olan qadının danışdıqları vardı.

***

- Axşam məclis quruldu. Erməni əsgərləri donuz və qaban ətindən kabab bişirmişdilər. Mən o biri otaqda əlləri bağlı bir küncə qısılmışdım. İçəri daxil olan erməni Azərbaycan dilində söyüş söyərək məni ayağa qaldırdı. Sonra da əsgərlərin yeyib-içdiyi otağa gətirdi. Artan adlı əsgər arağı qaldırıb, qolumdan tutdu. Erməni dilində sağlıq deyib, gülüşməyə başladılar. Arağı içib, qolu ilə ağzını sildi. Məni də özünə çəkib, dizlərinin üstünə yıxdı. O biri əli ilə yaxamı cırdı. Bütün əsgərlər şaqqanaq çəkib gülməyə başladı. Mən müqavimət göstərib ona şillə atdım. Necə qəzəbləndisə, güclü bir şilləylə qarşılıq verdi, yerə sərildim. Sonra da erməni dilində söyüş söydü:

- "Այս խմբավորումը դուրս է այստեղից" - Ays xmkavorvm dors e aysderid - deyə başlayırdı hekayəm.

Yazdığım bu hekayəni heç cür tamamlaya bilmirdim. Fikrimi bir az da kafedəki bu qadın dağıdırdı. Nədənsə, onu da bu kişilərin əsarətində hiss edirdim.

Qəfil üzbəüz masadakı tayqulaq kişi üzün ümənə çevirib dilləndi:

- Çox istəyirəm də Laləni.

Gülümsündüm:

- Həə…

Yazdığım hekayədəki qadının da adı Lalə idi.

***

- Lalə, limon gətir, özün də gəl otur biznən… - tayqulaq dilləndi

- Qardaş oğlu, gəl, sən də nuş eləginən bizimlə. Utanma. Lalə də özümüzünküdür.

- Sağ ol, dayı. Nuş olsun sizə! - təşəkkür etdim.

Lalə limonu gətirib onların yanında əyləşdi. Mən artıq bu mənzərədən narahat olurdum. Hekayəmdəki Lalə ilə kafedəki Lalə arasında çaşbaş qalmışdım. Hiss edirdim ki, kafedəki Lalədən də yazıram.

Tayqulaq kişi qolunu Lalənin boynuna doladı. Elə bildim, bu dəqiqə dizlərinin üstünə yıxıb, yaxasını cıracaq.

- Qolunu çək, ağırdı! - Axır ki, Lalənin səsi eşidildi.

Qulaqsız kişi qəzəbləndi:

- Aaz, dayan görüm, əsəbiləşdirmə məni.

Lalə onun qolunu çiynindən atdı, saçlarını düzəldə-düzəldə mənə baxıb gülümsədi.

Bir az da utandı!

Onu qucaqlamaqdan doymayan kişi əlini yuxarı qaldırıb yenidən növbəti sağlığı deməyə başladı.

***

Hekayəni davam eləməkdə çətinlik çəkirdim. O Lalədən yazmağıma bu Lalə heç cür imkan vermirdi. Bir tərəfdə zorla əsir alınan Lalə, o bir tərəfdə özünü könüllü əsir edən Lalə. Onların həyatındakı oxşar cəhətlər məni çaşbaş salırdı.

***

Artıq iki saatdan çox bu kafedə otursam da yaxşı yaza bilməmişdim. Yarım saat sonra gedəcəyimi qərarlaşdırdım. Elə bu vaxt yan masada yeyib-içənlər durub getməyə hazırlaşdılar. Hamısı ayrı-ayrılıqda Laləni qucaqladı. Lalə onların üzünə xoş təbəssümlə, amma bir o qədər də nifrətlə gülümsəyirdi. Bəlkə də hekayəmdəki Lalənin qəzəbi bu Laləyə də keçmişdi.

Kafedə tək mən qalmışdım. Yavaş-yavaş hazırlaşırdım ki, çıxam. Qəfil Lalənin səsi gəldi:

- İki saatdır o kompüterdə nə yazırsan? – gülümsündü.

- Hekayə.

Sözümə bənd imiş kimi körpə uşaq misalı sevindi.

- Aa, yazıçısan?! Kitabın var?! Şeir də yazırsan?!

Suallarına dilucu cavablar verdim.

- Məktəbdə oxuyanda çoxlu kitablar oxuyurdum. İndi hamısı yadımdan çıxıb. – qəşş elədi – Mənə kitab verərsən?

- Hə, əlbəttə. Hansı kitabı istəsən, gətirərəm.

- Öz kitabını verərsən. İndi nə yazırdın?

- İndi müharibədə əsirlikdə olan bir qız haqqında yazırdım.

- Adı nədir hekayənin?

- "Əsirlikdəki qızılgül"

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri - İlham Əziz yazır...
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi
04:49 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020