Mehin kişi çıxdı

Mehin kişi çıxdı
14 mart 2019
# 11:30

Səhər Əhməd

Gündəm gündəmə bənzəməz, atam balası, bir günüyü var, beş günlüyü var

Son günlərin artıq geridə qalmış bir gündəminin havası hələ də məni tərk etmir. Dəhşətli cümlə idi: “Mehin kişi çıxdı!” Yəqin çoxlarını bu cümlənin xəbəri şoka salmışdı, məni isə mübtəda düşündürürdü: Kimdi Mehin? Marağın təbii axarıyla bu sualı verdiklərim mənə təxminən “aaa, Mehini tanımırsan?” baxışıyla baxanda lap pisikdim. Elə bildim, zəmanəmizin hansısa ictimai-siyasi xadimini, milli qəhrəmanını, ədəbi hadisə sayılan hansısa qələm adamını tanımamışam. Nəticədə məlum oldu ki, Mehin xanım, ya da bəy, hər nəysə, instaqram fəalıymış və camaat onu hansısa ictimai fəaldan daha yaxşı tanıyırmış.

Xub, keçək cümlənin xəbərinin xəbər olmaq məsələsinə, yəni gündəmin dəhşətinə. Bəli, biz artıq cinsi mənsubiyyətini dəyişmiş adamları qəbul etmiş bir toplumuq, onların legitimliyini az qala “üçüncü cins” kateqoriyasıyla tanıyırıq.

Burda kütlənin qəzəbi başqa yöndəndi və bir az da başadüşüləndi. İndiyə qədər qadın hesab etdiyi birinin qəfildən kişi çıxması həmin adamın ətrafındakıları bədii dildə desək xəyal qırıqlığına uğratmaq, publisistik ifadəylə desək, ictimaiyyəti çaşdırmaqdı. Burda İmam üçün ağlamaqdan azca fasilə verib, bir az da anası ölmüş Yezid üçün ağlayaq. Yəni, cinsini dəyişmiş tifillərin qəbul olunmaq hüququ varsa, cinsini dəyişməmiş biçarələrin, yəni bizim də aldanmamaq hüququmuz vardır. Odur ki, bu məsələdə kütlənin qəzəbinin tərcüməsi təxminən belə idi: “Adam, bizə yalan borcunmu var idi?!”

Bu məsələnin ikinci dəhşətli tərəfi indiki tibbin, gözəllik salonlarının nəyə qadir olmasını dərk edəndə başlayır. Koroğlu odlu silahın kəşfindən sonra igidliyin öldüyünü zənn etdiyi kimi, gəlin bizdə artıq təbii gözəlliyin müasir kosmetika vasitələrinə tamamilə uduzduğunu boynumuza alaq. Dövrümüzdə kim nə qədər varlıdırsa, bir o qədər “gözəl”dir və bu kasıbların allahın onlara çox hallarda bəxş etdiyi yeganə üstünlüyünü də əlindən alır. Bu, kütləni haqlı şəkildə qıcıqlandıran ikinci səbəbidir.

Azərbaycanda tibbi müdaxilə yolu ilə qadına çevrilmiş kişilərin sayı barədə statistika dəqiq heç nə demir. Şəhərimizin küçələrində qadın cildində nə qədər kişi gəzdiyini heç kim təxmin edə bilməz. Amma zamanla Mehinə çevrilmiş Turallar, Cəmiləyə çevrilmiş Cəmillər üzə çıxmaqdadır. Təbiidir ki, bu, şeytanların mələk cildinə girməsi qədər qorxulu deyil, amma hər halda hələ ki gündəm olacaq məsələdir. Bəlkə, zaman gələcək, bu da adiləşəcək, hər uzunsaçlının, kaman qaşlının, ox kirpiklinin qadın olması şərt olmayacaq.

Bu yerdə sizə düşünmək üçün bir abzas yer saxlayıb, keçirəm başqa söhbətə.

Bu yaxınlarda kəndlərimizin birində yeddinci sinifdə oxuyan nişanlı qızın anası qonşularına fəxrlə belə deyirmiş: “Nişanlısı qızıma məktəb çantası hədiyyə edib”.

...Sizi deyə bilmərəm, mən neçə gündür, Mehinin kişi çıxmaqlığı ilə məktəb çantasını nişanlısı almış yeddinci sinif şagirdinin əhvalatı arasında qalmışam. Və bu, Avropa ilə Asiyanın arasında yaşamaq kimi sıxıcıdır...

# 3206 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #