Prezidentlə görüşdə adı çəkilən Xalq artisti: “Mirmövsüm ağa başıma sığal çəkib dedi ki...”

<span style="color:red;">Prezidentlə görüşdə adı çəkilən Xalq artisti:  “Mirmövsüm ağa başıma sığal çəkib dedi ki...”
5 mart 2019
# 12:06

Yaşar İmanov: “Heydər Əliyevlə də, İlham Əliyevlə də dəfələrlə görüşmüşəm, amma heç vaxt deməmişəm ki, evim yoxdur”

Tağlı giriş... Girişdən sonra uzun, alaqaranlıq, dar keçid... Bir adam ancaq sığar. Əyri-üyrü, çala-çuxur yol, sınıq-salxaq pilləkən. "Bura lap oğrulardan bəhs edən köhnə filmləri xatırladır", - fotoqrafımızdı. Sadəcə, indi yox, müsahibədən sonra deyəcək, ardınca da əlavə edəcəkdi: “Qara Volqa” filmi yadıma düşdü”. Yəqin müsahibimizin qapıdan çıxanda onun saqqalına işarə edib, “Sənə yaraşır, lap aktyorlara oxşayırsan” deməsindən ilhamlanıbmış. Doğrusunu özü bilir. Hələlik isə müsahibimiz sürahidən tuta-tuta, ağır addımlarla ikinci mərtəbəyə qalxır, biz də arxasınca. Pilləkən sakit durmur, nahamvar pillələr ayağımızın altında dalğa kimi şıltaqlıq edir. Qorxa-qorxa yuxarı çıxırıq. İndi görün, bunları gündə bir neçə dəfə qalxıb-düşənlər nə zülm çəkirlər. Üstəlik yaşlıdırlarsa...

Tanış olun, bura Gürcüstanın əməkdar, Azərbaycanın xalq artisti, dirijor Yaşar İmanovun qaldığı yerdir. O Yaşar İmanov ki, prezidentin mədəniyyət xadimləri ilə görüşündə Firəngiz Əlizadə onun evə ehtiyacı olduğunu söyləmişdi. Bu yazını oxuduğunuz vaxt ərzində bizimlə birgə onun və ailəsinin qonağı olacaqsınız.

* * *

Qapını bəstəkarın həyat yoldaşı Nelli xanım açır. Gülər üzlə qarşılayıb içəri dəvət edir. Üst geyimlərimizi çıxarıb otağa keçirik, mikrofonu, dəftər-qələmi çıxarana kimi Nelli xanım danışır, sanki bizi müsahibəyə alışdırır: “Biz buranı alanda iki otaq idi - içəridəki otaq, bir də indi sizin oturduğunuz. Səkkiz adam bu iki otaqda qalırdıq; yoldaşım, mən, oğlanlarım və onların ailələri. Qabaqdakı otağı sonradan artırmışıq... Çətindir, neçə il bu vəziyyətdə yaşamışıq. O xəbəri eşidəndən, inanın, çox sevincliyik. İndi həyəcanla evin nə vaxt veriləcəyini gözləyirik”.

Nelli xanım bizə çay-qəhvə təklif edib, mətbəx-dəhlizə keçir. Amma birdəfəlik getməyib, iş görə-görə oradan bizi dinləyir. Müsahibə sırasında səsini hələ bir neçə dəfə eşidəcəksiniz.

Biz isə söhbətə başlamağa hazırıq...

ONA maestro Yaşar İmanovla müsahibəni təqdim edir.

- Prezidentin mədəniyyət işçiləri ilə görüşü zamanı Firəngiz Əlizadə ilə Fərhad Bədəlbəyli sizin adınızı çəkdilər. Bildirdilər ki, 1991-ci ildən Abxaziyadan gəlmisiniz, amma hələ də eviniz yoxdur...

- Görüşdən sonra Firəngiz Əlizadə mənə zəng elədi, danışdıq. Bu gün Bəstəkarlar İttifaqına gedib onunla görüşdüm. Firəngiz xanım dedi, icra hakimiyyətindən tapşırıblar ki, ərizə yazmaq lazımdır. Biz də ərizə yazdıq, göndərdilər. İndi görək necə olur. Oradan da çıxıb Konservatoriyaya (Bakı Musiqi Akademiyası – M.A.) getdim. Mən uzun müddət Konservatoriyada işləmişəm. 80 yaşım olanda çıxdım, bu yaşdan sonra daha işləmək istəmədim, utandım. Amma Fərhad Bədəlbəyli buraxmadı, dedi, heç olmasa məsləhətçi kimi qal. Mən də razılaşdım.

Prezidentlə görüşdə adı çəkilən 86 yaşlı bəstəkar: “Abxaziyada iki evim, bağ evim və maşınım vardı, bir gecədə çıxdıq...” - MÜSAHİBƏ  | Foto qalereya

- Əvvəllər evlə bağlı müraciət etmişdiniz?

- Bu vaxta kimi bir neçə dəfə müraciət etsəm də, nəticəsi olmamışdı. Sözün düzü, o vaxt rəhmətlik Heydər Əliyevlə dəfələrlə görüşlərim olub. Moskvada Füzulinin 500 illiyi keçiriləndə mən də iştirak edirdim. Yəni rəhmətlik Heydər Əliyevlə də, İlham Əliyevlə də həmişə münasibətim olub, dəfələrlə tədbirlərdə görüşmüşük, amma onlara bu barədə heç vaxt heç nə deməmişdim. Elə ona görə də Prezident görüşdən sonra Firəngiz xanıma deyib ki, bu vaxta qədər o, mənə ev probleminin olduğunu niyə deməyib? Prezident sonra tapşırıb ki, qoca adamdır, ora-bura çəkməyin, qısa zamanda həll edin.

- O zaman bir neçə günə yeni mənzilə köçərsiniz...

- Bayaq ərizəni yazandan sonra Firəngiz xanıma zarafatla dedim ki, yaşım azdır, mən hələ on il də gözləyə bilərəm. O da dedi ki, narahat olma, on günə həll olunacaq.

- Fərhad Bədəlbəyli də sizin barənizdə emosional çıxış etdi. Abxaziyadan heç nəsiz gəldiyinizi söylədi. Abxaziyaya nə vaxt getmişdiniz, nə zaman qayıtdınız?

- Abxaziyadan 1991-ci ildə qayıtdıq. Müharibə başladı, aləm dəydi bir-birinə, artıq orda yaşamaq təhlükəli idi. Abxaziyanın prezidenti mənimlə dost olub. O, mənə dedi ki, yoldaşınız gürcü, siz azərbaycanlı, sizi qorumaq çətin olacaq, sizi öldürə bilərlər. Qarabağ müharibəsi də təzəcə başlamışdı, o qorxurdu ki, ermənilər Abxaziyada mənə qarşı təxribat törədərlər. Buna görə də prezident dedi ki, gedin, sonra əgər yaxşı olsa, sizi çağıraram. Biz də Abxaziyadan əvvəl Tiflisə, ordan da Azərbaycana gəldik.

- Abxaziyada hansı vəzifədə çalışırdınız?

- Bir az əvvəldən başlayım. Mən Moskvada həm hərbi dirijorluq, həm də opera-simfonik fakültələrini bitirmişdim. O vaxt məni Almaniyaya göndərirdilər. Özüm bakılıyam, 1933-də burada anadan olmuşam. Ata-anama məktub yazdım ki, məni Almaniyaya göndərirlər, nə deyirsiniz? Atam da mənə cavab yazdı ki, Yaşar, hara gedirsən get, amma Qafqazdan çıxma. Heç olmaya arabir Bakıya gəlib-gedə biləsən. Mən də Tiflisi seçdim. Bir-iki il Tiflisdə çalışandan sonra Gürcüstanın mədəniyyət naziri Otare Taktakişvili məni Suxumiyə göndərdi. O vaxt Suxumidə simfonik orkestr təzə-təzə yaradılırdı.

Prezidentlə görüşdə adı çəkilən 86 yaşlı bəstəkar: “Abxaziyada iki evim, bağ evim və maşınım vardı, bir gecədə çıxdıq...” - MÜSAHİBƏ  | Foto qalereya

- Neçənci illər idi?

- Mən Suxumiyə 1958-ci ildə gəldim. Sonra Tiflisdən tapşırıq verdilər ki, Abxaziya Dövlət Simfonik Orkestri yaradılsın. Mən onu yaratdım və bədii rəhbəri oldum. Biz simfonik orkestrlə tez-tez qastrollara, konsertlərə gedirdik. Əksər sovet ölkələrini gəzmişik. Daha sonra abxaz folkloru əsasında ilk abxaz operasını yazdım. Biz həmin operanı təzəcə məşq edirdik ki, Abxaziyada dava başladı, operanı səhnələşdirə bilmədik. Bir ay da qalsaydım, operanı səhnələşdirəcəkdim. Mən həm də xor kafedrasının müdiri idim.

- Və siz Bakıya köçəsi oldunuz...

- Bəli, Abxaziyada müharibə başlayanda biz qayıdıb gəldik Bakıya. O vaxt Fərhad Bədəlbəyli Suxumiyə qastrola gəlmişdi, fortepiano konserti vermişdi. Yəni biz bir-birimizi çoxdan tanıyırdıq. Ona görə də biz bura köçəndən sonra Fərhad dərhal məni tapdı. Onda Konservatoriyaya təzə rektor keçmişdi, sağ olsun, işlə təmin elədi.

- Suxumidə nəyiniz vardı, nəyiniz yoxdu? Gələndə onları sata bildiniz?

- Yox e. Bir gecədə çıxdıq. İki evim, bağ evim və maşınım vardı. Dövlət hər cür şərait yaratmışdı. Birində böyük oğlum ailəsi ilə yaşayırdı, o birində mən, yoldaşım, kiçik oğlum. Hamısı qaldı orda. Bakıya əliboş gəldik. Bayaq dediyim kimi, Fərhad onda Konservatoriyanın rektoru idi. Məni dəvət elədi. Hələ 70-ci illərdə Fərhadın atası Şəmsi Bədəlbəyli Filarmoniyanın direktoru olduğu zamanlarda məni Bakıya dəvət etmək istəyirdi. Amma həkimim məni Bakıya buraxmadı. İki dəfə infarkt keçirmişdim, həkim deyirdi ki, sənə Bakının havası düşməz, Suxumidə qalmalısan. Həkimin sözünə qulaq asıb o vaxt Bakıya gəlmədim.

Prezidentlə görüşdə adı çəkilən 86 yaşlı bəstəkar: “Abxaziyada iki evim, bağ evim və maşınım vardı, bir gecədə çıxdıq...” - MÜSAHİBƏ  | Foto qalereya

- Yaşar müəllim, bəs bu evi nə vaxt almısınız?

- Hardasa 25 ildir biz bu evdə yaşayırıq. Niyə mən bu vaxta kimi dövlətdən ev almamışam, deyim sənə.

Bu vaxt yoldaşı Nelli xanım yanımıza gəlir. Bir az utana-utana, bir az çəkinə-çəkinə söhbətə qoşulur, barmağını göstərərək rusca deyir: “Mənim nişan üzüyümü, qızıllarımı satıb bu iki otaqlı evi aldıq”. Gülümsəyir gülümsəməsinə, amma gülüşü illər əvvəl yaşadığı çətinliklərin kədərli izlərini üzündən silib ata bilmir.

- Dostlarım mənə deyirdilər ki, sən axı həmişə rəhmətlik Heydər Əliyevlə yaxın olmusan. Niyə ondan ev istəmirsən?

- Niyə istəmirdiniz?

- Nə bilim. Nə Heydər müəllimə, nə İlham müəllimə bir dəfə də deməmişəm ki, mənə ev verin. Nə bilim, xasiyyətim belədir.

- Heç Nelli xanım da tələb etmirdi ki, o görüşlərdə ev istəyəsiniz?

- Yoldaşım da mənimlə eyni xasiyyətdədir. Heç vaxt belə söz deməyib mənə.

Nelli xanım yenə söhbətimizə qoşulur: “Mən təşəkkür etmək istəyirəm. Bilirsiniz niyə? Çünki Bakıda bizi yaxşı qarşıladılar. Konservatoriyaya işə düzəldik. Heydər Əliyev təqaüd təyin elədi. Ondan sonra İlham Əliyev prezident təqaüdü təyin elədi”.

Prezidentlə görüşdə adı çəkilən 86 yaşlı bəstəkar: “Abxaziyada iki evim, bağ evim və maşınım vardı, bir gecədə çıxdıq...” - MÜSAHİBƏ  | Foto qalereya

- Mən Bakıya gələn kimi AzTV-yə çağırıb simfonik orkestrə rəhbər təyin etdilər. Ondan sonra Polad Bülbüloğlu çağırıb dedi ki, Yaşar müəllim, sizi Dövlət Kamera Orkestrinə bədii rəhbər kimi dəvət etmək istəyirəm. Ona dedim ki, Polad, mən artıq televiziyada işləyirəm. O da cavab verdi ki, bax da, ikisinin də öhdəsindən gələcəksənsə, işlə. Polad hələ Opera və Balet Teatrının orkestrinə rəhbərliyi də mənə vermək istəyirdi. Dedim, əşi bəsdir də, sən nə edirsən (gülür). Deməyim odur ki, mənə çox hörmət olunub. Bura gələndə iş problemim yox idi.

- Görüşdə bir fikir də səsləndirildi ki, sizin ailənin üç nəsli Azərbaycan musiqisinə xidmət göstərib. Övladlarınız nə işlə məşğuldur?

- Həyat yoldaşım Bakı Musiqi Akademiyasında işləyirdi. Artıq o da təqaüdə çıxıb. İki oğlum, iki nəvəm var. Böyük oğlum Fuad qaboy ifaçısıdır, həm simfonik orkestrdə, həm də Opera və Balet Teatrının orkestrində birinci qaboy ifaçısı, konsertmeysterdir.

- O da sizinlə burda qalır?

- Qabaq bizimlə qalırdı. Sonra mənim aldığım prezident təqaüdünü, yoldaşımın təqaüdünü yığıb təzə tikilməkdə olan binaların birindən onun üçün ev aldıq. Binanın özülü təzə atılanda mənzilin pulunu verirsən, onda ucuz başa gəlir. Yəni mən, yoldaşım, övladlarım qəpik-qəpik yığıb o evi almışıq. Kiçik oğlum Vaxtanq da əvvəl simfonik orkestrdə konsertmeyster idi, həm də konservatoriyada işləyirdi. Hazırda Dövlət Simli Kvartetində viola çalır. Oğlanlarımın ikisi də əməkdar artistdir.

Prezidentlə görüşdə adı çəkilən 86 yaşlı bəstəkar: “Abxaziyada iki evim, bağ evim və maşınım vardı, bir gecədə çıxdıq...” - MÜSAHİBƏ  | Foto qalereya

- Yəni ailəliklə ömrünüzü musiqiyə həsr etmisiniz...

- Bir nəvəm də var, budur (şəkli göstərir), Georgi, violonçelistdir. Hazırda Gürcüstanda fəaliyyət göstərir.

Böyük oğlunun adını atası qoyub. Xəbəri eşidib, teleqram yazıb ki, Fuadın anadan olması münasibətilə sizi təbrik edirəm, beləliklə, uşağın adı qalıb Fuad. Kiçik oğluna isə vaxtsız itirdiyi dostu Vaxtanqın adını verib.

- Bildiyim qədəri ilə sonuncu dəfə keçən il dekabr ayında konsert vermisiniz...

- Elədir. Əvvəl simfonik orkestrlə konsert vermək istəyirdim. Amma onların proqramları dolu idi. Onda hərbi orkestrin rəhbəri Yusif Axundzadə mənə hərbi orkestrlə konsert verməyi təklif etdi. Mən də razılaşdım. Yusif sağ olsun, mən hələ o vaxt Bakıya gələndə hərbi orkestrdə məsləhətçi olmağı təklif etmişdi. Azərbaycana gələn əksər rəsmi şəxslərin ölkələrinin himnini orkestr üçün mən aranjeman eləmişəm.

- Hazırda yenə himnləri aranjeman edirsiniz?

- Bəzən təklif edirlər. Hə, o konsertdə yeddi əsərimi aranjeman edib, hərbi orkestrlə konsert verdim.

- Neçə əsəriniz var?

- Mənim dörd simfoniyam var. Hazırda beşinci simfoniyamı yazıram, artıq iki hissəsini bitirmişəm, iki hissəsi qalıb. Fortepiano üçün, skripka üçün konsertlərim var.

- Evinizdə nədənsə piano gözümə dəymədi...

- Piano yataq otağındadır. O otağın da pəncərəsi dəmir yolundan hardasa 25 metr aralıdır. Qatarların səsi mane olur, nə yata, nə də işləyə bilirəm. Ona görə də piano arxasında alınmayanda, bu otağa keçib burda işləyirəm.

- Necə düşünürsünüz, yaradıcılığınız lazımınca qiymətləndirilib?

- Sağ olsunlar, o vaxt Bakıya gələn kimi Fərhad Bədəlbəyli, başqaları məni işlə təmin elədilər. Şükür Allaha, iş problemim olmadı. Firəngiz xanıma təşəkkür edirəm ki, görüşdə problemimi səsləndirdi. Mən Prezident İlham Əliyevə təşəkkür edirəm, çox sağ olsun ki, ev məsələmin həlli üçün göstəriş verdi.

“Bakıya gələndə - danışan yenə Nelli xanımdır - bizi böyük sevgi ilə qarşıladılar. Mənim yoldaşıma həmişə qiymət verilib, xalq artistidir, Prezident təqaüdü alır, bircə ev məsələmiz vardı. Onu da Prezident sağ olsun, həll elədi. Biz ona təşəkkür edirik. Bilirsiniz, Abxaziyada müharibə başlayanda Tbilisiyə köçdük. Bizə Tbilisidə qalmağı təklif etdilər. Mənim atam da bəstəkar olub, Gürcüstanda musiqi məktəbinin direktoru işləyib. Amma mən Gürcüstanda qalmağa razılaşmadım. Yaşara dedim, mən istəyirəm mənim nəvələrim öz vətənlərində yaşasınlar ki, sonra bizim kimi qaçqın düşməsinlər”.

Qəhər boğur, danışa bilmir, Yaşar müəllim davam edir.

- Hə, bu yoldaşımın məsləhəti idi. O dedi ki, Bakıya köçək, qoy oğlanlarımız, nəvələrimiz sənin vətənində yaşasınlar.

Qapıdan çıxanda Yaşar müəllim bir daha adımı soruşur, deyirəm Mirmehdidir. Söyləmək yadımdan çıxmışdı, bayaqdan aramızda bir xanım da vardı, qohumlarıdır, deyəsən, onlarla qalır. Xanım adımı eşidib üzünü Yaşar müəllimə tutur: “Seyiddir. Cəddi köməyiniz olsun”.

- Hə? – Yaşar müəllim deyir, - nə yaxşı. Bilirsən, mənim adımı Mirmövsüm Ağa qoyub. O vaxt məndən böyük iki qardaşım olub, ölüb. Mən də anadan olanda, elə yeddi günlük ikən anam aparıb Mirmövsüm Ağagilə. Bacısı məni verib Ağanın qucağına. Mirmövsüm Ağa da əlini başıma çəkib deyib, Səbiyyə, - anamın adı Səbiyyə idi – adını Yaşar qoyuram, qorxma, yaşayacaq. Mən də yaşadım.

# 3295 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #