Feysbukda maskalananlar - Ceyhun Zərbəliyev yazır...

Feysbukda maskalananlar - <span style="color:red;">Ceyhun Zərbəliyev yazır...
27 iyul 2018
# 17:31

Kulis.az Ceyhun Zərbəliyevin "İnsan özü olmayanda maskalanmağa məcburdur” yazısını təqdim edir.

İki gün öncə “Facebook” dostlarımdan biri ölkəmizə gələn turistlərlə bağlı paylaşım etmişdi. Qeyri-iradi yorumları izlədim. Şərhçilərdən biri Bakıda qonaq olan əcnəbi turistin qarşılaşdığı insanlarla bağlı fikirlərini bölüşmüşdü.

Adam həmyerlimizə turizm məqsədilə dünyanın bir çox ölkəsini gəzdiyini, Bakıda insanların əksəriyyətinin özünü olduğundan başqa cür göstərməsinin səbəbini anlamağa çalışdığını vurğulamışdı.

Əcnəbinin müşahidələrini və hiss etdiklərini səmimi ifadə etdiyi qənaətindəyəm. Guya biz özümüz bunları müşahidə etmirik ki?!

Saxta mimikalara, “mədəniyəm” görüntüsünü, mövcud ruhi vəziyyətinə əks olaraq “çox xöşbəxtəm” mesajını sırımağa cəhd edən davranışlara, başqalarının düşüncələri ilə, ətrafdakıların verə biləcəyi reaksiyalara “öngörmələrlə” azadlığını məhdudlaşdıran insanlara hər addımbaşı rast gəlmək olur.

Nədənsə bir çoxları başqalarının həyatlarını yaşamaqda, kimisə təkrarlamaqda maraqlıdır. Kiməsə oxşamaq, onun kimi olmaq, bunun kimi eləməmək, bizə bəxş olunan həyata kimlərinsə və nələrinsə üzərindən baxaraq, yerli-yersiz köləcəsinə cəmiyyətin diqtə etdiklərini tətbiq edərək yaşamaq...

Tanınmış psixoterapevtlərin biri ilə söhbətimdə azərbaycanlı pasiyentlə əcnəbi pasiyentin arasındakı fərqi soruşmuşdum. Cavabı olduqca maraqlı idi.

“Əcnəbilərdə, xüsusən qərb ölkələrində insanın diqqəti özündədir. Onların bütün hərəkətləri özlərinə, öz hisslərinə, öz davranışlarına, öz inkişafına köklənib. Onlar öz həyatlarını yaşayırlar. Problemin kökünü mərkəzə insanın özünü qoyaraq, bu fərqindəliyi yaradaraq tapmaq asan olur. Azərbaycanlı pasiyentlə işlyəndə onun özünə çatmaq üçün qohumdan, qonşudan, valideynlərindən, qaynana-qayınatadan keçməli olursan. Çünki Azərbaycan insanının həyatının mərkəzində özü deyil”.

Məsələnin bizim millət olaraq emosionallığımızla, uşaqlığımızla və psixoloji məqamlarla birbaşa bağlılığı var və bir çoxumuz uşaq və yeniyetmə olarkən evdə bilik və bacarıqlarımız yetərincə qiymətləndirilmədən, digər yaxşı oxuyanlarla, yaxşı yaşayanlarla müqayisə edilərək böyümüşük.

Çox zaman valideynlərimiz bizi fərqinə varmadan arzulayıb əlinin yetmədiyi, zamanın pulgətirən peşələrinə yönləndirib. Nümunə göstərilənlər də çox zaman çox pul qazananlar, lüks həyat sərgiləyənlər olub.

Bu haqda çox düşünmüşəm və mənə atamın hər addımda misal çəkərək enerjimi tükətdiyi bir neçə insanın portretini özüm və onun üçün cızmışam.

Nümunə göstərilənlərdən biri qohum idi, yaradıcı yöndən çox istedadlı, yüksək riyazi biliklərə malik olsa da, özünü ortaya qoya bilməmişdi. İmkanları geniş olan atasının dəstəyi ilə qonşu ölkələrin universitetlərinin birində qiyabi “təhsil” (diplom) alımışdı. Qohumlarının dəstəyi ilə nazirliklərdən birində işə düzəlmişdi. Onun üçün pul, şan-şöhrət hər şey idi və bunun üçün çox şeyə gedərdi. İnsanların, xüsusilə aktyorların fiziki xüsusiyyətlərindəki və davranışlarındakı əskik kimi gördüklərinə yumor hissini qatıb, qəhqəhə çəkmək kimi bir xüsusiyyəti vardı.

Digər nümunə göstərilən kənd adamı, rayon mərkəzindəki boş evimizdə kirayə qalan və əcnəbilərlə çalışan biri idi. İş yeri məktəbimizə yaxındı, ailəsini kənddə qoyub eyş-işrət içində yaşaması və burada qeyd olunması mümkün olmayan digər nüanslar mənə məlum idi. Gündəlik əcnəbilərlə ünsiyyət fonunda qısa zamanda ingilis dilini öyrənməsi mənə hər gün nümunə göstərilməsinə səbəb olmuşdu.

Xöşbəxtlikdən mütaliələr başqlarının şəxsi dəyərlərini insanın öz dəyərlərindən üstün tutulmaması fikrini aşılaya bilir.

Demək istədiyim, biz başqalarının həyatını yaşadıqca, oxşayaraq yaşamağa çalışdıqca özümüzdən uzaq düşürük. Özümüzdən uzaq düşdükcə davranışlarımız da, səs tonumuz da saxtalaşır, adiləşir. Əcnəbinin müşahidə etdiyi mənzərələr artıq gizlədilə bilmir.

Saxtalaşdıqca davranışlardakı ziddiyyətləri görə bilmir, görsək də gizlədə bilmir, hər gün özümüzdən bir az daha qopuruq.

Profilinə “I am Zahra” yazdıraraq, uşaqlarla bağlı həssas münasibətini bildirən “ziyalı” gənc, yolda diləndirilən körpə qaraçı uşağın qıvrım saçları ilə kiməsə özünü “sübut” etmək, egosunu rahatlatmaq üçün asanlıqla məzələnə bilir.

Etdiyi oğurluqlar və rüşvət müqabilində genişləndirdiyi imkanlarla haqdan, ədalətdən, düzgünlükdən və həm də dayanmadan dəm vuranları hamımız görmüşük.

Tabeliyində olan işçini mövqeyindən sui-istifadə edib, haqqını ödəmədən dəfələrlə iş saatlarından artıq çalışdıran, məzuniyyət hüququnu çeynəyən sahibkar və ya məmur valideynin öz övladına, onun tərbiyəsinə sərf etməli olduğu vaxtdan oğurladığını səndən-məndən gözəl anlayır.

Növbəti gün hər hansı azyaşlının valideynin diqqətindən yayınaraq pedofilin qurbanı olması ilə bağlı xəbərə “vətənpərvər” reaksiya verir, “humanist” düşüncələr paylaşır, valideyn məsuliyyətsizliyini tənqid edir.

Daha sonra hansısa suçluluq hissləri onu bir statusa oğurluğun İslam dinində günah olması ilə bağlı, insanlara haramdan çəkinə bilməsi üçün şərh yazmağa vadar edir...

İnsan özü olmayanda maskalanmağa məcburdur.

Bir müddət sonra çıxarmaq olmur...

# 2827 dəfə oxunub

Oxşar xəbərlər

Flora Kərimovanın son vəziyyəti

Flora Kərimovanın son vəziyyəti

13:25 18 iyun 2026
Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi

12:38 18 iyun 2026
"Guya mən getmə desəm, getməyəcəkdin?" -  Nihat Pir

"Guya mən getmə desəm, getməyəcəkdin?" - Nihat Pir

12:00 18 iyun 2026
Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

11:30 18 iyun 2026
Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

10:03 18 iyun 2026
95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

18:24 17 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər