news-inner
clock12:28 calendar-gray 05 İyul 2018 view-gray362 dəfə oxunub
view-gray362 dəfə oxunub

Metro hadisəsindən sonra pulsuz olan avtobusda gedişhaqqı davası

Ayxan Ayvaz

Metrodakı “faciə”dən sonra avtobuslar pulsuz olmuşdu axı. Necə də xeyirxah addım. Camaatımız elə sevinirdi ki, elə bil bu avtobus onları Xoşbəxtlər şəhərinə aparacaqdı...

İşdən çıxanda metroya düşməyə qorxdum. Yəqin ki, uzun zaman metroya yaxın durmayacam. Metro mənim gözlərimdə heykəl olub indi. Eləcə uzaqdan baxmağa yarayır.

Avtobus dayanacağındakı dialoqa qulaq kəsilirəm:

- Metro işləyir?

- Hə, deyəsən.

- Bəs niyə minən yoxdu?

Söhbətə lövbər atıram:

- O həngamədən sonra kim risk eləyər metroya minməyə?

Qadın məni başdan-ayağa süzüb gülümsəyir:

- Siz də dünən metroda qalmısınız?

- Hə...

- Mənim hələ də ayaqlarım əsir. Siz hansı tərəfdə qalmışdınız?

İstədim bu gözəl xanıma metro haqqında yazımın linkini atım. Ya da yazımı danışım əzbərə. Elə də elədim. Qadın qulaq asdı. Hər cümləmdən sonra ah çəkir, əlini dizinə vururdu. Yas məclisində hiss etdim özümü.

- Metro indi sakitçilik olar. Rahat ayağını uzat, yata-yata get. – nitqimin sonu.

Qadın gülümsünür:

- Mən bir də minmərəm metroya! – Elə inamla deyir ki...

- Taksilərin canı sağ olsun!

- Elə varlı deyiləm. Avtobus yaxşıdır. Həm də kondisioner var.

- Həm də pulsuzdu...

Avtobusumuz gəlib çıxır və sürücü heç kimə kartı vurmağa aman vermir: “Pulsuzdu, keçin”.

Bir topa adam deyə-gülə içəri keçirik. Mənə elə gəldi ki, bu balaca avtobusa bütün 9 milyon mindi. Hamı var idi burda. Köhnə dostlarımı, sinif yoldaşlarımı da gördüm. Müəllimlərimizi də... Oxucularımı da... Təzə yazan cavanları da... Hamı ordaydı, hamı...

Dünənki metro hadisəsinin söhbəti gedirdi:

- Ay qız, mən qorxdum e... Zəng də çatmırdı heç kimə. Meqabaytım da yox idi ki, status yazım.

- Mən nauşnikdə mahnıya qulaq asırdım.

- Kefsən e...

- Heç bilmədim nolub. Nauşnikdə qulaq asa-asa yatmışam. Hiihihii...

Bu gənc və perspektivli xanımların söhbəti. Sizin üçün kameramızı yaşlı qadınların yanına aparıram.

- Bax, - əlindəki su qabını göstərir. – Uje bunla çıxacam çölə. Yaman qorxmuşam.

- Yer verən də yoxdu e indi.

- Əşşi, camaat içəridə qalıb. Sən də gör nə deyirsən.

- Yox e, ayaqlarım əsirdi e. Biri durub yer vermir e...

- Hamı ayağa qalxmışdı da. Oturardın onda. – Qadın həmkarının çiyninə xəfifcə vurur.

Avtobus hər söhbət arası dayanır, bir xeyli yubanır.

- Ürəyimi ovcuma almışdım. – Qocanın səsi gəlir. – Bir dəfə də olmuşdu e belə. Onda cavan idim.

- Hə, yadımdadır o gün. Onda Bakı başqa Bakı idi. Özü də kamera yox idi e metroda. İndiki kimi də basırıq olmurdu.

- Olurdu, a kişi. Nə danışırsan?

- Yox, onda camaat avtobusla gedib-gəlirdi.

Qocalar söhbət eləməyində olsun, mən sizə hardan deyim, hardan, bizim bu sürücüdən. Bir az keçən kimi elan verdi ki, bəs deməzsənmi, artıq gediş haqlarını vermək lazımdı, “pulsuz xidmət haqqı” başa çatmışdır.

Bizim avtobusdakılar dünənki metro söhbətini qatlayıb qoydular ciblərinə və başladılar nə başladılar.

- Nə deyir bu? İndi kartı vurmalıyıq?

- İndən sonranı deyir yəqin.

- Ay da... – cavan oğlanın səsi – qaqaş, mən pul götürmədim e üstümdə. Kartdan keçirərsən də...

Yazının müəllifinə bu yerdə dediyi şeyə bax? Yaxşı keç.

Qapı ağzında Azərbaycan xalqının geri qalanı düzülmüşdü.

Avtobus sürücüsü:

- Kartı vurun. Pulsuz deyil daha.

- Nə? – bir qadın elə qəzəblə dedi ki, elə bildim bu saat çantasından tapança çıxarıb avtobus sürücüsünün beynini deşəcək.

Avtobus sürücüsü deyəsən yaxın gələcəkdə olacaq bu hadisəni gözünün qabağına gətirdi və bayaqkı dediyinə bir azca düzəliş elədi:

- Mənlik deyil e, vallah. Məndən olsa deyərəm keçin. Prosta, göstəriş belədir.

Yer-yerdən narazılıqlar göyə fişəng kimi atıldı.

- Dayı ortadan girmə. Hamı qabaq qapıya.

Fürsətdən istifadə edib orta və arxa qapıdan girmək istəyən xalqımızın gözəl nümayəndələri hadisə yerindəcə saxlanıldı...

- Belə şey olar? Onlara pulsuz, bizə pullu?

- Niyə bölürsən ki, bizi? Hamımız azərbaycanlıyıq.

- Mən bəyəm erməniyəm? Deyirəm, bizə də pulsuz eləsin də.

Pulsuz minən bizlərlə pullu minən onlar arasında savaş başladı. İki tərəf də söz güləşinə çıxmışdı. Hiss edirdim ki, yavaş-yavaş “pullu minən”lərin belini yerə vura bilirik.

- Qardaş, biz nə edək e? Saat 8-dən sonra deyiblər pul alın da...

- Niyə məhz səkkiz? Niyə? 9 olsun da...

- O bizim günahımız deyil.

Bir azdan böyük bir kəşf tapmış qadının çığırtısı eşidildi. Buyurun, bərabər dinləyək:

- Saat səhv göstərir şoferdə. Hələ 7-di e...

Sürücü qəzəbləndi:

- Görmürsünüz, orda 8-di.

- Saat neçədi?

Qadın bunu deyib öz saatına da baxdı, dodaqaltı mızıldandı:

- Bəlkə mənim saatım səhvdi.

Hamı telefonunu çıxarıb baxdı, baxdı və sanki Azərbaycanın himnini deyirmiş kimi ucadan:

- Saat 7-didir. – dedi.

- Görürsən? – qadın barmağını sürücünün az qala gözünə soxacaqdı. – Görürsən? Qaytar indi, qaytar.

- Nəyi qaytarım?

- Nəyi olacaq? Pulları...

- Kartla olub axı...

- Hə... – qadının beyninə qəpik düşdü indi. – Düzdü e...

- Vallah mənim saatımda 8 göstərir. Bu dövlət avtobusudu. Onun saatı səhv göstərməz axı.

- Eh... – qadın əlini yellədi. – Bircə gün pulsuz olur, onu da axıra kimi qoruyub saxlaya bilmirsiniz.

- Mən nə edim e?

- Yaxşı, yaxşı. Xanım, o neyləsin e?

- Nə bilim, neyləsin.

Savaş sona çatdı deyəsən. Avtobus sürücüsü rahatlıqla nəfəsini dərdi. Deyintilər əvvəl az-az eşidildi, sonra yat-küt oldu. Xalqımız sevgi və məhəbbət içində gözəl şəhərimizin mənzərələrinə baxa-baxa xəyallar aləminə səyahət etdi.

news-inner-user
Ayxan Ayvaz

443 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020