“Burada kişilər görüşərkən...” - Ukrayna yazıçısı Bakıdan yazdı...

“Burada kişilər görüşərkən...” - Ukrayna yazıçısı Bakıdan yazdı...
14 iyun 2018
# 16:45

Bu günlərdə Azərbaycan Tərcümə Mərkəzinin dəvəti ilə Bakıya gəlmiş tanınmış Ukrayna yazıçıları Vladimir Danilenko və Nikolay Xomiç Vətənə qayıtdıq­dan sonra səfər təəssüratlarını ukraynalı oxucularıyla bölüşüblər.

Kulis.az V.Danilenkonun “Bakı duyğusu” adlı yazısını oxuculara təqdim edir.

Bakı duyğusu

Mənim “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarını Azərbaycan dilində nəşr etmiş Azərbaycan Tərcümə Mərkəzinin dəvəti ilə təqdimat mərasiminə yollandığımız dörd günlük Bakı səfəri zamanı bu Odlar yurdunun gözəlliyini bütün möhtəşəmliyi ilə hiss etdik.

Nəhəng neft və qaz yataqları, həmçinin uzaqgörən, müdrik dövlət siyasəti Sovet İttifaqının dağılmasından sonra Azərbaycanı Qafqazın lider ölkəsinə çevirib.

Müasir Bakı özündə dörd əsas istiqaməti – orta əsrlər, Rusiya imperiyası, Sovet və müstəqillik dövrü memarlığını əks etdirən firavan Avropa paytaxtı təəssü­ratı­nı yaradır.

Budur, biz daş döşənmiş dar küçələri ilə gəzişdiyimiz İçərişəhərdəyik. Evlər elə yaxındır ki, sanki buradan əlini uzatsan o birinə dəyəcək. Turistlər burada gəzməyi xoşlayırlar. Sovet dönəmində həmin bu İçərişəhərdə xeyli məşhur filmlər çəkilib.

Burada kişilər görüşərkən, şərqlilərə xas doğmalıqla öpüşüb qucaqlaşırlar, qadınlar isə əsl kübarlıq mücəssəməsidirlər.

Bakının memarlıq mədəniyyəti özündə Qərblə Şərqin vəhdətini əks edir. Müasir binalar, sanki Bakının mirvarisidir. Öz təxəyyüllərini gerçəkləşdirmək üçün burada fars əsilli Britaniya avanqardçısı Zaha Hadid, avstriyalı Frans Yants kimi, dünyanın ən tanınmış memarları çalışıblar. Heydər Əliyev adına Hava Limanının futurist silueti, ecazkar Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Bakı Kristal Zalı və s. bu kimi unikal quruluşlu tikililər insanı gözəlliyi və orijinallığı ilə valeh edir.

Kütləvi mədəniyyətdən danışarkən qeyd etməliyik ki, Türkiyənin Azərbayca­na böyük təsiri var. Bu iki ölkənin xalqı, demək olar ki, eyni dildə danışır. Odur ki, Türkiyə dövləti kimi, bu ölkənin mədəniyyəti də burada yad hesab olunmur. Onlar özlərini bir millət, iki dövlət kimi təqdim edirlər. Eyni yanaşmanın mən Kişinyovda ru­mın-moldavan vəhdətində şahidi olmuşam. Qeyd edim ki, ötən əsrin 30-cu illərinə qədər azərbaycanlıların milliyyəti pasportlarında türk kimi göstərilirdi...

...Ukraynaya – “Borispol” aeroportuna enişdən bir xeyli keçsə də, hələ də Bakı təəssüratlarından ayrılmamışam. Sərnişinləri Kiyevə aparan avtobus sürücüsü­nün “çamadanlarınızı bura qoyun” sözündən sonra harada olduğumu anlayıb, ucuz və darısqal yataqxanaya bənzəyən aeroporta, sökük asfalta, zövqsüz binalara baxıram... Hə, deyəsən, gəlib evə çatmışıq. Kiyev Bakıdan sonra mənə çox kasıb və sönük görünür. Amma vətəni Ukraynaya qayıdan insanların gözlərindəki təbəssüm burada heç də hər şeyin itirilmədiyindən xəbər verir...

Bəli, bizim neftimiz, qazımız qalmasa da, intellektli, fəal, özünə və sabahına inamlı insanlarımız var. Və bu yeganə kapital ümid verir deyək ki, burada hələ heç də hər şey itirilməyib.

# 2391 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər