O verilişlə işiniz olmasın

O verilişlə işiniz olmasın
13 aprel 2018
# 10:54

Kulis.az yazıçı, millət vəkili Aqil Abbasın "Yaradıcı dostlar, qapıları öz üzünüzə çırpmayın" yazısını təqdim edir.

Özəl kanallar bütün günü çalıb-oynayırlar, oxuyurlar, arada da bir az saçyoldu düşür, söyüşmə-filan.

Və elə ediblər ki, televizoru söndürəndən sonra da televizor öz-özünə ya çalıb-oynayır, ya da söyüş söyür. Yəni bu kanallarda yüksək sənət, ədəbiyyat, incəsənət və sair və ilaxır haqqında verilişlərə çox az rast gəlmək olar.

Əgər AzTV, “İctimai” televiziya, xüsusilə də “Mədəniyyət” kanalı olmasa bizim kanalları xaricdə izləyənlər elə bilərlər ki, Azərbaycan xalqının atılıb-düşməkdən başqa bir işi yoxdu. Nə isə, bu ayrı bir yazının mövzusudu, gələk mətləbə.

ARB-də Mübariz müəllim yeni bir layihənin özülünü qoydu: “Xalqın şairi”. Yəni bir ədəbiyyat layihəsi. Və qısa bir zamanda da böyük bir reytinq qazandı. Özü də bu yarışmanı SMS-lərin , yəni soyğunçuluğun, hansısa telefon operatorlarının və çalışdığı kanalın varlanması üzərində qurmadı, münsiflərin insafına buraxdı.

Münsiflər də tanınan, üzdə olan, hörmətli ədəbiyyat adamlarından və sənətkarlardan seçildi.

Və bir poeziya yarışması başladı. Bəlkə illərlə böyük bir auditoriyada öz şeirini oxuya bilməyənlər də gəlib ürəklərini boşaltdılar. Az-çox yaşlı adamlar olsa da, yarışmaya qoşulanların əksəriyyəti gənclər idi. Özü də bir-birindən istedadlı gənclər. Təbii ki, istedadsızlar da var idisə, elə birinci turda ələndilər.

Düzdür, münsiflər bəzən haqsızlıq eləsələr də - bu da təbiidi - hamının zövqü eyni deyil, amma istedadlılar özlərini göstərə bildi.

İndi yarış dayanıb. Deyirdilər final martda olacaq. Mart keçdi, final olmadı. Aprelin ortasıdı. Amma yəqin ki, final olacaq. Çünki tamaşaçılar bunu maraqla gözləyirlər.

Baxıram mətbuatda, eləcə də sosial şəbəkələrdə bu layihə kəskin tənqid olunur, lağa qoyulur və sair və ilaxır. Olmaz, belə, dostlar. Əgər bu layihəni belə yerdən-yerə vurarsanızsa, başqa kanalların gözü qorxar və ədəbiyyata, ümumiyyətlə, yer verməzlər. Eləcə də ARB-nin özü bu layihələrdən qaçar.

Tənqid olunası, lağa qoyulası, saçyoldu layihələri qalıb qıraqda, düşmüsüz bir ədəbiyyat layihəsinin üstünə. Özü də kimlər düşüb – ədəbiyyatçıların özləri.

Layihədə tənqid olunası şeylər var, nöqsanlar var . Məsələn, mənim də bəyənmədiklərim var. Xüsusilə də aktyorların klassiklər kimi qrimlənib orda oturması və həmin aktyorların Səməd Vurğunun və digər klassiklərin adından danışması. Day orda münsiflər heyəti var da, belə demək mümkünsə, “jivoy” klassiklər.

Deyəsən, Mübariz müəllim özü bunu hiss elədi və son turlarda onları görmədik.

Mən bir ədəbiyyat adamı kimi bu layihəni qaçırmazdım, oturub televiziya önündə saata tez-tez baxırdım ki, nə vaxt başlayacaq. Həm istedadlı gəncləri görüb sevinirdim, həm də deyirdim, axır ki, özəl kanallar da ədəbiyyata yer ayırdı.

ARB-nin hörmətli rəhbərliyi və dostum Mübariz müəllim, inanın ki, tamaşaçılar intizarla finalı gözləyirlər. Tənqidlərdən rəncidə olmayın, maraqlı layihədi və davamını gətirin. Və yaxşı da olar ki, nə qədər gec deyil ev söhbətini çıxarasız, 1-ci, 2-ci, 3-cü yerləri tutanları pulla mükafatlandırasınız, eləcə də finalçıların kitablarını nəşr etdirəsiniz. Çünki bu istedadlı gənclərin öz kitablarını nəşr etdirməyə imkanları yoxdu. Və dostum Mübariz müəllimə də bir tövsiyyəm var. Şair Qəşəm Nəcəfzadə layihəni tənqid edib və onu haqlı saymıram. Amma gərək sən də bir az dözümlü olaydın, tənqidə dərhal elə bir cavab verməyəydin.

Uğurlar ARB, uğurlar dostum Mübariz. Yeni ədəbiyyat layihələri gözləyirik.

P.S. Görən, bu ölkədə alimlərin, görkəmli sənətkarların, memarların, şairlərin, yazıçıların ad günləri olmur? Paylı payını götürsün./adalet.az/

# 1887 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #