İşıqlıdır süpürgəçiləri ölkəmin

İşıqlıdır süpürgəçiləri ölkəmin
6 aprel 2018
# 12:06

Mirmehdi Ağaoğlu

Şad xəbər: Dünən Bakı Şəhər Baş Polis İdarəsi olduqca sevindirici bir xəbər yaydı. Bakı şəhərində təmizlik aparan işçilər üçün yeni geyimlər hazırlanıb. Geyimlərin üstünlüyü ondadır ki, xüsusi işıqqaytarıcıları var. Bu işıqqaytarıcılar süpürgəçi qadınları məhdud görünmə şəraitində təhlükədən qoruyacaq.

Yəqin dünyada belə nümunə yoxdur. Analoqsuz inkişafın bir nümunəsi kimi süpürgəçilik sahəsində ilk işdir. Yüksək sürətli magistral yolları süpürmək üçün xüsusi texnikadan istifadə etmək çeynənmiş vasitədir. İndi dünyanın hər yerində texnikiləşdirməyə can atırlar, insan əməyinə hörmət etmirlər. Biz isə insan əməyinə hörmətlə yanaşırıq. Ona görə də imkansız qadınları bu işə cəlb edirik ki, onlar da evlərinə çörəkpulu aparsınlar. Düzdür, kimsə irad tuta bilər ki, bəyənmədiyimiz İranda belə qadınlar küçə süpürmür, süpürgəçiliyi onlara layiq bilmirlər. Nə olsun, əvəzində qadınları qara çadraya bürüyürlər. Bizsə qadınlarımızın geyimlərini işıqlandırırıq. İşıqlı həyatları olmasa da olar, işıqlı geyimləri olsun.

Bakı şəhərində çalışan 500 süpürgəçi üçün hazırlanmış bu işıqqaytarıcılı geyimlərin başqa bir üstünlüyü də var: Üç pozisiyada işləyirlər. Süpürməkdən yoruldun, bir az başını qatmaq istəyirsən, düyməni bas və lampoçkalarının yanma funksiyasını dəyiş, əylən.

Bəs bu mütərəqqi addımı hansı səbəbdən atılıb?

Əgər unutmamısınızsa ötən həftə bədbəxt bir xəbər yayılmışdı. “Kamaz” maşını aeroport yolunu süpürən süpürgəçini vurmuş, qadının başından axan qan gölməçəsi təzəcə süpürdüyü yerə yayılmışdı. Hadisə yerindən çəkilən rəsm görənlərin ürəyini parçalayırdı.

Belə faciəvi hadisələrin qarşısını almaq üçün bu addım atılıb. Çıxış yolunu işçilərin geyimlərini işıqlandırmaqda görüblər. Analoqu olmayan tapıntı. Yol təmizləyən texnika tıxac yaradardı, lazım deyil.

İnanıram ki, şanlı yol polisimiz bu cür mütərəqqi ideyaları təkmilləşdirməkdə davam edəcək. Yəqin görmüsünüz, süpürgəçilər üzlərini adətən şalla gizlədirlər. Bakı Şəhər Baş Polis İdarəsi onlar üçün Çindən ninza paltarları sifariş verə bilər, həm süpürgəçilərimiz daha estetik görünərlər, həm də yaramaz şoferlərə qorxu aşılayarlar. Yol pozuntularının da sayı azalar.

Başqa bir təklif: Süpürgəçilər adətən yanlarınca bir ləyən də sürüyürlər. Polislərimiz növbəti mərhələdə bu ləyənlərə təkər də qoşa bilərlər ki, süpürgəçilərin işi asanlaşsın.

Bir az fikirləşsək başqa mütərəqqi ideyalar da tapmaq olar.

Məndən bu qədər, qalanını sizin öhdənizə buraxıram.

Daha heç nə demirəm. Sabaha olan son ümidlərimi də süpürüb gedirəm.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #