writer1

Könül Cəfərli

Məqalə sayı

68
clock12:05 calendar-gray 27 Mart 2018 view-gray579 dəfə oxunub
view-gray579 dəfə oxunub

Gecə paltarında qonşu evinə qaçan qadın

Könül Cəfərli

O gün bir kişi arvadını və 2 qızını vəhşicəsinə döyüb, gecə saatlarında küçəyə atıb. Polis onları Qadın və Uşaq Sığınacağına aparıb. Qurum da bu zərərçəkmiş qadınlar barədə məlumat yayıb. Bildirib ki, ana və qızları çox ağır şəkildə zorakılığa məruz qalıb, üz və bədən nahiyələrində ciddi zərbə izləri var.

Nə isə, sözümün canı kişinin təpik-şilləsi deyil, hadisəyə ictimai münasibətdir. O da başqa mövzudur ki, ayrı vaxt qız evə bir az gec gələndə namusu kəllə-çarx olan ata qəzəbi tutanda gecə bayıra ata da bilir. Bu haqda da eninə-uzununa danışa bilərik. Amma dediyim kimi yazımın hədəfi əlahəzrət camaatdır. O camaat ki, döyülən, söyülən, öldürülən qadın eşidən kimi ilk ağlına namus gəlir. “Yəqin arvadın nəsə əməli olub” düşüncəsi ilə hər zorakılığın altında əxlaqsızlıq axtarırlar. Elə sığınacağın paylaşdığı fotonun altında da eyni məzmunlu rəylər yazılır: “Görəsən niyə döyülüb?”, “Nə edib ki, əri evdən qovub?” və s. Guya ki, heç ağılsız, zalım, axmaq kişi yoxdur, ancaq namussuz qadınlar döyülür.

Bir qohumum var, 63 yaşı tamam oldu. Qızlarını köçürüb, oğlanlarını evləndirib. Nəvə sahibidir. Di gəl, indiyədək kötək “yeyir”. Anam deyir Zeynəb xala gəlin köçən gündən yarımadı, ömrü “alkaş” ərin təpiyi altında keçdi. Hələ də yoldaşı içib gəlir, evi dağıdır, şüşələri sındırır, saçları dümağ qadını döyür, ağzını-burnunu qanadır. Yenə oğlu evdə olanda atasının qarşısını kəsir, imkan vermir. Bu dəfə də kişi balası ilə döyüşür, əlinə bıçaq alıb övladının üstünə hücum çəkir. Yazıq oğul bilmir özünü zərbədən qorusun, yoxsa anasını müdafiə etsin. Gəlin bir tərəfdə qorxudan əsir, nəvələr qırılan boşqab-qaşığın səsinə, babanın nəriltisinə qorxub ağlayır. Bir sözlə, evdə balaca qiyamət qopur. Oğlan atasının əlindən bıçağı almaq istəyir, əli yaralanır, bu qədər həngamənin qabağında yenə atasına kobudluq etmir, vurmur, itələmir. Sadəcə yalvararaq, sakitləşdirməyə çalışır. Yaxın qohumum olduğu üçün belə təfərrüatı ilə bilirəm, bir neçə dəfə də olayın şahidi olmuşam. Kişi adi vaxt dava salmır, amma dilinə zəhrimar dəyən kimi dəliyə dönür. Boş yerə Zeynəb xala ilə dalaşır. Niyə qırğın saldığının səbəbi də bilinmir. Eləcə vurub dağıdır. Bir dəfə onlarda qonaq idim. Gördüm əri bağıra-bağıra gəlir. Səsini eşidəndə evdəkilər qorxudan titrəməyə başladılar. İçəri girən kimi stola bir təpik vurdu. Sonra da qadının yaxasından yapışıb həyətə sürüdü. Gerisini də artıq bilirsiniz.

Oxşar əziyyəti qonşum da çəkir. Qadın şəkər xəstəsidir. Bu bəlaya da ərinin sayəsindən düçar olub. Kişi sərxoş halda evə gəlib, yenə qırğın salıb. Arvadı əzişdirəndən sonra əlinə balta alıb uşağın başını kəsmək istəyib. Çığırtıya qonşular tökülüşüb, kişini bayıra çıxarıb, bir təhər sakitləşdiriblər. Qadın necə qorxubsa, şəkər tapıb. Amma bunun əri ayıq vaxtı da dava salır. Özü də boş-boş bəhanələrlə. Məsələn, niyə yeməyin duzu azdır, nə üçün evdə kamar var...

Gəncədə anamgilin qonşuluğunda bir ailə yaşayır. Onların da evinin səs-küyü kəsmir. Nəcibə xala gözəl insandır. Hamımız xətrini çox istəyirik. Sakit, mehriban qadındır. Bir gecə gözüdönmüş əri üstünə benzin töküb deyir ki, ya evdən get, ya da səni yandıracağam. Qadın elə “naçnoy”da küçəyə çıxır, bilmir o halda hara getsin. Görür ki, qabaq qonşunun qapısı açıqdır. Ev yiyəsini çağırmağa xəcalət çəkir. Sakitcə həyətə girib zirzəmidə gizlənir. Səhərədək orada qalır, gün ağaranda qapını açıb, evinə qayıdır. Bunu da başqa bir qonşu görür. Beləcə Nəcibə xala barəsində söz-söhbət yayılır. Guya qonşu kişi ilə əxlaqsızlıq edir. Kimi inandı, kimi inanmadı. Nə isə, yenə başqa bir gecə əri hoqqa çıxarıb, arvadını evdən qovur. Qadın bu dəfə həyətə düşüb qonşuları çağırır. Adamlar çölə çıxanda “Məni yenə bu halda küçəyə atıb, indi siz söyləyin, hansınızın evinə sığınım ki, namusuma dil uzatmayasınız?”, - deyir. O gecə Nəcibə xala ictimai bəraət qazansa da, bu günədək hələ də döyülür, söyülür.

Bəzən düşünürəm ki, bu tanıdığım qadınlar bir gün dözməyib evdən qaçsa, yaxud da elə sığınacağa üz tutsa, onların xəbəri də ictimailəşsə, görəsən camaat bu dəfə nə deyəcək? Şübhəsiz ki, yenə də “Yəqin bir səbəbi var ki, əri döyüb, evdən qovub” yazanlar tapılacaq. İşin əslini-astarını bilmədən, kimisə qınamaq, əxlaqını təftiş etmək o qədər asandır ki! Halbuki, hekayəsini danışdığın qadınların hər biri iffətli, gözəl əxlaqlı adamlardır. Və ailə münaqişələrinin səbəbi əsla namus söhbəti deyil. Harınlamış ərin havadan-sudan çıxardığı boş səbəblər, gülünc bəhanələrdir.

Dediyim odur ki, döyülən, öldürülən qadın barədə eşidəndə dərhal ağlınıza namus-filan gəlməsin. Düşünün ki, bəlkə də çox zalım bir ərin qurbanıdır. Hər hadisənin arxasında təqsirli arvad axtarmayın. Kişilər zorakılığı böhtanla malalamağa çalışsa da, barı bunu siz etməyin, əziz qadınlar. Həmcinsiniz təzyiqə məruz qalanda heç olmasa siz kökündə əxlaqsızlıq aramayın. Əksinə dəstək olun, qucaq açın. Şiddətə dözməyib evdən qaçan gəlin görəndə cəsarətli addımına görə təqdir edin, əlindən tutun. Qaçmağı deyil, məhkəməyə müraciət edib, haqqını tələb etməyi öyrədin. Onsuz da toplum olaraq, qadını əzən mental düşüncəmiz var. Guya bilmirsiniz ki, döyülürsə, öldürülürsə, ər xəyanət edirsə, oğul olmursa, uşaq xəstə doğulursa, qadın “günahkar”dı?

Sizcə, bəs deyil?!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020