news-inner
clock09:00 calendar-gray 30 Yanvar 2018 view-gray370 dəfə oxunub
view-gray370 dəfə oxunub

Gənc rejissor: “Bu xalq nə vaxtsa bozbaşdan bezməlidir” - MÜSAHİBƏ

Kulis.az gənc rejissor Rüfət Həsənovla müsahibəni təqdim edir.

- Rüfət, son çəkdiyiniz “#yoxdubeləsöhbət” filmi hələ də vizyondadır. Yəqin maraqlanmısınız. Kinoteatrlarda vəziyyət necədir?

- Gözlədiyim kimi. Hər hansısa bir orqanizmin gündəlik qida rasionunu bozbaş təşkil edirsə, ona suşi təklif edəndə reaksiya məlumdur.

- Məqsədlərinizin içində qoyulan maliyyəni çıxarmaq var idimi?

- Xeyr, dediyim kimi, biz yağlı yeməklərdən hələ ki, bərk-bərk yapışmışıq.

- Suşi demişkən, “#yoxdubeləsöhbət”də klassik dramaturgiyanın prinsipləri pozulub. Konflikt yoxdur, ekspozisiyada təqdim olunan məsələlər dramaturji yolla açılmır və s.

- Haqlısınız. Yoxdur belə konflikt. Amma var. «Bəşər yeni əsrə raketnən gedir, bizimkilər motosikletnən gedir» -Fassbinderdən tutmuş Kassavetesə kimi keçən əsrin sənətkarları artıq klassik dramaturgiyanın atasını yandırıblar. Biz isə sizinlə məcburuq ciddi şəkildə “#yoxdubeləsöhbət” adlı filminin eksperimentallığını müzakirə edək. Yağlı yeməklərin nəticəsidir bu, təcili suşi yeyib beynimizə fosfor üçün yol açmalıyıq.

- Ssenarini dəyişəndə əlinizdə hazır model var idi?

- Mixail Kаlikin 68-ci ildə çəkdiyi “Sevmək” filmində belə bir priyom var idi. Bədii filmdi, amma bir neçə yerdə müxbir yaxınlaşır adamlara və sevginin nə olduğunu soruşur. Yəni sənədlilik əlavə olunur. Mən bu sənədli sorğuları sonradan əlavə etdim. Montajda hiss etdim ki, elə bil filmdə hava çatmır...

- Yəni bir boşluq var?

- Yox, əksinə, elə bil çox sıx toxunub hər şey, sxematikdir, onda bu sorğuları əlavə etdik.

- Bəs filmin adını necə tapdınız?

- “#yoxdubeləsöhbət” baş rolu oynayan Həsən Ağanın leksikonundandır. Bu sözü gün ərzində çox işlədirdi. Biz də düşündük ki, bəlkə filmin də adını elə belə qoyaq.

- Sorğular məxsusi film üçün hazırlanmamışdı? Deyəsən axı bəziləri internetdən götürülmüşdü...

- Demək olar ki, hamısı film üçün hazırlanıb. Yalnız Şaxta baba ilə bağlı olan netdən götürülüb.

- Lokarno festivalında nümayiş olunan “Buqələmun” filmini Elvin Adıgözəllə çəkmisiniz. Bir az ağır filmdir. Bəlkə bu, daha çox Elvinin üslubudur. Ümumiyyətlə, necə hesab edirsiniz, “Buqələmun” daha çox kimin filmidir?

- Təbii ki, hər ikimizin. Hərçənd, mənə elə gəlir ki, o qədər də ağır deyil. Yumorlu səhnələr çoxdur. Məsələn, Elvinin oynadığı Rəfi obrazı. Ümumiyyətlə, o filmdə, yaşadığımız reallıqdakı kimi, dram da var, komediya da, faciə də, absurd da.

- Amma hər iki filmin reallığı kəsmək kimi bir məqsədi var.

- Əlbəttə. Söhbətimizin əvvəlində klassik dramaturgiyanın prinsiplərini müzakirə etdik artıq. Kino bir dil olaraq dəyişib. Ənənəvi tərzdə yazmaq, çəkmək, aktyorları oynatmaq ayıbdır. Hətta ayıb da deyil, absurddur. Mən suallarınıza Füzulinin yazdığı dillə cavab versəm, 103 yığarsız, yox?

- Sizcə dramla müqayisədə komediya həyatı daha dərindən göstərə bilərmi?

- «Mimino» yadınızdadır? Və yaxud «Payız Marafonu»? Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi. Todd Solondzun bütün filmoqrafiyası həmçinin. Misaldan çox misal var.

- Bu sualın astar üzü belədir ki, həyat daha çox komediyadır, ya dram?

- Düşünən insan üçün komediyadır, hiss edən üçün dram, müşahidə edən üçün absurd. Prizmadan asılıdır. Nəsə absurd sözündən çox istifadə etdim bu gün.

- Dövlət sifarişi ilə film çəkən rejissorlar diktofona olmasa da, kənarda bu mexanizmin yarıtmazlığından danışırlar. Bu mexanizmin yaradıcı prosesi kəsdiyini, hətta ona birbaşa müdaxiləsini deyirlər. Müstəqil kinosu inkişaf etməmiş bir ölkənin rejissorları üçün bu, problemdir. Deyin, sizin üçün bu proses necə oldu?

- “#yoxdubeləsöhbət”i necə istədimsə, siz o filmi elə də gördünüz. Mənə elə gəlir ki, bu, “oynaya bilməyəndə yerim dardır” məsələsidir. O ki qaldı kino istehsalına və onun rudimental mexanizmlərinə – bəli, bu sahədə ciddi islahatlar lazımdır. Filmin bütün heyəti - rejissorundan tutmuş işıqçısına kimi fərdi sahibkardır. İki həftədən bir ASAN xidmətə gedirdik. İndi bu, daha çox komediyadır, ya dram?

- Filmin treylerində gördüm ki, kinoşünas Ayaz Salayevdən sitat yazmısınız...

- Bəli, Ayaz müəllim kinostudiyada redaktor işləyir. Filmin ilkin montajına baxdıq. Material hələ çiy idi. Baxdı, bəyənmədi. Dedi, bu nədir mənə göstərirsiz? Mən də onun dediyini saldım filmin treylerinə.

-Filmdən özünüz razısınız?

- “#yoxdubeləsöhbət” mənim üçün bir eksperiment idi. Bu film mənim çəkə biləcəyim ən yüngül, əyləncəli filmdir. Əgər buna da baxılmırsa, kiməsə maraqsızdırsa, ya intellektualdırsa, onda daha heç nə.

- Azərbaycanda kino çəkmək üçün hansı perspektiv görürsünüz?

- İmkan olsa çəkərəm. Olmasa yenə də çəkərəm. Biz “Buqələmun”u Elvinlə çəkəndə necə oldu? On min dollarlıq büdcəsi olmalı idi filmin. Az imkanlarla çəkdik. Amma biz o filmlə gedib Lokarnoya çıxdıq.

- Gerçəkləşdirmək istədiyiniz bir layihə varmı?

- Növbəti filmi çəkmək istəyirəm. Hər yaradıcı insan, ya da refleksiya edən insan deyək, bir işi öz suallarına cavab tapmaq üçün edir. Səni narahat edən mövzular haqda danışıb rahat olursan. Məndə elə bir mövzu hələ ki var.

- Dediniz bir mövzu var, bu mövzu haradan gəlib - ədəbiyyatdan, ya həyatdan?

- Ədəbiyyatdan ekranlaşdırmaq kimi bir fikrim olmayıb. Ancaq yaşadığım, ya da müşahidə, hiss etdiyim şeylər haqda film etmək istəyirəm. Düzdür, ədəbiyyatdan ilhamlanmaq normal haldır. Məsələn, növbəti ssenaridə əsas mövzu yunan mifologiyada Antey personajından götürülüb. Antey məğlubedilməz idi, çünki doğulduğu torpağa toxunanda yeni güc alırdı.

- Kinoşünasların ortaq bir qənaəti var: bu günün kinosuna qəhrəman yox, antiqəhrəman xasdır.

- O dəfə mən təyyarədə “Payız marafonu” filminə baxırdım. Ordakı Buzıkin də qəhrəman deyil. İntellegentdir, amma ən sadə bir şeyə qərar verib həll edə bilmir. O da qəhrəman deyil.

- Hər halda kino daha bədbinləşib. Ayaz Salayev deyirdi ki, kino sosial mövzulara yönəlməklə özünü kiçildir.

- Ola bilər, çünki Ayaz Salayev 20-ci əsr kinosu üzrə mütəxəssisdir. 20-ci əsrin «altmışınıları» kimi hələ də romantizm axtarır. O isə bitdi. Sonuncu qəhrəman Balabanovun «Brat» filmindəki Danila Baqrov idi, o da öldü getdi. Artıq nə ədəbiyyatda, nə kinoda romantizm qalmayıb. Reallıq budur. O ki qaldı sosial mövzulara, mənim kontr-artqumentim budur – Reiner Verner Fassbinder. Ken Louçu da bonus kimi əlavə edirəm.

- Gerçəkliyin sərt təsviri düşünülmüş şəkildə qoyula bilərmi ki, sosial şəbəkələrin narazı çoxluğuna xitab etsin?

- Ramiz Fətəliyev bir dəfə belə bir şey dedi: “Bir qayda olaraq, kino iki yerə ayrılır - moizə (nəsihət) və etiraf.” Mən özüm üçün başqa bir kateqoriya da gördüm: müşahidə. Mənə maraqlı olan müşahidədir. “Buqələmun” da müşahidə idi. Nə etiraf idi, nə moizə. Sadəcə kameranı quraşdırıb baxırıq. “#yoxdubeləsöhbət”də həmçinin, mənim üçün nə qəhrəman var, nə antiqəhrəman. Bu, sadəcə, hansısa zamanın, hansısa təbəqənin portretidir.

- Rüfət, kino təhsilinizi Amerikada almısınız?

- 2009-cu ildə Bates College-de kino və teatr rejissorluğunu bitirdim. Daha sonra Moskvada ssenari və rejissorluq üzrə ali kurslarda təhsil aldım.

- Teatrda işləmək planınız varmı?

- İki-üç pyes yazmışam və adaptə etmişəm. Əlbəttə, bunu istəyirəm, amma bu haqda danışmaq hələ tezdir.

- Dil bilginiz var, Moskvada da işləmisiniz. Yəqin müəyyən imkanlarınız da yox deyil. Bəs Azərbaycanda film çəkməyə sizi ruhlandıran nədir?

- Çox sevdiyim azərbaycanlı rəssam Kamal Əhməd ömrü boyu Goradildən, ümumiyyətlə Abşeron torpağından ilham alırdı. Başqa yerdə yaşasaydı onda bəlkə də, heç nə alınmazdı. Tarkovskinin Rusiyada çəkdiyi filmlər “Nostalgiya”dan və «Qurbanvermə»dən daha güclüdür. Hansısa metafizik qüvvə var. Məni işləmək istədiyim mövzu da bu haqdadır - Antey torpaqdan güc alır. Axı Amerikada, ya Moskvada həmişə işləmək, ən azı reklam çəkməklə baş girləmək olar. Amma məni bura nəsə çəkir. Sırağa gün “Camping Azərbaycan” layihəsində həyat yoldaşımla Qubanın ucqar kəndlərini gəzdik. Çox ilhamlandım. Məsələn, Aran zonasında insanlar fərqlidir. Ya da Naxçıvanda tam fərqli. Yəni, Azərbaycan çox fərqli yerdir. Mənə elə gəlir ki, Azərbaycanda olan metafizik, kinematoqrafik dərinlik çox az yerdə var. Elvinlə Goranboyda qaldım, sadəcə dərələri, təpələri gəzirsən, kimlə görüşürsən, elə bil üçüncü gözün açılır.

- Yaşadığımız məkanda və dövrdə bir tənqidi pafos hökm sürür. Hətta belə stereotip yaranıb. FB statusundan müsahibələrədək, publisistikadan kinoyadək çox yerdə görmək olur bunu.

- Bu tənqidi pafos bu gün üçün çox ortadoks, rudimental və əttökəndir. Mənə elə gəlir ki, 21-ci əsrdə pafosun yeganə qəbul olunduğu hal ironik pafosdur. Amma bu tənqidi pafos da şərtidir. Məncə, filmin, ədəbiyyatın, ümumiyyətlə pop-kültürün televiziya ilə bağlılığı var. Əminəm ki, çox yox, üçcə ay televiziya başqa cür fəaliyyət göstərsə, böyük dəyişiklik olar. Çünki bizə xas olan çox yaxşı bir hal da var; biz plastilin kimiyik. Çox tez adaptasiya oluruq. Məsələn, mən məktəbdə oxuyanda siqaret çəkən, ya avtomobil sürən qadın çox az idi. İndi adi haldır. Ona görə də mən inanıram ki, bir azdan fosfor dietası yeni trend olacaq – bu xalq nə vaxtsa bozbaşdan da bezməlidir, yox? Çox pafoslu səsləndi? Bir az da ironiya qata bilərik.

news-inner-user

15846 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020