Rəsul Rza Əli Kərimi necə küsdürdü? – ŞAHİD XATİRƏSİ

Rəsul Rza Əli Kərimi necə küsdürdü? – <span style="color:red;">ŞAHİD XATİRƏSİ
10 yanvar 2018
# 11:19

Kulis.az şair Kələntər Kələntərlinin “Bu səfər bitən deyil” kitabından bir xatirəni təqdim edir.

Belə deyirlər ki, dünyada hər Otellonun öz Yaqosu, hər Faustun öz Müfistofeli, hər Motsartın da öz Salyerisi var. İndi nə edəsən, hansı xainin, hansı iblisin, hansı paxılın, xəbisin, namərdin, hansı istedad qatilinin yaxasından yapışasan; Əli Kərimin Yaqolarının, Mefistofellərinin, Salyerilərinin sayı bir nəfər, beş nəfər deyildi. Özləri də adi, sıravi adamlar yox, istedad sarıdan piyada olsalar da, ədəbi aləmdə dərin kök sala bilmiş; vəzifəli, imkanlı, döşləri ordenli, medallı, layiq olmaya-olmaya fəxri adlara layiq görülmüş əqidə möhürlü əqidəsizlər idilər.

Onlar o zaman da, indi də mövcud olan, çox çətin açılan dəmir qapıları, meşin qapıları istədiyi vaxtda təpiklə açdığı halda Əli Kərim öz doğmaca qapısını çəkinə-çəkinə, qorxa-qorxa, əlləri əsə-əsə açırdı. Çünki cibi də, əli də boş olduğundan öz halal ailəsinin üzünə çıxmağa, gözünə görünməyə utanır, xəcalət çəkirdi. Jurnaldakı iş yerini (“Azərbaycan” jurnalı – red.) itirəndən sonra, nəinki özünə münasib, heç münasib olmayan, poeziya aləmində tutduğu yerinə yaraşmayan ən adi, ən aşağı bir iş də tapa bilmədi. Hara getdisə, hər yerdə qılaflı adamlarla, məkrli baxışlarla üz-üzə gəldi. Yalandan “can, can” deyən iki-üç nəfər tapılsa da, işverən, başını birtəhər dolandırmağa imkan yaradan olmadı. Ola bilsin ki, həmin vaxtlarda bu şeirini yazıb:

Məgər ürəyimin bu zamanında,

Sən məni heç atıb getməlisənmi?

Mənim kədərimə, dərdimə bir an

Yad baxıb əlvida etməlisənmi?

Nə olar, hər şeyi deyə bilmirəm,

Görünür, bunları həyat deyəcək.

Eh, təki sən sağ ol, bu soyuq tale

Məndən istəsə bir can istəyəcək.

Ayaq üstə yeriyə-yeriyə şam kimi əriyən, yana-yana kül olsa da tüstüsü görünməyən Əli Kərim mənəvi əzablar çəkə-çəkə, çəkdiklərini ağrı yüklü misralara düzə-düzə, anadan ürəkləri kor doğulmuş vicdanı qırıqların gözünün qabağında fəlakət girdabına düşdü. Son məcburiyyət qarşısında, cəbhələr yaran qəhrəmanı da qul edə bilən amansız ehtiyacla üz-üzə qalanda, ən axırda istədi ki, heç olmasa ali təhsilli həyat yoldaşını, üç oğul anasını bir işə düzəltsin. Bu məqsədlə də, bir gün qəti qərara gəldi ki, ensiklopediyaya – Rəsul Rzanın yanına xahişə getsin. Başqa çıxış yolu, ümid yeri qalmamışdı.

Onda ensiklopediya “Azneft” binasından bir tin yuxarıda, “Qubernat” bağı ilə üzbəüz köhnə bir binada yerləşirdi. İndi o bina sökülüb, yerində təzə, yaraşıqlı bir bina ucaldılıb. Mən onu həmin bağa qədər müşayiət etdim. Özüm skamyalardan birində oturub gözləməli oldum. O, canını dişinə tutub, könülsüz-könülsüz getdi. Arxadan baxanda hiss edirdim ki, ayaqları getsə də nə başı, nə də ürəyi getmək istəmir. Görünür, şairin duyğulu qəlbinə çoxdan dammışdı, əyan olmuşdu ki, üz tutduğu şair xahişinə əməl etməyəcək, sözünü yerə salacaq; elə də oldu.

Təxminən 20 dəqiqədən sonra kor-peşman, suyu süzülə-süzülə, canı üzülə-üzülə, əlləri qoynunda geri qayıtdı. Mən onun o anlardakı vəziyyətini – həm xarici görkəmini, həm də daxilində bir-birinə güc gələn təlatümləri, tufanları, fırtınaları; nəğməli könlünün çırpıntılarını, həyəcanlarını, sarsıntılarını, iztirablarını dilimə gətirib maddiləşdirməyə söz tapa bilmirəm. Deyirəm, nə pis ki, o anlardan bir şəkil də olsa yadigar qalmadı. O ətrafda, allahın bir fotoqrafı da tapılmadı. Handan-hana, artıq nə deyəcəyini qabaqcadan bilə-bilə dilimi güclə tərpətdim: nə oldu? Bircə kəlmə dedi: düzəlmədi. Güman edirəm ki, atamın, qardaşımın qatilinə də arzu etmədiyim həmin ağır dəqiqələrdə, faciəli, dəhşətli anlarda, şairin qəfəsdəki yaralı bülbül kimi çapalayan diş ağrılı qəlbində bu misralar yaranmışdı:

Söz dedim,

Sözümü yerə saldı.

Özünü itirdim,

Kitabı qaldı.

Oxudum.

Xoşuma gəldi:

Əvvəlki kimi alqışladım.

Həyatdakını yox,

Kitabdakı həmdəmi.

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

15:40 22 iyul 2026
Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

12:00 20 iyul 2026
“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

10:00 19 iyul 2026
Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

12:00 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər