news-inner
clock10:00 calendar-gray 05 Noyabr 2017 view-gray346 dəfə oxunub
view-gray346 dəfə oxunub

Leylidən başlayıb Leylidə bitmək – Fərid Hüseynin essesi

Kulis.az şair-esseist Fərid Hüseynin "Məcnunlar və Leyli" essesini təqdim edir:

Məcnun Allaha bu dünyada, Leyliyə o biri dünyada qovuşur. Beləliklə, Məcnun həsrətin yox, vüsalın "qurbanı olur”.

Atasının Məcnunla sonuncu görüşündə ata oğula deyir ki, gedirəm, əgər ölsəm məzarımı ziyarət edərsən, qoy görsünlər mənim də varisim var. Ata oğuldan ayrılıb gedir və tez bir zamanda haqqa qovuşur. Məcnun atasının vəsiyyətinə əməl edərək onun qəbrini ziyarət edir və beləcə onun oğul kimi varisliyi, övladlığı məlum olur. Məcnun Leylinin də məzarını ziyarət edir. Dünyada iz qoymayan, ana olmayan Leylinin yeganə yaratdığı (həm özündə, həm də Məcnunda) nəsnə eşq idi. Məcnun atasının məzarını ziyarət etməklə oğulluğunu – varisliyini sübut edir, Leylinin məzarını ziyarət etməklə eşqə varisliyini göstərir.

***

Qeysin ilk itkisi adından başlayır – onun adını "əlindən alırlar”. Ad ona cəmiyyətin (ailənin) verdiyi ilk sosial ərməğan idi və ilk "böyük səhv”ində – eşqə düşəndə cəmiyyət ondan verdiyi "payı” alır. Məcnun sosiallığın doğmalığından (illərcə onu Qeys deyə çağırmışdılar) asosiallığın rahatlığına (Məcnunluğa) "keçid edir”. Çünki eşq asossiallıqdır, eşq cəmiyyətdən az qala bütünlüklə qopmaq məqamıdır. Eşq itki razılığıdır. Bu cür qurban verməklə və həm də dözümünün sayəsində Məcnun adını hərfi mənadan rəmzi mənaya yüksəldə bildi, yəni Məcnun adı (dəli!) eşq nümunəsinə çevrildi, söz hərfi mənasından uzaqlaşdı. Beləcə, Məcnun da bu sözü dəlilik anlamında cəmiyyətin əlindən aldı, ona təzədən məna verib (aşiqlik) onlara qaytardı. Bu dəfə cəmiyyət Məcnuna yox, Məcnun cəmiyyət üzvlərinə ad qoydu. Özü də eyni sözlə. Bu, Məcnunun "qisası” idi.

***

Füzuli Leylinin Məcnunla görüşünü "Kəmali-merac" adlandırır. Merac heç kəsin görmədiyi ucalıqda baş verən müqəddəs görüşdür. Füzuli Leyli və Məcnunun görüşünü eşq dərkinin (kamalla, ağılla dərk olunan eşqin) meracı – Tanrıyla əlçatmazlıqdakı, ucalıqdakı görüş kimi təsvir edir. Leyli Məcnunu, Məcnunsa Leylinin seçilmişi, müqəddəsidir (dini mənada yox). Ona görə də onların görüşü meracdır, – heç kəsin əli çatmayan ucalıqdakı görüşdür.

***

Füzuli "Leyli və Məcnun"da bölmələrarası "Təmamiyi-suxən" – fikrin sonu, sözün axırı, yekun fikir yazır. Bu "təmamiyi-suxən"lər həm də Füzulinin şərhləri hesab oluna bilər. Məsnəvidə təkrar, adətən, olmur, əsər birxətli irəliləyir. Burda maraqlı olan nədir? Füzuli başlıqlarla verilən hissələrdə yazan, "tamamiyi-suxən"lərdə danışan tərəf kimi görünür. Beləcə, əsər sanki həm yazılır, həm də oxunur. Oxucu isə sanki həm mətni oxuyur, həm də ona "qulaq asır”.

***

"Leyli və Məcnun"da İbni Səlamın ölümü Füzulidə Leylinin bəladan xilası, Nizamidə isə İbni Səlamın aqibəti kimi əks etdirilir. Nizami İbni Səlamın ölümü mərhumun taleyi kimi verir. Sanki Füzuli İbni Səlamın "öldürür", Nizamisə onu aqibətini bəyan edir. Füzulinin "Leyli və Məcnun”unda əksər obrazları baş qəhrəmanlar üçün, Nizamidə qəhrəmanlar ümumi əsər üçün mövcuddur. Bu mərtəbədə Nizami üstündür.

***

Leylini Qeys görür və Leyli Qeys üçün eşq güzgüsü olur.

Qeys Leylidə eşqi görür. Leylinin canı eşq güzgüsünün müstəvisidir. Leylinin eşqi Qeysə Məcnunluğu göstərir.

Qeys güzgüdəki məcnunluqda Tanrını görür (dərk edir). Bu dəfə Tanrıya (ilahi eşqə) vurulur. Bundan sonra dünya onun gözündə xəyallaşır. Məcnun İlahi eşqi dadana qədər Leylini göylərə qaldırmışdı. İlahi eşqdən sonra Leylini göydən endirir. Məcnun daha Leylidə yox, səmada güzgülənir.

İnsan vurulduğunu təqlid edir, vurulduğuna oxşamaq istəyir, ya da başqalarında onun nələrinisə axtarır. Bu insani eşqdə olan məqamdır. Amma İlahi eşqdə əksinə olur, Allahı sevdikcə Allahlaşmaq yox, qul olmaq istəyirsən. "İnsani güzgü” əgər insanı gözəlliyi eyniləşdirməyə sövq edirsə, "İlahi güzgünün gözəlliyi” yaxşı mənada səni kiçildir.

Image result for leyli və məcnun

Ona görə də Məcnun Qeys vaxtı necə gözəldirsə, əzəmətlidirsə, bir baxan ona bir də baxmaq istəyirsə, Məcnun vaxtı bir o qədər zəif, baxımsız, cılızdır. Çünki Məcnun məişət güzgüsündə özünə baxmır, o İlahi güzgüdə adi gözəlliklərin əfsanə olduğunu anlayır.

***

Məcnun eşqə düşəndən sonra ixtiyarsız olur, onu sevgi idarə edir. Leyli də ərə gedəndən sonra Məcnuna yazır ki, əgər ixtiyarım öz əlimdə olsaydı, səndən özgə yarım olmazdı. Məcnunun ixtiyarını – Leylini seçmək şansını İlahi eşq əlindən alır, Leylinin Məcnunu seçmək şansını isə zəmanə. Məcnun Allaha "məğlub olur", Leyli dövrana. Məcnun öz iradəsi ilə Allahı, Leyli başqalarının iradəsi ilə özgəni seçir. Beləcə, hər ikisi "özgəni” seçir: Bir-birini seçməyən bu "İKİ VƏFASIZ"ın ayrılığının nəyi təəccüblüdür?!

***

Füzulinin Məcnunu şair idi, Leylisi də. Əsərdə qəzəllərlə cavablaşmalar "iki şair”in (Leyli və Məcnun) eşq mövzusunda şeirləşməsidir. "Məcnun kimə baxırdısa o da Məcnun olurdu" misrası Zeydin dilindən Məcnuna deyilsə də, həm də Füzuliyə aiddir. Məcnundan kim yazırdısa Məcnun olurdu. Füzuli də Məcnun idi. Bəhrdə – məsnəvidə Məcnun nə deyirsə, onlar Məcnuna aiddir. Qəzəllərdə, qitələrdə isə Məcnunun dilindən "Füzuli danışır”. Beləcə, bu "növbələşmə” ilə Məcnun Füzulinin, Füzuli isə Məcnunun "deyə bilmədiklərini” deyir.

***

Nizamidən fərqli olaraq Füzulinin "Leyli və Məcnun”unda qəhrəmanların dilindən qəzəllər verilir: (Məsələn, "Bu qəzəl Məcnunun dilindədir", "Bu qəzəl Leylinin dilindəndir") Qəzəllər aşiqlərin dilindən verilir, ancaq son beytdə – məqtədə Füzuli öz adını çəkir, sözün yiyəsini göstərir. Füzuli burda qəzəlin sınmaz qaydasını pozmur, Leylinin, Məcnunun dilindən öz qəzəlini yazır, onların cavablaşmalarını əks etdirir. Füzulinin sonda adını çəkməsi o deməkdir ki, özünü aşiqlərin yerinə qoyur, onların dili ilə danışır, onların yaşantıları ilə həmnəfəs olur, məqam düşəndə Məcnunlaşır, məqam düşəndə Leyliləşir. Başqasının tale tarixçəsini yazmaq nazimlik, başqasının hissini, yaşantısını yaza bilməksə şairlikdir. Füzuli "Leyli və Məcnun"u şair kimi, Nizami isə bir sıra məqamlara görə nazim kimi yazıb. Nizami Məcnunun taleyini bilən, Füzuli Məcnuna çevriləndir.

***

Məcnun obrazı praqmatik, həyatabağlı adamların əsəbinə toxunur, o sevir, ancaq eşq yolunda bildiyimiz mənada mübarizə aparmır. İbni Səlam öləndən sonra Leyli qayıdır Məcnunun yanına və "səninəm deyir”. Leyli bir qadın kimi özünü xalq arasında qınaq obyektinə çevrilən, "dəli” adlandırılan biriylə ailə qurmağa razılaşaraq zamanın, zəmanənin fövqünə qalxır, ancaq Məcnundan aldığı "yox cavabı”ndan sonra anlayır ki, Məcnun da eşqin fövqündədir. Leyli zəmanənin, Məcnun eşqin fövqündə idi. Beləcə, onları uğursuz eşq aqibəti yox, ucaldıqları məqamlar ayırır.

***

Məkan elə nəsnədir ki, həmişə xarakterinə uyğununu seçirsən – harada daha artıq rahat olmaq düşüncəsinə həmişə qəlbində meydan verirsən. Məcnun ona görə səhranı seçdi ki, Leyli sürətinə özgə sürətlər az qarışsın, Leylinin xəyalından onu heç nə ayırmasın. Səhra Eşq həbsxanasıdır, dörd tərəfi açıqdır, ancaq ordan xilasa ümid azdır. Səhrada hansı yana baxsan demək olar eyni mənzərəni görürsən – Məcnun nəyə baxırdısa Leylini görürdü. Məcnun "dəliliyin" ona verdiyi hüdudsuz azadlığı nəhayətsiz "səhra hücrəsi”nə həbs etdi. Məcnun məcnunluğunu itirməmək üçün özünü səhraya saldı, mühiti dəyişsəydi Məcnun da bəlkə başqalaşırdı. Səhra Məcnuna bir yerdə, bir işıq altında, bir fəsildə yaşaması üçün gərək idi.

***

"Leyli və Məcnun”un münasibətlərində qəribə suallar meydana çıxır:

Sual: Məcnun Leylidən çox sevir, bəs Leyli Məcnundan niyə tez ölür?

Cavab: İbn Səlam öləndən sonra Leyli gəlib Məcnuna deyir ki, səninlə evlənmək istəyirəm: öz eşqini Məcnuna çatdırır. Məcnunsa ondan imtina edir, çünki Leyliyə olan eşqi İlahi eşqə çevrilmişdi. Məcnun öz eşqini Leylidən imtina edərək Allaha çatdırır. Deməli belə: Leyli sevgisini Məcnuna çatdırıb ölür, Məcnun da sevgisini Allaha çatdırıb dünyadan köçür. Allaha gedən yol, qadına gedən yoldan uzun olduğuna görə Məcnun ölümə gedən yolda daha çox "vaxt itirir”.

Sual: Niyə Məcnun gəlib Leylinin qəbrinin üstündə ölür?

Cavab: Çox şey sonda başlanğıcına qayıdır. Məcnunun Allaha olan eşqi Leyliyə olan eşqindən sonra qüdrət qazanmışdı. Tanrıya eşqini sübut edəndən sonra, Tanrı Məcnunu yenidən əvvəlki məqamına – Leylinin yanına qaytarır. Ona görə də Məcnun gəlib Leylinin qəbri üstə canını tapşırır. Məcnunluq (Qeyslik yox ha!) Leylidən başladığı kimi Leylidə də bitir. Çevrə qapanır... /artkspi.az/

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020