Menyu – Seymur Baycanın HEKAYƏSİ

<b>Menyu – Seymur Baycanın</b> <span style="color:red;">HEKAYƏSİ
22 oktyabr 2017
# 15:08

Kulis.az Seymur Baycanın “Menyu” hekayəsini təqdim edir.

(təyinatsız hekayə)

Lətifə və Umud “Andoqa” restoranına girib pəncərəyə yaxın masanın arxasında oturdular. Restoranda sakitlik idi. Arada şərab qədəhlərinin cingiltisi eşidilirdi. Bu dəfə sinoptiklərin hava haqqında verdikləri proqnoz doğru çıxmışdı. Şıdırığı yağış yağırdı. İslanmış adamlar çətinliklə yeriyirdilər. Maşınlar gölməçələri yarır və suyu ətrafa səpələyirdilər. Elektrik lampaları limona bənzəyirdi. Göy üzü elə qaralmışdı ki, deyirdin, bu hava bir daha açılmaz. Umud çox həyacanlı idi. O, bu gün Lətifəyə evlilik təklifi edəcəkdi. Söhbətə hardan başlayacağını, söhbəti harda bitirəcəyini, harda səsini endirəcəyini, harda səsini qaldıracağını dünəndən müəyyən etmişdi. Lətifə də öz qadınlıq hissiyatıyla bu günün adi gün, bu görüşün adi görüş olmadığını duymuşdu. Ona görə, Umud qədər olmasa da, Lətifə də öz növbəsində həyəcanlı idi.

Ofisiant masaya yaxınlaşdı və onların hərəsinin qarşısına bir menyu qoydu. Ofisiant gözü-başı qaynayan, ortaboylu, iri məməli, yoğun baldırlı, ətli-canlı bir xalaşka idi. Əyninə sarı rəngli dar köynək geyinmişdi və bu geyimdə onun məmələri daha da qabarıq görünürdu. Ofisiantı görəndə Lətifə yadından çıxdı. Ofisiantın görünüşü Umudu çaşdırdı. O, şorgöz kişi idi və ofisiant bir qadın kimi onun zövqünə tam uyğun gəlirdi. Umud ətli-canlı qadınları çox sevirdi, amma tərslikdən tale həmişə onun qarşısına arıq qadınlar çıxarırdı. O, bu vaxta qədər cəmisi iki dəfə öz zövqünə uyğun, sümüyünə düşən qadınla yatmışdı. Lətifə ətli-canlı qız deyildi, sadəcə, Umud daha ətli-canlı qadın axtarmaqdan yorulmuşdu. Nəhayət, başa düşmüşdü ki, tale onunla qeyri-insanı bir zarafat etməkdədir. Nə qədər arzulasa da, tale onun qarşısına ətli-canlı qadın çıxarmayacaq. Umud taleyi ilə barışmışdı, Lətifə ətli-canlı qız olmasa da, ona evlilik təklifi etmək qərarına gəlmişdi. Umud Lətifənin doğandan sonra enlənəcəyinə, ətə-qana gələcəyinə, qabağının və dalının yekələcəyinə ümid edirdi. Lətifə doğandan sonra kökələcəkdimi? Bunu indidən demək olmaz. Bunu zaman göstərəcək. Hər şeyin zamana ehtiyacı var.

Ofisiant gözünü-qaşını oynadıb dedi:

- Xoş gəlmisiniz.

Lətifə cavab vermədi. Umud dilləndi:

- Xoş gününüz olsun!

- Buyurun, eşidirəm sizi.

- Xanım biz bu kitabı oxusaq, işimiz uzun çəkəcək, - Umud qarşısındakı menyunu göstərib dedi, - Ən yaxşısı budur ki, siz deyin görək biz nə yeyə bilərik? Sizdə hansı dadlı yeməklər olur?

- Bizim bütün yeməklərimiz dadlıdır. Yeməklərimizə söz ola bilməz. Yeyən lazımdır.

- Bəs siz nə yeməyi bizə məsləhət görürsünüz? Şəxsən mən siz nə məsləhət görsəniz, onu da yeyəcəm.

- Doğrudan?

- Yüz faiz. Bir bəy kimi namusuma and içirəm.

- Əminsiniz?

- Mən söz verdimsə, mütləq yerinə yetirirəm.

- Döşümü versəm, yeyərsiniz?

- Yeyərəm.

Ofisiant ədəb-ərkanla köynəyinin düyməsini açdı. Döşünün birini lifçiyinin altından çıxarıb Umuda yaxınlaşdı. Heç bir koqnitiv dissonas keçirmədən döşünü Umudun ağzına uzatdı. Eyni zamanda əliylə Umudun başının arxasından tutub döşünə tərəf çəkdi. Xoşbəxtlik quşunun belə qəfil başına qonması, taleyin belə gözlənilmədən üzünə gülməsi Umudu o qədər sevindirdi ki, sevincdən gözləri yaşardı. Umud ofisiantın döşündən yavaşca dişləyib ağzın marçıldatdı, “bəh-bəh-bəh” dedi.

- Dadlıdır?

- Çox dadlıdır.

- Bəs dadlıdırsa, niyə iştahsız yeyirsiz?

Umud bu dəfə ofisiantın döşündən daha ürəklə dişlədi.

Lətifə bu mənzərəyə dözə bilmədi. Onu qınamaq olmazdı. Ona evlilik təklifi edəcək kişinin onun gözü qarşısında başqasının döşünü dişləyib yeməsinə dözmək çətin idi. Hər bir qadın bu mənzərəyə əsəbləşərdi. Heç bir qadın bu mənzərəyə dözməzdi. Hələ yaxşı ki, Lətifə bir az mədəni qız idi. Başqası olsaydı, ofisiantın saçından tutub restoranın içində o tərəfə-bu tərəfə sürüyərdi. Uzun, çevik barmaqları ilə saçlarının ucunu gah hörən, gah da açan Lətifə ayağa qalxdı. Sürətli addımlarla restoranın çıxış qapısına doğru addımladı. Ancaq bu zaman Umud özünə gəldi, tək olmadığı, restorana Lətifəylə gəldiyi yadına düşdü. Umud da sürətli addımlarla Lətifənin ardınca düşdü:

- Lətifə, Lətifə! Dayan! Bir dəqiqə dayan, mən hər şeyi sənə başa salaram.

Ofisiant arxadan qışqırdı:

- Cavan oğlan, nə tez doydunuz?

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #