news-inner
clock09:00 calendar-gray 20 Oktyabr 2017 view-gray146 dəfə oxunub
view-gray146 dəfə oxunub

Azər Aydəmir: “Məryəm” serialına görə məni qucaqlayıb ağlayırdılar”

Kulis.az son kino və serial layihələrindən tanınan aktyor Azər Aydəmirlə müsahibəni təqdim edir.

- Azər bəy, aktyor təhsili almamısınız, bizneslə məşğul olmusunuz, sonra kino sektoruna aktyor kimi gəlmisiniz. Düz deyirəm?

- Elədir. Orta məktəbi bitirəndən sonra bir sıra şirkətlərdə, müxtəlif vəzifələrdə çalışmışam, sonra keçmişəm avtomobil sektoruna. Əvvəl kirayə avtomobillərlə məşğul idik, sonra pul tapdıq, Azərbaycana yük maşınları gətirməyə başladıq. Sonra işimiz alındı, başqa bir şirkət açdıq, məni ora direktor təyin etdilər. Korporativ maşınlar satmağa başladıq. Amma aktyorluğu həmişə istəmişəm. Yaşıdlarım yeddi şüşə oynayanda mən evdə oturub film izləyirdim. Videokassetlər alırdım, filmə o qədər baxırdım ki, arada səsini alıb özüm səsləndirirdim. Düşünürdüm, uşaqlıq arzusu idi keçdi. Amma 2007-ci ildə avtomobil biznesində böhran başladı. Müəyyən avtomobil markalarına dilerlik almağa başladılar. Bizsə qara bazar adamı idik. Gedib Yaponiyadan dilerlik almağa əlimizdə imkan yox idi. Beləliklə bu biznes əlimizdən çıxmağa başladı. Avtomobil biznesini buraxıb, restoran və otelçilik işinə keçdik. Karaoke klublar yaratdıq. Restoran işi elə idi ki, asudə vaxt qalırdı və başladım kastinqlərə getməyə. Kluba da incəsənətlə bağlı olan müştərilər gəlirdi. Yaxın dostum məni fotomodelliyə cəlb etdi, o zaman bir az daha arıq idim - jurnallarda şəkillərimi çəkdilər, geyim brendlərinin siması oldum.

- Görünüşünüz fərqlidir... Elə bil xaricisiniz...

- Mənim əslim Xızıdandır. Atam molokandır. Yüz il bundan qabaq Altıağaca köçən molokan sülaləsindəndir. Mənim nənəm təmiz rusdur. Ata tərəfim yəni. Ona görə belə sarışınam. Fars dilini mükəmməl bilirəm, dağlıların dilini yəni. Anam isə dağlıdır, Əmizlər kəndindən.

- Aha, davam edin, yayınmayaq söhbətdən...

- Deməli, ayıb da olsa deyəcəyəm, başım o qədər qarışmışdı ki, biznesə-zada, elə bilirdim, son çəkilən Azərbaycan filmi “Bəxt üzüyü”dür. Məlumatım yox idi. İnanın, elə adamlar var - bank işçiləri, Holdinq vəzifəliləri, indi də elə düşünürlər. Şəhərdə Samir Kərimoğlunun “Niyyət” filminin afişasını görəndə maraqlandım. Mənə aydın oldu ki, sən demə filmlər çəkilirmiş. Onda istədim, Samir Kərimoğlu ilə görüşüm. Heç filminə də baxmamışdım. Mən bir restoran müdiri, o bir rejissor... Sağ olsun, qırmadı məni, gəldi görüşdük, tanış olduq.

Sonra “Döngələr” serialının kastinqinə getdim və Cavid Təvəkkül mənə inandı. Kiçik bir rol verdi – bu, ilk rolum idi. Bu seriala hələ Qubada çəkilirdim ki, Samir məni çağırdı çəkilişə. Elə Qubaya. “Mən evə qayıdıram” filmində baş leytenantı oynadım. Həmin ildə “Xoca” filmində Yura Kovalyov roluna çəkildim. Yəni kinoda startım belə maraqlı olub. “Xoca” filmindən sonra artıq mənimlə hesablaşmağa başladılar.

- İndidəmi kastinqlərə gedirsiniz? Sanki yalnız dostlarınızın filmlərinə çəkilirsiniz?

- Bir az haqlısınız. Kiçik bir kino cameəsi var, çoxu dostlardır, ona görə də artıq kastinq mərhələsini keçmişik, dostlarla stol arxasında söhbət edib qərarlaşırıq.

- Peşəkarlıq tək peşə təhsili ilə bağlı deyil əlbəttə. Maraqlıdır, aktyor kimi özünüzü necə inkişaf etdirirsiniz?

- Sevdiyim aktyorlar var, onların filmlərinə dəfələrlə baxıram, analiz edirəm, kitablar oxuyuram. Aktyor peşəsilə bağlı məqalələri onlayn oxuyuram. Çexov aktyor məktəbini, Stanislavskini... Kinematoqrafiyaya aid kitablar oxuyuram. Hər layihə ilə özümü və ailəmi təəccübləndirmək istəyirəm. Bu təəccüb tamaşaçıdan gələndə sevinirəm.

- “Pərdə” filmindəki çıxılmazlıq çoxunu təəccübləndirdi...

- Emillə bir yerdə işləməyimizin bir-birimizi anlamağımızın səbəbi odur ki, biz bir dalğada düşünürük. Onun da tamaşaçını aldatmaq fikri yoxdur, real hadisələri göstərir. Mənim “Pərdə”dəki obrazım dünyagörüşdən irəli gəlir. Öz dünyagörüşümdən. Aktyor öz millətini, yaşadığı cəmiyyəti çəkməçisindən dövlət başçısına kimi tanımalıdır.

- “İkini pərdə”də də çəkilmisiniz?

- “İkinci pərdə”də mənim oynadığım balaca epizod var: Mənim, Zaur Şəfiyevin və Tural Əhmədin qəhrəmanı çay içir, söhbət edirlər. O epizodu çəkməkdə məqsəd odur ki, tamaşaçılar “İkinci pərdə”dəki əhvalatların “Pərdə”dən əvvəl baş verdiyini bilsin. Bəlkə Emil trilogiya edəcək, hələ ki, bilmirəm.

- Sizi şou proqramlarda görməyə başladıq. Kinoya belə sevgisi olan aktyoru bu tip proqramlara, seriallara çıxmağa nə təhrik edir?

- Ehtiyacdan irəli gəlmir. İndi teleməkanda təəssüf ki, kinoya aid veriliş yoxdur. Ona görə ümumi şoulara qonaq çağıranda gedirəm.

Mən o şouya getdim-getmədim, aktyor kimi bazarımda heç nə dəyişmir, toyda da aparıcılıq etmərəm, prinsipim var. Sadəcə, “yox” deməyi bacarmıram. Serialda çəkilişlər başlayandan iki ay sonra razılaşdığıma peşman oldum.

- Niyə?

- Ssenarinin bəsitliyi, işlərin tələsikliyi, mizanların standartlığı... Obrazımın çox düzxətli, birxətli olması... Çox yaxşı oğlandır, mübahisə etməz, hirslənəndə ağlamaz, böyük-kiçiyə hörmət edər, bir sözlə, nümunəvi... İnanın, o nümunəvi insanı oynamaq çox çətindir. Emosiyaya qapılmaq istəyirsə, məlum olur ki, olmaz, obrazdan çıxmış olursan. Səni belə qəbul edib sevirlər. Amma bu serial qurtarana yaxın sevinirdim ki, bu layihədə oldum. Rayonları gəzdikcə görürəm ki, məni bu seriala görə tanıyır və sevirlər.

- Serialdan dolayı ümumiyyətlə, çəkildiklərinizdən dolayı tamaşaçılardan maraqlı reaksiyalar almısınız?

- “Qanlı yanvar”dan sonra məni harda gördülər saxlayıb o tarixdən danışırdılar. Məni sanki o tarixin iştirakçısı ya ssenari müəllifi kimi qəbul edirlər. Mübahisə edirdilər, atdığım addımları pisləyirdilər. Əsəbi müzakirələr olub tamaşaçılarla bu film haqda. İzah edirdim ki, bu, bir filmdir və mən yalnız obraz yaratmışam.

Amma “Məryəm” serialına görə məni evlərə dəvət ediblər. Kimsə məni ya rəhmətlik qardaşına bənzədir, ya atasına, ya kiməsə. Qucaqlayıb ağlayanlar olub.

- Serialda olmusuz, kommersiya layihələrində çəkilmisiz, ya da çəkiliş heyətində olmusuz. Sizcə, nə olsa bu seriallar, filmlər keyfiyyətli olar?

- İlk növbədə ssenari problemdir. Az qala bütün ssenarilər eyni konfliktlərdir, ailə məişət mövzuludur. Niyəsə biz Amerika seriallarını 70-80-ci illərini kopyalayırıq. Bu da o zamanadək davam edəcək ki, kimsə başqa mövzuya müraciət edəcək və o filmlər tutacaq.

Bir də aktyorların intellekti... Deyənlər var ki, küçədən keçəni də çəkmək olar. Olar. Düzdür. Amma razı deyiləm ki, aktyora intellekt lazım deyil. İntellekt görünür. İntellektli aktyorun gözləri dolu olur, obrazı da dolu olur.

- İkinci rejissor kimi aktyorlarla işləmisiniz, bu işdə rastlaşdığınız əsas problematik məqam hansıdır?

- Sadəcə aktyor və aktrisa ekranda “effektli görünüm, yaxşı şəkil paylaşa bilim, kosmetikam pozulmasın” fikrindən uzaqlaşmalıdır. Aktyor olan bəndə niyəsə sınmağı xoşlamır. Tutalım, ssenaridə var ki, qəhrəman yuxudan oyanıb çay hazırlamaq istəyir, buna yaxın adamının ölüm xəbəri gəlir, minib avtomobilinə gedir morqa, ya xəstəxanaya. Aktrisaya izah edə bilmirəm ki, sən bu vəziyyətdə üzünə kosmetika çəkməyi düşünə bilməzsən....

Bir də başqa sahədəki problemi demək istəyirəm.

- Buyurun.

- Müşahidəmə görə, son üç ildə istehsalatda və bazarda monopoliya azalmağa doğru gedir. Çox maraqlıdır ki, 2017-ci ildə bizdə monopoliya kinoteatrlarda yaranmaq üzrədir. Yerli istehsal olan bir film bir kinoteatrlar şəbəkəsində gedirsə o birində gedə bilməz. Mən kinoteatrlar şəbəkəsi arasındakı monopoliya davasına son qoyulmasını istəyirəm.

- Bizdə ən böyük iki kinoteatr şəbəkəsidir də, elə deyil?

- İki şəbəkədir. İl yarım, iki il qabaq bir film bütün şəbəkələrdə gedirdi, bir distrübüter var idi, o da filmi bütün kinoteatrlara paylayırdı. İndi hər şəbəkənin bir distrübüteri var və bir film yalnız bir şəbəkəyə çıxa bilər. Bu filmlərin bazarını öldürür. Kinoistehsala təsir edir. İnsanlar film çəkməyə qorxur. Məsələn mən 50 min manata film çəkib bunu şəbəkə A -ya verirəm, 20 min qazanıram, şəbəkə B qəbul etmir. Və bununla da film çəkmək arzum da çıxır gedir işinin dalınca, çünki böhrana düşürəm, xərc borcu ödəmir.

- Mən o iki kinoteatr şəbəkəsindən birinin direktoru Cəfər Axundzadə ilə danışmışdım. O, deyirdi ki, film həddən çox çəkilir və biz bu filmlərin hamısını göstərə bilmərik. Bu üzdən bir keyfiyyət ölçüsü təşkil etmişik. Və filmləri keyfiyyətinə görə seçirik. Bunu da kinonun, kino bazarının inkişafı üçün edirik.

- Keyfiyyət ölçüsü təyin etmək üçün peşəkar kino adamlarından müstəqil fokus qrup yaranmalıdır və bunu onlar təyin etməlidirlər. Məsələn, Vaqif Mustafayev, Şəfiqə Məmmədova və s. Kinoteatr nümayəndəsi obyektiv ola bilməz. Həm A şəbəkəsində, həm B şəbəkəsində elə keyfiyyətsiz filmlər gedib ki, onlar bir-biri ilə keyfiyyətsizlikdə rəqabət apara bilər. Bu nə problemidirsə aradan qaldırılmalıdır. Əvvəlki illərlə müqayisədə kino istehsal düşüb. İstəyirəm hər iki kinoteatr şəbəkəsi - hansı ki rəhbərlərini tanıyıram, hər ikisinə hörmətim və gözəl münasibətimiz var - aralarındakı bu mənasız intriqaya son qoysun, bundan yalnız uduzuruq. Həm özlərinə, həm də istehsalçıya ziyandır.

- Azər bəy, teatra iddianız varmı?

- Yox, düzünü deyim, cəmi 4 dəfə teatrda olmuşam. Tamaşalara baxmışam. Amma mən özümü orada görməkdən qorxuram. Teatrın energetikası olduğuna inanıram və ondan qorxuram. Mən sadə və real həyatla bağlı şeyləri sevirəm. Teatr məsələyə çox ağır və dərin yanaşır. Bizim teatr da müasirləşməyənə, müasir pyeslərə və müasir təqdimata qarışmayanadək ora getməyi düşünmürəm də.

- Tamaşaçılar sizi serialda görəcəkmi bir də?

- Samir Kərimoğlu ilə bir serial layihəsi olacaq. Adını hələ açıqlamaq istəmədiyim müasir yazarımızın bir romanını serial etməyi düşünürük. Kriminal dram olacaq orada oynayacağam.

- Roman demişkən, Azər bəy, nə oxuyursunuz bu aralar?

- Düzü, o qədər çox vaxtım olmur, amma məsələn, Çingiz Abdullayevin kitablarını oxuyuram.

news-inner-user
Aliyə

997 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Salam Qədirzadənin oğlu: “Atamın adından istifadə eləməyi xoşlamıram” – Müsahibə
21:00 15 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
18:40 15 Noyabr 2019
Məşhur ifaçı Bakıda konsert verəcək
18:01 15 Noyabr 2019
Dünya şöhrətli musiqiçi: “Vikinqlərin vətəni Azərbaycandır”
17:30 15 Noyabr 2019
Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı olub
16:51 15 Noyabr 2019
Müğənnilər deputata cavab verdi: “Getsin, kasıb-kusuba əl tutsun”
16:20 15 Noyabr 2019
Mir Cəlal adına hekayə müsabiqəsinə start verildi
15:38 15 Noyabr 2019
Üzü günə qalan evlər - Tanımadığımız şairdən seçmə şeirlər
15:01 15 Noyabr 2019
Rəfael və Coşqun "Şabaş"a görə qadın paltarı geyindi
14:20 15 Noyabr 2019
Bakı Slavyan Universitetində Şərif Ağayarla görüş keçirilib - Fotolar
13:45 15 Noyabr 2019
"APA-Group"a daxil olan saytların vahid mobil tətbiqi istifadəyə verilib
13:08 15 Noyabr 2019
Facebookda rekord qıran ata və qızı ilə söhbət – Video
12:15 15 Noyabr 2019
Ziya Bünyadov: “İsa Hüseynov yolunu azmışdı” – Bilmədiyimiz gerçək
11:30 15 Noyabr 2019
Qarabağı qaytaran türk futbolçu
10:43 15 Noyabr 2019
"Nu, poqodi"nin yeni seriyaları gəlir
10:20 15 Noyabr 2019
“Paris Notr-Dam kilsəsi” tamaşası təqdim olundu
09:50 15 Noyabr 2019
Topu başında aparan kapitan, alnından zəka fışqıran redaktor, müğənnini həbsdən buraxdıran müxbir... – Şərif Ağayar APA-dan yazır...
08:59 15 Noyabr 2019
Bu gün vəfat edən şairin son müsahibəsi: “Şeirimi Süleyman Rüstəmin adına çıxardılar”
21:01 14 Noyabr 2019
"Tanınmış ailənin övladlarından uzaq gəzirəm" - İlqar Xəyal
18:40 14 Noyabr 2019
Bu mahnılarımızdan hansı plagiatdır? - Video
18:00 14 Noyabr 2019