Bu Amerika filmi Bakıdakı 134 saylı məktəbdə çəkilib - Araşdırma

Bu Amerika filmi Bakıdakı 134 saylı məktəbdə çəkilib - Araşdırma
1 iyul 2019
# 12:32

Kulis.az Araz Yusubovun “Santyaqo de Baku” məqaləsini ixtisarla təqdim edir.

Santyaqo de Çili və Bakını bir-birindən 14769 kilometrlik çöllər, dağlar, səhralar, göllər, çaylar, dənizlər,Atlantik okeanının ucsuz-bucaqsız suları, müxtəlif ölkə və mədəniyyətlər ayırır. Lakin bu yazının başlığı ona işarə edir ki, bu uzaq paytaxt şəhərləri birləşdirən ortaq məfhumlar mövcuddur.

Məsələn bir film. Hansı ki, orada Bakını və bakılıları görə bilərik. Çili rejissoru Sebastyan Alarkonun bir filmində….

Sebastyan Alarkon Çili Universitetindəki kino məktəbinə 1968-ci ildə, 19 yaşı olarkən daxil olmuşdur. 1970-ci ildə o, təhsilini davam etdirmək üçün dövlət təqaüdü ilə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərilir. Alarkon orada təhsil aldığı zaman, 1973-cü ildə General Avqusto Pinoçetin (1915-2006) başçılıq etdiyi mənfur hərbi xunta Çilinin demokratik yolla seçilmiş prezidenti Salvador Alyendeni (1908-1973) devirdi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəklədiyi bir çevrilişlə onun sosialist “Unidad Popular” (Xalq Birliyi) hökumətini buraxdı. Tarixin istehzası ilə 11 sentyabrda baş vermiş bu çevrilişdən sonra Çilidə qurulmuş diktatura 1990-cı ilə qədər davam etdi. Hər cür siyasi fikir ayrılığının sistematik sıxışdırılması ilə müşayiət olunan bu dövrdən on minlərlə həbs olunmuş və işgəncələrə məruz qalmış, həmçinin yüzlərlə öldürülmüş və “itkin düşmüş” insanın xatirəsi qaldı.

Bir çox Çili gəncləri kimi sosialist “Unidad Popular”dan ilham alan Sebastyan Alarkon vətəninə qayıda bilmirdi, lakin onun yaradıcı həyatı, demək olar ki, tamamilə Çilidəki o faciəli hadisələrin əsirinə çevrilmişdir. Onun ilk bədii filmi – şübhəli şəxs kimi həbs olunaraq yalançı ittihamla üz-üzə qalmış memar Manuelin hekayəsindən, onun keçdiyi təhqir, hədə və işgəncə dolu dəhşətlərindən bəhs edən “Çili üzərində gecə” (“Ночь над Чили”) 1977-ci ildə, 10-cu Beynəlxalq Moskva Film Festivalında ən yaxşı rejissor debütünə görə xüsusi mükafata layiq görüldü.

İstənilən Bakı sakini hətta indinin özündə “cəsarətli Çili xalqına həsr olunmuş”, publisistik-sənədli janrda çəkilmiş bu filmin ilk kadrlarından görünən doğma küçələri asanlıqla tanıya bilər. Həm də doğma simaları: tamaşaçımıza “Səhər” (1960), “Bizim küçə” (1961) və “Cansıxıcı əhvalat” (1988) kimi Azərbaycan sovet filmlərindən tanış olan Gürcüstanın xalq artisti Qiuli Çoxonelidze (1928-2008) fəhlələrin lideri rolunu oynayır, hazırda Gürcüstan Kino Aktyorları Gildiyasının prezidenti olan Baadur Tsuladze (1935) ailəcanlı sadə bir kişi obrazını canlandırır. Sadəlövh qoca Çili kəndlisini isə uzun zaman Azərbaycan kino və teatrındakı yaradıcılığı ilə yanaşı 1980-90-cı illər bütün uşaqların populyar axşam televiziya verilişlərindən Savalan Baba kimi tanıdığı Sadıq Hüseynov (1924-2003) oynayıb. Yeri gəlmişkən, sən demə, məşhur rus fotoqrafı Georgi Pinxasov (1952) da çəkiliş heyətinin bir üzvü kimi 1976-cı ildə Bakıda imiş.

Bir neçə ay əvvəl 1980-ci illər Bakıda, təhsil aldığım məktəbdə çəkilmiş başqa bir film yadıma düşməsəydi, Alarkon və “Çili üzərində gecə” barədə bütün bunları heç vaxt öyrənməzdim. O zaman deyirdilər ki, filmdə məktəbimizi bir hərbi qarnizon kimi çəkirlər, hansısa generalın məktəbin həyətində qoyduqları papye-maşe heykəlini və filmin adını xatırladım – “Yaquar”.

Santa Nina de Baku

Parad meydanına oxşayan geniş daxili həyəti, birinci mərtəbədə barmaqlıqlı pəncərələri və qara metal tüstü borulu qazanxanası olan məktəbimiz qarnizon üçün yaxşı model olardı. Bu tarixi binada əslində iki məktəb yerləşirdi: 134 nömrəli rus məktəbi binanın şimal qanadını, həyatı Stalin repressiyaları zamanı Sibir düşərgələrində puç olmuş məşhur Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin (1882-1941) adını daşıyan 132 nömrəli Azərbaycan məktəbi binanın qalan hissəsini tuturdu.

Hamımız bilirdik ki, məktəbimiz sovet dövründən əvvəl qızlar üçün gimnaziya olub və uzun müddət düşünürdüm ki, bu Azərbaycan neft-sənaye maqnatı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin (1823-1924) davamlı səyləri nəticəsində tikilmiş müsəlman qızları üçün ilk dünyəvi məktəbdir. Lakin əslində azərbaycanlı qızlar üçün 1901-ci ildə açılmış ilk məktəb o vaxtlar Nikolayevskaya (rusca Nikolayın), günümüzdə isə İstiqlaliyyət adlanan Kommunist küçəsi boyu daha aşağıda, hazırda Elmlər Akademiyasının Əlyazmalar İnsitutu yerləşən başqa bir binada imiş.

Maraqlı təsadüf odur ki, məktəbin binası ilk əvvəl hərbi səhra hospitalı olub və qızlar müəssisəsinə ancaq 1888-ci ildə, hospital Bakının Bayıl qəsəbəsindəki yeni binaya köçərkən verilib. Daha sonra, 1895-ci ildə müəssisəyə gimnaziya statusu verildi və o, 1920-ci ildə qısa ömürlü Azərbaycan Demokratik Respublikasının rus bolşevik işğalına qədər hələ neçə il fəaliyyət göstərdi

Yaquar Bakıda

“Çili üzərində gecə”nin uğurundan on il sonra Sebastyan Alarkon azad və dönməz xarakterinə görə Yaquar ləqəbi almış, son nəticədə xidmətində durmağa öyrədildiyi rejimə qarşı çıxmış gənc hərbi məktəb kursantının hekayəsindən bəhs edən başqa bir filmi çəkmək üçün Bakıya qayıtdı. 1986-cı ildə ekranlara çıxmış bu film 2010-cu ilin Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüş Mario Varqas Lyosanın (1936) 1963-cü ildə nəşr olunmuş “La ciudad y los perros” (“Şəhər və itlər”) romanı əsasında çəkilmişdir. Varqas Lyosanın bu ilk romanı bir qədər avtobioqrafikdir, Lyosa özü də Limadakı Leonsio Prado Hərbi Akademiyasında təhsil almışdı. Lakin Alarkon hadisələri Çiliyə köçürərək süjetə ustalıqla siyasi çalar qatmışdır.

Filmin başlanğıcında göstərilən yeri 132 nömrəli məktəbin istənilən məzunu tanıyar. Bu, vaxtilə dərs otaqlarına girməzdən əvvəl şagirdlər sinif-sinif düzüldüyü məktəb həyətinin bizə aid cənub-şərq hissəsidir.

Maraqlıdır, görəsən Alarkon bilirdimi ki, 1928-ci ildə Yaquarın hərbi kursant məktəbi kimi lentə aldıqları binada Qızıl Ordunun Zaqafqaziya Hərbi-Hazırlıq Məktəbi yerləşirdi. Bu məktəb 1921-ci ildə yeniyetmələr üçün ilk Azərbaycan hərbi məktəbi kimi qurulmuş və Suvorov Hərbi İnternat Məktəblərinin prototipi olmuşdur.

Məktəblər əsaslı yenidənqurma işlərindən sonra yenidən açıldı. İndi dördüncü mərtəbə əlavə olunmuş və əsas girişindəki xarakterik üstü balkonlu tağlı keçidi yığışdırılmış bina xeyli fərqli görünür. Daxili həyət də indi çox başqalaşıb, heç ağla gəlməz ki, bura Yaquarın hərbi kadet məktəbidir.

“Çili üzərində gecə”dən bir neçə aktyor “Yaquar”da da çəkilib. Taxtabaş serjantın rolunu yenə də İslam Kaziyev (1938) oynayır. “Çili üzərində gecə”də həbs olunmuş fəallardan biri Mayak Kərimov (1944) bu dəfə ikinci planda zabit-təlimçi rolunu oynayır. Alarkon filmə əksəriyyətinin, bəlkə də təsadüfən, Bakı ilə əlaqəsi olan bir neçə erməni aktyoru da dəvət edib. Epizodik hərbi kadet məktəbinin rəisi rolunu oynamış Rusiyanın Xalq Artisti Vladimir Tatosov (1926) uşaqlığını burada keçiribmiş. Bakıda anadan olmuş Rusiyanın Xalq Artisti Nina Ter-Osipyan (1909-2002) ənənəvi personajı olan zarafatcıl qoca qarını oynayır. Baş rollardan biri Leytenant Qamboanı oynamış populyar sovet və rus aktyoru Sergey Qazarov (1958) da Bakıda anadan olmuşdur.

Çətin ki, “Yaquar”ın kütləvi səhnələrində tətil və nümayişlər keçirən, hökumət əleyhinə şüarlar qışqıran, bayraqlar yelləyərək xalqa zidd rejimin cəza qüvvələri ilə üz-üzə durmuş çilililəri canlandıran Bakı sakinləri bir neçə ildən sonra elə öz doğma şəhərlərində öz başlarına buna bənzər hadisələrin gələcəyini təsəvvür edəydilər…

Redaksiya qeydi: 1986-cı ildə Mosfilmin bazasında Bakıda çəkilən “Yaquar” sosial-siyasi dramı Mario Varqos Lyosanın “Şəhər və itlər” əsəri əsasında işlənib.

Filmdə hadisələr Çilidə Pinoçetin hakimiyyəti zamanı, hərbi məktəbdə baş verir. Süjet xətti üç kursantın ətrafında cərəyan edir. Aşağı təbəqədən olan, sosial nərdivanda yuxarı pillələrə qalxmaq üçün orduya qoşulan Yaquar ləqəbli kursant qeyri-rəsmi liderdir. Kursda yeganə oğlan odur ki, məktəbə daxil olmaq üçün yuxarı kursda oxuyanların alçaldıcı “Xaç suyuna salınma” prosedurundan yaxa qurtarıb. “Şair” ləqəbli Alberto Fernandes “Ortabab”lardandır. “Nökər” ləqəbli Rikardo Orana autsayderdir və başqa kursantların istehza gülüş hədəfidir.

Film Kave adlı kursantın taktika üzrə imtahan biletlərini oğurlamaq üçün sinif otağına daxil olması və otağın şüşəsini qırması ilə başlayır. Şüşənin qırılması ilə rəhbərlik hadisədən xəbər tutur və Kavedən başqa qarovulda olan kursantların da məktəbdən qovulmaq təhlükəsi yaranır. Qaravula isə Yaquar öz yerinə Oranı qoyub.

Məktəb rəhbərliyi bu hadisələrin ardınca kursantları şəhərdəki nümayişi yatırmağa göndərir. Məqalənin müəllifi filmin bu hissəsinə kütləvi səhnələrdə Bakı sakinlərinin çəkildiyini qeyd edir.

Filmdə Oran nümayiş zamanı öldürülür. Onu dostu Fernandesin öldürdüyü iddia edilir. Amma Yaquardan şübhələnənlər də olur. Sonda Yaquar dostların bir-birini satmasından sarsılır. Hərbi məktəbi seçdiyinə görə məyus olan Yaquar meşələrə çəkilib partizanlara qoşulur….

Alarkon 1990-cı illərdə vətəninə qayıtdı. Rusiya kinematoqrafları ilə indi də əməkdaşlıq edən Alarkon XXX Moskva Kinofestivalına münsif kimi qoşulub.

# 3214 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #