Azərbaycanlılar niyə operaya baxmır?

Azərbaycanlılar niyə operaya baxmır?
7 avqust 2017
# 15:49

Azər Hacıəsgərli

Azərbaycan, tarixin bütün dönəmlərində dünyanın sayılıb-seçilən mədəniyyət mərkəzlərindən biri olmuşdur. Ölkəmizdə Dövlət Opera və Balet teatrı, Musiqili Komediya teatrı, M.Maqomayev adına Dövlət Filarmoniyası, Muğam Mərkəzi kimi böyük musiqi ocaqları var. Bu səhnələr Azərbaycan mədəniyyətini və musiqisini yaşadan, onu dünyaya tanıdan, dinləyicilərlə paylaşan neçə-neçə korifeylərin ustalıqlarının şahidi olublar. Saydığımız sənət ocaqlarında görkəmli ifaçıların çıxışları bu gün də davam etməkdədir.

Bununla belə elə məsələlər var ki, düşündürür və öz həllini tələb edir. Məni bu mövzuya toxunmağa vadar edən, fikirlərimi bölüşdürməyə çağıran böyük mədəniyyətimizin sabahı, onun gəlişməsində üzləşdiyi çağdaş problemlər, bu problemlərdən çıxış yolları axtarmaq və nəhayət Vətən təəssübüdür. İnanıram ki, həmfikirlərimiz olacaq.

Fikrimizi kəsə yolla apararaq deyək ki, bizi düşündürən məsələ adlarını çəkdiyimiz mədəniyyət ocaqlarında get-gedə artan və gözə girən, narahat edən tamaşaçı qıtlığıdır, yəni əsl mədəniyyətə marağın azalmasıdır. Bəzən elə günlər olur ki, səhnədə çıxış edən ifaçıların sayı tamaşaçıların sayından çox olur.

Bəli, kimlərsə deyə bilər: - burda nə var ki, kim istəyir maraqlanır, kim istəyir maraqlanmır, kim istəyir gəlir, kim istəyir gəlmir... Əslində bu böyük və diqqətçəkən bir göstəricidir. Burada həssas bir məqam hökm sürməkdədir. Əslində bu göstərici vazkeçilməyən böyük bir deqradasiyanın, tənəzzülün “SOS” siqnalıdır. Sadəcə bu siqnalı anlaya bilmək, onun qarşısını almağa çalışmaq lazımdır. Eşitdiklərimiz, ara-sıra saytlardan oxuduqlarımız isə ancaq çıxış yolu göstərməyən narazılıq, ötəri tənqidlər, ruh düşkünlüyü, tamaşaçını bayağı musiqi dinləməkdə həvəsli olmaqda günahlandırmaqdan ibarətdir. Bəs dövlətimizin göz qabağında olan inkaredilməz qayğısına baxmayaraq bugünkü biganəlik, sayğısızlıq, tamaşaçı sayının, əsl sənətə marağın azalmasına səbəb nədir?

Nə etməli? Buna qarşı hansı tədbirlər görülə bilər?

Problemdən çıxış yolunu axtarmaq məqsədilə Avropa və dünya mətbuatında tanınmış tədqiqatçıların yazılarında araşdırma aparmağa çalışdım. Hər şeydən öncə razılaşaq ki, bütün dövrlərdə inkişaf mərhələlərinin fərqli tələbləri, şərtləri, yanaşma prinsipləri olur. Və bu prinsiplər zaman-zaman günün tələbinə uyğun olaraq dəyişə bilər. Onunla uyğunlaşmaq, ayaqlaşmaq vacibdir.

Öyrəndiklərim nə deyir və ya bizdə nə yoxdur?

Bütün dünyada teatr və musiqi, ümumiyyətlə klassik sənət növlərinin inkişafına nail olmaq üçün onların iqtisadi qanadı əsas götürülür (bazar iqtisadiyyatı qanunların tələbi kimi). Dövlət bunun üçün bütün sahələrə yardım edir. Amma bu yardım dövlətin teatrları çiynində daşıması anlamına gəlməməlidir, sadəcə xidmət sahəsi kimi gəlir qazanmaq üçün həmin mədəniyyət ocaqlarına biznes şəraiti yaratmaqdan ibarət olmalıdır. Heç bir ölkədə dövlət teatrların problemlərini bütünlükdə öz üzərinə götürmür. Bu gün bu sahədə yaşadığımız üzüntülər sovet quruluşunun töküntüləridir. Böyük oktyabr sosialist inqilabından öncə də Azərbaycanda teatrlar var idi (H.Z.Tağıyevin və başqa xeyriyyəçilərin dəstəyi ilə). Və bu sənət mərkəzləri dövlətdən heç bir yardım almırdılar. Bizdə hökm sürən bugünkü vəziyyət isə dediyimiz kimi sosialist iqtisadi quruluşunun qalıqlarıdır və biz əslində bu sahədə də sosializmdən kapitalizm sisteminə keçid dövrünü yaşamaqda davam edirik.

Azərbaycanda musiqinin və teatrının kifayət qədər inkişaf etməsi, xidmət sahəsi kimi fəaliyyət göstərməsi, incəsənətdə böyük prespektivlər var. Lakin, nəinki etiraf etməliyik, hətta fəryad qaldırmalıyıq ki, mədəniyyət ocaqlarımız kassadan gəlir götürə bilmir. Boynumuza almalıyıq ki, adi vətəndaş 6-10 manatını xərcləyib operaya baxmağı, teatra getməyi ailə büdcəsi üçün maddi bir itki kimi görür (hətta bilə-bilə ki, bu rəqəmlər elə də böyük bir məbləği əks etdirmir). Rəngarəng alış veriş mərkəzlərində dəfələrlə artıq pul xərcləmək ona daha maraqlı gəlir. Əslində isə dinləyici konsert, teatr salonlarında, digər mədəniyyət mərkəzlərində alacağı yüksək emosional və estetik həzzi biletə xərcləyəcəyi 6-10 manatdan daha yüksək dəyərləndirməlidir.

Dövlət hər zaman mədəni irsimizi qorumağa çalışmışdır və bunun üçün hər şey edir. Ancaq, bunun müsbət tərəfləri olduğu kimi və gizli mənfi tərəfləri də vardır. Müsbət tərəfi odur ki, mədəniyyət ocaqlarımız qorunur, təmir edilir, kollektivin əmək haqqı ödənilir. Repertuarlar ciddi dəyişməsə belə, mədəni irsin itməməsi üçün mübarizə aparmaq gücündədir.

Digər tərəfdən, ciddi sənətə, klassik musiqiyə tamaşaçı marağı çox aşağıdır, bu əsərlərin pərəstişkarları yoxdur, adi vətəndaş konsert salonlarının repertuarından xəbərsizdir. Repertuarı o yalnız teatrın qarşısında yerləşmiş rəngsiz afişalardan izləyə bilir. Əsərlər, repertuara tamaşaçı marağı nəzərə alınmadan daxil edilir. Bütün zaman və məkanlarda bütün opera və musiqi mərkəzləri yaradıcılıqlarına güvənərək, özləri təbliğat apararaq kütləni yeni premyeralarla, maraqlı ifalarla maraqlandırmağa çalışmışlar. Başqa ölkələrdən fərqli olaraq bizdə rəqabətin olmaması və kassadan çox az gəlir qazanma gerçəkliyi onları çətin (həm də asılı) vəziyyətə salmışdır. İfaçılar öz maaşlarını nə vaxt alacaqlarını düşünür, məşq zamanı və tamaşada psixoloji sıxıntı keçirərək daha artığına cəhd göstərməkdə maraqlı olmur, beləliklə yaradıcılıq axtarışları ikinci plana keçir. Kimsə iddia edə bilər ki, bunu hamıya şamil etmək düzgün deyil, çünki bizdə bacarıqlı səhnə ustaları, ifaçılar var.

Ancaq bizim də (bütün sənətsevərlərin) istək və arzumuz budur ki, həyatını, bacarığını sənətə həsr edən usta ifaçılar maddi ehtiyaclarını təmin etmək üçün ikinci iş yeri axtarmasınlar, toylara üz tutmasınlar-layiq olduqları ucalıqlarda ulduz kimi parlasınlar. Şəxsən mən gözəl skripka, fortepiano, tar ustalarımızı, bacarıqlı aktyorlarımızı maddi ehtiyac üzündən yüngül toy, içki məclislərində görəndə içimdən qırılıram...

Musiqi çox ağır sənətdir. Lap uşaq yaşlarından min əziyyətlə öz üzərində işləyib, axtarışlar apararaq böyük arzularla yaşayan, yetkinlik dövründə isə maddi ehtiyacını sevdiyi sənəti ilə təmin edə bilmədiyindən ticarətlə məşğul olan (sanki uğur qazanacaq deyə), taksi sürən sənət adamının həyatı əsl dramatik faciədir.

Əslində bir musiqiçi, aktyor, rejissor işlədiyi mədəniyyət ocağının kassasından qazanmırsa, maaşı dövlət dotasiyasından alırsa, onun axtarışlara da, inkişafa da marağı və ehtiyacı olmayacaq. O, tamaşaçısını özü toplamayıb, yalnız ona həvalə olunan rolu ifa edir. O, heç vaxt bilməyəcək ki, öz yaradıcılıq gücü ilə bundan qat-qat artığını qazana bilər.

Bu sahədə çıxış yolu marketinqin inkişafı və ümumiyyətlə sənət mərkəzlərini yavaş-yavaş, qismən də olsa dövlət asılılığından çıxarmaqdır. Onsuz da bu, nə vaxtsa olacaq. Ancaq, problemi bu gün görə biləriksə, onun həllini sabaha saxlamayaq. Bu, peşəkar rejissoru, ifaçını, musiqiçini – ümumiyyətlə, kollektivi yaradıcılıq axtarışlarına məcbur edəcək, kassaya bağlayacaq. İstər trombon ifaçısı olsun, istər vokalçı istərsə də baleron, artıq tamaşaçı uğrunda, əsl sənət və nəhayət yaşam (maddi məqam) uğrunda ölüm-dirim mücadiləsi başlayacaq. Orkestr, truppa, kollektiv bütövlükdə, bir yumruq kimi birləşərək məsuliyyəti öz üzərinə götürəcək, kassanı düşünəcək və daha maaşa neçə gün qaldığını saymayacaq, çalışacaq ki, yeni-yeni axtarışlarla tamaşaçını maraqlandıra bilsin, əvəzində isə daha çox qonorar əldə etsin. Təbii ki, bunun, dövlət büdcəsinə də xeyri olacaqdır. Çünki dövlətin əlaqədar qurumlarının, Mədəniyyət Nazirliyinin da istədiyi budur.

Əslində tamaşaçı məsələsi bütün dövrlərdə və məkanlarda teatrlar, konsert salonları üçün ciddi araşdırmalar tələb edən problemlərdən olub. İndi də belədir. Onu hazırlaşdırmaq, formalaşdırmaq, cəlb etmək lazımdır. Tamaşaçını qoruyub saxlamaq həssas iqtisadi və yaradıcılıq təhlilləri tələb edir. Bu gün Bakıda sorğu aparsan istənilən şəxs musiqini gözəl bildiyini söyləyəcək və öz musiqi zövqü ilə fəxr etdiyini deyəcək. Təəssüf doğuran haldır. Nəzərə alaq ki, bugünkü durumun özü də (şadlıq saraylarından ucalan şit, radio və televiziyalarda səslənən bayağı musiqi, aşağı janrlarda səhnəciklər və “film”lər) yüngül musiqi duyumu və zövqlərin getdikcə aşağı düşməsinə xidmət edir. Bütün bunlar zaman keçdikcə səviyyəli tamaşaçı toplamağın daha da çətinləşəcəyinə gətirib çıxaracaq. Buna əmin olaq.

Xarici ölkələrdə gördüyüm tamaşaçı mədəniyyəti ilə bizimkilərin arasında böyük fərqlər gördüm-yerlə göy qədər. Almaniyada, Rusiyada və başqa ölkələrdə musiqi əsərinin ifası zamanı heç kim gecikmir, danışmır, öskürmür, telefon səsi gəlmir və müxtəlif fotoaparatların, telekameraların ştativinin səsini eşitmirsən. Hər kəs əsəri dinləyir, ayrı-ayrı sənətçilərin yaradıcılıq manevrlərini izləyir. Aldığı zövqə görə sənətkara minnətdardır, məmnundur. Buna görə də ifaçıdan əvvəl salonu tərk etmək ağılagəlməz və dilə gətirilməyəcək dərəcədə mədəniyyətsizlik sayılır...

Ümumiyyətlə, bazar iqtisadiyyatının hökm sürdüyü dövrdə tamaşaçı məfhumunun və onun zövqünün formalaşdırılması problemlərinin ciddi araşdırmalara ehtiyac var. Statistik göstəricilər və hesablamalarla nəticə çıxararaq, düzgün strategiya qurulmalıdır. İnsanların yüksək səviyyəli mədəni istirahətə çox böyük mənəvi ehtiyacı var. Bundan istifadə etmək lazımdır. Mən əminəm ki, səviyyəli tamaşaçı mənəvi ehtiyaclarını ödəmək üçün maddi vəsaitini sərf etməyə hazırdır. Bu gün isə bizdə bu mənəvi ehtiyac ödənilmir, vətəndaş isə onu təmin etməyən xidmətə vəsait sərf etməyi lazım bilmir. Əslində mədəniyyət mərkəzləri yüksək ödəniş qarşılığında gözəl və layiqli istirahət saatlarını tamaşaçılara satmağı bacarmalıdır. İlk növbədə müasir tələblərə cavab verən marketinqin gücündən istifadə edib dinləyiciyə ən yüksək keyfiyyətli məhsul verəcəyinə inandırmalısan. Öz tamaşaçılarını itirmədən yenilərini cəlb etməyə çalışmalısan. Çox güclü reklam və təbliğat (PR) kompaniyaları aparılmalıdır. İnternet şəbəkəsi, televiziyalar, posterlər və s. vasitələr durmadan tamaşaçını çağırmalıdır. Repertuarlar kiminsə imkanı, tanışlığı hesabına deyil, tamaşaçı istəyini nəzərə alınaraq hazırlanmalıdır. Bazarı ələ almaq istəyi bir an da olsa unudulmamalıdır. Son illər ölkəmizə həddindən artıq xarici turistlər üz tutur. Bu, həm də mədəniyyətimizin xaricə çıxmasında böyük rol oynaya bilər. Onların alış-veriş mərkəzlərinə deyil, mədəniyyət mərkəzlərinə cəlb olunması üzərində iş aparılmalıdır. Turizm şirkətləri ilə əlaqələr saxlanmalı, onların bukletlərinə mədəniyyət ocaqlarımız haqqında informasiyalar əlavə olunmalıdır.

Bu yaxınlarda İtaliyanın bir turizm agentliyinin bukleti düşmüşdü əlimə. Orada İtaliyanın tarixi abidələri ilə yanaşı məşhur opera ifaçısı Cecilia Bartolinin ifasında Romada təşkil olunacaq “Sehrli fleyta” operası haqqında da anons-məlumat vardı. Hətta biletin qiyməti də verilmişdi-bir biletin dəyəri 500 avro. Oxudum, məlumatlandım və bizim teatrlarımızı, mədəniyyət mərkəzlərimizi, misilsiz ifaçılarımızı, rejissorlarımızı düşündüm...

Əslində bu sahədə uğurların açarı prodüser sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq həyata keçirilməsi, PR (təbliğat) və marketinq işinin düzgün və səmərəli qurulmasından asılıdır. Opera, balet, musiqili komediya teatrı tamaşaçısız heç vaxt inkişaf edə bilməz. Mədəniyyət sahələrinin inkişafı isə marketinq texnologiyaları olmadan qeyri mümkündür!

# 824 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #