Alo, bu telefonun sahibi öldürülüb!

Alo, bu telefonun sahibi öldürülüb!
20 iyul 2017
# 10:16

Kulis.az Şərif Ağayarın “Sözün rəngi” essesini təqdim edir.

İsti yay günü kondisionerli otaqda kresloya yayxanıb sərin içkilər udumlayırsınız.

Bir anlıq da olsa beyninizdə heç bir qayğı, qəlbinizdə heç bir narahatlıq yoxdur. Xoşbəxtliyi yenicə yaxalamısınız...

Qəfil tanış nömrədən zəng gəlir:

- Bu telefonun sahibi öldürülüb!

Üçcə kəlmə!

Əhvalınız yüz səksən dərəcə əks istiqamətə, hətta bəlkə üçüncü ölçüyə doğru yuxarı və ya aşağı dəyişir. Bir anlıq yaxaladığınız rahatlıq və xoşbəxtlik heyrət doğuran tezliklə qeybə çəkilir.

Öldürülən şəxsin kimliyindən və münasibətinizin istilik-soyuqluq dərəcəsindən asılı olaraq təsirlənirsiniz. Fərqinə varmırsınız ki, siz hadisəni görmürsünüz, onun içində deyilsiniz, sizə təsir edən sözdür.

Axı deyilən söz yalan da ola bilər, zarafat da ola bilər, yəni qəlp pul kimi arxasında heç bir gerçək dəyər daşımaz.

Ürəyiniz gedir, təzyiqiniz qalxır, qışqırırsınız...

Çünki söz sizə təsir edib!

Təsir etmək sözün ilk ilahi funksiyasıdır.

Sözü insan söylədiyi üçün o, həm də bəşəri funksiya daşıyır.

Odur ki, sövq-təbii sizə zəng edən adamı sorğu-suala tutursunuz. Bu sorğu-sualın içində məntiqsizi, məzmunsuzu da olur. Ancaq sözün ikinci keçilməz subyektini tapmaq naminə nəhayət ki, situasiyanın ən ciddi sualını verirsiniz: “Siz kimsiniz?!”

Versiyalara baxaq:

1. “Mən telefonun sahibiyəm, zarafat edirəm - deyilən sözlər rəngini dəyişir, hətta bayaqkı hüznlü akkordlar qulaq xatirənizdə gülümsünüb bənövşəyiyə çalır.

2. “Mən bu telefonun sahibini öldürən adamam!” - Vay! Vay! Yəqin bu cavabı heç gözləmirdiniz. Nə deyəcəyinizi bilmirsiniz. Bilsəniz də heç nə dəyişmir.

3. “Polisəm, hadisənin şahidləri çağırdı, gəldim” - Sizin üçün ən rahat cavab budur. Bir az da məsuliyyətdən uzaqlaşdırır sizi. Amma həm də içinizdə narahatlıq var; bəlkə polis sizdən şübhələnir?

4. “Yolla keçirdim, gördüm adam ölüb, telefonu yerə düşüb, götürüb ilk qarşıma çıxan nömrəni yığdım”. - Udqunursunuz. Mümkündür. Təbii qarşılayırsınız. Amma doğrumu söyləyir görən?

5. “Onun dostuyam, mağazadan siqaret almağa dönmüşdüm, qayıdanda yerə sərildiyini gördüm” – Nəsə bu həqiqətə oxşamadı. Elədirsə səsi niyə titrəmədi, niyə təmkinli danışdı? Görəsən məni tanıyırmı?

Düşünürsünüz... Düşünürsünüz...

Əmin olun, “Siz kimsiniz?” sualını verməkdə məqsədiniz sizə zəng edən adamın kimliyini müəyyən etmək deyil. Əsas məqsəd sizə deyilən sözlərin doğru olub-olmadığına əmin olmaqdır.

Buna əmin olsanız sizə zəng edən adam öz əhəmiyyətini kriminal araşdırmalaracan itirəcəkdir.

Bəs niyə siz sözün doğru olub-olmadığını yox, adamın kimliyini soruşursunuz?

Məncə, yazımızın ən əhəmiyyətli yerinə indi gəlib çatdıq. Cavabımız da bayaqdan hazırdır: sözün çəkisi onu söyləyənin kimliyindən çox asılıdır.

Zarafatcıl tanışınız da, polis də, qatil də, tanışınızın dostu da eyni sözlərdən istifadə etmiş olsa belə o sözlərin rəngi eyni deyildir.

Hadisəni söylərkən zarafatcıl tanışınızın öz maraqları, qatilin öz maraqları, polisin öz maraqları, şahidin öz maraqları, tanışınızın dostunun öz maraqları vardır.

Versiyaların birində parkda futbol oynayan uşaq zəng etmiş olsaydı, ona daha çox inanacaqdınız. Həyəcanlı səs gələcəkdi, hətta bəlkə ağlayacaqdı da: “Qəfil gördük, qorxduq, sonra baxdıq telefonu yanına düşüb. Yaxşı ki, parolda deyildi, götürüb sizin nömrəni yığdıq, xahiş edirik, tez gəlin...”

Ona görə uşağa inanacaqdınız ki, haqlı olaraq onun dediyi sözlərin daha səmimi olduğunu düşünəcəkdiniz. Bütün versiyalarda iştirak edən adamların içində həqiqətə ən yaxını o uşaq olacaqdı. Öz təmənnasızlığı, saflığı və emosionallığı ilə...

Söz doğruya nə qədər yaxındırsa, həqiqəti nə qədər ifadə edirsə, o qədər dəyərlidir. Ömrü boyu yalan danışan, yalanla dolanan, yalanla varlanan, yalanla uşaq böyüdən insan da ən ekstremal anda həqiqəti bilmək istəyir. İnsanın həqiqət ehtiyacı nəhayətsizdir. Bu, ən pis adamlarda da belədir. Sözsə həqiqəti daşıyan, onu məkanların, zamanların ötəsinə ulaşdıran ən dəyərli vasitədir.

Sözü nəyinsə naminə öz ilahi funksiyasından ayırmaq ləyaqətsizlikdir.

Söz yalnız həqiqətin daşıyıcısı kimi vasitə ola bilər, ayrı heç nədə və heç yerdə!

Başqa sözlə desək, sözdən yuxarıda bir varlıq varsa, varsa, o da tanrının özüdür, yoxdursa da yoxdur!

Sözü ilahi məqamında demək üçünsə özünüz o həqiqətə mümkün qədər yaxın olmalısınız, çünki Tanrını aldatmaq nə qədər çətindirsə, sözü də aldatmaq o qədər çətindir.

Yazdığınız hadisələrə dost kimi yaxın, şahid kimi uzaq, polis kimi peşəkar, qatil kimi soyuqqanlı yanaşmağı öyrənməlisiniz...

Ancaq gördüklərinizə və bildiklərinizə həm də uşaq saflığı, uşaq təmənnasızlığı ilə münasibət göstərə bilməsəniz sözdən istədiyiniz effekti ala bilməyəcəksiniz.

...Kondisionerin dərəcəsini bir az qaldırın, içkinizi rahat udumlayın.

Telefonunuza da məlul-məlul baxmayın; ordan heç bir bəd xəbər gəlməyəcəkdir.

Sizi ilk cümlədəki xoşbəxt anlarla baş-başa qoyub, təbrizlilər demiş, rədd oluram.

İyi günlər.

# 975 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #