news-inner
clock15:22 calendar-gray 16 İyul 2017 view-gray598 dəfə oxunub
view-gray598 dəfə oxunub

18+ teatr, fransız aktrisa, dövrümüzün Fəxrəddin Manafovu - REPORTAJ

Dünən ADO teatrının 5 ili tamam oldu. Yarat Müasir İncəsənət Mərkəzinə yığışan gəncləri görəndə yadıma ADO-nun ODA olan vaxtları düşdü.

Onda ODA balaca, qutu boyda bir otağa sığışmışdı. Hələ təzəydi, nə yaşı vardı? Teatrın rəhbəri, dostumuz Elmin Bədəlovu həvəsləndirmək üçün dəridən-qabıqdan çıxırdıq. Hər dəfə görüşəndə:

- Sən dövrümüzün Fəxrəddin Manafovusan... – deyirdik.

Elmin də gülümsünürdü.

İndi Elmin həmənki Elmin idi, bircə fransızsayağı eynəyi gözündə onu başqa birinə çevirmişdi. Böyük ekranın qarşısında 5 ilin tarixçəsindən danışırdı. 5 il e... Bu 5 ildə nələr oldu, bir bilsəniz. Elmingil indi Fransaya gedib küçədə tamaşa göstərirlər, Tbilisiyə festivala dəvət alırlar. Hələ üstəlik “Rustaveli” kanalında onlar haqda reportaj da hazırlanır.

Ekranda məşhur “Mimoda” tamaşası göstərilir. Özü də bilirsiniz hansı hissəsi? Keşiş iki gənci evləndirir. Bu keşişi oynayan kim olsa yaxşıdır?

Arxaya çevriləndə İmam Həsənovun saqqalını tumarlaya-tumarlaya öz çıxışına baxıb qaqqanaq çəkdiyini gördüm. Gülüşünü yarımçıq kəsib mənimlə görüşdü. Yanında İlqar Cahangirov vardı, imici dəyişmişdi. Soruşanda dedi ki, yeni çəkiləcək filmdəki qəhrəmana görədi. Deməli, İlqar müəllimin özü yox, filmin qəhrəmanı tədbirə gəlmişdi.

- Sənin aktyorluğun da varmış ki. – İlqar Cahangirov səhnədəki keşişi göstərib gülümsəyərək İmama deyir.

İmam orda nələr eləyir, İlahi! Əsl komediya. İmam da özünə görə deyil. Mən onu birinci dəfə görəndə xaricdən gəlmiş qonaq sanmışdım. İngiliscə danışırdı, qeyri-adi imici vardı. Saç-saqqal onu buraların adamına oxşatmırdı. Amma İmam qəfil: “Qaqaş, necəsən?” deyəndə çamışdım.

Sonralar İmam bu teatrın ən ciddi kadrı oldu. “Mimoda” da onun əsəri idi. O vaxtlar bu “Mimoda” səhnələşdiriləndə Elmin həyəcanlı idi. İlk dəfə Azərbaycan səhnəsində bu cür çılpaq səhnələr oynanılacaqdı. Aktrisa tapmaq da çətin idi. Bizim aktrisalar üçün bu cür səhnələr qorxulu filmlərə bənzəyirdi. Onda İmam Elzanın bu rolu üstlənəcəyini düşündü. “Bəs o Azərbaycan dilini bilmir” deyəndə isə başını yellədi: “Sevginin dili olmur”.

Bu vaxt dostumuz Elza Furtadonu musiqi quraşdıranların yanında gördüm. Götəriş verirdi onlara. Filan səhnədən sonra bu musiqini qoşmalarını tapşırırdı. Məni görəndə həmişəki kimi qucaqladı. Amma bu dəfə üzündə işgüzar, ciddi bir görkəm vardı.

İllər əvvəl bu qız ODA teatrına gəlir. Fransa səfirliyində işləyən Elza dostları ilə əylənmək fikrindədir. Düşünürlər ki, belə bir teatr var, ora getsinlər. Tamaşa başlayır. Səhnəyə Elmin çıxır. Elza o gündən Elminə vurulur. Sonra Elminlə sevgi yaşayırlar. Bu sevgi teatr sevgisinə daşınır. Həmin sevginin alovları tamaşada öz əksini tapır. Sonra bu sevgilər birləşərək Azərbaycana sevgi yaradır. Və Elza öz Vətəninə qayıtmaq istəmir.

- Necəsən? Nə var nə yox?

Əvvəllər rusca danışardı mənlə. İndi mən rusca danışıram, Elza mənə bizim dildə cavab verir. Artıq Elza Furtado Azərbaycanlı aktrisaya çevrilib.

ADO-nun 5 illik tarixi ekranda göstərilir. Elzayla susub baxırıq. Səhnədə Elmindir, “İntihar” monotamaşasını oynayır, əlində tapança.

Sərxoş günlərimizdən biriydi. Araq alıb teatrın qapısını döymüşdük. Mərhum yazar dostumuz Mövlud Mövludla məni görən Elmin sevinclə qapını açdı. Tezbazar süfrə qurduq. Həmin o balaca səhnədə səhərə qədər vurduq. Sonra Mövlud getdi. Biz səhnədə yatdıq. Günorta yuxudan oyananda Elmini hoppanıb-düşən, qışqır-bağır salan gördüm: “Axşam tamaşa var e... Mən nə edəcəm?” Həmin axşam Elmin “İntihar” tamaşasını oynadı. Sonra o monotamaşada rollar dəyişdi: Mövlud çıxdı səhnəyə. İndi böyük ekranda görünən Elmin mənə Mövludu xatırladırdı. Bu teatrı özündən çox sevən Mövludu...

Фото ADO Theatre - Collective.

Təsəvvür belə edə bilməzsiniz bu teatr necə yaranıb. Min bir zülmlə. Neçə-neçə yer dəyişmək, ordan qovulmaq, burdan söyülmək. Elminin isə həmişə üzündə güllər açıb, həmişə. “Gedək, içək” deyib bütün dərdləri çırpa-çırpa işıqlı günlərin sağlığına badə qaldırmağını bir görərdiniz.

İndi Elnur Hüseynov bardaş qurub mahnı oxuyanda bizim küçələrdə içib mahnı oxumağımız yadıma düşür. Bu teatr o küçələrdəki sərgüzəştlər hesabına ayaqda qaldı. Elmin çox ümidliydi, həyəcanla danışırdı, biz də qulaq asırdıq. Axşam 20 qəpik tapıb metroya dağılışırdıq.

Bu teatr gözümüzün qabağında beləcə yarandı. Təzə yerə köçəndə qolumuzu çırmalayıb işə girişdik, sil-süpür elədik, ondan sonra teatrın bukletlərini payladıq. O zaman teatrın bir şüarı vardı, hər yerdə bu şüarı bayraq edirdik: “Tamaşaya bir adam da gəlsə, ona görə oynamaq lazımdır”. Əvvəl bir adam gəldi, tamaşaya baxıb bəyəndi, sabahısı yanında dostunu gətirdi. Dama-dama göl olar prinsipi ilə Elmin bu gün böyük bir tamaşaçı kütləsi topladı.

Təsəvvür edin, indi “Yarat”da bu qədər gənci görəndə xeyli təəccübləndim. Deməli, bu 5 il əzab-əziyyət nəyəsə dəyibmiş.

Bu vaxt Elmin fransızsayağı eynəyi ilə qabağıma çıxdı:

- Dövrümüzün Fəxrəddin Manafovu! Necəsən? Ad günün də mübarək!

Qucaqlaşdıq.

- İstirahətə gedərsən bundan sonra, qəşəng dincələrsən.

- Nə dincəlmək, a kişi. Teatrı qoyub hara gedirəm?

Elmin həmişə belə olub, həmişə. Heç dəyişməyib. Biz deyirdik ki, gedək gəzək, kef eləyək. Qaşlarını çatıb soruşurdu: “Bəs teatrı kimə tapşırım? Teatr mənsiz qala bilməz axı”.

İçəridən gurultulu alqışlar gəlirdi. Elminlə siqaret çəkirdik. Hiss edirdim ki, bu alqışlar Elminin xoşuna gəlir. Bu 5 illik zəhmətin qarışılığı idi axı.

Keçmiş günlərdən danışırdıq. Gah kövrəlirdik, gah da gülürdük.

Azərbaycanda bir müstəqil teatrın beş yaşı tamam oldu. Bu o qədər gözəl hadisədir ki, sözlə izah etmək çətindir. Nə zülmlər bahasına bu günə gəlib çıxdıqlarını mən bilirəm. Onlar heç nəyə baxmadan ayaqda durdular. Teatr səhnəsində 18+ oynayanda, çılpaq halda öpüşəndə hamı onlara söydü, dözdülər. Sonra o söyənlərin də cavabını verənlər tapıldı. Bu teatrı sevənlər çıxdı ortaya. Onlar sinələrini qabağa verib teatr uğrunda vuruşdular. Gənclər axın etdi. Elmin indi kənardan durub onlara məhəbbətlə baxan ağsaqqal aktyorları xatırladır.

ODA teatrının adı tərsinə çevrilib oldu ADO. Ancaq bu tərsinə çevrilmiş tısbağa olmadı, çanağı üstə çabalaya-çabalaya qalmadı bu teatr. ODA-nın tərsinə yazılanı çox işlər gördü, Azərbaycan teatr səhnəsində fərqli, özünəxas bir ab-hava yaratdı.

-Aşağıda vino da var. – Elza qolumdan tutub dartışdırır. – Gedək...

Nəysə, mən aşağı düşüb bir fransız şərabı içim, siz də bu teatrı tanıyın, tamaşalarına baxın. Bu teatrı yaşatmaq lazımdır. Onu biz yaşadacağıq.

news-inner-user
Ayxan Ayvaz

512 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021
Musa Yaqub vəfat etdi
15:35 07 May 2021
Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
15:21 07 May 2021
“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021