Kafka niyə güzgüyə baxmırdı? – Qorxmaz Quliyevdən SİTATLAR

Kafka niyə güzgüyə baxmırdı? – <span style="color:red;">Qorxmaz Quliyevdən SİTATLAR
10 iyul 2017
# 17:42

Bu gün professor Qorxmaz Quliyevin doğum günüdür. Kulis.az bu münasibətlə dəyərli alimimizi təbrik edir, onun sosial şəbəkələrdə sənət və ədəbiyyat barədə yayılan qeydlərindən seçmələri oxucuların diqqətinə çatdırır.

Ədəbiyyatın böyük şəxsiyyətlərə - fərd-simvollara, fərd-paradiqmalara, fərd-nümunələrə ehtiyacı varmı? Ən azı iki səbəbə görə var. Birincisi, sənətdaxili problemlərin həll olunmasından ötrü, ədəbi-bədii fikrin gələcək inkişafı üçün təbii ki, belə şəxsiyyətlər tələb olunurlar. Yalnız orta səviyyəli sənətkarlardan təşkil olunmuş, say-seçmələrsiz ədəbi proses özü özünün inkişafını stimullaşdıra bilməz. Amma fikrimcə böyük şəxsiyyətlərə ehtiyac ilk növbədə sənətkar - oxucu toplumu ilə bağlıdır. Bir qədər təmtəraqlı danışdığıma görə hörmətli izləyicilərimdən üzr istəyirəm - mənə elə gəlir ki, böyük sənətkarlar uca zirvəli-dərin uçurumlu dağlar kimidir: oxucuya həm məhdud düşüncə-emosional çərçivəsindən çıxıb geniş dünyaya boylanmağa, həm öz dərinliklərinə enib hiss və düşüncələrini təhlil etməyə imkan verir: Hamleti özününküləşdirmiş insan qardaşının qulağına civə töküb onu qətlə yetirməz, Cəlilləşmiş, Sabirləşmiş azərbaycanlı yorğanı öz üzərinə çəkib, milləti soyuqda üşüməyə qoymaz. Lakin eyni zamanda sənətkar-paradiqma öz əzəməti ilə, möhtəşəmliyi ilə məni əzib məhv etməyə cəhd göstərməz: ən böyük sənətkar həm də ən mərhəm sənətkardır. Yəqin bu keyfiyyət əsl şəxsiyyət-nümunələrə də aiddir. Mən şəxsən özümü M. Rəsulzadə ilə təmasda elə rahat hiss edirəm ki...

***

Səhər-səhər İlyas Tapdığa zəng vurmaq istəyən və bununla bağlı ovqatı qarışmış Ayaz Arabaçıya onsuz da ovqatı qarışıq olan adamdan: dünyasını dəyişmiş yaxınımızın telefon nömrəsini yığmaq istəyi və bunun bihudə olmasını dərk edərək duyduğumuz ağrı kəsilmiş ayağın fantom-qarabasma qaşınmasına və bunun qarşısının alınmasının qeyri-mümkünlüyünə, siqareti tərgitmiş insanın ciyərinin yox, barmaqlarının siqaret həsrətində olmasına bənzəyir. Bəzən mənə elə gəlir ki, barmaqlarımızın yaddaşı daha həssasdır, qəlbimizin yaddaşına beynimizdən daha yaxındır.

***

U.Eko: "Müasir müəllifə sanki o qədimdir, qədim müəllifə sanki o müasirdir kimi yanaşın". Bu semantik baxımdan çoxlaylı deyimdə ən üzdəkinə görə oxucunun diqqətini müasir sənətkarın yaradıcılığında əzəli-əbədi dəyərlərin inikasına, qədim sənətkarın yaradıcılığında isə müasir dövr üçün aktual olan problemlərin təcəssümünə yönəltməsi tələbi öz ifadəsini tapmışdır.

***

Kafka bütün ömrü boyu öz xarici görünüşü ilə maraqlanmışdır. Lakin bircə dəfə də olsun güzgünü qabağına qoyub özünü seyr etməmişdir. Yəni düşünməmişdir ki, məhz güzgü bu məqsədə xidmət edir. Ya da hiss edirmiş ki, güzgü insanı təhrif edir - cansızlaşdırır, səthiləşdirir, dərinlikdən məhrum edir, onsuz da dünyada müvəqqəti olan insanı aniləşdirir - güzgünün qabağından çəkildin, güzgü üçün tamamilə yoxa çıxdın. Amma real güzgüdən baş götürüb qaçan Kafkanın bütün əsərləri onun özünü seyr etdiyi, özünü dərk etmək istədiyi, öz halına yandığı güzgülər silsiləsidir. Məhz buna görə də onun bütün qəhrəmanları ölüvaydır, cansıxıcıdır, sxematikdir. Lakin nədənsə oxucu onların həyatını - iztirablarını dolğun şəkildə yaşayır. Bu sirri aça bilən tədqiqata hələ rast gəlməmişəm.

***

Hegel təkidlə qeyd edirdi ki, tarixin yeganə əyani dərsi heç vaxt, heç kimə, heç nəyi öyrədə bilməməsi olmuşdur. Biz isə tarixin bu etirafını qulaq ardına vurub özümüzü elə aparırıq ki, guya tarixin bütün hadisələrini intellektual və emosional baxımdan həzm-rabedən keçirib düzgün nəticə çıxarmışıq və hətta tarixə dərs deməyə girişirik. Heç kimin heç zaman heç nəyi dərk etməməsinə bundan gözəl misal ola bilərmi?

***

İtalyan intibahının ideoloqlarından biri olan Piko della Mirandola yazır: "Mən səni nə səmavi, nə dünyəvi, nə ölümlü, nə ölümsüz yaratmışam. Buna görə də sən öz iradənlə və vicdanınla azad ola bilərsən - və sən özün özünü xəlq edən və yaradan olmalısan. Mən sənə yalnız öz iradənlə inkişaf etmək və dəyişmək imkanı vermişəm". Allahın adından danışan Mirandola insanın vicdanına yox, iradəsinə önəm verməklə İntibahın bəşər cəmiyyətinin dağılması ilə nəticələnən mərkəzdənqaçma meyllərini hərəkətə gətirdi.

***

Umberto Eko: "Mətnlərin müxtəlif tipləri mövcuddur. Onların bəziləri oxucudan maksimum müdaxilə tələb edirlər, özü də bu müdaxilə təkcə fabula səviyyəsində tələb olunmur. Bu mətnlər (əsərlər) "açıq"dırlar. Digər mətnlər isə yalnız özlərini elə göstərirlər ki, guya bizim onunla birgə yaradıcılığımızı gözləyirlər. Həqiqətdə isə onlar özlərini, öz düşüncə tərzlərini bizə sırıyırlar. Bunlar "qapalı" repressiv mətnlərdir".

***

Yazıçı-oxucu münasibətlərinin bir-birini tamamlayan ikiqat hərəkəti kitabın yaşamasını təmin edən əsas faktordur. Müəllif əsəri fikirləşib düşünüb-daşınanda onun düşüncələri daim hərəkətdə olur: o, götür-qoy edir, dönə-dönə bu və ya digər variantın üzərinə qayıdır. Bir də görürsən əvvəlcə imtina etdiyini yenidən təshih edib əsərə daxil edir. Yazı prosesi şübhəsiz ki, aramsız hərəkətdir - təxəyyülün hərəkətidir, intellektin hərəkətidir. Sonra düşüncə, niyyət, proyekt mətnə çevrilir, mətn də fürsəti fövtə verməyib öz qanunauyğunluqlarını, bəzən də ərköyünlüklərini müəllifə diktə edir. Əsər oxucuya ötürüldükdən sonra hərəkəti davam etdirmək oxucunun boynuna düşür. O da bildiyi-bilmədiyi, bacardığı-bacarmadığı kimi mətni özününküləşdirərək hərəkəti davam etdirir. Əsərə dayanmaq, ayaq saxlamaq, nəfəsini dərmək yaraşmır: açılmayan, mütaliə olunmayan kitab yoxdur. Lakin paradoks ondadır ki, kitab ölü deyil; o, insan əli toxunan kimi - hərəkəti bərpa olunan kimi dərhal varlığa çevrilə bilən yoxluqdur. Bu bəlkə də kitabın ən böyük möcüzəsidir - insanları mənəvi-əxlaqi topluma çevirən, daim hərəkətdə olmağı tələb edən Kutab!

***

Heç vaxt yaddan çıxarmaq olmaz ki, oxu həmişə fərdi səciyyə daşıyır, formal cəhətdən bircə nöqtəsinə, vergülünə belə toxunmaq mümkün olmayan mətnin oxucu tərəfindən ixtiyari şəkildə dərk olunması prosesidir. Buna görə də hər hansı bir tənqidçinin bu və ya digər mətnə verdiyi ən obyektiv şərh də subyektivdir, mən hətta deyərdim, paradoksal şəkildə ən subyektiv şərhdir və təbii ki, oxucu tərəfindən qeyd-şərtsiz qəbul oluna bilməz. Lakin əgər qeyri-adi inandırıcılıq qabiliyyətinə malik tənqidçi nəzəri cəhətdən kimi isə mütləq haqlı olduğunu inandırmağa nail olursa, onda oxucunu özgür düşünmək, mətni öz dünyaduyumuna və dünyagörüşünə uyğun şəkildə yenidən yaratmaq bacarığından məhrum edir, onu öz kölgəsinə çevirir. Bu bacarıq isə mətni mənimsəməyin zəruri şərtidir. Əsl obyektiv tənqid tənqidçinin qənaətlərini mütləq həqiqət qismində təqdim etmək yox, oxunun strategiyasını, çoxsaylı vektorlarını müəyyən etməkdir: böyük tənqidin vəzifəsi dünyaya açıq mətnin açıqlığını oxucunun nəzərinə çatdırmaqdır.

***

Məqsəd etibarilə ədəbi-bədii nümunə haqqında hər bir şərh, hər bir rəy onun mahiyyətinin açıqlanmasına xidmət etməlidir. Lakin paradoks onunla bağlıdır ki, mənim əsər haqqında söylədiyim rəy nə qədər ağlabatan olsa, verdiyim şərh nə qədər ətraflı düşünülmüş məntiqə söykənsə, əsər bir o qədər mənimkiləşir və bir o qədər öz real məzmunundan uzaqlaşır: mən faktiki olaraq ədəbi-bədii nümunəyə öz görmə bucağımı zorla qəbul etdirirəm. Bu halda müəllifin şərhi də problemi həll etmir, çünki onun da şərhi özəl görmə bucağının məhsuludur. Fikrimcə yeganə çıxış yolu əsərə "beyin hücumu" etməklə bağlıdır - əsərin həqiqətini tam olmasa da, maksimum üzə çıxarmaq üçün onun haqqında son dərəcə müxtəlif - bir-birini təkzib edən, dəstəkləyən, tamamlayan şərhlər tələb olunur. Şərhçilər isə paradoksal şəkildə bir-birinə qarşı eyni zamanda həm dözümlü, həm də dözümsüz olmalıdır. Bir sözlə, böyük sənət nümunəsi öz həqiqətini yalnız demokratik şəraitdə açıqlayır.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #