news-inner
clock11:50 calendar-gray 23 May 2017 view-gray128 dəfə oxunub
view-gray128 dəfə oxunub

Afaq Məsud: Anın mənzərəsi və məqamın anatomiyası

Kulis.az Nəriman Əbdülrəhmanlının “Afaq Məsud: Anın mənzərəsi və məqamın anatomiyası” yazısını təqdim edir.

Təxminəm iyirmi il əvvəl yazıçı Afaq Məsudun doğum günü bəhanəsilə bir köşə yazısı qələmə almışdım... Onda şəxsi tanışlığımız yox idi, həmin ilin də yuvarlaq rəqəm olduğunu bilmirdim...

Yazı görünür, yaxşı mənada Afaq xanımı təəccübləndirmişdi ki, səhəri gün redaksiyaya zəng vurub razılığını bildirmişdi...

Mən onda artıq iyirmi il idi ki, Afaq Məsudun oxucusuydum, ilk nəsr toplusunun (sonralar bildim ki, həmin kitab nəşr olunanda heç iyirmi yaşı da yox imiş) təsirilə, demək olar, işıq üzü görən bütün əsərlərini oxuyurdun, artıq təsəvvürüm bitkin bir yazıçı obrazı vardı...

Köşə yazısından düz yeddi il keçmişdi, 2004-cü ildə Yazıçılar Birliyinin qurultaydan sonrakı ilk plenumunda İdarə Heyətinin üzvü kimi təsadüfən yanaşı əyləşmişdik. Cəmi bir saat əvvəl işdən çıxmaqla bağlı ərizəmi yazıb “Ulduz” jurnalının baş redaktoru rəhmətlik Ələkbər Salahzadənin masası üstünə qoymuşdum. Afaq xanım harada işlədiyimi soruşdu. Cavab verdim ki, hələlik heç yerdə. Dedi, “Xəzər” jurnalının nəşrini bərpa eləyirəm, gəl bizimlə işlə. O vəziyyətimdə belə bir təklif məndən ötrü göydəndüşməydi, düşünüb-daşınmadan razılaşdım...

Onda Afaq Məsudun böyük çətinliklər bahasına qoruyub-saxladığı Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində iki iləcən unudulmaz Natiq Səfərov və Tofiq Abdin, eyni zamanda ən ağır vaxtlarda Afaq xanımı tək qoymayan Zakir Fəxri və Yaşarla birgə işlədik...

Düz yeddi il sonra da yolumuz Afaq Məsudun uzun və inadlı mübarizəsindən sonra yeni status, missiya və havayla fəaliyyətə başlayan Azərbaycan Tərcümə Mərkəzində kəsişdi...

***

Afaq Məsudun “Üçüncü mərtəbədə” adlı ilk hekayələr toplusu mənə boğanaq havada qəfil əsən, ruha dinclik gətirən, mehi xatırlatmışdı. (Sonralar o duyğunu Şahmarın, Kamal Abdullanın, Eyvaz Əlləzoğlunun, Saday Budaqlının, Əlabbasın, Yaşarın, Etimad Başkeçidin, Fəxri Uğurlunun... hekayə və povestlərini oxuyanda duydum.) Əmin oldum ki, o hekayələrin müəllifi yazıçılar bolluğunda ədəbiyyatın, əslində, nə olduğunu yaxşı dərk eləyən, bu məqama ağlagəlməz mənəvi əzablar bahasına çatmış azsaylı qələm sahiblərindəndi. Yəqin ki, “Şənbə gecəsi” hekayəsindəki situasiya da boş yerdən yaranmışdı: “Göz yaşlarının qaynar damcılarla vərəqlərin üstünə damdıqca fikirləşdi ki, özünü öldürməmişdən əvvəl bütün bu biabırçılıqdan qurtarmaqdan ötrü mütləq ilk növbədə makinasını və bu səfeh cümlələrlə dolu vərəqləri yoxa çıxarmalıdı. Makinanı elə indicə - evdəkilər və həyət qonşuları yuxuda ikən həyətə düşürüb, orda ağaclığın görünməz hissəsində torpağa basdırmalı, vərəqləri isə sadəcə, yandırmalıdı...”

Afaq Məsudun “Şənbə gecəsi” toplusunda da maraqlı süjet xətti qurmaq, mükəmməl obrazlar yaratmaq, mütləq proloq, kulminasiya nöqtəsi və epiloq fikirləşib tapmaq... kimi qayğıları duyulmurdu, yazıçı oxucuya əhvalat nağıl eləmir, RUHUnun çəkdiyi və SÖZÜnün yetdiyi yerə gedir, ANIN MƏNZƏRƏSİni, MƏQAMIN ANATOMİYASInı açıb göstərirdi. Bu get-gedə püxtələşən üslub onun sonrakı əsərlərində də özünü aydın büruzə verdi: “Yağışın səsi elə kədərliydi ki, yadına hardansa, tanış, qəmli bir melodiyanı salırdı... Melodiyanı dodaqaltı, sakitcə oxudu və hiss elədi ki, yavaşca ürəyinin başı söküldü... Başını qoluna qoyub ağladı. Ağlaya-ağlaya, bir müddət nəyə görə ağladığını fikirləşdisə də, başa düşə bilmədi…” (“Dovşanın ölümü”).

Mənə görə, ən yaxşı əsərlər şüursuzluq, yaxud boşluq məqamında yaranır. Həmin məqamda yazıçı nizamlı düşünə bilmir, nə yazacağını dərk eləmir, amma nəsə yazacağını fəhmlə duyur, get-gedə özündən aralanır, ayağı yerdən üzülür, başı göyə çatmır, cismən yerdə, ruhən Yerlə Göy arasındakı BOŞLUQDA qalır, o İlahi vəziyyətdə də diqtə olunanları yazır...

Şübhə eləmirəm ki, Afaq Məsud “Sərçələr”, Dovşanın ölümü”, “Gecə”, “Tək”, “Qəza” hekayələrini, “İzdiham”, Dəfn”, İşığa doğru”, “Suiti”, “Azadlıq” romanlarını da o İLAHİ BOŞLUQda qələmə alıb. Düzdü, sonralar müsahibələrindən birində deyəcəkdi: ““İzdiham” əsəri mənim yeganə əsərimdi ki, tam şüursuz şəkildə yazılıb. Yəni mən onu, nə yazacağımı düşünüb-daşınmadan, heç bir süjet xətti qurmadan, elə-belə yazmışam. Yazdıqca, duyduğum bir o olub ki, nə vaxtdan bərisə içimə yığılıb qalmış möhtəşəm bir qəhərdən azad oluram... Əslində, hər bir insanın şüuraltısında onun uşaqlıq, yeniyetməlikillərindən qalan irili-xırdalı zədələr var. Onları xatırlamaq, anmaq, üstəlik, kağıza köçürmək imkanı isə görünür,hər adama verilmir…” Amma mənə görə, sadaladığım hekayə və romanlardakı yaşantıları düşünüb-qurmaq, planla-nizamla yazmaq çətindi...

Afaq Məsudun nəsri sosial nəsr deyil, yəni o, yazmaqla ictimai borcunu yerinə yetirməli olduğunu düşünmür, oxuculara mənəviyyat dərsi verməyə çalışmır, insanların ətrafına yox, qəlbinə nəzər salır, daha çox Zahirlə yox, Batinlə maraqlanır. Onun başlıca mövzusu Allah bəndəsinin YAŞAM və OLÜMüdü, qəhrəmanları da bu iki hüdud arasında vurnuxur, çırpınır, YAŞAMIN MƏNASINI, ÖLÜMÜN MAHİYYƏTİNİ dərk eləməyə çalışırlar. “Ölüm, çox qəribədi ki, qara rəngdə deyildi. Dumanlı yaz səhəri kimi, ağappaq və soyuq idi. Fikirləşdi ki, öləndən sonra orda – o qatı dumanın içində bu balaca canıyla neyləyəcəkdi?!.. Oturacaqdı, uzanacaqdı, ya qanad açıb sərçə kimi uçacaqdı?!.. Bunu bilmirdi. Bir də bu aydın otaqdan ora – o dumanlı yerəcən necə gedəcəkdi?!.. Harasısa ağrıyacaqdı, ya nəfəsi daralacaqdı, yoxsa, ət maşınına bənzər əcaib mühərrikin dişlərində əl-ayağı qarışıq çəkilə-çəkilə, qiyməyə dönüb gedəcəkdi?!.” (“Sərçələr”) Yaxud: “…Ölüm isə hardasa, budu buralarda, lap yaxınlıqda idi… evin hansı küncündənsə, qalın pərdələrin arxasından bir gözü ilə ona zillənmişdi… fikirlərini, ürəyindən keçənləri bir-bir tutub çinədanına atır, bir az da zəifləyib əldən düşməyini, atılıb sinəsinə qonanda, ona həmin dəqiqə təslim ola biləcək hala çatmağını gözləyirdi…” (“Üzü işığa”).

Elə buna görə də Afaq Məsudun əsərlərini hər vaxt, hər hansı bir ölkədə oxuculara arxayın təqdim eləmək olar. Üstəlik, o, “Alman kilsəsi”, “II İohann”, “Müvəkkil Vaysman”, “S.V.A.C.O”, “Prezident” kimi əsərlərilə bizə Azərbaycan yazıçısının təkcə öz ölkəsinə yox, bütün dünyaya mənsub olduğunu ustalıqla xatırladır. Fikrimcə, Afaq Məsud yaradıcılığının artıq Rusiya, Ukrayna, Belorus, Avstriya, Türkiyə, Misir, Özbəkistan, Estoniya... oxucularına tanış olması, kitablarının nəşr olunması, əsərlərinin tədqiqata cəlb edilməsi məhz bunun nəticəsidi...

***

Türkcə mükəmməlliyi bildirən “dörd dördlük” ifadəsi var...

Esseistika, dramaturgiya və tərcümə Afaq Məsud nəsrini tamamlayan yaradıcılıq sahələridi...

Duyğular İmperiyası” yazıçının hekayə və romanlara çevirməyə macal tapa bilmədiyi, amma qələmə almaqla təskinlik tapdığı, İNSAN, HƏYAT, ÖLÜM, SƏNƏT, ƏDƏBİYYAT... haqqında həcmcə qısa, lakin çox tutumlu düşüncələri, məhrəm duyğuları, acılı-şirinli etiraflarıdı. Məsələn, əminəm ki, macalı olsaydı, ikicə cümləlik “Narıncı hörümçək” essesini ən azı, gözəl bir hekayəyə çevirə bilərdi: “Srağagün yuxuda balışımın üstüylə büdrəyə-büdrəyə harasa aşağı qaçan axsaq, narıncı hörümçəyi bu səhər idman elədiyim otağın divarıyla, harasa üzüyuxarı qaçan gördüm. Otağın divarında azmış kimi, dövrə vuran balaca hörümçək büdrəyə-büdrəyə, elə bil çaşıb çıxdığı yuxunun girəcəyini axtarırdı...” Yaxud “Ədəbiyyat oyunu” essesi məndə bütöv bir kitabın qısa xüıasəsi təəssüratını oyadır: “Ədəbiyyat, əslində, oyundu. Yazıçı, demək istədiyini, başına gələnləri yaxın adamına danışan kimi, qısaca yaza bilər. Amma o, belə eləmir. Demək istədiklərinə min bir bəzək qatıb oxucunu, bəzən özünü də çaşdıra-çaşdıra uzun-uzadı, dolama-dolayısı yollarla gedir. Yazıçının, özünü bu çətinliyə salmasının səbəbi nədi? Ədəbiyyatın zəngin mətbəx ənənələrindən xəbərsiz oxucunun beynini dumanlandırıb qəlbini fəth etmək arzusu? Bu mənada, şairlər nasirlərdən daha təhlükəsizdirlər. Onlar demək istədiklərini daha qısa şəkildə çatdırırlar. Nasirlər arasında da belələri var: Çexov və Kafka...”

Görünür, "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza", "Dovşanın ölümü" hekayələri əsasında televiziya filmlərinin çəkilməsi Afaq Məsudu dramaturgiyayla doğmalaşdırıb, nəticədə “Yol üstə”, “O, məni sevir”, “Qatarın altına atılan qadın”, “Can üstə” "Kərbala", “Mənsur Həllac” pyesləri araya-ərsəyə gəlib. "Can üstə", "O məni sevir" pyesləri "Yuğ" Dövlət, "Qatarın altına atılan qadın" Milli Akademik Dram Teatırında tamaşaya qoyulub. Dramaturgiyadakı uğurları yazıçıya “Azərbaycanın Əməkdar İncəsənət Xadimi” fəxri adını qazandırıb, üstəlik, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib, Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin qalibi olub.

Afaq Məsud, güman ki, yazmaq istədiyi, amma başqalarını qismətinə düşən əsərləri - Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını - M.Nəsəfinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları", Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilimizə çevirib...

Məncə, “Duyğular imperiyası”, üstəlik, qələm adamlarının portretləri, çoxsaylı məqalələr, pyeslər və tərcümələrlə birgə Afaq Məsudun nəsr yaradıcılığı daha sanballı və bütöv görünür...

***

Afaq Məsud deyir, “Dünya mənim üçün qərib bir yerdir”. Amma bu qərib dünyada yaradıcılığıyla yanaşı, ictimai borcunu layiqincə yerinə yetirmək üçün heyrətamiz enerjiylə çalışır, dil məkanımızda və tərcümə təsərrüfatımızda nizam yaratmaq üçün qüvvəsini əsirgəmir...

Afaq Məsud deyir, “Ədəbiyyat insanı bu dünyadan xilas etmək üçündür”. Amma elə insanı bu dünyadan xilas eləmək üçün də ömrünün ən azı qırx ilinə qızırğalanmayıb...

Afa Məsud deyir, “Bəzən mənə elə gəlir ki, nə isə ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil…” Amma məşğul olduğu iş məhz ƏDƏBİYYATdı, bundan tam əmin ola bilər...

23 may 2017

Paylaş

Oxşar xəbərlər