news-inner
clock12:43 calendar-gray 22 May 2017 view-gray358 dəfə oxunub
view-gray358 dəfə oxunub

Gürcü rəssam kimə “Sən böyük boyaçı olacaqsan” demişdi?

Kulis.az Azər Abdullanın “Boyaçı sənətçimiz ən uca pillədə” yazısını təqdim edir.

İkimiz də «İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu»nda- mən aqronom, Nağdəlisə zootexnik bölməsində oxumuşduq. Mən texnikumu bitirəndə o yenicə daxil olmuşdu. Nağdəlinin mehriban, isti münasibətilə müqayisədə mənim onunla soyuq, biganə davranmağımın səbəbi bəlkə yaşca ondan böyük olmağım, bəlkə özümün də xəbərim olmadığı içimdəki gizli təkəbbürümlə bağlıydı. Bu, mənə indi də aydın deyil. Biz bir də on-on iki ildən sonra Bakıda “Yaşıl Teatr” adlanan ərazinin yamyaşıl bağında görüşdük. Mən qalın meşəyə bənzər həmin bağın ortasında “Kamaz” sürücüsü rusun evində, daha doğrusu, darısqal daxmasında kirayəşin qalırdım. Yay günlərinin birində Nağdəlini həmin bağın talaya bənzər günavar yerində etüdnikin arxasında dayanıb nəsə çəkdiyini gördüm. Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuduğunu bildim. O vaxtlar mən respublikada səviyyəsinə, milli ruhuna görə sayılıb seçilən, sevilən mətbuat orqanlarından biri olan“Qobustan” incəsənət dərgisində çalışırdım. Dünyanın ünlü rəssam, heykəltaraş, bəstəçi, memar, artistlərini tanıyır, onların yaradıçılığına müəyyən qədər bələd idim. Bir çox izmlərdən xəbərim vardı. Azərbaycanın neçə-neçə tanınmış rəssamlarının emalatxanasında dəfələrlə olmuş, onlar barəsində yazaraq dərgimizdə çap elətdirmiş, televiziya verilişləri hazırlamışdım. Bu səfər də, bəlkə bunlara görə hələlik fırçası əlində möhkəm oturmamış, baxıb gördüyü ağacı, budağı, yarpağı, otu, qayanı oxşatmağa çaba göstərən gənc Nağdəliyə üstən aşağı baxaraq “eh, dost, zamanın harasındasan... bu azmanların içində nə edəcəksən...” düşündüm...

İyirmi il də ötdü, Nağdəliylə Bakı küçələrinin birində yenə də təsadüfən rastlaşdıq. Ayrılanda o:

– Altmış illiyimlə bağlı fərdi sərgim olacaq. İstəsən, gəlib baxarsan,- dedi. “Yəqin barəsində yazmağım ürəyinnən keçir. Səttar Bəhlulzadə, Çingiz Əziz, Rasim Babayev, Tələt Şıxəliyev...dən sonra səndənmi yazmalıyam?..” ağlımdan keçdi. Sərginin açılışında deyil, sərginin sonuncu günü salona gəlib rəsmlərinə baxdım. Sözün düzü, işləri məni o qədər də açmadı, xala xətri qalmasın deyə təbrik edib boğazdan yuxarı bir-iki xoş söz dedim. Ancaq ondan ayrılanda mənə bağışladığı boyayla çəkdiyi çılpaq qadın rəsmini çox bəyəndim. Aşıb-daşan sevincimi ondan gizlətməyə çalışdım...

Aradan nə qədər zaman axdı, xatırlamıram. Günlərin bir günü Nağdəli zəng edib məni oğlunun toyuna dəvət elədi. Halım nasaz idi, “Yenə toy Bakıda olsaydı, özümü toparlayıb gedərdim. Bu durumda Mərdəkana get... Gecə də yorta-yorta ordan geri qayıt...” düşünür, xəstəliklə bağlı bəhanəm olduğuna sevinirdim...

Ancaq aylar, illər otdükcə Nağdəliyə olan borcum ilbəil ağırlaşıb çiyinlərimi aşağı basırdı..”O vaxt toya getməyəcəyimi heç olmasa öncədən xəbər də eləməmişdim...” Qəzetlərin birində onun rəsmlərindən ikisinin fotosurətini (ağ-qara) çap etdirməklə, öz aləmimdə onun borcundan nisbətən qurtuldum. Ancaq yenə də sakit ola bilmirdim. Elə bilirdim o vaxtlardan uzun, uzun zaman keçib, aramızdakı yolları ot basıb. Telefonunu itirmişdim. Rəssamlar İttifaqından telefon nömrəsini öyrənərək zəng eləyib birnəfəsə:

– Qardaş bilirəm, məndən incimisən. O vaxt toyunuza gələ bilmədim. Gəl görüşək, harda istəyirsən, kefin istəyən bir qonaqlıq da verim...

- Əstəğfurullah, nə incimək! Nə qonaqlıq! Haçan istiyirsən görüşək...

Bir gün sonra “Azərbaycan” nəşriyyatında qucaqlaşıb görüşdük. Saç-saqqalı ağarmış, ağır yerişli nurlu bir qocaydı. Bir suyu Toğrul Nərimanbəyovu xatırladırdı. Həmin gün nəşriyyatın bufetində çay içərkən qəzetçilərin, jurnalistlərin, oradan “Elmlər Akademiyası” metrosunacan ayaqla gedərkən yanımızdan ötən tələbələrin, müxtəlif insanlarıın ona maraqla baxdıqları gözümdən yayınmadı. Ayrılanda:

– Yetmiş illiyimlə bağlı Rəssamlar İttifaqında yubiley sərgim olacaq... Gəl gör, qardaşın nələr eliyib...- dedi. Səhərisi gün sözləşdiyimiz kimi elektron poçtuma yağlı boyayla çəkdiyi on beş əsərinin fotoüzünü göndərdi. Aşıq Ələsgərin, Şeyx Şamilin portreti, avtoportret, Tut ağaçı, Quş yuvası, Balıqçılar, Narlar, Natürmort, Bayquşlar, Heyratı, Geçə vaxtı dəniz, Qızılgüllər, Dan yeri, Məhəmməd Füzuli, İlk İslam həmrəyliyi əsərləri...

Tablolardakı sarı, narıncı, yaşıl, qırmızı, mavi, qara boyaların işığı neçə qatımdan keçərək içimi, ruhumu nurlandırdı. Gözləmədiyim işıq seli varlığımı çulğadı. “Son on ildəmi bu səviyəyə çatıb... Olmaya qabaqlar mən onun rəsmlərini görüb duya bilməmişəm.” Əşrəf Muradov, Kamal Əhmədov, Çingiz Əzizov, Tələt Şıxəliyev, Toğrul Nərimanbəyov, Rasim Babayev, Səttar Bəhlulzadənin əsərləri çay kimi xəyalımdan axıb getdi. Bu çay, ucu-bucağı görünməyən azman sənət nəhrindən ayrılmış Abşeron rəssamlıq qoluydu. Bunlardan qabaq mənbəyə, yəni zaman axarının əksinə doğru irəlilədikçə Van Qoq, Qogen, Klod Mone, Eduard Mane, Pissarro, Sissley, Bazil...- dən olan impressionist qoluydu, bir az da öncəki Təbriz Miniatür Məktəbiydi. Bu suların, bəzən həzin, bəzən səsli-küylü axıb gələn al-əlvan boyaların hamısı demiyəsən, Nağdəlinin içindən, ruhundan axıb keçibmiş. Tablolarındakı istiliksə boyalara qarışmış qaynar qanıyla bağlıymış. Rentgen, UZİ, tomoqrafi sənət analizindən keçirilsə, Nağdəli Xəlilin əsərlərində təbii ki, adları çəkilən ünlü rəssamların əsərlərindəki “hüceyrələrdən, hormonlardan” tapmaq olar. Məsələn, işıq dolu, könül oxşayan mavisi Soltan Məhəmmədin, Əli Mirəkin mavi boyasıyla can bir qəlbdə olduğu aydınca sezilir. Ancaq bu oxşarlıq yüzlərlə çiçəkdən çəkilən şirəylə, suyun qarışığından alınmış balın bənzəyişi qədərdi. Bal hansı gülə-çiçəyə oxşayır, təbii ki heç birinə.

Tanıdığım istər Azərbaycan, istər Avropa, istərsə də dünya rəssamlarından olsun, heç birində Nağdəlinin tablolarındakı qədər boyanın bol-bol, səxavətlə işlədildyini görməmişəm.

Yazılana görə Mark Şaqal Parisdəki Qarne opera binasının tavanında çəkdiyi işə 200 kq boya işlədib. Rəqəm çox böyük görünür. Ancaq bu boyanın 220 kv.metrə sərf olunduğu aşkarlananda, hər kv.metrə bir kiloqramdan da az boya işlədildiyi bəlli olur. Bir kərə 93x73 ölçüdə olan, təkcə oxuyan deyil (yüzlərlə quş civiltisi-cükkültüsü gələn), həm də rəqs edən-oynayan boyaların qarışığından yaratdığı “Quş yuvası” tablosunu göstərərək Nağdəlidən – Deyə bilərsənmi, burda təxminən nə qədər boya işlənib? - soruşdum.

– Ən azı iki kilo, iki yarım gedib... - dedi. – Bilirsən, Natəvanın portretini işliyəndə azından on kərə qaşıyıb tökmüşəm, yenidən işləmişəm. Gop olmasın, o portretə bəlkə də 4-5 kilo boya gedib...

Söhbət təkcə boyanın qızırqanmadan səxavətlə bol-bol işlədilməsindən üst-üstə, lay-lay qalın yaxılar çəkilməsindən getmir. Söhbət həcminə, formasına, rənginə görə bir-birinə bənzəməyən minlər, bəlkə on minlərlə yaxını (mazoku) cilovlayıb bir kökə, bir hala, bir ovqata, bir ahəngə gətirmək bacarığından, səriştəsindən gedir. London Simfonik Orkestrinin dünyaca məşhur drijoru Valeri Gergiyev, yaxud, ondan geri qalmayan maestro Niyazimiz gah qol, əl, barmaq, çiyin, gah baş, dodaq, göz-qaşının və sehirli çubuğunun bəzən incə, bəzənsə sərt hərəkətiylə tərkibində onlarla müxtəlif musiqi aləti ifaçısı olan (simli, nəfəsli, zərb) azman orkestri bir axara, uyarlığa, harmoniyə gətirib onlarla müxtəlif səsi-avazı birləşdirib-qovuşduraraq bir səsə çevirdiyi kimi... yaxud, Arazın qan-qan deyən iti axar yerindəki yüyrək suların, yaxud Niaqara şırnağının quma, çınqıla, daşa, qayaya, kötüyə, havaya, küləyə toxunmaqdan - sürtünməkdən yaranan yüzlərlə incə, qalın səslərin birləşərək kilometrlərlə aralıda bir səs, bir avaz, bir gurultu kimi eşidilməsinə bənzəyir Nağdəli Xəlilin dostcasına, sevgiylə bir-biriylə qucaqlaşan - qaynayıb qovuşaraq oxuyan, həm də işıq saçan cilvəli boyaları. Rəssamlıq sənətini anlamayan desinlər mənə, ancaq mən duyub düşündüyümü çəkinmədən söyləməsəm, dinc ola bilmərəm. Boyaçılıq sənətində (boyaqçılıq demirəm) elədiyi manevrlərə, virtuoz səriştəyə, hipnoz və sehrə, ali gözəlliyə görə Nağdəli Xəlil impressionistləri adlayaraq dünya rəssamlığında yeni rekord əldə edib. Həmkar dostları təsadüfən ona Azərbaycanın Rembrantdı demir.

Nağdəlinin “Narlar”ına baxanda ötən yüzilin 70-ci illəri yadıma düşdü. “Qobustan” incəsənət dərgisində saatlar, günlərlə sənət barəsində elədiyimiz söhbətlər, dartışmalar... Bir dəfə kinodan, kino sənətinin başqa sənətləri üstələdiyindən qızğın söhbət gedirdi. Mən “görəsən, kinoda elə inkişaf, irəliləyiş olacaqmı, yazda, yaxud yayda qarlı qış mənzərəsini kadrlarda görən tamaşaçının canından ani də olsa üşütmə-titrətmə keçsin. Yaxud, kadrda çiçəyə bürünmüş ərik ağacını, çəmənliyə səpələnmiş bənövşəni görəndə onun ətrini-qoxusunu da duysun...” Son vaxtlar eşitdiyimə görə kinoda artıq bu xəyal gerçəkləşib. Mən Nağdəlinin narlarından danışırdım axı. Narla bağlı bir neçə tablosu var. Desəm onun bir tablosundakı nara baxanda ağzım qəfil sulandı, inanarsızmı?.. Rəssamın boyasının sehrindən danışmaq istəyirdim, ancaq onun sehrini aça bilmədim. Bir onu deyə bilərəm, Nağdəli Azərbaycan boyaçı rəssamları arasında seçilən, öz üslubunu tapmış bənzərsiz sənətçidir. O, boyaçı rəssamlığımızın hələlik ən uca- son həddidir.

Rəssamların yaradıcılığında avtoportret janrı xüsusi yer tutur. Məzmun, ideya baxımından yadımdan çıxmayan işlərindən biri, deyərdim birincisi, sənətçinin ayaqüstə molbert qarşısında dayanaraq çəkdiyi avtoportretidi. Haqqında danışmaq istədiyim avtoportretin maraqlı kompozisi, məzmun və ideya baxımından özəl xüsusiyyəti var. Yanılmıramsa, bu tabloda boyaçılıq, məsafə-perspektiv, kompozisi məsələsi arxa plana keçib. İdeya, məzmunsa ön plana-diqqət mərkəzinə çəkilib. Tamaşaçı molbertin arxa tərəfini gördüyündən, rəssamın nə çəkdiyini biləmmir. Ancaq istər rəssamın, istərsə onun arxasında əlində çıraq dayanmış qadının diqqəti tabloya tuşlanıb. Ərinin son dərəcə ciddi və mənalı bir iş gördüyünə inanaraq nəsə bir möcüzə baş verəcəyini gözləyir. Tabloda qadının ərinə, onun böyük sənətinə sədaqəti, təmənnasız sevgisi duyulur. Əslində ərinin özünə, onun arzu-istəyinə, ideyasına, böyük sənətinə işıq saçan çıraqla birgə həm də qadının özüdür. Bu kompozisi bir anın içində mənə ərini və onun sənətini sevənlərdən Amedeo Modilyani ilə rəssamın gənc sevgilisi Janna Ebüterin, Mircavadla onun həyat yoldaşı Lyubov Mircavadova, ləyaqətli şair Əhməd Cavadla Şükriyyə xanımı, ingilis şairi Robert Börnislə onun xanımını, bir də İlham və Fərizəni xatırlatdı. Tabloda rəssamın nə çəkdiyini görə bilmədiyimiz əsər yanılmıramsa, elə tablonun qarşısında dayanmış Nağdəli və onun ömür yoluna gecələr Ay, gündüzlər Günəştəkin işıq salan həyat yoldaşıdır.

Evlərinə zəng edib Nağdəlini soruşanda – Namaz qılır, deyərəm sizə zəng edər. – söylədilər. Bir azdan telefonda Nağdəlinin səsini eşidirəm. Kefini xəbər alanda:

–Yaxşıyam, bir az ayaqlarım korluq verir. Ona görə namazımı stuldaca, oturmuş vəziyyətdə qılıram...- deyir.

– Yaradıcılıq nə yerdədi?

– Qardaş, əlli ildi fırça əlimdən düşməyib. Yenicə rəssamlığın nə olduğunu dərk eliyirəm. İndi də boya - rəng tapammıram. Od qiymətinədi... Qalmışam belə, boş-bekar...

P.S. AĞRI. Tiflis Rəssamlıq Akademiyasının ikinci kursunda oxuyarkən gürcü müəllim yaxınlaşaraq əlini xeyirxahlıqla tələbəsi Nağdəli Xəlilin çiyninə qoyaraq “Oğlan, sən ən böyük boyaçı rəssam olacaqsan. Bunu sənə Quram (Apollon oğlu Quram Hita - A.A.) deyir.” Adamı ağrıdan budur ki, az qala yarım əsr öncə gürcü rəssamının uzaqgörənliklə gənc Nağdəlidə duyduğunu, artıq yetmişinə çatmış, “YENİ ERA” Dünya Rəssamlıq Akademiyasının üzvü olub, Azərbaycan incəsənətinə nadir incilər vermiş öz sənətçimizi özümüz hələ də görüb gərəyincə dəyərini vermirik. Yüz il sonra duyulacaq, xoş sorağı xalqına qürur doğuracaq rəssamın bircə əsərinin dəyəri kaş bu gün özünə qismət olaydı.

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
14:18 21 Sentyabr 2020
Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020