Kitab üçün soyunmaq

Kitab üçün soyunmaq
8 may 2017
# 11:38

O gün bir xəbər gördüm. Bir aparıcı öz kitabının təqdimatına hamam xalatı və başmaqla gəlib. Sosial şəbəkədə səs-küy yaradan bu hadisəni çoxları fərqli tərəflərdən şərh elədi. Kimisi reklamdır dedi, kimisi ayıb saydı və s.

Bizim cəmiyyətdə bir çoxları, peşəsindən asılı olmayaraq, tanındıqca – hazırda bu, əsasən sosial media vasitəsi ilə baş verir - daim diqqət mərkəzində qalmağa çalışır, fərqlilik naminə heç özlərinin də ayıq başla qəbul etməyəcəkləri şeylər edirlər. Çünki kütlənin diqqətində olan bir insan, bu diqqət zamanla azaldıqca özünü əskik, natamam hiss edir. İnsanın psixologiyası belədir. Üstəlik, sosial media insana xüsusi kimlik qazandırır, bilmədiyi şeyləri bilirmiş kimi göstərməyə, normalda qəbul etmədiyi fikirləri insanlara təbliğ etməyə icazə verir.

Bu hadisənin ayıb tərəfini şərh etmək, etik baxımdan nə qədər doğru olub-olmadığını müzakirə etmək niyyətində deyiləm. İşə reklam tərəfindən baxmağa çalışaq.

Bu gün bizim, elə dünyanın da, bütün məşhurları ara-sıra bu cür şeylər edərək diqqət mərkəzində qalır, yeniliklərini və özlərini reklam edərək, insanların zehnində yer edirlər. Ancaq indiyə qədər nə bizim ölkədə, nə də digər ölkələrdə hər hansı bir yazıçının sırf tanınmaq üçün bu cür şeylər etdiyinə rast gəlməmişəm. Üstəlik, bu aparıcı təkcə hamam xalatında gəlməklə kifayətlənməyib, üzünə dodaq boyası çəkib, cibinə də qadın alt paltarı qoyaraq, bir növ reklam məzmununu daha da tündləşdirib.

Biz və bizim kimi cəmiyyətlərdə qadın həmişə qadağalar qoyulan, bəzən reklamlarda etik, ya qeyri-etik şəkildə istifadə edilən obrazdır. Başqa sözlə, istehlak vasitəsi olaraq istifadə edilib. İnsan qadağalara daha çox meyl edir. Açıq-saçıq səhnələri olan filmlər, aparıcının dekolte geyindiyi verilişlər və reklamlar hər zaman daha çox diqqət görüb. Qəhrəmanımız olan aparıcı-yazıçının hadisəsində də reklamın bu cür asan üsullarından istifadəyə cəhd olunub. Çünki dodaq boyası və qadın alt paltarı təkcə kişilərin deyil, qadınların da bu hadisəyə münasibət bildirməsinə və maraqlanmasına gətirib çıxaracaq. Xüsusilə feministlərin... Bu səbəbdən də kitab uzun müddət gündəmdə qalacaq və satılacaq. Başqa cür bu kitabdan kiminsə xəbərinin olacağını zənn etmirəm (bunu öz profilində aparıcının özü də qeyd edir).

Əlbəttə, işini, hətta lap özünü də reklam etmək hər kəsin öz haqqıdır, qarışmaq fikrimiz yoxdur. Ancaq burda iş ictimailəşib deyə, fikir bildirmək haqqımız yaranır. Reklamın başqa üsulları mövcuddur. Cəmiyyətə hansısa mesaj verilirsə, bunu cəmiyyətin hələ qəbul etmək istəmədiyi tərzdə vermək reklam deyil, səriştəsizlikdir. Bizim ölkədə hər yazıçının öz oxucu kütləsi yoxdur. Kim normal kitab çıxarırsa, o da oxunur. Oxucunun nazı ilə oynamaq lazım gəlir.

Deyək ki, bu dəfə bu cür bir reklamla kitablar satıldı. Açığı, o kitabın satılmağa dəyəri olacağını da zənn etmirəm, amma təki satılsın. Gələn dəfə nə edəcək ki, kitab haqqında danışılsın və gündəmdə qalsın? Özü də etiraf edir ki, adi təqdimat etsəydim, bu qədər danışılmayacaqdı.

Bu işin axırı da yoxdur. Mütləq bir yerdə soyunmalıdır ki, diqqət cəlb edə bilsin, gündəmdə qalsın. Soyunduğu üçün kitablar diqqət cəlb edib satılacaq və pul qazanacaq. İndiki normalara görə, sonunda pul qazanırsa, bu, artıq iş deməkdir.

Əslində pis deyil. Hər dəfə sənət üçün soyunulmaz ki, bu dəfə də kitab üçün soyunan tapılsın. Şüarı da belə olsun: “Kitab üçün soyundum!”

# 1059 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #