news-inner
clock13:27 calendar-gray 04 May 2017 view-gray77 dəfə oxunub
view-gray77 dəfə oxunub

İnsanlıq və söz vergisi – Nəriman Əbdülrəhmanlı yazır

Bəlkə, heç özləri də bilmədən könlümdə özlərində yer tutan adamlar var...

Həmişə doğum günlərini, yubileylərini, kitablarının nəşr olunmasını, mükafat almalarını... gözləmədən onlar haqqında yazmağa, öz tərəfimdən gözəl əməllərinin haqqını az da olsa, verməyə çalışmışam...

Belə məqamlarda bir qədər daxili rahatlıq tapıram...

Gürcüstanda, Laqodexi rayonunun Qabal kəndində sakitcə müəllim və şair ömrünü yaşayan, Allahın bəxş elədiyi ömür payıyla çoxdan barışmış Yunus Novruz da daim görmək istədiyim, əlim çatmayanda SÖZünə üz tutduğum adamlardan biridi...

Yardımlıda Sabir Bəşirov, Naxçıvanda Xanəli Kərimli, Astarada Mehman Qaraxanoğlu, Lənkəranda Sərraf Talıb, Alarda Bilal Alarlı, Qubada Zakir Məmməd və Ramiz Qusarçaylı, Qaxda Fərman Muradoğlu, Qaraçöpdə Fərhad Xubanlı, Borçalıda İbrahimxəlil, Qarayazıda Allahverdi Təhləli, Tapdıq Yolçu, Afiq Muxtaroğlu, Rustavidə Rafiq Hümmət, Tiflisdə Mirzə Məmmədoğlu, Kaspidə Cambul Məmmədli... kimi mənəviyyatımızın və sözümüzün dayaqları olmasa, yaşamaq dözülməz olardı...

Hər yerdən əlim üzüləndə onları xatırlamaqla belə təskinlik tapıram...

***

Yunus Novruzu düz qırx ildi tanıyıram...

Daha doğrusu, əvvəlcə SÖZündən tanımışam, təxminən on il sonra ötəri ünsiyyətimiz olub, bu təsadüf nəticəsində şeirlərindən aldığım ilkin təəssürat bir qədər də dolğunlaşıb, onunla bağlı zənnimdə yanılmadığıma sevinmişəm...

Sonra Qabalda, Tiflisdə, Bakıda rastlaşdıq, bir-birimizə ürək qızdırdıq, doğmalaşdıq. Beləcə Yunus Novruzun təbiətinə bələdliyim nə qədər artdısa, poeziyasını da o qədər çox sevdim. Əmin oldum ki, şeirləri də elə Yunusun özünə oxşayır: qızıl külçəsi kimi təbii, kinsiz, qərəzsiz, işıqla, insanın və dünyanın halından narahatlıqla doludu, yaşantıları haqqında, özü demiş:

Dəftərsiz-qələmsiz ürəyim, qəlbim
Yüz il də,
Min il də danışa bilər...

Yunus Novrusun ilk şeirlərini 70-ci illərin sonlarında, hələ tələbə olduğum vaxtlarda oxumuşdum, o zamanın Vaqif Bayatlı (onda Cəbrayılzadə), Vaqif Bəhmənli, Sultan Mərzili, Ağacəfər Həsənli... kimi təxminən yaşıd qələm sahibləri arasında Yunus Novruz da vardı. Onda Yunusun Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdiyini, doğma kəndi Qabalda müəllim işlədiyini hələ bilmirdim, qəzet-jurnallarda və poetik toplularda rastıma çıxan şeirlərisə öz duyumu, öz nəfəsi, öz deyim tərzi olan bir qələm sahibinin yaşantılarıydı:

Sənə ürəyimdə yer saxlamışdım,
Nə qədər gözlədim gəlib çıxmadın.
Nə qədər səslədim, çağırdım səni,
Gəlib çıxmadın...

Sonra Yunus Novruzun “Şairin ilk kitabı” seriyasından işıq üzü görmüş “Yaz havası” adlı əl boyda kitabı rastıma çıxdı, oxudum, müəllifinin təbii intonasiyasına, oxucunun qəlbini səssiz-küysüz fəth eləməsinə, ilk misralardanca elə yaz havası kimi gözəl, təsvirolunmaz ovqat yaratmasına heyran oldum:

...Döyür pəncərəmi bir saz havası,
An ötür, yaş gəlir yaşıma mənim.
Çiçəklər bayırda məni səsləyir,
Bu çiçək havası,
bu yaz havası
Hava gətirəcək başıma mənim.

Onda Yunus Novruz Bakı ədəbi mühitindən “havalı başını” götürüb getmişdi, lakin 80-ci illər Tiflisin qaynar ədəbi mühitində də ön cərgədə olmağa, çox çap olunmağa, kitab nəşr etdirməyə, şan-şöhrətə çatmağa can atmırdı, şeirləri arabir “Sovet Gürcüstanı” qəzetində, “Dan ulduzu” toplularında, Azərbaycan mətbuatında işıq üzü görür, dərhal da oxucunun yaddaşında özünə yer tapırdı...

***

Çoxları kimi, mənə də elə gəlirdi ki, “Yaz havası”ndan sonra Yunus Novruz oxucularıyla tez-tez görüşəcək, ən azı, beş-üç il fasiləylə poetik toplularını çap etdirəcək. Amma o, az qala, 25 il “susdu”. Bəlkə bu susqunluqda araya düşən qarğaşalı illərin, sistem dəyişikliyinin də müəyyən rolu vardı. O “guşənişin” olduğu illərdə də Yunus Novruz yaşadığı məkanın və iç dünyasının sakitliyinə çəkilib qəlbinin səsini dinləyirdi:

Bürünübbirkəndin sakitliyinə,

Eləyuxulamaqistəyiradam.

Kəsilir səs-küyüuçanquşların,

Günlər yavaşıyır,donursaatlar...

Belə bir sakitlikdə 25 il ömür sürəndə, özünü oxucularla daha bir görüşə hazır hesab eləyəndən sonra – 2012-ci ildə Bakıya üz tutdu, “Dünya elə o dünyadı...” adlı ikinci şeirlər toplusunu nəşr etdirdi. Oxucularla növbəti görüşü Yunus Novruzun poetik miqyasını daha aydın şəkildə ortaya qoydu. Gənclik çağlarının dostu, uzaq Moskvada yaşasa da hələ ünsiyyət saxladığı Sultan Mərzili aradan ötən illər ərzində onun yaradıcılığında baş verənləri çox dəqiq ifadə eləyib: “...“Dünya elə o dünyadı” kitabı göstərir ki, o yaradıcılığında nəinki poetik səviyyəsini qoruyub saxlayıb, hələ bir xeyli də qabağa gedə bilib. Qaynar paytaxt həyatından, ictimai konfliktlərin qaynayıb daşdığı mühitdən kənara düşsə də şair öz yaradıcılığında insan qəlbinin tədqiqatçısı kimi, kiçik kainat olan insan aləminə baş vurur, araşdırır, yeni bir aləmin, insan qəlbinin bitib-tükənməz dərinlik və dayazlıqlarını üzə çıxarır...”

Yunus Novruz bəzən həyat, tale qarşısında gücsüzlüyünü duyur, bunu etiraf eləməkdən də çəkinmir:

O uca göylərdən enmək istədim,
Danışmaq istədim, dinmək istədim,
Bir sətir nəğməyə dönmək istədim,
Gücüm çatmadı.

Bununla yanaşı, o, hələ həyatdakı və SÖZdəki missiyasının başa çatmadığının da fərqinə varır:

Bəxtim nə gətirdi -tezgətirmədi,

Ürəyimdopdolusözgətirmədi,

Dünyadaişlərimdüzgətirmədi,

Mən hələdünyadaqalasıoldum.

Amma “hələ qalası olduğu” dünyada Yunus Novruzun görəcəyi işlər yəqin ki, bundan sonra da dəyişməyəcək: yenə məktəbdə dərsini deyəcək, həyətyanı təsərrüfatında çalışacaq, uzaq Almatıda yaşayan övladlarının fikrini çəkəcək, öz içinin sükutunu və ətraf aləmin səslərini dinləyə-dinləyə İlahidən gələn misralarını pıçıldayacaq, könlünə doğma olan adamlarla bağlı xatirələri çözələyəcək, yaddaşından boy verən məqamları xatırlayacaq, arabir də çox çətinliklə alışdığı sosial şəbəkədə kənar aləmdə baş verən hadisələrdən xəbər tutmağa çalışacaq...

***

Yunus Novruzla uzun illər boyu görüşməsək, üz-üzə gələndə doyunca söhbətləşib ürəyimizi boşaldacağımızı güman eləsək də, çox vaxt fikirləşdiyimiz kimi olmur, onun sirayətedici təmkini və sakitliyi dərhal adamı əsir eləyir. Bir neçə il əvvəl ona doğma ocağında baş çəkəndə dostum Nurafiz qəfildən elə beləcə dedi: ”Yunusun susmağı da şeirləri kimi gözəldi...” Bəlkə buna görədi ki, o, danışanda da ancaq həqiqəti deyir:

Dünyanın astarı üzündən baha,
Sellər öz səmtinə heyif ki, axmır.
Dilimi saxlaya bilmirəm daha,
Dilim daha mənim sözümə baxmır...

Yaşadığı ömürdə də, qələmə aldığı şeirlərdə dünyanı öz içindən keçirməyə can atan Yunus Novruz həyatı olduğu kimi qəbul eləməyə, bəxtinə düşənlərlə barışmağa da özündə qüvvə tapa bilir:

Çox yormayım ürəyimi-başımı,
Dalğaların üstə hörgü hörülməz.
Yaşım keçdi Peyğəmbərin yaşını -
Bundan sonra mənə vergi verilməz...

Amma bəlkə də Yunus Novruz bilmir ki, ona İNSANLIQ və SÖZ vergisi əlləldən - doğulandan verilib...

Məncə, Yunusun xoşbəxtliyi də elə bundadı...

Nəriman ƏBDÜLRƏHMANLI,

4 may 2017

Paylaş

Oxşar xəbərlər