news-inner
clock11:44 calendar-gray 28 Aprel 2017 view-gray127 dəfə oxunub
view-gray127 dəfə oxunub

Baş əyməyən şairi necə öldürdülər – ROMANDAN PARÇA

Kulis.az Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanından bir parçanı təqdim edir.

Deyilənə görə, İterünün başlandığı və bitdiyi yeri axtarmaq günahdır. Bizdən neçə daşqın öncə iki nəhəng cəngavər İterünün mənşəyini axtarmağa gedibmiş. Yaşıl vadinin uzaq quzeyindən gələn cəngavərlərin hərəsi atını çayın bir sahili ilə üzü güneyə çapırmış. Onların başına bu fikri səhradakı şər qüvvələr salıbmış. Şər qüvvələr İterünün mənşəyini öyrənməyə, onu gözündən qurutmağa çalışırmış. Nəhəng cəngavərlər indiki Haça qayanın yerinə çatanda o sahildən bu sahilə biri-birinin əlindən tutub İterünü dayandırmaq istəyiblər. İterü qəzəblənib, onları atları ilə birlikdə daşa döndərib və qollarının üstündən aşaraq axmağa başlayıb. Haça qayadakı nəhəng şəlalə belə əmələ gəlib. Yaşıl vadinin güneyindəki təpələrə çıxanda Haça qaya doğrudan da biri-birinə əl uzadan iki atlıya bənzəyir. İterü bu atlıların qollarının üstündən aşaraq təntənəylə axıb gedir.

Atam öləndən iki daşqın keçmişdi, Yaşıl vadidə bir şair peyda oldu. Sözləri durna qatarı kimi ard-arda düzürdü. Bizə tanış olan kəlmələr onun dilində möcüzəvi səslənirdi. İnanılmaz oxşatmalar işlədirdi. İndiyədək tanıdığım heç bir şairdə beləsini görməmişdim. O, qadının saçlarını sünbülə, dodaqlarını qönçələnmiş gülə, atın qulaqlarını qarğıya, şir nərəsini qıjov uğultusuna oxşadırdı. Deyirdi, sevgilim, sənin üzün ay kimi işıqlı, gözlərin ulduzlar kimi parlaqdır. Sən məndən küsəndə işıqlı çöhrən qaralmış göy üzünə dönür. Deyirdi, insan nəfsi İterü bataqlığına bənzəyir; az istəsən bərəkətli torpaqlarda ruzi tapar, çox istəsən dibsiz lehmələrdə boğularsan. Şairin oxşatmalarından biri də İterü çayı haqqındaydı. Deyirdi, İterü uca dağların göz yaşıdır. Biz bu oxşatmanı heç sevmədik, eşidəndə qorxduq, qəbilə rəisimizə xəbər çatdırdıq. O, şairi yanına çağırıb sorğu-suala tutdu, şair ona da gözəl kəlamlarından oxudu, zövqünü oxşadı. İterü ilə bağlı oxşatma qəbilə rəisimizi qəzəbləndirdi, boynundan asdığı timsah dişlərini oynatdı. O, qəzəblənəndə həmişə belə edirdi və bütün qəbilə üzvləri özünü yığışdırırdı. Şair qəbilə rəisimizi vecinə almadı, müqəddəs İterü haqda bildiyi kimi danışmağa davam etdi. Onun dediyinə görə, uzaq güneydə ağ, mavi və çəhrayı dağlar vardı. Ağ dağlar ağ, mavi dağlar mavi, çəhrayı dağlar çəhrayı göz yaşıyla ağlayırdı və həmin göz yaşları biri-birinə qovuşub İterü çayını yaradırdı. Dağlar çox ağlayanda, hönkürəndə daşqınlar əmələ gəlirdi. Qəbilə rəisi ayağa qalxıb əlindəki bəzəkli mizrağı hiddətlə yerə çırpdı:

“Sən hansı cürətlə müqəddəs İterünü miskin göz yaşına bənzədirsən? Ona öygülər, nəğmələr yazmaq əvəzinə ağlına gələni danışırsan. Bizim babamız, babamızın babası, onun da babasının babası İterünün tanrı olduğuna əmin idi, biz də əminik, nəvəmiz də, nəvəmizin nəvəsi də, onun nəvəsi də əmin olacaq!”

Şair İterü ilə danışdığını, onun pıçıltılarını başa düşdüyünü söylədi. Dedi, İterünün göz yaşından yarandığına əmindir. Qəbilə rəisi səsinin tonunu dəyişməsə də qəzəbinin artdığını hiss edirdim:

“Sən gerçək şairsənsə, İterüyə öygülər yazmalısan. Biz onda səninlə dost olarıq, sənə Yaşıl vadidə daxma tikər, at, inək, qoyun və keçi verərik.”

Şair yenə razılaşmadı, iki ayağını bir başmağa dirədi: İterü dağların göz yaşıdır, vəssalam! Qəbilə rəisi səsinin tonunu qaldırmalı oldu:

“Ey nadan söz əzbərçisi! Yaşıl vadini, Yaşıl vadidəki insanları, heyvanları, bitkiləri, ağacları yaradan müqəddəs İterü necə göz yaşı ola bilər? Sənin deməyinlə, hamımız çarəsiz göz yaşından yaranmışıq? Elədirsə niyə gülürük, sevinirik, at çapıb şənlənirik, tonqal çatıb rəqs edirik?”

Şair sakit səslə söylədi:

“Sevinmək əbədi deyil, göz yaşı əbədidir. Sevinc kedr çiçəyi qədər balaca və qısa ömürlü, göz yaşı İterü qədər böyük və həmişəlikdir.”

“Yaxşı, tutaq ki, sən deyəndir, onda cavab ver görək, dağlar niyə ağlayır?” - qəbilə rəisinin gözləri hədəqəsindən çıxmışdı. O da bizim kimi şairin yozumlarından qorxmuşdu, deyəsən. Şair bu sual qarşısında susdu, heç nə demədi, üzündə qələbə sevinci dolaşan qəbilə rəisi onun məğlub halından istifadə edib üstünə getdi:

“Görürsən, danışdıqların boş və mənasızdır. Mənim kimi ağıllı adamların sözünə qulaq as, kedr qəbiləsinin igidlərini ova, döyüşə həvəsləndirən nəğmələr qoş. Yaxşı şair qadınları vəsf eləməz, müqəddəs İterüyə göz yaşı deməz! Dediklərimizi eşitsən, ənamını alacaqsan!”

Şair istehzayla güldü:

“Məni ehram divarlarına öygülər yazmaq üçün fironun səltənətinə dəvət etdilər, getmədim. Sərdabələrə, firona yaxın adamların tabutlarına tərifli sözlər istədilər, yazmadım. Nəhəng ehramların divarına, firon əlaltılarının sərdabələrinə, tabutlarına öygülər yazmaqdansa, balaca daşlara, papirus yarpaqlarına, gil lövhələrə qəlbimdən keçənləri yazıram, buna görə güneydən qaçıb buralara gəlmişəm, sizin ədalətinizə sığınmışam. Məncə, siz, fironun adamları kimi zülmkar deyilsiniz.”

Qəbilə rəisi firon və ehramlar barədə eşidəndə dərin fikrə getdi, saqqalını ovuşdura-ovuşdura şairə baxdı:

“Ehramlara yazı yazmaqdan niyə imtina etdin?”

“O öygülərin hamısı yalandır!”

“Bəs gerçək nədir?”

“Gerçək odur ki, insanları öz vətənlərindən, ailələrindən, sevdiyi insanlardan ayırıb köləyə çevirir, ehram tikintisində zorla işlədirlər. Ehramlar məzlumların ah-fəryadıyla ucalır. Kölələrlə heyvan kimi rəftar edirlər; döyürlər, söyürlər, öldürürlər, satırlar, dəyişirlər. Aclıqdan və xəstəlikdən minlərlə günahsız qadın, uşaq tələf olur.” – şair duruxub ah çəkdi – “Dağlar da buna görə ağlayır!”

Şairin dedikləri qəbilə rəisimizi də, bizi də həyəcanlandırdı, xeyli susub şairə tamaşa elədik. Onun gözləri qəzəblə parıldayır, bulud kimi dolub-boşalırdı:

“Mən də buna görə öygülər, öyüdlər yox, gileylər yazıram!” –hamımızın susduğunu görüb qızışdı - “Firon bütün vadiləri bir-bir işğal edir, adamları köləyə çevirib ehram tikməyə aparır. Bəlkə, bir gün bura da gələcək!”

“Kəhanət saçan bu axmağı susdurun!” – qəbilə rəisi qışqırdı, şair danışığını saxladı, keşikçilər irəli atılıb onun qollarını burdular. Qəbilə rəisi asta addımlarla şairə yaxınlaşdı:

“Nə boş-boş danışırsan? Müqəddəs İterü yüz illərdir bizi bütün bəlalardan hifz eləyir. Sənsə onu göz yaşına oxşadıb, övladlarını fironun qulu sayırsan” - çənəsindən qaldırıb gözlərinin içinə baxdı – “Dediklərini geri götür, İterüyə, qəbiləmizə, mənə öygülər yaz! Eləməsən, öldürüləcəksən!”

Şair istehzayla güldü. Qəbilə rəisi “Öldürün!” - deyib aralandı. Keşikçilər ağaca bağlayıb sinəsini nişan alanda şair haray çəkdi:

“Bir gün dediklərim doğru çıxsa necə?! Məni haqsız yerə öldürməyin günahı kimin ayağına yazılacaq? Cəzasını kim çəkəcək?”

Qəbilə rəisi uzaqdan əliylə işarə verdi, mizraq şairin sinəsindən keçib taqqıltıyla bağlandığı ağaca sancıldı, səsi batdı, gözləri çevrildi, başı yavaş-yavaş sinəsinə endi. Gözünün altındakı çuxurda donan bir gilə göz yaşı İterünün suları kimi bulanıq idi.

news-inner-user

16049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020