news-inner
clock10:00 calendar-gray 02 İyul 2017 view-gray80 dəfə oxunub
view-gray80 dəfə oxunub

Maestro Niyazi: “Son dəfə “Koroğlu” uvertürasını səsləndirərdim” – MÜSAHİBƏ

Bu gün Maestro Niyazinin anım günüdür. Kulis.az bu münasibətlə Niyazinin müsahibəsini təqdim edir. Vidadi Məmmədovun aldığı müsahibə 1972-ci ildə “Ulduz” jurnalının 11-ci nömrəsində çap edilib.

Zəmanəmizin görkəmli dirijorlarından olan Niyazinin 60 yaşı tamam olur. Dünyada tanınan və sevilən bu sənətkarın Azərbaycan sovet musiqisinin yüksəlişində, geniş şöhrət qazanmasında böyük xidmətləri var. SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Niyazi həm də mahir bəstəkardı. Məşhur “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra” baleti musiqi sənətimizin nailiyyətləridi. Ömrünün fərəhli günü - 60 illiyi münasibəti ilə böyük sənətkar Niyazinin jurnalımızın əməkdaşları və oxucuları adından səmimi təbrik edir, sovet musiqi mədəniyyətinin inkişafı naminə ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Yubilyar bizim xahişimizlə redaksiyaya gəlmiş, musiqimizin müvəffəqiyyətləri və problemləri barədə söhbət etmiş, bəzi suallarımıza cavab vermişdir. Aşağıda həmin söhbəti dərc edirik.

...SSRİ xalq artisti Niyazi ilə redaksiyadakı söhbətimiz bir neçə saat çəkdi. Söhbəti mən yazmalı idim. Özümə söz vermişdim ki, onun danışığını olduğu kimi qeyd eləyim. Ancaq görünür, bir məsələdə səhv eləmişdim, unutmuşdum ki, üzünün zəngin ifadələri, əlinin “danışan” hərəkəti ilə dünyanı heyrətə qoyan bu böyük dirijorun sözlərini ardıcıl yazmaq mümkün deyilmiş. Onun gözəl danışmaq bacarığı məni o qədər heyran edirdi ki, yazmağı unudurdum. Birdə onda ayılırdım ki, aradan xeyli vaxt keçib. Ancaq mən bir söz belə yazmamışam.

Dirijorluq çox böyük səxavət, ürəyiaçıqlıq və mənəvi təmizlik istəyir. Günəş ona görə gözəldi ki, təbiətin bütün füsunkarlığı bizə açıb göstərir. Yaxşı dirijor da belədir. Çaldığı əsərin bütün gözəlliklərini tamaşaçıya çatdırır. Mənə elə gəlir ki, günəş kimi səxavətli, şəffaf və təmiz olmaq lazım gəlir. Bu sənətin ümumi cəhətidi.

Hər bir orkestr müxtəlif xarakterli, müxtəlif musiqi duyumu olan adamlardan ibarətdi. Gərək dirijor onları bir kollektivdə birləşdirməyi bacara. Bu adamların çoxunun məişət problemləri də bir-birindən fərqlənir. Bütün bunlar adi görünsə də, dirijor üçün əhəmiyyətli olmalıdı. Hər bir adama yanaşanda, gərək onun arzularından, həyatından, əhval-ruhiyyəsindən xəbərin ola. Elə edəsən ki, musiqi çalınanda bütün kollektiv hər şeyi unudub, ancaq çalınan əsərlə yaşaya.

Dirijorun işini rejissorla müqayisə etmək olar. Ancaq başqa bir çətinlik də var: rejissor tamaşa zamanı görünmür, amma dirijor isə hər zərbəni özünə alır. Uğuru da, uğursuzluğu da. Kollektivin dirijora inamı olmasa, müvəffəqiyyətdən söhbət belə gedə bilməz. O, hərtərəfli savadı ilə bütün musiqiçilərdən yuxarıda durmalıdı. Hamı inanmalıdı ki, dirijorun dediyi söz ən doğru, ən dəqiq sözdü. Kollektiv onun zəif cəhətini hiss eləsə, həmin dirijorun oradan çıxıb getməyi daha münasibdir. Və nəhayət, dirijorun yüksək mədəniyyəti olmalıdı. Musiqiçilər həssas, zərif olurlar. Ötkəm deyilmiş sözlə ürəklərini sındıra bilərsən. Ona görə də gərək daim öz əhval-ruhiyyəni onlardan gizlədə biləsən və sənin vəziyyətin musiqiçilərə sirayət etməyə.

Mən təsadüfdən dirijor olmuşam.

- Dirijorluq sizi yormayıb ki?

- Bu suala cavab verməzdən əvvəl sizə bir sirr açım. Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim də yoxdu. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram. Mən sənətindən zövq almayan, sənətini işgəncə hesab edən adamları bədbəxt hesab edirəm. Hər dəfə məşqə gedəndə, səliqə ilə geyinirəm. Bu uzun illərdir ki, belə davam edir. Əgər yolda məni görən olsa, elə başa düşər ki, ya toya, ya da məclisə gedirəm. Çünki sənətim mənim üçün xoşbəxtlikdi, bayramdı. Allaha inanan qatı dindar kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm. Əgər hiss eləsəm ki, bu inam getdikcə azalır və görsəm ki, artıq dirijorluq məni yormağa başlayır, onda hər şeyə əlvida deyərəm. Bəli, dirijorluq mənim əbədi xoşbəxtliyimdi. Ancaq o zamanlar pulta getdiyim yol elə bil, bir qədər uzanır. Bu da ki, görünür, yaşla bağlıdı.

Uvertüranı elə çalırdılar ki, elə bil, bu dəqiqə qadınlar əl götürüb, “Uzundərə” oynayacaqdılar.

- Son dəfə dirijorluq etsəydiniz, nəyi çalmaq istərdiniz?

- “Koroğlu” operasının uvertürasını. Bu musiqidə coşqunluq, hər şeyi oyatmağa çağıran bir qüvvə ilə yanaşı, gizli vida da var. Bəlkə də elə buna görə, axırıncı dəfə uvertüranı çalmaq istərdim.

Yeri gəlmişkən, deyim ki, operanın son illərdəki tamaşaları məni narahat edir. Axırıncı dəfə tamaşada sonadək otura bilmədim. Uvertüranı elə çalırdılar ki, elə bil, bu dəqiqə qadınlar əl götürüb, “Uzundərə” oynayacaqdılar. Musiqinin ruhundakı əzəmət, cəngavərlik, mərdanəlik itib, yox olmuşdu. Çünki tempi yavaş götürmüşdülər. Bu da dirijorun günahıdı.

- Son zamanlar bizdə “Muğam operaları” ifadəsi işlədirlər. Sizcə, bu düzgündürmü?

- Bu, hələ dərdin yarısıdı. “Muğam operaları”nın, yəni “Leyli və Məcnun”un, “Əsli və Kərəm”in Musiqili Komediya Teatrına verilməsi haqqında da söhbət var. Məni narahat edən və düşündürən bircə şeydir: doğurdanmı, biz faciənin eyni pərdəsini iki dəfə oynamalıyıq? Axı bu söhbət bir dəfə olub, yığışıb. Hətta “Əsli Kərəm” - neçə Kərəm? deyənlər də tapılıb. Zaman özü bunun nə qədər çiy söhbət olduğunu sübut elədi. Mən inanmıram ki, başqa xalqlarda belə düşünənlər ola. Ukraynalıların “Zaparojyeli Dunay arxasında” adlı operaları var. Bu opera ümumi forması etibarı ilə “Leyli və Məcnun”dan o qədər də fərqlənmir. İndi gəlin, bir şeyi fikirləşək: hansı ukraynalının ağlına gələr desin ki, bu operanı Musiqili Komediya Teatrına verək.

“Bitls”lar gitara ilə anlaşılmaz hay-küy salır.

- Son zamanlar simfonik konsertlərə az tamaşaçı gedir. Sizcə, bunun səbəbi nədi?

- Bu çətinlik ondan irəli gəlir ki, musiqinin təbliği sahəsində çox az iş görülür. Bu dəqiqə hamı giley edir ki, simfonik konsertlərə tamaşaçı gəlmir. Ancaq heç kəs özündən soruşmur: simfonik musiqinin yayılması üçün mən nə etmişəm? Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Zülfüqar Hacıbəyovun fəaliyyətini xatırlayın. Onların estetik tərbiyə sahəsində gördükləri iş bizə nümunə olmalıdır. Onlar rayonlara gedirdilər. Xalq musiqisini toplayırdılar, camaatla musiqi haqqında söhbətlər keçirirdilər. Bakıda müxtəlif orkestrlər təşkil edirdilər, məktəblərdə xor dərnəkləri aparırdılar, bir sözlə, iş görürdülər. Biz isə dünyanın ən ucqar ölkələrinə belə, məmnuniyyətlə gedirik. Amma qulağımızın dibindəki rayonlardan xəbərimiz yoxdur. Mənə elə gəlir ki, institutlarda, texnikumlarda, müxtəlif müəssisələrdə mühazirə-konsertlər vermək böyük fayda verə bilər. Söz sözü gətirmişkən, acınacaqlı bir faktı qeyd eləyim: son vaxtlar estrada orkestrləri yağışdan sonra çıxan göbələklər kimi durmadan artır. “Bitls”lar gitara ilə anlaşılmaz hay-küy salır. Qəribə burasıdır ki, hələ müsabiqələrdə onlara birinci yer də verilir. Onların heç bir ölçüyə sığmayan bayağı hərəkətləri məni əsəbiləşdirir. Bu müsabiqələr musiqi yarışı deyil, eybəcərlik yarışıdır. Qabaqlar bütün institutlarda gözəl nəfəsli orkestrlər, xor kollektivləri vardır. ASİ-nin simfonik orkestri mənim indi də yadımdan çıxmayıb. Orkestrin heyətinə orkestrin müəllimləri və tələbələri daxil idi. Başqa institutlar da belə. Kinoteatrlarda yaxşı musiqiçilər vardı. Bunlar da musiqinin təbliğinə kömək edirdi. İndi isə vəziyyət dəyişib: elə götürək “Nizami” kinoteatrını. Bir soruşan gərək, niyə respublikamızın ən böyük kinoteatrında xalq çalğı alətləri orkestri olmasın? Onu da deməliyəm ki, bu kinoteatrın adından başqa heç nəyi Azərbaycanla bağlı deyil. Belə bir kinoteatr Voronejdə də ola bilərdi. Kaluqada da, halbuki daxili atmosferindən kinoteatrın hansı xalqa, hansı torpağa mənsub olduğu hiss edilməlidi.

Ümumiyyətlə, musiqimizin inkişafına, onun xalq arasında geniş yayılmasına mane olan səbəblərdən biri də ifaçılıq mədəniyyətindəki nöqsanlardı. Mən dünyanın çox ölkələrində olmuşam, hər yerdə Azərbaycan musiqisinə böyük rəğbət, maraq hiss eləmişəm. Ancaq bizim bəzi ifaçılarımız yad xallar, yad hərəkətlərlə ifaçılıqlarını “zənginləşdirirlər”. Belə ifaçı adicə bir həqiqəti unudur ki, bu hərəkəti ilə o, həmin xalqın musiqisi önündə diz çökmüş olur. Özü də ehtiyac olmadan. Mənim fikrimcə, vəziyyətin belə şəkil almasında əsas günah radio və televiziyanın üzərinə düşür. Yaxud başqa məsələ. Deyək ki, konsert verilir. Ancaq nə qədər diqqətlə qulaq asırsansa, kanonun səsini eşidə bilmirsən. Çünki nağara qoymur ki, kanonun səsi eşidilsin. Mən kanon çalan qızı tanıyıram. Çox şövqlə çalır. Ancaq o bilməlidi ki, çaldığını heç kəs eşitmir. Bu, bəyəm, adamı narahat etməz? Darıxdırmaz? Bir dəfə görməmişəm ki, xalq çalğı alətləri orkestri təşkil edəndə, məsləhət eləyən ola. Guya hamı hər şeyi bilir. Nəticəsi də belə olur. Mən fortepianonun da ancaq fortepiano kimi çalınmasının tərəfdarıyam. Orkestrlərdə onu eləyiblər qarmon. Qarmon kimi çalırlar. Bax, belə şeylərə dözmək olmur.

Image result for niyazi

- Gənc bəstəkarlardan hansının gələcəyinə daha çox ümid edirsiniz?

- Mən gənclərimizin istedadı, qabiliyyətləri barədə nikbin fikirdəyəm. Ancaq onların işgüzarlığı barədə müsbət söz deməkdə çətinlik çəkirəm. Cavan bəstəkarlarımız iri janrlara-opera və balet yazmağa maraq göstərmirlər. Bu ciddi söhbət və müzakirə mövzusu olmalıdı. Doğrudu, mahnı janrı bəstəkarın məşhurlaşmasına, tanınmasına kömək edir. Ancaq gərək onu da unutmayaq ki, dövrümüzün əzəməti hiss olunan sanballı əsər yazmaq bizim qarşımızda ən vacib vəzifədi. Bu işdə gənclərimiz öz sözlərini deməlidirlər. Gənclik gərək istedadının qeydinə qala, müvəqqəti şöhrətə uymaya. Bir sözlə, qolunu çırmayıb, möhkəmcə işə girişə. Mənə ən çox mahnıların sözləri təsir edir. Adı dəqiq yadımda deyil. Şerinin bir bəndi beləydi:

Sandıq üstə üzüm var,

Giləsində gözüm var.

İki qardaş bir boyda,

Kiçiyində gözüm var.

Mən həmişə bu mahnını təhrif edib, oxuyardım. “Böyüyündə gözüm var”. Çünki, kiçiyi deyəndə, elə bilirdim ki, Çingizi deyir (Niyazinin qardaşı tanınmış dirijor Çingiz Hacıbəyov).

Mahnı gərək hər cəhətdən gözəl olsun. Təravəti, nəcibliyi, lətifliyi olsun. Ondan ana torpağın qoxusu gəlsin. Bu cəhətdən “Aman ovçu” mahnısının dinləməkdən doymuram. Bir də ki, hər əhval-ruhiyyənin öz mahnısı var.

- Siz dünyanın bir çox ölkələrində olmusunuz. Onlardan hansınasa yenidən qayıtmaq istərdiniz?

- Getdiyim elə ölkə olmayıb ki, oradan dostsuz qayıdım. Olduğum bütün ölkələrdə mənim yaxşı dostlarım var. Onların hamısını görmək istəyərdim. Ölkələrin birini seçməkdə çətinlik çəkirəm. Bir çox sahələrlə müəyyən xatirələrim bağlıdı. Qəribə şəhərlərdi: hərəsi bir cəhəti ilə yadımda qalır. Praqa elə bil, küçəyə çıxarılmış muzeydi. Buxarestdə hamı skripka çalır. Parisi uşaqlıqdan sevirik. Bu şəhəri görəndə, elə bildim ki, buraya gəlişim birinci dəfə deyil. Nə zamansa Parisi görmüşəm. Bu yəqin ki oxuduğum kitabların təsiri idi. Mən bütün bu şəhərlərdə bir şeyi müşahidə etmişəm - xalqın ağlı, psixologiyası, hətta taleyi belə şəhərin ritmindən aydın duyulur. Hələ İstanbul. Qədimliyi və əzəməti ilə adamı heyrətə salan bu gözəl şəhər. Onun haqqında Türkiyədə deyilmiş bir söz yadıma düşdü: “İstanbulu iki adam fəth eləyib. Bir Sultan Fateh, bir də Maestro Niyazi”.

Çaldığım zəif əsərlər məni darıxdırır

- Səfərlərdə adam bəzən məzəli əhvalatlarla rastlaşır. Bəlkə belə bir əhvalat danışasınız.

- Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, bəs maestro, bizlə nə vaxt məşq edəcəksiniz? Dedim: sizdən axırda məşq edəcəyəm. Gördüm, onlar tutuldular. Soruşdular maestro, qüsurumuz nədir ki, belə qəzəbləndiniz? Dedim, qəzəblənmək niyə? Siznən axırda məşq edəcəyəm. Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdu. Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür. Xeyli gülüşdük. Belə hadisə heç jurnalistlərin gözündən yayınar? Elə səhəri türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib.

- Ən çox nədən darıxırsınız?

- Hərdən zəif əsərlər çalmalı oluram. Bu məni darıxdırır. Bir də musiqi nailiyyətlərimizin şişirdilməsinə dözə bilmirəm.

Bəstəkarlıq etməyə imkanım olmayıb

- Niyazi müəllim, bu sualdan ötrü özümü saxlaya bilmirəm. Əgər yersiz görünürsə, üzr istəyirəm. Sizcə, bəstəkar böyükdü, yoxsa dirijor?

- Mən saxta təvazökarlığı xoşlayan adam deyiləm. Bir bəstəkar kimi özümə istedadsız deyə bilmərəm. Bethoven deyir ki, bəstəkarlıq zəhmət deməkdi. Bu zəhməti bəstəkarlığa sərf etməyə mənim imkanım az olub. Hamı istəyib ki, əsərini mən çalım, mən də imtina eləməmişəm. Bilmirəm, cavabım sizə aydın oldumu?

Mən görkəmli bəstəkar Cövdət Hacıyevin bu haqda dediyi bir fikri xatırladım: “Niyazi özünü bizim əsərlərimizi çalmağa sərf etməsəydi, indi kim bilir, bir bəstəkar kimi bizdən nə qədər yuxarıdaydı”.

Image result for niyazi

“Dədə Qorqudu oxumayan şikəstdir”

- Bildiyimiz kimi, jurnalımız gənclik məcmuəsidi. Siz onun oxucularına nə tövsiyə edərdiniz?

- Hər bir gənc Vətənini böyük məhəbbətlə sevməlidi. Vətən sevgisi isə xalqın maddi, mədəni sərvətlərini duymaq, onun qədrini bilməkdən yaranır. Bu yaxınlarda acınacaqlı bir hadisəyə rast gəldim. Mən gənclərimizi belə görmək istəməzdim. Bir idarəyə getmişdim. Gördüm ki, bir neçə gənci nalayiq hərəkətləri üstə danlayırlar. Soruşdum, nə olub? Hadisəni mənə danışdılar. Dedim, siz dayanın, bunları mən tənbeh edəcəyəm. Yaxınlaşıb, soruşdum ki, a bala, “Leyli və Məcnun”a getmisiniz? Dedilər, yox. “Koroğlu” dastanından xəbəriniz var? Dedilər, yox. “Dədə Qorqud”u oxumusunuz? Dedilər, yox. Dedim, daha bunları bura niyə gətirmirsiniz? Bu yazıqlar ki, şikəstdi. Bir adamın ki, “Leyli və Məcnun”dan, “Koroğlu”dan, “Dədə Qorqud”dan xəbəri olmadı, o, hətta şikəsti də döyə bilər. Onda mərdanəlik, nəciblik haradan yaranacaq? Mən gənclərimizi tərbiyəli, mərifətli, ağıllı görmək istəyirəm. İnanıram ki, yuxarıda dediyim gənclər bizim cavanlarımızın çox cüzi hissəsini təşkil edir.

…Niyazinin 60 yaşı var. Niyazi ilə ancaq görüşdən sonra buna inanırsan. Çünki adam onu nədənsə həmişə cavan təsəvvür edir. Hərəkətlərindəki çeviklik, coşqunluq, qaynarlıq gəncliyi xatırladır. Pult arxasında ona baxanda heç cür inanmaq olmur ki, Niyazinin 60 yaşı var. Kaş günlər beləcə davam edə və gözəl sənətkarımız Niyazi həmişə cavan görünə. Hər dəfə də onun yubileylərini yaşının çoxluğuna inanmaya-inanmaya keçirək.

news-inner-user

13128 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Hüseyn Cavidin monoloqu - Hekayə
18:57 11 Noyabr 2019
Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT
16:57 11 Noyabr 2019
Jerar Depardye İslam irsindən film çəkir - Foto
15:06 11 Noyabr 2019
Qab-qacaq səsi - Seymur Baycandan yeni hekayə
13:50 11 Noyabr 2019
"Paris Notr-Dam"dakı yanğına ithaf olunan tamaşanın premyerası - Anons
12:48 11 Noyabr 2019
Salam Sarvandan meyxana ilə bağlı şok açıqlama
11:55 11 Noyabr 2019
"Döyüşən teatr" 27 yaşını qeyd edir - Fotolar
10:57 11 Noyabr 2019
Sevda Ələkbərzadə: “Sazı dinləyəndə gözlərimdən yaş axır” – Söhbət
09:01 11 Noyabr 2019
Tanınmış şair “El bizim sirr bizim” verilişində aparıcı olacaq
09:55 10 Noyabr 2019
Qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - Siyahı
20:46 09 Noyabr 2019
Bit - Aqşin Yeniseydən hekayə
17:30 09 Noyabr 2019
Aşıqlar konsert proqramı ilə çıxış ediblər
16:24 09 Noyabr 2019
“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq
15:37 09 Noyabr 2019
Göyçayda Nar Festivalı keçirilir - Fotolar
14:48 09 Noyabr 2019
Xalq artistinin yubileyinə həsr olunmuş konsert keçirilib
13:40 09 Noyabr 2019
Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur
12:31 09 Noyabr 2019
İradə Tuncay: “Aqil şuluq adamdır” - Müsahibə
11:29 09 Noyabr 2019
Şuşada sən qonduğun daşa pir deyəcəyəm – Günün şeiri
10:03 09 Noyabr 2019
İntim səhnələrə görə bu filmdən imtina ediblər
09:00 09 Noyabr 2019
Azərbaycanlı şair vəfat edib
06:35 09 Noyabr 2019